ceylan-mumoglu

Ceylan Mumoğlu

Sumqayıtda doğulan Ceylan Mumoğlu ixtisasca tarixçidir.
1997-2007-ci illərdə müəllim kimi fəaliyyət göstərib. Hazırda İstanbulda yaşayır.
Azərbaycanın ilk milli qadın portalı www.qadin.net-in həmtəsisçisi və baş redaktoru olub.
2009-cu ildən ədəbi fəaliyyətə başlayıb. Müxtəlif hekayələrin "Aydınlanma səyahəti" adlı şəxsi inkişaf və motivasiya kitabının müəllifidir.
"Qurbağa öpüşü" sayca ikinci kitabıdır.

İctimai hissin inkişafında individual psixologiyanın rolu

Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adler haqqında əvvəllər ümumi məlumata malik olsam da, onunla yaxından tanışlığım “Aydınlanma səyahəti” (2016) kitabının birinci hissəsini (Oyanış və dəyişməyə doğru) yazarkən başladı.  Adler psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır. “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir. Biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”, - Adler bəyan edirdi (1956).  Alfred Adler 1870-ci il fevralın 7-də Vyana şəhəri ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Uşaqlığında tez-tez xəstələnərmiş. Bu xəstəliklərə, onların gətirdiyi ruh halına baxmayaraq hələ kiçik yaşlarında “ölümlə mübarizə” üçün həkim peşəsini seçib. Lisey təhsili alarkən uğursuz şagird olub, riyaziyyatda çox bacarıqsızlıq nümayiş etdirib. Müəllimi ailəsinə onu çəkməçi yanına şagird qoyulmasını tövsiyə etmişdi. Adlerin atası bu tövsiyəyə qulaq asmayıb, əksinə oğlunu daha çox məşğul olmağa təşviq etmişdi. Adler özü bu hadisəni danışdığında belə deyib: “Əgər atam müəllimimin tövsiyəsini dinləsəydi, bəlkə də yaxşı çəkməçi olardım”. Həqiqətən, bir müddət sonra “bacarıqsız şagird” sinifin ən yaxşı riyaziyyatçısı oldu. Hələ uşaqlığında rasionalist düşüncəyə sahib idi. Şekspirin əsərlərinə qarşı sonsuz heyranlıq hiss edir, onun insanı tanımasında bənzərsiz olduğuna inanırdı.  Liseydən sonra, 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb.  XIX əsrin sonunda Adler psixoanaliz elminin banisi Ziqmund Freydlə tanış olur. Freydi düşmənlərinə qarşı açıq müdafiə etsə də, dahiliyinə inandığı Freydlə bəzi nöqtələrdə razılığa gələ bilmir, psixi xəstəliklərinin cinsi travmalardan meydana gəldiyi fikrini qəbul etmirdi. Bu səbəbdən Freydlə Adler arasında mübahisə düşür. 1904-cü ildə Adler Freyddən ayrılmaq istəyir. Lakin Freyd bunun qarşısını alır, bir müddət əməkdaşlıqlarını davam etdirirlər.  1908-ci ildə Salzburqda keçirilən konqresdə Adlerlə Freyd arasında prinsip anlaşılmazlıqları açıq formaya keçir. 1911-ci ildə Nürenberq konqresində Adler “Freydin ruh həyatının cinsi nəzəriyyəsinin tənqidi” adlı tezislə çıxış edir. Freyd bu çıxışa cavab vermir. Adler də Vyana psixoanaliz dərnəyindən tamamilə ayrılır.  Freydə görə, insan instinktlərinin, arzularının, istəklərinin, meyillərinin oyuncağıdır. İnsan ona təsir edən instiktiv güclərə yönəlir.  Adlerə görəsə insanı dəyərli edən məqsəddir. Bu məqsəd insanın düşüncələri, hisləri, davranışlarına təsir edir. Daha doğrusu, insanın düşüncələri, hisləri, davranışları bu məqsədə görə formalaşır.  1912-ci ildə Alfred Adler “İndividual Psixologiya Dərnəyi”ni qurur, həmin tarixdən etibarən Adler məktəbi inkişaf etməyə başlayır. 1932-ci ildə Nyu-Yorkdakı Lonq İsland Medikal Kolleci Adlerə psixologiya doktoru adını verir. 1937-ci ildəsə, o, mühazirə demək üçün gəldiyi Şotlandiyanın Aberdeen bölgəsində ürək tutmasından vəfat edir.  Adler həyatı boyu psixoterapevt və psixoloq kimi aktiv olub, yaşadığı dövr ərzində üç yüzə yaxın kitab, müxtəlif mövzularda məqalələr yazıb. Əsas elmi əsərləri: - “Fərdi psixologiyanın təcrübəsi və nəzəriyyəsi”  - “Nevrotik xarakter” - “İnsan bilikləri”  - “İnsan təbiətinin anlaşılması” - “Uşaqların təlim-tərbiyəsi” - “Yaşamaq sənəti” - “Həyat tərzi” və s.  İndividual psixologiya nəzəriyyəsinin əsas tezisləri:  Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “İndividual psixologiya” adlandırıb.  Adlerə görə, həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyinlə bədənin qarşılıqlı əlaqəsində tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. İndividual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər fərddə, təfəkküründə, hislərində, hərəkətlərində, şüur və şüursuzluğunda təsdiq etməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən edib. İnsan həyatı mükəmməlləşməyə fəal cəhd kimidir. Ancaq həyati əhəmiyyətli məqsədlərə istiqamətlənmiş hərəkət zamanı fərd tam kimi qavranıla bilər. İnsanın daimi mükəmməlləşməyə cəhd etməsini deyən Adler fikirləşirdi ki, insanlar hеç də daxili, xarici səbəblərdən itələnmirlər, əksinə həyati əhəmiyyətli məqsədlərə doğru, irəli hərəkət edirlər. Qarşılarına qoyduğu məqsədlər, eləcə də uğur əldə etmək üçün istifadə etdikləri fərdi üsulllar həyatlarına əhəmiyyət verdiklərini başa düşməyə kömək edir.  Şəxsiyyətin formalaşmasında irsiyyətin, ətraf mühitin rolunu qəbul edən Adler insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. İnsanın yaradıcı təbiəti, azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir. “İndividual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsinə görə, insanın bütün davranışının sosial kontekstdən doğur, insan təbiətinin mahiyyətini yalnız sosial münasibətləri başa düşdükdən sonra anlamaq mümkündür.  Fərdi subyektivlik: fenomoloji ənənələrə sadiq qalan Adler hesab edirdi ki, insanın davranışı həmişə özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. İnsanlar yaratdıqları dünyada “qavrayış” sxemlərinə uyğun yaşayırlar.  İndividual psixologiya nəzəriyyəsinin strukturunu Adler belə göstərib. Saxta finalizm Üstünlük qazanmağa cəhd Dəyərsizlik hiss və onun kompensasiyası İctimai maraq Həyat tərzi (stili) Yaradıcı mən Beləliklə, Adler insanın daha yaxşıya doğru irəliləmək, problemlərini həll etmək, yaradıcı meyillərini reallaşdırmaq, həyata uyğunlaşmaq şansına sahib olduğuna, başqa sözlə, natamamlıq hislərini uğurlu şəkildə aradan qaldırma yolunun insana açıq olduğuna inanır. Bu baxımdan insanın yaradıcı mənliyinə böyük əhəmiyyət verir. Əsas məsələ bu yaradıcı mənliyin inkişafına ən əlverişli şəraiti yaratmaq olmalıdır, bunu hər şeydən əvvəl təhsil təşkilatlarının öhdəsinə düşən vəzifə kimi görür.  "İndividual psixologiya" kitabının ana dilimizə tərcümə etməklə hadisələrə bir daha Adlerin gözündən baxmış oldum. İnanıram ki, Azərbaycan oxucusu da bu dəyərli kitabla tanış olduqdan sonra, problemlərini həll etmək, ətrafındakıları daha yaxşı tanımaq və onlarla daha yaxşı ünsiyyət qurmaq, ümumilikdə həyatına daha müsbət istiqamət vermək haqqında düşünmək üçün faydalanacaq. Ön söz: Ceylan Mumoğlu Mənbə: Parafr.az 

