Psixolinqvistika elmi nədir?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.

Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir.

Qeyd edək ki, elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib.