Təbii fəlakətlər zamanı psixoloji yardım

İnsanların psixologiyasında dərin izlərin açılmasına səbəb olan fəlakətlər, bəzilərinin həyatını itirməsnə səbəb olarkən, geridə qalanları da dözülməz ağrılar içində buraxaraq keçmişdə qalır. Keçmişdə qalan fəlakətdir. Fəlakətin buraxdığı psixoloji təsirlər isə insanların mənəvi həyatlarında dərin izlər buraxır.

Bildiyimiz kimi təbii fəlakətlərin meydana gəlməsində insan faktoruna nisbətdə təbiət hadisələri böyük rol oynayır. Ancaq bu təbiət hadisələrinə qarşı tədbir görülmədikdə fəlakətdən sonra yaranan nəticələrə görə məsuliyyət məhz insanların üzərinə düşür.

Təbii fəlakətlər insan psixologiyasında dərin izlər buraxan travmatik yaşantıdır. Bu hadisələri yaşayanlar, yaşayanların yaxınları və ya bu hadisələri görüb-eşidənlər uzun müddət sağalmayan psixoloji travmalara məruz qalır. Həyatımızda əvvəldən müəyyənləşdirib idarə edə bilmədiyimiz hadisələrin olduğunu anlamaq və qəbul etmək insanlar üçün olduqca çətin olur. Çox zaman da biz bu hadisələri təsirsiz hala gətirə bilmir, təkrar başımıza gəlməsinin qarşısını ala bilmir və çarəsiz qalırıq.

Fəlakətlər, yalnız insan həyatına son qoyub zədələr yaradan hadisələr deyil, eyni zamanda psixoloji zərbədir. Amma baş vermiş faciə nəticəsində yaranan psixoloji dəyişikləri qaydaya salmaq, onun maddi və mənəvi ziyanlarının aradan qaldırılmasına nisbətən daha çox vaxt tələb edir.

Psixoloji yardım, bir sıra ölkələrdə bədbəxt hadisədən sonra əhaliyə göstərilən yardımın əsas hissəsini təşkil edir. Yəqin ki, biz də bunu hiss etmişik ki, həlak olanların ailələri ilə işləmək üçün psixoloq, psixoterapevtlərə kəskin ehtiyac var. Mütəxəssislərin fikrincə, fəlakətlər zamanı psixoloji travma aldıqdan sonra ilk sutka ərzində göstərilən psixoloji yardım daha təsirli olur. Sonra isə uzunmüddətli müşahidə və psixoterapiya lazımdır. Qəza yerində yaxınlarına göstərilən psixoloji yardım, sözün həqiqi mənasında insanları xilas edə bilər. Faciələr zamanı yalnız zaman ərzində stresin intensivliyi deyil, həm də onun uzun sürməsi də insan psixologiyasına təsir edir (bəzən həftələrlə sürən kədər və ümid).

İnsan orqanizminin ehtiyatları məhduddur və qaçılmaz olaraq stresin son stadiyası - üzülmə mərhələsi çatır. Son ümidlər də boşa çıxdıqda, fəlakət qurbanını xilas etmək mümkün olmadıqda, onların yaxınlarını xilas etmək lazımdır.

İnsanların çoxu baş vermiş fəlakətin qurbanları haqqında danışdıqda çox vaxt söhbət bilavasitə  zərərçəkənlərdən gedir. Amma təsirin həqiqi həcmi daha dərin, daha genişdir. Baş vermiş fövqəladə hadisə, insanların böyük miqdarda sayına, o cümlədən dolayısıyla zərər çəkən insanlara - xilasedicilər, hadisənin iştirakçıları, peşə borclarına görə xilasetmə işində iştirak edənlərin psixologiyasına neqativ təsir göstərir.

Zərbə zərərçəkənin həmkarlarına, tanışlarına dəyir. Baş verən hadisə ilə televiziya verilişləri vasitəsilə tanış olan insanlar bəzən daha güclü həyəcan keçirirlər. Sonradan onlar özlərini pis hiss etdiklərindən, real nasazlığın yaranmasından şikayət edirlər.

Hadisələr zamanı kütləvi informasiya vasitələrinin təsirini "dəyənəyin iki ucuna" bənzətmək olar. Bir tərəfdən onlar əhaliyə baş vermiş hadisələr haqqında informasiya çatdırır. İnformasiyaya qarşı təmin olunmamış tələbat özü stress yaradır. Digər tərəfdən isə vəziyyətin ağırlaşmasına səbəb olurlar. Hadisə yerindən verilən reportajlar, bəzi epizod və müsahibələrin təkrarən verilməsi, ziddiyyətli məlumatların verilməsi və bunun böyük auditoriya qarşısında yayımlanması baş vermiş hadisənin mənfi təsirlərini gücləndirir. Psixoloji sonluqların bütün növlərinin ümumi bir adı var "ikincili stress".

İnsanların stresə qarşı olan reaksiyaları müxtəlif olur. Bu reaksiyaların xüsusiyyətlərini öyrənməklə siz özünüzdə və yaxınlarınızda hansı mənzərənin yarandığını müşahidə edə bilərsiniz.

Psixoloji yardımı daha real və operativ olaraq ailə və dostlar göstərə bilər. Bunda məqsəd - təhlükəsizlik hissiyatı yaratmaq, iztirab çəkən insanda ümid, inam yaratmaqdır. Psixoloji yardımda "Aktiv dinləmə" çox vacib komponentdir. Zərərçəkmiş həmsöhbət yardımçıdan diqqətlilik, hörmətlə münasibət tələb edir. Dünyaya onun gözləri ilə baxmağa çalışmalı, təhlükəsiz və isti şəraitdə danışmalı, baş verənlərə ürəklə yanaşmalıdır. Öz emosiyalarını iztirab çəkənə bildirməməlidir, çünki onun yanğısı, qüssəsi kifayət qədər var.

Günahlandırıcı, etiraf edici mövqedə dayanmaq lazım deyil. Psixoloji yardım  bir sıra hallarda bilavasitə zərərçəkənin mənəvi rahatlanmasını təmin edir, uzunmüddətli psixoloji problemlərin yaranma riskini aşağı salır və sonrakı yaşam üçün ümid verir.(fhn.gov.az)