"Donorluq məsələləri sənəddən çıxarılıb" - Musa Quliyev

Parlamentin qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasının məhsuldar, maraqlı və gərgin keçəcəyini düşünürük. Çünki həm qanun layihələrini, həm də 2019-cu ilin dövlət büdcəsinin müzakirələri olacaq.

Qeyd edək ki, dünyada payız sessiyaları, əsasən, büdcə sessiyaları sayılır, bu baxımdan, əsas müzakirələr büdcə ilə bağlı olacaq.

Amma bununla belə, üç ay ərzində fürsətdən istifadə edib, yeni və ya üzərində çoxdan işlənilən qanun layihələri ilə bağlı müzakirələrin açılmasına çalışacağıq. Yəni, tək büdcə ilə kifayətlənilməyəcək.

Psixoloq.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, istər sədr müavini olduğu Səhiyyə, istərsə də sıravi üzvü olduğu Əmək və sosial siyasət komitəsində payız sessiyası çərçivəsində maraqlı müzakirələr, bir sıra vacib qanun layihələrinin müzakirəsi və tövsiyəsi gözlənilir:

“Məsələn, bunlardan biri donorluq və insan orqanlarının (toxumalarının) transplantasiyası haqda qanundur ki, ötən sessiyadan onun üzərində işləyirik. Həmin qanuna xeyli dəyişiklik nəzərdə tutulur və çox güman ki, ciddi dəyişikliklər olunacaq.

Onu bir daha komitəmizdə müzakirələrdən keçirib, plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq. Bununla yanaşı, “Psixoloji yardım haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Düzdür, onu ötən yaz sessiyasının müzakirəsinə təqdim etmişdik, amma müəyyən səbəblərdən müzakirəsi qaldı.

Komitədə baxıb, onu plenar iclasa təqdim etmək niyyətindəyik. Belə bir qanuna ciddi ehtiyac duyulur.

Həmçinin, uzun illərdən bəri cəmiyyətdə ciddi müzakirə və mübahisə mövzusu olan, hətta 3-cü çağırış parlament dövründə birinci oxunuşda müzakirələrdən keçirilən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında qanun layihəsinin, nəhayət, müzakirələrə çıxarılması nəzərdə tutulur.

Çünki qanunda mübahisə predmeti olan “surroqat ana” və donorluq məsələləri sənəddən çıxarılıb, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) sənədə ciddi irad yoxdur.

Odur ki, onu payız sessiyasında komitəmizin müzakirəsindən keçirib, növbəti sessiyanın qanunvericilik işləri planına salmağı və plenar iclasa təqdim, tövsiyə etməyi düşünürük. İnsanlarımızın çoxu artıq bu qanunun müzakirəsini və qəbulunu çoxdan gözləyir.

Eyni zamanda, komitəmizin əksər üzvləri “Ailə həkimi haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılmasını təklif edirlər. Zaman-zaman bu yöndə təkliflər səsləndirilməkdədir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi məsələsi də belə bir qanunun müzakirəsini və qəbulunu zəruri edir.

Ona görə payız sessiyasında həmin qanun layihəsi ilə bağlı müzakirələri nəzərdə tuturuq. Təbii ki, bunlar mənim şəxsi, subyektiv fikirlərimdir. Komitəmizin tam mövqeyi sentyabrda payız sessiyası ilə bağlı keçiriləcək ilk iclasda məlum olacaq, orada təkliflər, fikirlər səsləndiriləcək və qruplaşdırılacaq, müvafiq qərar veriləcək”.