Sevgisizlik... - Bir çox çarəsizliyin səbəbi

Müdriklərdən birinin kəlamlarından oxuyuruq: "Sevgidə günəş kimi ol"... Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər.  Uşaq kitablarından oxuyuruq: "Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar". Geniş izah yazmıram, özünüz müqayisə edin. Dünyanın ağrısını-acısını, duzlusunu-şirinini görmüş müdrik qocanın gəldiyi nəticə və uşaqların ilk oxuya başladıqları zamanda öyrəndikləri həqiqət.  Bir sabah oyandım, sosial şəbəkələrdə xəbərləri izləyərkən bir gəncin intihar etdiyini öyrəndim. Profilinə daxil olub, əvvəlki günlərdə qəmgin, həyatdan küskünlük dolu statuslarını oxudum. Əvvəl içimi heyifslənmə hissi bürüdü. Kaş bu gənc mənim də dostluğumda olaydı, yazdığı statusları görər, müəyyən üsullarla müdaxilə edər, ən azından statusunun altına bir ümidverici rəy yazardım. Sonra ana səhifədə həmin intiharla bağlı yayımlanan xəbərlərə nəzər saldım. Kimisi oğlanın maddi durumunun aşağı olmasından, kimisi sevgilisi tərəfindən tərk edilməsindən, bəziləri də ümumi ruh halının pessimist notlar üzərində qurulmaısndan bəhs edirdi. Belə həyatla yaşamaqdansa intihar etmək yaxşıdır fikrinə haqq qazandıranlar da vardı, intihar çıxış yolu deyil, günahdır deyənlər də.  Səbəb təkcə maddi durumun çətin olmasıdır? Xeyr.  Sevgilisinin onu tərk etməsidir? Xeyr.  Öz ruh halının pessimist olmasıdır? Xeyr.  Hər üç məsələ intihara götürəcək qədər dəhşətli səbəb deyil.  Bəs nədir səbəb? Sevgisizlik...  Daxildən gələn sevgi işığının bitməsi, qaynağın tükədilməsi, Günəşin sönməsi. Bəzən bunu fərd fərqində olmadan tükədir, proses sona çatdıqda, artıq gec olur. Onu düşdüyü quyudan çəkib çıxarmaq müşkül məsələyə çevrilir. Uzun ip atırsan ki, çıxarasan, ipi tutub yuxarı dartınsa belə, yarıda kəsir, yenidən qaranlığın dərinliyinə düşür, özünü məhv edir. Çünki daxilində sevgi işığını, günəşini söndürüb, yenidən yandırmaq ağlına gəlmir.  Yaxud başqa misal: Belə bir həyat düşünün, uşaq uğursuz ailədə dünyaya göz açıb, yaşadığı şəraitdə sevgisiz böyüyüb, dəyər görməyib, hiss və düşüncələri nə soruşulub, nə də ciddiyə alınıb. Bu şəkildə həqiqi sevgidən xəbərsiz gənc yaşa çatıb. Daxilən həyatındakı inkişafın tərs getdiyini hiss edir, amma ağlı hələ ona nələr olduğunu göstərə bilmir, çünki dərketmə baş verməyib. Bu səbəbdən rastına çıxan, dəyər verən ilk şəxsə özünü təslim edib. Sanki təslim olmasa, "onu sevməyəcək, tərk edəcək" düşüncəsini daşıyıb. Çox rastlanan bu hisslə yetişən bir çox insan qarşısına çıxan gənclərdən sevgi “dilənməyə” davam edir. Ailəsindən görmədiyi sevgini, hörməti, dəyərli olmağı kənarda axtarır. Hansı ana, ata uşağının bu vəziyyətə gəlməsini istəyər? Amma fərqindədirlərmi, bilirlərmi? Uşağı öz gözündə uğurlu hiss etməsini təmin edə bilməyən "sevən" valideynlər ona hansı uğurlu gələcək verə bilərlər? Bu da üzərində dayanılası başqa problem. Həyatın ən vacib hədiyyəsi, həqiqi sevgi ilə böyüməkdən məhrum olan uşaqlar "Mən dəyərliyəm", "Sevilirəm", "Əhəmiyyətliyəm", "Mənə güvənirlər", "Mən ailəmin bir parçasıyam və eyni zamanda azadam" hisslərini yaşamayıbsa, bu hisslərin acına çevrilir, onların yerini doldurmaq üçün sevgini kənarda axtarırlar.  