Psixoloji Xəbər

“Özünə daha çox güvənməlisən” Məşhur psixoloq Elnur Rüstəmovdan motivasiya

Psixoloq.az xəbər verir ki, tanınmış psixoloq Elnur Rüstəmov özünə məxsus facebook sosial hesabında motivasiya edici post paylaşmışdır.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik. “Sənin kimi biri bunun öhdəsindən rahatlıqla gələ bilər”, “Özünə daha çox güvənməlisən”, “Daha əvvəl nələri həll etdin, bunumu bacarmayacaqsan” şəklində cümlələri əminəm ki, hamınız eşitmisiniz. Çevrənizdəki insanların sizə olan inamın yarısına sahib olsaydınız, indiyə kimi ertələdiyiniz bir çox vəziyyətin üzərinə gedib, bir çoxunu həll etmişdiniz. Deməli insanlar sizi nə qədər güclü görürlərsə görsünlər, önəmli olan sizin özünüzü nə qədər güclü hiss etdiyinizdir. Necə olur ki, insanların bizə güvəndiyi qədər özümüzə güvənə bilmirik? Gəlin özgüvənimizi yenidən gözdən keçirək. Bəli, Özgüvən həyatın bir parçasıdır. Dolayı yolla özünə dəyər, hörmətlə bağlı bir vəziyyətdir. Özünüzü necə göründüyünüz, özünüz haqqında düşüncələriniz, nə qədər dəyərli hiss etməyiniz sizin özgüvəninizi formalaşdırar və bu həyatda aldığınız qərarlara, etdiyiniz seçimlərə, özünüzü doğrultma müddətinizə təsir edər. Yəni özgüvənli olmaq üçün öncə özünüzlə barışıb, özünüzü sevməlisiniz. Sonra isə istəklərinizi gerçəkləşdirmək üçün risk almağa istəkli olmalı, gələcəyin gözəl olacağına inanmalısınız. Ümumiyyətlə, özgüvənsiz olduğunuzu düşünürsünüzsə, bacarmaq və hədəfinizə çatmaq mövzusunda neqativ düşüncələrdə ola bilərsiniz. “Onsuz da bacarmayacağam”, “hər şeyi korlayacam”, “o qədər yaradıcı deyiləm ki”, “insanlar başqaları ola-ola nə üçün məni sevməlidir ki” kimi düşüncələr sizi daha da hərəkətsiz və passiv edəcəkdir. Zehninizdə bu kimi düşüncələr üçün də özünüzü günahlandırmayın. Çünki bu kimi düşüncələrinizin səbəbi genetik və çevrənizlə bağlı ola bilər. Eric Berne’ün dediyi kimi şahzadələr kimi doğulduq, amma sosiallaşma müddətimiz bizi qurbağa döndərdi. Bəs daxilimizdəki şahzadəni necə oyandıra bilərik?1) Sizi önəmsəyən insanlarla zaman keçirin. Ola bilər siz onların sevgisinə özünüzü layiq görmədiyiniz üçün araya məsafə qoymuş olasınız, ancaq bu kimi düşüncələri xaric tutaraq, sadəcə bu insanlarla zaman keçirin.2) Özünüzə məşğuliyyət tapın. İndiyə kimi etmək istədiyiniz bir işə başlayın.

