"Qatar vuranda özümü atsam da iki ayağım qaldı" - Həyatının sınağını vermiş aktyorla müsahibə/FOTO

“Xosbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb sən ona baxıb gülərsən o da sənə” Həyat bir çox hadisələrlə doludur. Mənfi və ya müsbət... Yaşanılanlar zamanla insana hər şeyi öyrədir. Psixoloq.az portalının əməkdaşı həyatının bəlkə də ən çətin sınağını vermiş, amma buna baxmayaraq daha da ucalaraq olanları müsbət istiqamətə çevirmiş “Əsa” teatrının aktyoryu İmran Lalayevlə maraqlı müsahibə aparıb. Həmin söhbəti sizə təqdim edirik:  - İlk olaraq profilinizi izlədik. Baş vermiş hadisəni bir də sizdən dinləmək istərdik. Necə baş verdi?  - Hadisə 2013- cü il may ayının 24-ü baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim körpü var idi, körpünün altından qatar yolunu keçirdim və körpünün dirəklərindən qatarı görmədim və eşitmədim. Qatar məni vuranda özümü atdım, iki ayağım qaldı. Xəstəxanaya apardılar. 8-gün komada olmusam.  - Bir çox insan başına bir iş gəldiyi zaman dünyadan küsür. Sizdə belə bir hal yaşandımı? - Məndə belə bir hal baş verməyib. Çünki mən buna pozitiv bir düşüncəylə yanaşdım və bu indi də belədir. 21 yaşım vardı və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü buna elə həmin gün hazırladım və qəbullanmağım uzun zaman almadı. -  Bu səbəblərə görə, psixoloqa müraciət etmisiniz? - Heç zaman psixoloqa müraciət etməmişəm, amma bununla maraqlı bir hal xəstəxanada başıma gəlmişdi. Bir xəstəxanada protezləri düzəltdirmək üçün yatırdım və eyni zamanda kollecə hazırlaşırdım. Demək olar ki otaqdan çıxmırdım. Həkim məni çağırdı ki psixoloqun yanına get, elə də etdim. Psixoloq məndən soruşdu ki, İmran niyə otaqdan çıxmırsan? Sənin kimi burda yatan xəstələr var, hər gün domino oynayır, oturub söhbət edirlər. Səni sıxan nədir? Həkim elə bildi ki, mən depressiyadayam. Cavab olaraq dedim ki, mən gələcəyimi düşünürəm. Kollecə hazırlaşıram. Bütün günü kitab oxuyub, test edirəm. Sizcə domino oynamaqla mən gələcəyimi qura bilərəm? Gülümsədim dedi ki düz edirsən. Bu da həyatımda ilk və son psixoloq yanına geyməyin oldu.  - Başına belə hadisə gələnlərə nə demək istərdiniz? Depressiv hal yaşamamaq üçün nə etməlidirlər? -   Mən demək istəyirəm ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu hər kəsin başına gələ bilər. Əsas odur ki, özünü güclü hiss edəsən, isyankar olmayasan. Fərq etmək çətinliyin nə olur olsun. Mübariz olmaq lazımdır. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb. Sən ona baxıb gülərsən, o da sənə. -   Teatrda iş fəaliyyətiniz nə zaman və hansı şəkildə başladı? -  Mən Memarlıq inşaat kollecini bitirmişəm və bir gün dostun mənə belə bir teatr var dedi, qoşul. Öncədən tərəddüd etdim, çünki 4 il kollecdə oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacaq, amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Mən bunu dəyərləndirdim. Artıq 1 il olar ki, mən “Əsa” teatrında aktyor olaraq çalışıram və bir neçə tamaşalarda oynamışam: “Adamlar və siçanlar” və “Paris partladı tamaşası”. Mən inanıram ki, hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərqli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Hər çətinliyin sonunda bir uğur var və mən uğur qazanmağa davam edəcəm. - Sizin kimi hadisə yaşayıb sizin kimi olmayıb yəni həyatda uğur qazanmayan insan tanıyırsınızmı?  - Xeyr elə bir insan tanımıram bəlkə də var az öncə də dediyim kimi hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yəni bir həyat deməkdir, çünki mən hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim üçün xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Mən bunu hər yerdə deyirəm: "Mən içimdə o xoşbəxtliyi yaradan bir insanam və mən belə düşünürəm ki, həyatda pul, var- dövlət bunlar olsa da insan əgər xoşbəxt ola bilmirsə demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz özlüyündə xoşbəxt ola bilmirsə qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz, necə deyərlər, yaxşı bir insan axtarmaqdansa yaxşı bir insan ol".. Müəllif: Şəhanə Quliyeva