Sevgisiz böyüyən insan inkişafdan dayanmış kimi bir vəziyyətə düşür. Fiziki cəhətdən böyüsə də, mənəvi tərəfi yoxsul qalır. Sevgi aclığı duz və vitamin əskikliyi kimi xəstəlik olur.  Humanist psixologiyanın nümayəndələrindən olan amerika psixoloqu Abraham Maslau özünün "Ehtiyaclar piramidası" haqqındakı əsərində xüsusi bölməni "sevgiyə tələbat və mənsubiyyət"ə ayırıb. Sevgi ehtiyacı insanların ən əsas ehtiyaclarındandır. İstər uşaq olsun, istər yetkin şəxs olsun, hər insanın sevgiyə ehtiyacı var.  XX əsrin görkəmli sosioloq, filosof və psixoloqu Erix From da "Sevmək sənəti" əsərində yazıb: "sevgi haqqında danışmaq "mocüzə etmək" deyil, ona görə ki, bu, hər insan məxluqunun təbiətinin ali, həqiqi tələbatları haqqında danışmaq deməkdir. Bu tələbatın gizli olması hələ onun heç olmaması demək deyil". Bəs çarə nədir? Sevgi işığını (Günəşi) söndürməmək üçün nə etmək lazımdır?  Gördüyümüz hər işə, hər xüsusiyyətimizə, bütövlükdə xarakterimizə sevgi qatsaq, həqiqi insan olmağımızda böyük məsafələr qət etməyimizə kömək edəcək.  Ümidsizlik qəlbi dağıdır, sevgi isə möcüzələr yaradır. Sevgidən uca və gözəl olanı yoxdur, yalnız o, insanlara səadət və azadlığı bəxş edə bilər.  Atılmalı birinci ad­­dım – sev­ginin yaşamaq kimi, sənət olduğunu dərk et­məkdir: əgər sevməyi öyrənmək istəyiriksə, onda tutalım rəssamlıq, xar­­rat işi, tibb və ya mühəndislik sənətini öyrənmək istəyərkən etdiyimizi et­mə­liyik (Erix From).  Sevgiyə dərin ehti­yaca baxmayaraq ondan başqa hər şey daha va­cib hesab olunur: uğur, nüfuz, pul, hakimiyyət. De­mək olar, bütün enerjimiz bu məqsədlərin öyrənilməsinə sərf olunur, sevgi sənətinəsə heç nə sərf olun­mur.  Sevgi insanda aktiv qüvvədir, elə qüvvə ki, insanı öz yaxınlarından ayıran divarları yıxmaq qabiliyyətinə malikdir; onu digər insanlarla qovuşdurur; sevgi ona təc­rid­olunma və tənhalıq duyğularının öhdəsindən gəlməyə kö­mək edir, özü olaraq qalmağa, bütöv­lü­yü­nü qorumağa kömək edir.  Sevgi –sevdiyimiz kiminsə, nəyinsə həyatına, inkişafına aktiv maraqdır. Aktiv maraq olmadığı yerdə sevgi də yoxdur.  Sevgisiz zəka, bizi lovğa edər. Sevgisiz ədalət bizi amansız edər.  Sevgisiz diplomatiya bizi ikiüzlü edər. Sevgisiz uğur bizi təkəbbürlü edər.  Sevgisiz zənginlik bizi həris edər.  Sevgisiz itaətkarlıq bizi xidmətçi edər.  Sevgisiz kasıblıq bizi deyingən edər. Sevgisiz gözəllik bizi gülünc edər.  Sevgisiz qüdrət bizi despot edər.  Sevgisiz işləmək bizi kölə edər.  Sevgisiz sadəlik bizi dəyərsiz edər. Sevgisiz qanun bizi dustaq edər.  Sevgisiz siyasət bizi eqoist edər.  Sevgisiz inanc bizi fanatik edər.  Aydınlığın olduğu yerdə qaranlıq özünü qoruya bilmədiyi kimi, sevginin olduğu yerdə də neqativ hisslər qoruna bilməz. Böyük yazıçı Fyodor Dostoyevski "Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir" fikrini sadəcə romana rəng qatmaq üçün yazmayıb. Bu həqiqətdir. 