Tütünü psixoloji reklam edərək zəngin olan Zigmund Freydin qardaşı oğlu Berneys

1920-ci illərdə qadınlar siqaret çəkə bilməzdi. Çəkən qadınlar isə sərt şəkildə tənqid olunurdu. Bu sarsılmaz bir tabu idi. İnsanlar, məktəbdən məzun olmaq və ya Parlamentə seçilmək kimi, qadınların siqaret çəkməsi məsələsini də kişilərə həvalə etmələrinin gərəkli olduğuna inanırdılar. Bu vəziyyət tütün sənayesi üçün problem idi. Əhalinin 50 faizinin siqaret çəkməməsinin səbəbi siqaretlərin dəbdən düşməsi və kobud görünməsindən başqa bir şey deyildi. Amerika Tütün Şirkətinin rəhbəri Corc Vaşinqton Hillin o vaxtlar da dediyi kimi “Bu ön bağçamızda bir qızıl mədəni” idi və vəziyyət belə davam edə bilməzdi. Sektor bir neçə dəfə siqareti qadınlar üçün satışa çıxarmağa çalışdı, amma heç bir üsul işə yaramadı. Kök salmış mədəni önyarğı çox dərin idi və bu satışa əngəl törədirdi. Çox keçmədən, 1928-ci ildə Amerika Tütün Şirkəti çılğın fikirləri və daha çılğın satış kampaniyaları olan gənc və bacarıqlı satış nümayəndəsi Edvard Berneysi işə götürdü. Berneysin satış taktikaları o günlərdə sektordakı heç kimin taktikalarına bənzəmirdi. XX əsrin əvvəllərində satış, bəsitcə məhsulun gözlə görünən, həqiqi faydalarının ən sadə halı ilə qısa və təməl ifadəsi olaraq başa düşülürdü. O dönəmdə insanların xüsusiyyətlərə və məlumatlandırmaya görə alış-veriş etdiklərinə inanılırdı. Bir nəfər pendir almaq istəyirsə, ona pendirin digərlərindən üstün olduğunu göstərən xüsusiyyətlərini danışmağınız kifayət edirdi ( “Ən təzə fransız keçi südündən hazırlanmış, 12 gün mayalanmış, soyuducuda daşınmışdır!”). İnsan, rasional alış-veriş qərarları verən rasional aktorlar olaraq görülürdülər. Amma Berneys bir az qeyri-adi idi. O, insanların çox zaman rasional qərarlar vermədiyinə inanırdı. Hətta insanların təməldə olduqca irrasional olduğunu və bu səbəbdən onlara emosional və şüurdan kənar səviyyədə təsir etmək məcburiyyətində olduqlarına inanırdı. Tütün sektoru, xüsusi olaraq qadınları siqaret almağa və çəkməyə inandırmaq mövzusuna fokuslanmışkən; Berneys bunu emosional və mədəni bir məsələ olaraq görürdü. Berneys qadınların siqaret çkməsini istəyirsə, öncəliklə siqaret çəkmənin mədəni qavrayışını yenidən formalaşdıraraq, qadınlar üçün siqaret çəkməyi duyğusal olaraq pozitiv təcrübə halına çevirmək məcburiyyətində idi.Bunun üçün Berneys bir qrup qadını Nyu Yorkdakı pasxa bayramı nümayişində iştirak etmək üçün kirayələdi. Bu gün divanda televizorun qarşısında deyinərək mürgüləmək kimi adi şeylər etdiyiniz böyük tətil günlərindən biridir. Lakin o gün həyata keçirilən nümayişlər, Amerika futbol çempionatının final müsabiqəsi kimi böyük bir hadisə idi. Berneysin planı belə idi: Uyğun bir zamanda hər şey dayanacaq və nümayişdəki qadınların hamısı eyni anda siqaretlərini yandıracaqdı. Sonra, Berneysin kirayələdiyi fotoqraflar bu gözqamaşdırıcı dəqiqəni çəkdilər və bu fotolar böyük milli qəzetlərə göndərildi. Bunu şərh edərkən Berneys müxbirlərə “bu qadınların təkcə siqaretlərini deyil, onların öz azadlıqlarını ortaya qoyma tutumlarını və qadınlığın özlərinə aid olduğunu göstərən “azadlıq məşəlləri” ni yandırdıqlarını” dedi. Təbii ki, bunların hamısı saxta idi. Amma Berneys bunu siyasi bir protest olaraq təşkil etdi, çünki ölkə səviyyəsində qadınların sahibolma duyğularını hərəkətə keçirdiyini bilirdi. Feministlər qadınlara səs vermə haqqını on il əvvəl qazandırmışdılar. Yarışan paltarları və qısa saçları ilə özlərini təsdiqləmişdilər. Bu dönəmin qadınları eyni zamanda özlərini kişilərdən asılı görməyən bir nəsil idi. Bir çoxu bunu çox güclü formada hiss edirdi. Berneys “siqaret çəkmək=azadlıq” eyniləşdirməsi ilə qadın azadlıq hərəkatına bir mesaj