Xüsusi Təhsil Nədir?

Günümüzün aktual problemlərindən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsil məsələsidir..Bəzən valideynlər “xüsusi təhsil”dən xəbərsiz olduqları üçün övladlarını təhsildən kənarlaşdırırlar.Xüsusu Təhsil nədir?,O əhaliyə necə xidmət göstərir?,Hansı formaları var? və digər bu tip suallara aydınlıq gətirməyə çalışacam.

Xüsusi təhsil-sağlamlıq imkanları məhdud şəxslərə göstərilən təhsil formasıdır.Azərbaycanda əhaliyə defektoloji xidmətinin göstərilməsi 3 nazirlik tərəfindən həyata keçirilir: Azərbaycan Respublikası Təhsil Nazirliyi,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu.

Əhaliyə göstərilən xüsusi pedaqoji xidmət isə Təhsil Nazirliyi tərəfindən idarə olunur. Şagirdlərin uyğun təhsil formasına seçilməsi üçün xüsusi tibbi-psixoloji-pedaqoji komissiya yaradılıb.

Bəs xüsusi təhsilin hansı formaları var?

-inkluziv təhsil

-inteqrativ təhsil

-evdə təhsil

Bundan başqa Yardımçı məktəblər də fəaliyyət göstərir.Yardımçı məktəb ümumtəhsil uşaq müəssələrinə daxildir,yalnız öz vəzifələrinə görə kütləvi ümumtəhsil məktəblərindən fərqlənir.

İndi isə xüsusi təhsilin növləri ilə daha yaxından tanış olaq.

İnkluziv Təhsil-ümumiyyətlə dünya təhsil sistemində sağlamlıq imkanları məhdud uşaqların ayrıca,xüsusi təhsil almaları vacib hesab olunmur.Çünki bu cür yanaşma uşaqların cəmiyyətə adaptasiyasına,sosiallaşmasına mənfi təsir edir.Halbuki Xüsusi Təhsilin(Special Education) əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin yenidən cəmiyyətə bağışlanması,özü və cəmiyyət üçün lazımlı şəxs olmasıdır.Məhz bu cür problemlərə görə 1 çox yeni təhsil proqramları işlənib-hazırlanmışdır.Onlardan biri də “ İnkluziv Təhsil”dir.İnkluziv Təhsil haqqında qanun Azərbaycanda 2004-cu ildən etibarən qüvvəyə minib.2005-ci ildən etibarən isə tədbiqi davam edir.İnkluziv təhsil dedikdə sağlamlıq imkanları məhdud uşaqların ,öz sağlam həmyaşıdları ilə birlikdə eyni sinifdə təhsil alması nəzərdə tutulur.İnkluziv sinif üçün uşaqların sayı sinifdəki uşaqların ümumi sayına əsasən qiymətləndirilir.Yəni bir sinifdə maksimum 4-5 sağlamlıq imkanları məhdud uşaq təhsil ala bilər.Bu zaman həmin uşaqlara “köməkçi müəllim” təyin olunur.Bu dərslərin daha səmərəli keçməsi üçündür. İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır. İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

İnteqrativ təhsil dedikdə əlilliyi olan uşaqların ümumtəhsil məktəbə getmələrinə icazə verilməsi,lakin özlərinin tipik həmyaşıdları ilə eyni sinifdə dərs keçməmələri nəzərdə tutulur.Onlar ayrıca sinif otaqları və müəllimlər ilə təmin olunurlar.Hansısa bi növ əlilliyi olan uşaqlar ümumi məktəb kurikulumu əsasında təhsil alırlar.Sadəcə olaraq onların dərs proqramı bir qədər yüngülləşdirilmiş şəkildə olur.İnteqrativ təhsil əsasən Bakı şəhərindəki məktəblərdə tədbiq olunur.

Evdə təhsil-təhsil qanunu və ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinin müddəalarına uyğun olaraq uzunmüddətli xəstə olan,səhhətinə görə məşğələlərdə iştirak edə bilməyən uşaqların evdə fərdi təhsili təşkil olunur.Evdə fərdi qaydada təhsil alan şagirdlər həmin təhsil müəssəsinə xəstəxanaların,dispanserlərin,polikliniklərin göndərişi ilə rayon(şəhər) tibbi-pedaqoji-psixoloji komissiyaların qərarına əsasən qəbul olunur.Evdə fərdi məşğul olan şagirdlərin dərslərinə sinif rəhbəri,proqram materiallarının yerinə yetirilməsinə və həmin prosesdə tədbiq edilən metodik işə təlim-tərbiyə işi üzrə direktor müavini məsuliyyət daşıyır.Şagirdlərin biliyi sinif jurnalında qeyd olunur.Sinifdən-sinifə keçirilməsi,məktəbi bitirməsi də müvafiq qaydada  jurnallarda öz əksini tapır.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi təhsil müəssələri aşağıdakılardır:

1.Dayaq-hərəkət aparatı pozulmaları olan uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər

2.İntelektual çatışmazlığı olan uşaqlar üçün məktəbəqədər müəssələr

3.Görmə qüsurlu uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər

4.Ağır nitq qüsurları olan uşaqlar üçün məktəblər

5.Yardımçı məktəblər

6.Ümumtəhsil məktəbləri nəzdində loqopedik məntəqə və ya kabinetlər.

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,bu cür xüsusi təhsil növləri yalnız məktəbəqədər və orta təhsil pillələri üzrə nəzərdə tutulub.Əllilliyi olan gənclərin növbəti təhsil pillələrində(bakalavr,magistr və.s) hansı şərtlər və qaydalar əsasında təhsil almalarına dair heç bir xüsusi qanun qüvvədə deyil.

 Bəzi məlumatlar “Xüsusi Pedaqogika-N.Hüseynona,L.Rüstəmova” kitabından götürülmüşdür.