Dəyanət Rzayevin oğlu: “Atamın sayəsində çörək tapan psixoloqlar bizimlə maraqlanmadılar”

Dəyanət Rzayev  hadisələrə savadlı, səmimi və obyektiv yanaşmasına görə ən tələb olunan psixoloqlardan biri idi. Yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. 3 avqust  onun doğum günü idi. Dəyanət Rzayevin ilk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olub. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaradıb. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi.  Dəyanət Rzayevin cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. Anası Şəfiqə Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb.  Rəsmi versiyada D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib. Psixoloq.az xəbər verir ki, modern.az saytı  mərhum psixoloqu yada salmaq üçün oğlu Dilqəm Rzayev ilə həmsöhbət olub. - Dilqəm bəy, artıq 1 ildən çoxdur ki, Dəyanət Rzayev aramızda yoxdu.  Atanızla bağlı heç unutmadığınız xatirəniz varmı? Onun yeri ən çox nə zaman görünür? - Düşünürəm ki, yaxşı atanı heç bir övlad  unutmaz. Mən də unutmuram. Çünki o, hər kəsin sözlərinə sığdırmadığı qədər yaxşı insan olmaqla yanaşı, həm də yaxşı ata idi. Əlbəttə ki, onunla bağlı çox xatirəm var. O mənim üçün hər an yaşayır və yanımdadır. Sağ olduğum müddətdə də mənimlə bərabər yaşayacaq. Ən çox birlikdə etdiyimiz zarafatlarımız yadıma düşür. Məsələn, saçlarıma lağlağı edərək, mənə" kirpi" deməsi indi də üzümü güldürən xatirələrdəndir. Dediyim kimi, övlad üçün yaxşı atanın yeri hər zaman var. Mənim də həyatımda, hər anımda, hər dəqiqəmdə onun yeri görünür. Həmişə də görünəcək. - Dəyanət müəllim, necə bir valideyn, ailə başçısı idi? - O varkən mən çox xoşbəxt idim. İndiki ilə müqayisəyə gəlməyəcək qədər xoşbəxt. Darıxıram onlu günlərim üçün. Əgər bir övlad bir ata üçün darıxır, onunla yaşadığı həyatda xoşbəxt olubsa demək ki, o yaxşı ata olub. Mənim atam da çox yaxşı ata idi. Sevgi dolu idi. Sevgisini paylaşmağı sevirdi. Həm mənimlə, həm başqa insanlarla. Əgər nə zamansa ata olsam, onun kimi ata olmağı çox istərdim. - Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi.  Əslində bu haqda çox söz-söhbətlər oldu. Hər halda sizin fikriniz də önəmlidir. Atanızı  ölümə aparan səbəb nə ola bilərdi? - Atamı ölümə aparan tək səbəb yaxşılıq etdiyi, sevdiyi, qayğı göstərdiyi insanların nankorcasına yırtıcılaşması idi. O belə bir cəmiyyətdən çox yorğun idi. Doğrudur, psixoloq idi. Amma hər şeydən əvvəl insan idi və insanların bütün çirkinliklərini görürdü. Düşünün, bu gün psixoloq kimi tanınan bir çox şəxslər belə onun yaxşılığını fürsətçiliyə çevirdilər. Onun sayəsində əli çörəyə çatan bu dırnaqarası insanlar, psixoloqlar ondan sonra ailəsi ilə heç maraqlanmadılar. Təkcə dostu, psixoloq Elmir Əkbərdən başqa.. - Sizə hansısa arzularından  danışıbmı? Ya da nədənsə şikayətləndiyi zaman olubmu? - Onun tək arzusu yaradılmış olan hər kəsə sevgi və qayğı göstərmək idi. İnsanlarla yanaşı, sahibsiz heyvanlara da sahiblənirdi. Qismət olarsa, bu yolu onun üçün davam etdirəcəm. O, şikayət etməyi sevməzdi. Heç şikayət etməzdi. Mən bütün bunları ondan sonra anladım. Təəssüf...