göndərdi, beləcə tütün satışlarını iki qatına çıxararaq zəngin adama çevrildi.Bu taktika işə yaramışdı. Qadınlar siqaret çəkməyə və həyat yoldaşları qədər onlar da ağciyər xərçəngindən "zövq almağa" başladılar. Bütün bunlarla bərabər, Berneys 1920, 1930 və 1940-cı illər bu növ mədəni zərbələr ortaya qoymağa davam etdi. O, satış sektorunda tam mənası ilə inqilab yaratdı və bu müddət ərzində toplumla əlaqələr sahəsini kəşf etdi. İstifadə etdiyiniz məhsul üçün məşhurlara pul ödəmək Berneysin fikri idi. Saxta xəbər mətnləri yaratmaq əslində məhsulların üstü bağlı reklamını etmək idi və bu da onun fikri idi. Müştərilərin biri üçün belə olsa mənfi şöhrət qazanmaq uğruna diqqət çəkmək məqsədi ilə mübahisəli ictimai olaylar səhnəyə qoymaq da onun fikri idi. Bu gün bizlərin qarşılaşdığı satış üslublarının və təqdimatın hardasa bütün növləri Berneysin adı ilə bağlıdr. Lakin Berneys ilə bağlı başqa bir sürpriz daha var: O, Ziqmund Freydin qardaşı oğlu idi. Freydin nəzəriyyələri, bir çox insanın qərar alma müddətlərini əsasən şüursuz və irrasional olduğunu ilk müzakirəyə qoyan nəzəriyyələrdir. Freyd insanların özünə inamsızlıq duyğusunun onları şişirtməyə və həddindən artıq reaksiyaya məruz qoyduğunu başa düşən tək insan idi. Berneys bu fikirləri məhsulların satılması üçün tətbiq etdi və beləcə zəngin oldu. Berneys və reklam: İnamsızlıq duyğumuz necə alınıb satılır?Berneys “Siggy Dayı”nın fikirlərindən istifadə edərək bir reklam imperatorluğu qurdu. Bundan başqa Freydin məşhur ABŞ dərgilərində yayımlanmış məqalələrindən də istifadə etdi. Freyd sayəsində Berneys sektorda daha əvvəl heç kəsin anlamadığı bir şeyi anladı: Əgər insanların emosional inamsızlığından faydalana bilsəniz - əgər onların ən dərin duyğularına və natamamlıq hissinə toxuna bilsəniz - dediyiniz hər lazımsız şeyi alacaqlar. Bu növ satış gələcəkdəki bütün reklamçıların təlimat kitabçası halına gəldi. Yük maşınları kişilər üçün güc və dayanıqlılığın sübutu olaraq satıldı. Makyaj, qadınlar üçün aşiq olmağın və daha çox diqqət çəkməyin yolu olaraq satıldı. Pivə əylənmənin və şənliklərin diqqət mərkəzi olmağın yolu olaraq satıldı. Demək istədiyim, ilahi, heç bir məntiqi olmasa da, Burger King bazar hamburgerləri üçün “necə istəyirsən elə olsun” ifadəsini istifadə etdi. Nəticə olaraq, bir qadın maqazin jurnalı, 150 səhifə boyunca gözəllikdən pul qazanan nisbət olaraq əhalinin 0.01 faizi olan saçı boyanmış qadın rəsmləri sərgiləyərək, bu qadınlardan başqalarına gözəllik məhsulu satışını başqa nəcə edilə bilərdi ki? Ya da pivə reklamları səs-küylü şənliklərlə dostlar, qızlar, sport maşınlar, Vegas, dostlar, daha çox qız, daha çox pivə, qızlar, qızlar, qızlar, yığıncaqlar, rəqs, maşınlar, dostlar, qızlar göstərərək! –Budweiser iç...Bunların hamısı bu gün satış 101. satış oxumağa ilk başladığımda, ilk işimə başladığı zaman mənə insanların “ağrılı nöqtələrini” tapmağımı və sonra daha pis hiss etmələrini təmin etməyimi istədilər. Mən münasibət tövsiyəsi satırdım, mənim vəziyyətimə görə fikir, insanlara sonsuza qədər tək qalacaqlarını, onları heç kəsin sevməyəcəyini və bir şeyin səhv olduğunu deməli idim. Təbii ki, elə etmədim, bu mənə bərbad hiss etdirdi. Səbəbini anlamağım illərimi aldı. Bu gün mədəniyyətimizdə, satış ümumi olaraq bir mesajdır. Bilgimizin böyük hissəsi məruz qaldığımız satış üslublarından qaynaqlıdır. Satış davamlı bizə özümüzü pis hiss etdirərək bir şeylər satın almağımız üçün səy göstərirsə, bunun səbəbi içində olduğumuz mədəniyyətin bizə özümüzü pis hiss etdirmək üzərə formalaşmış olması və bunu aşmaq üçün bir yol axtarmağımızdır. Uzun illər boyunca müşahidə etdiyim bir şey var; mənə tövsiyə və ya istənilən bir şey üçün elektron