Gündə 3-dən artıq şəkil çəkirsinizsə...Psixoloq “selfi” xəstəliyinin əlamətlərindən danışdı

“Selfi” son illərin ən məşhur trendinə çevrilib desək yanılmarıq. Bəziləri bunu xəstəlik adlandırsa da, bir qism isə həyatın ayrılmaz ayrılmaz hissəsi sayır.

Bəs artıq vərdiş halını alaraq hətta  yemək, su yerinə keçən özündən çox sosial şəbəkədə şəkil çəkdirərək paylaşmağı düşünən zehniyyəti xəstəlik adlandırmaq olarmı?

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən Bakı  Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru  Ramil Mirzəyevin sözlərinə görə, alimlər selfi ilə bağlı psixoloji pozulmanı 3 səviyyədə göstərirlər:

1.  “Epizodik xarakterli: bu səviyyədə selfi çəkənlər gün ərzində üçdən artıq şəkil çəkdirmir və sosial şəbəkələrdə paylaşmırlar. Bu xarakterli selfi çəkilməsinə hələ də nəzarət oluna bilir. Sonradan iradi səy göstərməklə bu pozulmanı aradan qaldırmaq mümkündür.

2.  Kəskin xarakterli: bu səviyyədə selfi çəkənlər gün ərzində üçdən çox  şəkil çəkdirir və sosial şəbəkələrdə paylaşırlar. Psixikanın yüksək dərəcədə pozulması olub prosesə nəzarət edə bilməməklə xarakterizə olunur.

3.  Xroniki xarakterli: ən ağır haldır, insan tamamilə özünə nəzarət edə bilmir. Hər gün  o, ondan artıq şəkil çəkir və sosial şəbəkələrdə paylaşır. Belə adam harda gəldi öz şəkilini çəkir və sosial şəbəkədə yerləşdirir. Bu isə selfinin xəstəlik olması ilə bağlı ən böyük sübutdur”.

30b81f1ac3aa9568f26bdb2e481c198a.jpg

Mütəxəssis selfinin xəstəlik səviyyəsində olmasını göstərən əlamətlərdən də bəhs edib.

1.  “İdeal şəkil alınmayanda əsəbiləşmək;

2.  Özünübəyənmə, reallıqdan uzaqlaşmaq, öz foto albomunu dost və yaxınlarının albomundan daha üstün tutmaq;

3.  Sosial şəbəkələrdə yüzlərcə şəklini paylaşmaq;

4.  Şəkillərini sosial şəbəkələrdə yerləşdirə bilməyəndə gərgin və əsəbi vəziyyətə düşmək əsas göstəricilərdir”,-deyə Mirzəyev vurğulayıb.

Psixoloq,   tədqiqatların qadın və kişi selfilərini fərqləndirdiyini dilə gətirərək qadınların sosial həyatlarını ikinci plana keçirdiklərini qeyd edib:

“Qadınlar ilk yerə xarici görünüşlə bağlı əlamətləri qoyurlar.

Kişilərdə bu əksinədir. Onlar ilk yerə sosial həyatlarının bəzi tərəflərini, məs,. idman uğurlarını, səyahətlərini, dostlarla görüşü və s. qoymaqla xarici görünüşlərilə bağlı məsələləri ikinci plana keçirirlər”.

Ümumiyyətlə texnalogiyanın sürətli inkişafı yeni formada nevrozların yaranmasını şərtləndirir. Tanınmış psixoterapevt Viktor Frankl haqlı olaraq hesab edirdi ki, hər bir dövrün öz nevrozları var və ona uyğun da müalicə üsulları tapılmalıdır.

Müəllif: Şəhanə Quliyeva