"Hansısa sertifikatla özlərini psixoloq zənn edirlər" - Psixoloq yalançı mütəxəssisləri tənqid etdi

Psixoloq məsləhəti almaq...Əslində dərin və mənalı düşüncədir və çətinlik zamanı ilk ağla bu gəlməlidir. Ancaq təəssüf ki, cəmiyyətimizdə bu fikir bir az başqa istiqamətdə formalaşıb. Bəs psixoloq yanına getməyə həqiqətən ehtiyac varmı? “Psixoloqun psixoloqa ehtiyacı olmaz” fikri həqiqətdirmi? Bu və bununla bağlı bir çox məqamlardan psixoloq İlkin Kazımlı, Psixoloq.az-a verdiyi geniş müsahibəsində bəhs etdi.  - İlkin bəy, probleminiz yaranan zaman özünüzə psixoloq kimi yanaşa bilirsiniz?  -Əslində bu çox çətin sualdır. Onu qeyd edim ki, psixoloq insanlara ana resurs kimi yox, köməkçi resurs kimi yanaşmalıdır. Bildirim ki, hər hansı bir problem olan əksər insanlar əslində öz probleminin fərqindədir , lakin onu özləri həll edə bilmirlər. Çünki öz problemlərinə kənardan baxmağı bacarmırlar və problemin haradan qaynaqlandığını analiz etməyi bacarmmırlar. Bizim bir fərqimiz ondadır ki, biz öz  problemimizin haradan qaynaqlandığını bilirik  və bunu analiz etməyi bacarırıq. Bir də düşünürəm ki bu problemin dərəcəsindən asılıdır. - Psixoloq və psixiatr... Nə fərqləri var? - Fərqi ondadır ki, psixooq olan şəxs müvafiq universitetin “Ümumi psixologiya” ixtisasını 4 il ərzində bitirib, sonra istəsə 2 illik magistratura (şərt deyil) üzrə oxuyur.(TSPX xaric). Psixiatr isə Azərbaycan Tibb universitetinin psixiatriya sahəsi üzrə təhsil alır və psixoloqun dərman yazma hüququ yoxdur, lakin psixiatrın var.  - Azərbaycanda psixoterapiya nə üçün az inkişaf edib?  - Azərbaycanda psixologiyanın daha yaxşı inkişaf etməməyinin əsas səbəbi xalqımızın düşüncəsidir. Avropada belədir ki, əgər sən kimdənsə məsləhət almaq istəsən, sənə “İşim var get dərdini psixoloqa danış” deyəcəklər. Lakin bizim xalqımız çox emosional xalq olduğuna görə, əksər insanın dostu-tanışı var və çox insan dərdini yaxınlarına danışır. Təbii ki, bu danışmaq sağalmaq üsulu deyil. Psixoloq isə terapiya ilə məşğuldur. Bizim bəzi insanlarımız psixologiya anlayışını hələ də “falçılıq” kimi anlayırlar. Mən düşünürəm ki, maarifləndirmə düzgün olsa həmvətənlərimiz psixologiya elminin hansı gücə malik olduğunu dərk edərlər.  - Psixoloq olaraq psixoloq yanına getmisiniz?  - Hər bir psixoloq işinə başlamamışdan qabaq öz psixoloji terapiyasını keçməlidir. Çünki psixoloqun hansısa psixoloji problemi varsa, o digər insanlara kömək edə bilməyəcəkdir. O səbəbdən bəli getmişəm.  - Deyirlər psixoloqun psixoloji problemləri olmaz. Sizcə bu belədir? - Bu çox yanlış düşüncədir. Psixoloq da bir insandır. Onun da düşüncələri, hissləri var o da bir vərəndaşdır. Hər bir psixoloqun problemi olması mümkündür.  - İndiki psixoloqlardakı əsas problem nədir?  - İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s. - Bu sahədə əsas boşluq nədir?  -Sağlam təhsilli kadrlara qiymətin kifayət qədər verilməməsidir.  - Universiteti bitirən gənc psixoloqlar ilk olaraq haradan necə başlamalıdırlar?  - İlk öncə müvafiq mərkəzlərdə volunteer kimi işləməyə başlamalıdır. Bu onlar üçün həm perspektiv, həm də praktika olar. Müəllif:Şəhanə Quliyeva