məktub göndərən minlərlə insanın böyük əksəriyyəti təyin olunması mümkün bir problemə sahib görünmür. Əksinə, özləri üçün yaratdıqları qəribə və qeyri-adi meyarlara sarılırlar. Hovuz şənlikləri və bikini geyən qadınlar olacağı düşüncəsi ilə kollecə gedən bir oğlan kimi xəyal qırıqlığına uğrayır və özlərini sosial olaraq kifayətsiz hiss edir, uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki məktəbə getmək, dərslərə daha çox çalışmaq, yeni dostluqlar qazanmaq məcburiyyətində idilər və davamlı özlərinə güvənsizdilər, çünki heç vaxt əvvəlki mənliklərini yaşamayacaqlar. İkinci təcrübə olduqca normal, amma elə ya da belə hər həftəsonu özlərini heyvan sığınacağına gedərmiş kimi universitetə atdılar. Bu cür şeylər hər kəsin başına gəlir. Özümdən bilirəm, mənim də gənckən romantizm və münasibət anlayışım təsadüfi bir “Friends” seriyası ilə Hugh Grant filmi arasında bir şey idi. Söyləməyə gərək yoxdur, uzun illərimi tükənmiş hiss edərək və məndə anadangəlmə bir qəribəlik var deyə düşünərək xərclədim. Berneys əslində bütün bunları başa düşürdü. Lakin Berneysin siyasi fikirləri bir növ zəiflədilmiş faşizm kimi idi - zəifliklərin, güclü media və təbliğat yolu ilə istismarının həm qaçınılmaz, həm də insanların xeyrinə olduğuna inanırdı. Buna “görünməz hökumət” adını vermişdi və ümumi olaraq kütlələrin axmaq olduğunu və ağıllı insanların onları inandırmağa haqqı olduğunu düşünürdü. Toplumumuz tarix boyunca təkmilləşib maraqlı bir nöqtəyə gəldi. Kapitalizm, nəzəri olaraq, hər kəsin ehtiyac və tələblərini ödəmək üçün mümkün olan ən təsirli yola qaynaqların bölüşdürülməsi üçün çalışır. Lakin bəlkə də kapitalizm təkcə toplumun fiziki ehtiyaclarını aradan qaldırmaq üçün ən təsirli yoldur - yemək, geyim, sığınacaq kimi ehtiyacları. Çünki kapitalist sistem, iqtisadiyyat yolu ilə insanların inamsızlıqlarını və uğursuzluqlarını dəstəkləyən bir forma aldı. Mənfəət yönümlü yeni və həqiqətdən kənar meyarlar əldə edərək, müqayisə etmə və alçaltma mədəniyyətini yaratdı. Çünki özünü aşağı hiss edən, özünəinamsız insanlar ən yaxşı müştərilərdir. Nəticə olaraq insanlar bir problemi həll etmək üçün bir şeylər satın almalarının vacib olduğuna inanırdılar. Bu səbəbdən, daha çox satış həyata keçirmək istəyirsinizsə, olmayan problemlər varmış kimi insanları inandırmaq məcburiyyətindəsiniz. Bu kapitalizmə hücum etmək deyil. Satışa hücum də deyil. Ortada “qoyun”ları əldə tutmaq üçün tərtib olunmuş böyük və əhatəedici bir sui-qəsd olduğunu düşünmürəm. Məncə sistem medianı yönləndirərək müəyyən təşviqlər yaradır; bunun üzərinə mediada davamlı olaraq bir şeylər əldə etmək cəhdinə əsaslanan, laqeyd və səthi bir mədəniyyət formalaşdırır. Ümumi mənada sistemimiz bunu bacardı, hələ də davam edir. Mən bunun, insan mədəniyyətini qaydaya salmaq üçün “ən az pis” həll yolu olduğunu düşünürəm. Ölçüsüz kapitalizm, özünü dərk və uyğunlaşmağı öyrədən bir “mədəni yük” gətirir. Ümumiyyətlə bizim iqtisadiyyatımızda satış, özümüzə inamsızlığımızı düzəltməkdə kömək etmir, əksinə daha çox qazanc əldə etmək üçün qəsdən kifayətsizlik hissimizin və asılılıqlarımızın aktiv qalmasına kömək edir.Bəziləri bunların dövlət tərəfindən hazırlanıb, idarə edilməsinin gərəkliliyini müdafiə edir. Bu bəlkə bir az kömək edə bilər amma mənə yaxşı və uzunmüddətli həll yolu kimi görünmür.Tək həqiqət uzunmüddətli həll; insanların, kütlə rabitə vasitələrinin zəiflikləri və həssaslıqları üsyankarlaşdırdığını anlamaq və bunlar qarşısında qorxuları ilə üzləşərək şüurlu qərarlar almaq istiqamətində daha diqqətli olmalıdırlar. Azad bazarın uğuru, bizə seçmə azadlığımızı tətbiqetmə məsuliyyəti verməsidir və bu məsuliyyət biz diqqətli olduğumuz zaman çox daha ağırdır. 

