Uşağa hansı yaşdan xarici dil öyrədilməlidir? – Psixoloq valideynin yanlışlarından danışdı

Hər valideyn uşağının savadını, gələcəkdə isə təhsilini ən üst səviyyədə görmək istəyir. Bu səbəbdən isə  bəzən uşaqlar eyni anda bir neçə kursa göndərilir və ya ana dilində danışa bilmədən xarici dilə meylləndirilməyə çalışılır.

Bəs uşağa xarici dil hansı yaşdan öyrədilməlidir?

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, bunun üçün ilk olaraq uşaq ana dilində sərbəst danışa bilməlidir:

“Əgər övladınız 2 yaşında sərbəst  hansısa bir dildə öz fikrini ifadə edirsə, 2,5 -3 yaş dövründə digər xarici dili də əlavə etmək mümkündür (hər hansısa şeirlər, yanıltmaclar və ya rəng saymaqla bunu etmək daha gözəl olar)”.

Psixoloq, 3-5 yaş dövrünün məktəbəqədər mərhələ olduğunu bildirib.

“Rollu oyunlar vasitəsilə uşağı motivasiya edərək xarici dil öyrətmək üçün daha optimal bir zamandır. Bu isə daha gözəl nəticə verə bilər. Ona görə ki, bu yaş dövründə uşağın daxili məni formalaşır və böyüklərin tələblərinə uyğun olmaq istəyi artaraq, motivasiya edilərək nəticə əldə olunur”, -  deyə Nigar xanım qeyd edib.

Şəhanə Quliyeva