Övladınız ölümlə bağlı suallar verirsə -Ceylan Mumoğlunun övladına möhtəşəm cavabı

Uşaqlar çox suallar verir. Bəzən elə suallar olur ki,valideynlər bu sualları cavablamaqda çətinlik çəkir.Belə suallardan biridə uşaqların insanın nədən doğulması və ölməsi haqqında sualdır ki,yalnış cavab uşaqlarda ölüm qorxusu , itirmə qorxusu kimi gələcəkdə isə bir çox ugursuzluqlarının altında yatan psixoloji travmaya səbəb ola bilər.  

Psixoloq.az xəbər verir ki, Aydınlanma səyahəti kitabının müəllifi və eləcədə bir çox yazıları ilə rəğbət qazanmış yazıçı Ceylan Mumoğlu özünün sosial şəbəkə hesabında oğlu ilə arasında  keçən dialoqla bağlı paylaşım etmişdir.Həmin yazını oxuduqdan sonra bu qənaətə gəldik ki, yazıçı ana övladına ən doğru psixoloji yanaşma göstərib. Bu isə uşaq və ailə mövzusunda, uşaqların suallarına cavab verməkdə  çaş baş qalan valideynlər üçün gözəl bir örnəkdir.Bu səbəblədə həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.

Günlərin bir günü "filosof" oğlum yenə öz düşündürücü sualıyla kəsdirib başımın üstünü, xatırlayıram; əlimdə hansısa romanın maraqlı səhnəsini oxumaqdaydım, elə bil körpəni anasından ayırmaq hissinə bənzər hiss yaşatdı. Amma Allahdan, sualı maraqlıydı, yarıda kəsilməyimə o qədər də üzülmədim. Maraq dolu baxışlarını üzümə zilləyib soruşdu: "Ana, insanlar dünyaya niyə gəlirlər? Yox ey, əgər gəlirlərsə, sonra niyə ölürlər?"Əvvəl ağlıma gəldi ki, dərsliklərdən öyrəndiyimiz bilikləri olduğu şəkildə ona izah edim, bilik transformasiyası edim. Sonra bu istəyimdən vaz keçdim. Dedim, onsuz da müəllimlər bu bilikləri məktəbdə ona öyrədəcəklər də, niyə tələsirəm? Qoy orda da öyrənmək üçün yeni nələrsə qalsın. Başladım, insanın doğulub-ölməsini çaylarla okean nümunəsində özümçün obrazlaşdırmağa. Dedim, oğlum, bax, təsəvvür elə çaylar da bizim kimi insanlardı. Başladıqları yerdən axarkən nə qədər uzun məsafələr qət edib, sonra okeana tökülürlər. Bilirsənmi, onlar okeana tökülmədən əvvəl qorxudan tir-tir əsirlər. Oğlum gözlərini qaldırıb artmış marağıyla soruşur: "A niyə ki? Niyə qorxurlar, kimdən, nədən?"Onlar geri qayıtmamaqdan qorxurlar. "Ana, guya bilmirlər ki, geri qayıda bilməzlər? Bəyəm çaylar geri qayıda bilir ki? Bir yöndə axıb gedirlər". Ay sağ ol da, ardına qulaq as. Çaylar axdıqları yol boyunca nə qədər gözəl mənzərələr görür, macəralar yaşayır, eyni zamanda həyatın onlara hazırladığı çətinlikləri də yaşayırlar. Bəzən hamar çəmənlər, bəzən dolaşıq meşələr, hətta dağların zirvələrindən keçərək axırlar. Bu zaman içlərində olan qorxu hissi elə də çox olmur. Çünki hələ okeana yaxınlaşmayıblar, ona çatıb nəhəng sulara qarışmayıblar. "Ana, böyük sulara qarışanda nə baş verəcək ki?" Hə, bax çayları narahat edən məsələ də elə budur. Onları qorxudan şey naməlumluqdur, təcrübəsizlikdir, bilinməzlikdir. Təkcə bunu bilirlər ki, onlar axırlar və geri qayıtmaları mümkün deyil, əvvəl-axır mütləq okeana töküləcəklər. "Bəs çaylar necə etməlidirlər ki, qorxmasınlar? Onlara kim kömək edəcək?"Çaylar okeana tökülmədən öncə qorxu hissinə qalib gəlməlidirlər. Öyrənməlidirlər ki, okeana tökülmələri onları heç də yox etməyəcək, əksinə okeanla birləşib birlik olacaqlar. Bu bir tərəfdən yoxoluşdursa, digər tərəfdən dirilmədir. "Hmm, ana, başa düşdüm. Deməli, çaylara heç kim kömək etməyəcək, özləri özlərinə kömək etməlidirlər. Qorxmamağı öyrənməlidirlər". Elədir, əziz oğlum, həm qorxmamağı, həm də "dirilməyi" okeana tökülmədən öncə öyrənməlidirlər. Axı Müqəddəs Kitabımız Quranda da deyilir: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" (Bəqərə surəsi, 156).

Ceylan Mumoğlu