Bu fobiyası olanlar, DİQQƏT - Ciddi nevroloji PROBLEMİNİZ VAR

Bəzən sağlam insan xəstə olması ilə bağlı özündə şübhələr formalaşdırır. Bu cür insan bədəninin hansısa bir nayihəsi ağrıdığı zaman sağalmaz bir xəstəliyə yoluxduğunu düşünür. Bu səbəblə tez-tez həkimə gedib müayinələrdən keçir. Nəticələrin müsbət olması belə onun şübhələrinə son qoya bilmir. Psixiatr Orxan Fərəcli açıqlamasında bildirib ki, bu hallar bir çox xəstələrdə, xüsusən də nevroz adamlarda tez-tez görünür: "Xəstəliyin adı ipoxondriya adlandırılır. Bu insanlar bədənlərində yaranan hər hansı bir ağrıya pis bir xəstəliyin səbəb olduğunu düşünürlər. Bəzən baş ağrısından əziyyət çəkən adam başında şiş olduğunu fikirləşir və internetdə araşdırmağa başlayır. Çox vaxt internetdəki məlumata görə xəstə özünə "Xərçəng” diaqnozunu qoyur. Bəzi insanlar fikirləşdiyi üçün həmin xəstəliyin yarandığını düşünürlər. Amma əslində elə olmur. Düşünüldüyü üçün hansısa xəstəliyin bədəndə yaranması tamamilə təsadüfdür. Bu cür fikirləşən insanlarda çox vaxt heç bir xəstəlik aşkarlanmır. Onun xüsusi bir elmi əsası yoxdur. Bu, nevroz xəstələrdə hədsiz çox rast gəlinir. Həmin xəstələr bizim yanımıza gələnə kimi çoxlu həkim və xəstəxana gəzirlər. Həmin adam elə fikirləşir ki, özündə hansısa bir xəstəlik var, lakin həkimər aşkarlaya bilmirlər. Bu düşüncə insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. İnsan "Xərçəng” olmasa belə "Xərçəng” xəstəsi qədər əziyyət çəkir”. Nevropatoloq Pərvanə Orucova bununla bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, sinir sisteminin həssas olması ilə bağlıdır: "Bu, insanın sinir sisteminin zəifliyi nəticəsində yaranır. İnsan çox həssasdırsa, onun sinir sistemində zəiflik varsa, özündə xəstəlik axtara bilər. Bu özü ipoxaodrik nevrozdur (xəstəlikdən qorxmaq). Fobiyası olan xəstələrə aiddir”. Psixoloq Murad İsayev isə əlavə edib ki, bu kimi hallar daha çox fəsil dəyişən zaman müşahidə olunur: "Nevrozun belə bir forması var - sayrışan hallar nevrozu. Sayrışan hallar nevrozunda insan çox həssas olur. Gün ərzində hansısa bir bir xəstəlik haqqında aldığı məlumat həmin insanda narahatıq yaradır. Məsələn, ürək xəstəliyindən əziyyət çəkdiyini zənn edən insan həkimə müraciət edir. Heç bir xəstəliyin aşkarlanmaması həmin şəxsi müvəqqəti olaraq sakitləşdirir. Bir müddətdən sonra bu proses yenidən başlayır. Aylar, illər ərzində bu hallar davam edir. Həmin insanlar çox həssas olur. Hansısa bir fikir, duyğudan müxtəlif hallara düşə bilərlər. Belə hallar insanda daha çox fəsillər dəyişən zaman aktivləşir. Mart, aprel aylarında belə insanlarda aktivlik müşahidə edirik. Bunun üzərində həm nevroloji, həm də psixoloji terapiya formaları keçmək lazımdır ki, insanın özünə inamı formalaşsın”.(mətbuat.az)

Depressiya zəif insanların xəstəliyidir? - Psixoloji səbəbləri

İnsanı sarsıdan hadisələr, məsələn, sevdiyi birini itirdikdə, müflis olduqda, həyat yoldaşı tərəfindən tərk edildikdə, imtahan nəticələri gözlədiyi kimi olmadıqda və ya imtahandan keçmədikdə depressiyaya girmə daha çox müşahidə olunur. Bəzən də zaman-zaman kiçik streslərlə qarşılaşmağın özü də sonda depressiyaya yol açır. Depressiya düşünüldüyü kimi, zəif insanların xəstəliyi deyildir. Tam tərsinə, daha çox məsuliyyət hiss edən, ailə və dost əhatəsində hər kəsin köməyinə qaçmağa çalışan, hər yükün altına girən insanlar depressiyaya daha tez düşürlər. Bundan başqa, mükəmməlliyi sevən, özlərindən və başqalarından çox şey gözləyən, heç kimi incitməyən, hər kəsin könlünü şad edən, yaxşılıq etməyi sevənlər, özünə güvənsizlik, utancaqlıq, özünəqapanma, narsizm, şübhəçilik hissləri daşıyan, "ya hər şey, ya da heç nə” düşünən insanlar depressiyaya düşə bilər. Depressiyaya düşən insanlarda özünəinam hissi itir, psixoloji komplekslər yaranır, əhval-ruhiyyənin enməsi müşahidə olunur. Həyatda heç nəyi bacara bilməmək duyğusu yaranır. Neqativ hisslərin yaranması kimi fikirlər formalaşır. Zamanında depressiyanın qarşısını almadıqda insanda yəni özünə qəsd etmə, intihar etmə fikirləri yarana bilər.(xeberman)

