Öd daşı əməliyyatı nə zaman gərəklidir? - Cərrahla müsahibə

Müasir zamanda bir çox insan öd ağrılarından şikayətçidirlər. Əksər pasiyent isə düzgün məqamda həkimə müraciət etmir, nəticədə isə bir sıra problemlər yaranır.

Ümumi və transplant cərrah Bəhruz Səlimovun öd daşı patalogiyası və əməliyyatı ilə bağlı Psixoloq.az-a verdiyi geniş müsahibəni təqdim edirik:

- Öd daşlarının yaranma səbəbi nədir?

-Öddə hər hansı bir səbəbdən meydana gələn qatılaşma bu daşları yarada bilər. Həmçinin az su içmək, öd yollarını sıxan hansısa bir şiş, çox az miqdarda düzgün qidalanmamaq, anadangəlmə olaraq öd boynunda yaranan əyrilik, iltihabi proseslərdə də qatılaşma ilə daşların yaranması mümkündür.

- Öd yolundakı çöküntüləri təbii üsulla yox etmək mümkündür?

- İlk olaraq bol su içmək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. Qum, az miqdarda çöküntü varsa su vasitəsilə bu problem aradan qaldırıla bilər. Daşlar böyüdükdən sonra onları əritmək mümkün olsa da məsləhət deyil. Çünki öd yollarına düşərək tıxanıqlığa səbəb ola bilər. Nəticədə ağır patalogiyaya səbəb ola bilər. Bu səbəbdən böyümüş daşları əritmək düzgün deyil.

Bəzi dərmanlar vasitəsilə əritmək mümkündür, ancaq bu növ həbləri həkim göstərişi olmadan istifadə doğru deyil.

- Öddə daşın olması hansı əlamətlərlə üzə çıxa bilər?

- İlk növbədə həzm prosesində pozğunluq əmələ gəlir, qarında ağrılar yarana bilir. Ağrılar adətən sağ qabırğaaltı nahiyyədə yaranır. Həzmdə yaranan problemlər isə yeməkdən sonra yaranan köp, ağrı ilə müşahidə edilə bilər. Bəzən yağlı yeməklərdən sonra öd daşı öd yollarına düşür. Bu da kəskin öd tutmalarına səbəb ola bilər. Bu zaman təcili həkimə müraciət etmək lazımdır.

75b180024e9d35d3472d7c7f24fe7d1a.jpg

- Hansı məqamda əməliyyata qərar verilir?

- Öd daşı varsa və buna bağlı şikayətlər meydana çıxarsa bu, əməliyyata göstəriş deməkdir. Bəzən öd daşının olması təsadüfi müayinə əsnasında aşkara çıxır. Həmçinin pasiyentdə heç bir şikayət olmursa buna lal öd daşı deyilir ki, bu da əməliyyat üçün göstəriş deyil.

- Qadınlarda ya kişilərdə daha çox rastlanır?

- Daha çox qadınlarda rastlanır. Kişilərdə bu göstərici azdır.

- Öd daşı əməliyyatı keçirdikdən sonra yenidən daşların yaranma ehtimalı varmı?

- Öd daşlarının əməliyyatdan sonra yaranma riski demək olar ki yoxdur. Ancaq bəzi hallarda öd daşı yarana bilər.

Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz

Tel:070 -579-88 -33

Müəllif: Şəhanə Quliyeva