Professor: "Az qala gen xəritəsinə qədər bilən həkimlər olur"

Azərbaycanda ailə həkimi institutunun yaradılması ilə bağlı məsələ son günlər yenidən aktuallaşıb. Mütəxəssislər hesab edir ki, ailə həkimi institutunun formalaşması xəstəliklərin vaxtında aşkar edilməsinə və daha çevik müalicəsinə imkan verə bilər.
Psixoloq.az xəbər verir ki, moderator.az-a açıqlama verən professor Adil Qeybulla ailə həkimi institutunun sahə həkimi sistemindən daha mütərəqqi bir sistem olduğuna diqqət çəkdi:
“Ailə həkimi institutu Qərb təbabətində təbabətin bir hissəsidir. Qabaqlar bizdə sahə həkimləri var idi. Evə ilk çağırışa gələn həkim də sahə həkimi olurdu. Həmin sahə həkimləri də xəstələri lazımı yerə yönləndirirdi. Xəstə lazım olanda evdə, lazım olanda isə stasional müalicə alırdı. Sahə həkimlərinin kifayət qədər səlahiyyəti var idi. Onlar poliklinikalarda otururdu. Ailə həkimi institutu isə daha rassional bir institudur. Bu qəbildən olan həkimlər konkret bir neçə ailəni nəzərdə saxlayır. Onlar həmin ailələrin bütün xəstəliklərini, az qala gen xəritəsinə qədər bilən həkimlər olur. Bu həkimlər üçün xəstəni yönləndirmək daha asan olur. 
Ailə həkimi institutu özünü doğruldan rassional bir institutdur. Təbabətin ayrılmaz hissəsidir. Hesab edirəm ki, bu institut sovet təbabətində olan sahə həkimi institutundan daha effektlidir”.