“Yemək bişirməyi öyrən ki, ərə gedəndə bizi söyməsinlər” – Ağsaqqalın tövsiyəsi...

Sərin hava var idi. Qonaqlar toplaşmışdı. Yaxın ailə, deyib-gülən üzlər... Hər yaşdan adam  var. Ən böyüyü 50-55 yaşlı orta kişi, ən kiçiyi 17 yaş.

Birdən kişi uşağa gülümsəyərək dedi:

“Yemək bişirməyi, çay süzməyi də öyrən. Ərə gedəndə bilməlisən. Söyməsinlər bizi”...

Bir anlıq düşündüm bu qədər bəsitmi hər şey, bir qızın həyatı bir çay dəmləməyə bağlıdırmı? Budur yerə-göyə sığdırmadığımız ağsaqqal tövsiyəsi?

Psixoloqlara görə, evlənən cütlüklər bir-birlərinə dost, yoldaş, dərddaş olmalıdır. Seçim zamanı bu xüsusiyyətlər ön planda tutulmalıdır.

Bəs bu zehniyyətin açıqlaması nədir?

Kimsə demir iş bilməsin, öyrənməsin. Amma hələ evlənmək istəyən şəxs sevgidən, əxlaq, həyat yoldaşından öncə sadəcə bir qadını qulluqçu kimi görmək, arzulamaq doğrudur?

Bəs hanı müsbət keyfiyyətlər? Haradadı düzgün insan?

Qızın yaxşılığı onun işindənmi bəllidir?

Müasir zaman desək də qalmışıq daş dövründə...

Yəni “iş bilməsə söyəcəklər” düşüncəsi hansı qəbildən insanın məntiqidir? Niyə evlilik bu qədər ucuz, qadın bu qədər dəyərsizləşib?

Belə nəticə çıxara bildim ki, təhsilin, xanımın öz üzərində çalışması, valideynə, dövlətinə layiqli şəxs olması bir ütü bilməməsi ilə silindi. Bir səhv nəinki 3, hətta ömrünü dəyərsizləşdirməyə kifayət etdi.

Məncə bu zehniyyətlə psixoloqlar belə bacara bilməz. 

Şəhanə Quliyeva