Yuxunun pozulması, yaddaşsızlıq - Qış depressiyasının əlamətləri

Qış fəsli yaxınlaşır, havalar soyuyur. Bu zaman insanlar özlərini kefsiz, ruhən aşağı hiss edə bilərlər. Bu isə qış depressiyasından xəbər verir. Qış depressiyasının əlamətləri:  • Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s .• Yuxu pozğunluğu, yuxusuzluq  • Yaddaşın azalması, intellektual səviyyənin enməsi  • İş qabiliyyətinin aşağı düşməsi  • İştahanın azalması • Həzm pozğunluqları  • İmmun sistemin zəifləməsi  • Özünəqapanma  • Sosial problemlərin yaranması və s. 

Psixolinqvistika elmi nədir?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir. Qeyd edək ki, elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib. 

Psixoloji CHECK-UP nə üçün vacibdir?

Gündəlik yaşanılan streslər, hadisələr insanın əsəb sisteminə mənfi təsir göstərir. Ancaq təəssüf ki, tibbi cəhətdən psixoloji müayinələrin üzərində ciddi dayanılmır. Psixoloq.az xəbər verir ki, psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir. Müəyyən psixoloji problemlər hərkim tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır. Məhz bu səbəbdən xarici ölkələrdə hər bir insanın öz psixoloqu vardır.  Unudulmamalıdır ki, hər şey insan beyində başlayır.

Kişi iş tapmırsa... - Yayılmış aqressiyanın səbəbləri

Bir neçə ildir insanların aqressiyalı davranışı psixoloqların da nəzərindən qaçmayıb. Belə ki, avtobusda, yolda baş verən, adi hərəkətdən qəzəblənən vətəndaşları görmək,  vəziyyətin ciddiliyindən xəbərdar edir. Bunun səbəbləri barədə isə psixoloq danışıb. Aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir. Narazılıq yaradan faktorlar olduqca çoxdur. İndi milli mental şüur formalarımızla xaricdən gələn şüur formaları toqquşur. Amma baxın, əgər bir ailə başçısı olan kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə, həmin zaman aqressiya onun içində toplanır və həmin şəxs nəhəng aqressiya enerjisini elə bir səmtə yönəldir ki, o, hörmətli insan olsa bele gözümüzdən düşür. Lakin onun hansı səbəbdən bu vəziyyətə düşdüyünün əsl səbəbini isə görə, həmin şəxslə empatiya yarada bilmirik. İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki onlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə, nəqliyyat vasitəsində, yaxud küçədə rastlaşdıqları insana ötürməyə başlayırlar. Əziz insanlar, əgər siz daxilinizdə olan aqressiyaya, mübarizəyə qalib gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edin. Ruhunuzu incidən, zədələyən hisslərdən uzaq olun. Müəllif: Psixoloq Sevinc Baxışova

Bu qaydalara riayət edilməlidir - Psixoterapevt kimdir?

Psixoterapevtlər psixiatriya, psixologiya, psixoloji konsultasiya və rəhbərlik, sosial iş kimi müxtəlif psixoloji sağlamlıq ixtisaslarından məzun olun olmuş və psixoterapiya sahəsində lazım olan nəzəri məlumatı, stajı, müşahidəsi və digər kafilik proqramlarını tamamlamış mütəxəssislərdir. Bu psixoloji sağlamlıq mütəxəssislərindən psixiatr həkimlərdən başqa heç birinin dərman yazma səlahiyyəti olmamaqla bərabər tətbiq etdikləri terapiya baxımından hamısı eyni elmi və əxlaqi qaydalara riayət etməyə məcburdurlar.Geniş yayılmış inanışın əksinə psixoterapevtlər bizim əvəzimizə qərar verməz, bizə öz inanclarını zorla yeritməz və psixoterapevt olmaqlarının səbəbi həyatda bizdən daha ağıllı və təcrübəli olmaqları deyil. Psixoterapevtlər insanın emosiya, düşüncə, davranış və koqnitiv proseslərini ilə əlaqədar təhsil aldıqları üçün kömək zamanı bu bilikləri əsas götürürlər və bunu edərkən müəyyən standardlara əməl edərlər. Psixoterapevtlər pasiyentləri düzgün düşünməyə istiqamətləndirərək məsləhətli qərar verməyə yardımcı olur.

Beyinin rəqabət sistemləri - Rəqiblər kompleksi nədir?