Öd daşı əməliyyatı nə zaman gərəklidir? - Cərrahla müsahibə

Müasir zamanda bir çox insan öd ağrılarından şikayətçidirlər. Əksər pasiyent isə düzgün məqamda həkimə müraciət etmir, nəticədə isə bir sıra problemlər yaranır. Ümumi və transplant cərrah Bəhruz Səlimovun öd daşı patalogiyası və əməliyyatı ilə bağlı Psixoloq.az-a verdiyi geniş müsahibəni təqdim edirik: - Öd daşlarının yaranma səbəbi nədir? -Öddə hər hansı bir səbəbdən meydana gələn qatılaşma bu daşları yarada bilər. Həmçinin az su içmək, öd yollarını sıxan hansısa bir şiş, çox az miqdarda düzgün qidalanmamaq, anadangəlmə olaraq öd boynunda yaranan əyrilik, iltihabi proseslərdə də qatılaşma ilə daşların yaranması mümkündür. - Öd yolundakı çöküntüləri təbii üsulla yox etmək mümkündür? - İlk olaraq bol su içmək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. Qum, az miqdarda çöküntü varsa su vasitəsilə bu problem aradan qaldırıla bilər. Daşlar böyüdükdən sonra onları əritmək mümkün olsa da məsləhət deyil. Çünki öd yollarına düşərək tıxanıqlığa səbəb ola bilər. Nəticədə ağır patalogiyaya səbəb ola bilər. Bu səbəbdən böyümüş daşları əritmək düzgün deyil. Bəzi dərmanlar vasitəsilə əritmək mümkündür, ancaq bu növ həbləri həkim göstərişi olmadan istifadə doğru deyil. - Öddə daşın olması hansı əlamətlərlə üzə çıxa bilər? - İlk növbədə həzm prosesində pozğunluq əmələ gəlir, qarında ağrılar yarana bilir. Ağrılar adətən sağ qabırğaaltı nahiyyədə yaranır. Həzmdə yaranan problemlər isə yeməkdən sonra yaranan köp, ağrı ilə müşahidə edilə bilər. Bəzən yağlı yeməklərdən sonra öd daşı öd yollarına düşür. Bu da kəskin öd tutmalarına səbəb ola bilər. Bu zaman təcili həkimə müraciət etmək lazımdır. - Hansı məqamda əməliyyata qərar verilir? - Öd daşı varsa və buna bağlı şikayətlər meydana çıxarsa bu, əməliyyata göstəriş deməkdir. Bəzən öd daşının olması təsadüfi müayinə əsnasında aşkara çıxır. Həmçinin pasiyentdə heç bir şikayət olmursa buna lal öd daşı deyilir ki, bu da əməliyyat üçün göstəriş deyil. - Qadınlarda ya kişilərdə daha çox rastlanır? - Daha çox qadınlarda rastlanır. Kişilərdə bu göstərici azdır. - Öd daşı əməliyyatı keçirdikdən sonra yenidən daşların yaranma ehtimalı varmı? - Öd daşlarının əməliyyatdan sonra yaranma riski demək olar ki yoxdur. Ancaq bəzi hallarda öd daşı yarana bilər. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz Tel:070 -579-88 -33 Müəllif: Şəhanə Quliyeva

Hamilə qalmamağın əsas səbəbi – Uşaqlıq yolunda yaranan polip nədir?/Müsahibə

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir.  Yaranan vəziyyətin səbəblərindən biri isə uşaqlıqda yaranan poliplər ola bilər. Mövzu ilə bağlı Psixoloq.az-ın suallarını ginekoloq Ləman Əliyeva  cavablandırıb. Həmin geniş müsahibəni təqdim edirik: -     Uşaqlıq yolunda(uşaqlıq boşluğunda) poliplərin yaranma səbəbi nədir? -     Xəstəliyin əsas yaranma səbəbi hormonal pozuntudur – Estrogenlərin çoxluğu və progestron çatışmazlığıdır. -      Hamiləlik üçün təhlükəlidirmi? -      Endometriyada (Uşaqlığın içərisində) yaranan polip hamilə qalmağa mane olur. Qanaxmalara səbəb ola bilər. Dİgər yerləşmələrdə olması isə müxtəlif problemlər meydana çıxara bilər. -      Diaqnozun USM ilə müəyyən olunması mümkündür? -      USM vasitəsilə diaqnoz bəli qoyula bilər. Bəzən diaqnostik histeroskopiya lazım ola bilər. -      Bəs xəstəliyin əlamətləri nədir? -      Menstruasiya pozğunluğu, qanaxmalar, dəmir defisitli anemiyalar, Menstruasiya arası müddətdə uşaqlıq yolundan gələn axıntı, cinsi münasibətdən sonra yaranan ağrə və ya qanlı axıntı, qarnın aşağı hissəsində ağrı, sonsuzluq, düşüklər əsas əlamətlər sırasındadır. -      Yaranan poliplərin müalicəsi hansı formada aparılır? -       Müalicəsi hormonal  terapiya (hormonal dərmanlar) və cərrahi üsulla aparılır. -  Qadınların əksəriyyəti cərrahi əməliyyatdan qorxurlar. Genişlənməyən poliplərdən xilas olmağın yolu ancaq cərrahi müdaxilə ilə olur? -      Seçim qadına görə təyin edilir. Qız uşaqlarında adətən dərman müalicəsi tətbiq olunur. Hamiləliyə mane olan və qanaxma verən poliplər histeroskopik üsulla götürülür. Müəllif: Şəhanə Quliyeva