Neyroanatomiyada beyində bir - biri ilə rəqabət halında olan sistemlər dedikdə niyəsə həmişə məntiqlə emosionallıq misal olaraq göstərilir. Hətta qadınlarda və kişilərdə hansının güclü olduğunu göstərmək üçün mübahisələrə girilir. Bu haqda çox danışıldığından mən bu məqaləmdə bu mövzuya toxunmayacam. Niyyətim məqalə boyunca beynimizin başdan - başa rəqiblər kompleksindən ibarət olduğunu gözlər önünə sərməkdi. Bununla bağlı ilk bariz örnək hamımıza yaxşı məlum olan beyin yarımkürələri ilə bağlıdır. Yarımkürələr " korpus kallosum " adlanan sinir lifləri ilə bir - birinə bağlanmışdır. Bu sinir liflərinin rolu ilə bağlı uzun müddət sabit fikir olmuşdu. Beləki, 1950- ci ilə qədər kimdənsə bu sinir liflərinin funksiyasını soruşsaydınız sizə deyəcəkdi ki, iki beyin yarımkürəsi arasında rabitə rolunu oynayır. Amma Roger Sperry və Ronald Meyers adlı iki neyrobioloq etdikləri bir əməliyyatla hər kəsi ağzı açıq buraxdılar. Bu iki alim meymunların və pişiklərin korpus kallosumlarını kəsdilər. Bilirsiniz nə oldu? Heç bir şey olmadı. Heyvanlar, tamamilə normal davrandılar, sanki bu sinir liflərinin heç bir önəmi yoxdur. Bu təcrübədən sonra split brain adı verilən əməliyyatlar aparılmağa başladı. 1961- ci ildən etibarən epilepsiya xəstələrinin beyin yarımkürələrini bir - birinə bağlayan bu sinir liflərini əməliyyat vasitəsilə kəsməyə başladılar. Çünki tutmanın bir yarımkürədən digərinə keçməsini əngəlləyən bu əməliyyat epileptiklərin son ümidi idi. Bu əməliyyatdan sonra onlar tamamilə normal bir həyat sürürlər. Baxmayaraq ki, beyinlərinin yarısı digər yarısından ayrılmışdı, amma yenə də nəyisə xatırlaya öyrənə, sevə, gülümsəyə, rəqs edə bilə və əylənə bilirdilər. Amma çox qəribə də bir şey olurdu. Öyrənmə prosesində bir yarımkürə nəyisə öyrənsə də, digəri bundan hələ də xəbərsiz olaraq qalırdı. Və ən əsası, bu insanlar eyni anda iki fərqli işi görə bilirdilər. Bu normal bir beyinin əsla izn verməyəcəyi bir şeydi. Beyin yarımkürələri bir - birindən ayrılmış insanlar eyni anda hər iki əlləri ilə müxtəlif yazıları yaza bilir, müxtəlif şəkilləri çəkə bilirlər. Bilirik ki, sağ əlimiz sol beyin yarımkürəmizdən, sol əlimiz isə sağ beyin yarımkürəmizdən əmr alır. Beyin yarımkürələri bir - biri ilə əlaqədar olan insanlar sağ əlləri ilə üçbucaq çəkərkən, sol əlləri ilə də kvadrat çəkə bilməzlər. Amma split - brain əməliyyatından keçmiş insanlar bunu asanlıqla edirlər. Çünki onların beyin yarımkürələri bir birindən asılı olmadan öz həyatlarını yaşayırlar. Beyin yarımkürələri hər biri eyni problemi həll edən, amma həll yolları bir az fərqli olan iki rəqib komanda kimidir. Bu kəşfinə görə Roger Sperry Nobel mükafatı almışdır. Məsələ burasındadır ki, beyin yarımkürələrini iki fərqli siyasi partiya kimi düşünmək lazımdır. Eyni məsələ üzərində baş sındırmalarına baxmayaraq həll yollarını müxtəlif istiqamətlərdə görürlər. Əgər bu partiyalardan biri süquta uğrayıb dağılsa bir şey dəyişməyəcək. Ölkənin işləri yenə öz axını ilə gedəcək. Sadəcə ölkəni idarə etmək üçün istifadə olunan üsullar fərqli olacaq. Eyni şey beyin yarımkürələri üçün də keçərlidir. Bir yarımkürəni əməliyyatla kəsib götürsələr belə digər yarımkürə bütün işləri öz öhdəliyinə götürərək bizi vəziyyətdən çıxara biləcək. Rasmussen ensefalitindən qaynaqlanan epilepsiya xəstəliyinin müalicəsində istifadə olunan bu əməliyyat 8 yaşına qədər olan uşaqların üstündə aparılır. Və uşaq həyatının geri qalan hissəsini normal şəkildə yaşayır. Bu əməliyyata hemisferektomi adı verilib və kifayət qədər uğurlu üsuldur. Çünki beyin yarımkürələri anatomik cəhətdən demək olar ki, eynidir. Beyinin rəqiblər sistemi bununla da bitmir. Yaddaş bizim həyatımızın özəyini təşkil edir. Günlük yaşantılarımız hipokampus və temporal lob adlanan beyin bölgələrində toplanarkən, travma xarakterli xatirələrimiz amiqdalada toplanır. Postravmatik Stress Pozuntularında flashback kimi ani göz önünə gələn acı xatirələr məhz amiqdalada toplanır. Amiqdalada toplanan xatirələri silmək və unutmaq çətindir. Təcavüz qurbanlarının və müharibə iştirakçılarında olduğu kimi flash kimi yanıb - sönən anılar amigdalanın işidir. Göründüyü kimi 19- cu əsrdə hökm sürən frenoloji ideyası tamamilə iflasa uğrayıb. Çünki biz indi bilirik ki, beyində frenolojinin iddia etdiyi kimi bir işdən bir bölgə məsuliyyət daşımır. Əksinə, bir işi bir çox beyin bölgəsi fərqli üsullarla yerinə yetirir. Çünki biologiya tək bir həll yolu ilə nadirən kifayətlənir. Əksərən, təbiət yeni üsullar icad etməyə çalışır. Çünki təbiətin laboratoriyasındakı işlər bizim laboratoriyalardakı kimi getmir. Süni intellekt hazırlamağa çalışan alim məsələn, enerji qaynağı problemini həll etdikdən sonra növbəti mərhələyə keçir. Amma canlılarda milyonlarla mutasiyalar olduğu üçün təbiət yeni varyasiyalar icad edərək problemi yaradıcı bir şəkildə həll edir. Eyni iş üzərində daima çalışdığından daha təkmil sistemlər yaranır. Beynimizdəki eyni işdən məsuliyyət daşıyan müxtəlif bölgələr təkamül nəticəsində müəyyən ardıcıllıqla yaranmış və hər biri özündən əvvəlkindən daha üstündür. Amerikada aparılan bir təcrübə nəticəsində məlum olmuşdur ki, Alzheimer xəstəliyi olan bir çox insanlar həyatları boyu bunun fərqinə varmırlar. Bu insanlar intellektual işlərlə məşğul olduqları üçün xəstəlik nəticəsində beyinlərinin bir hissəsi məhv olsa belə digər hissələr məhv olan hüceyrələrin işini öz öhdəsinə götürüb. Buna neyropsixologiyada koqnitiv rezerv deyilir. Çantasında bir çox alət olan usta çəkicini itirsə belə digər alətlərdən çəkic kimi istifadə edə bilər. Məsələn mismarı baltanın küt tərəfi ilə də vurmaq mümkündür. Beyin də eynən bu şəkildə işləyir. Birincili görmə korteksinin bir hissəsi zədələnən zaman insan görmə sahəsinin bir qismini itirmiş olur. Məsələn gözünün ancaq sağ tərəfində olanları görən bir xəstəni götürək. Onun gözünün sol tərəfində bir üçbucaq tutub əlimizdə hansı fiquru tutduğumuzu soruşaq. O görə bilmədiyini desə də, onu bezdirənə qədər əlimizdə nə olduğunu təxmin etməsini istəyək. O ən sonunda bezib ağlına gələn ilk təxmini edəcək. " Üçbucaq görürəm ". Bəli, bəli düz tapacaq. Çünki gözü görməsə belə gözünün qarşısında duran obyekt subkortikal zonanı qıcıqlandırıcaq. Kor görüşü adlanan bu hadisə görmə qabiliyyəti itsə belə korteks altı bölgələrin işi səhnə arxasından aparmalarını sübut edir. Bu neyroanatomik cəhətdən heç də təəccüblü deyil. Çünki ilanlar da korteksə sahib olmasalar da görürlər. Düzdür bizim qədər yaxşı görmürlər, amma görürlər. Bütün bunlardan çıxan nəticəni Marvin Minskynin sözləri ilə ifadə etmək istəyərdim. " Biz bir bütün olaraq əslində xırda çoxluqların toplamıyıq. Bu xırda çoxluqlar bir - birinə zidd olan, rəqabət aparan və bəzən bir - birilərinin işinə kömək edən hissələrdi." Hansı ki, kəllə qutumuzun içərisində, qaranlıq otağında gizlənən kainatın kəşf edilmiş ən möhtəşəm nəsnəsini əmələ gətirir. Psixoloq Fuad Əsədov

Nənə və babanın uşağın tərbiyəsinə təsiri – PSİXOLOQ YAZIR

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər. İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir. Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar. Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq. Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.(yeniavaz) Maarif Məmmədov, psixoloji konsultant

Uşaq verilişində qalmaqal: Obrazlar homoseksual imiş

1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb. Yazar bu barədə “New York Times” nəşrinə danışıb. “Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib. 1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib. “Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib. Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib. Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az) Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.