Karl Qustav Yunqu necə və nə üçün oxumalı?

Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, "Tavistok mühazirələri"ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək.  Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun "Yunq psixologiyasına giriş" kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.   Daha sonra Yunqu aşağıdakı qayda üzrə oxumağı tövsiyə edirəm:  1) İlk növbədə Yunq və ən yaxşı tələbələrinin birlikdə hazırladıqları "İnsan və simvolları" məqalələr toplusunu oxumaqda fayda var. Burada analitik psixologiyanın əsas ideyaları ən sadə üsullarla izah edilib. Bu işlərdə yuxuların təhlilinin əlifbası, kölgə, anima, animus, arxetiplər (hərfi mənası "ilkin modellər") kimi anlayışların izahı verilib, psixikanın şüurun iradəsindən asılı olmayan azad həyatından sübutlar göstərilib.  2) "Tavistok mühazirələri" – Yunq bu mühazirə kurslarında ən sadə sözlərlə təliminin mahiyyətinə aydınlıq gətirir. Psixoloji tipologiya, yuxuların təhlili, aktiv təsəvvür, arxetiplər burada nisbətən başqa, akademik bucaqdan izah edilir, ona görə də kitab biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq. Oxucu istəyinə görə, birinci və ikinci kitabların yerini dəyişərək "Tavistoks mühazirələri"ni oxuduqdan sonra "İnsan və simvolları"na keçə bilər.  3) Yuxarıdakı iki bənddə verilmiş kitablardan sonra oxucu analitik psixologiyaya nə qədər yaxın olduğunu anlayacaq. Öyrənməyə "İndividuasiyanın altı arxetipi" kitabı ilə davam etmək lazımdır. Bu kitabda nəzəriyyədən praktikaya keçəcəksiniz. Yunq arxiteplərə aid insanların inandırıcı portretlərini verir. Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik İnsan və s. var. Bunlardan ən vacib arxetip "Ana Uşaq və Mənlik"dir. Sonuncu arxitep transformasiya arxitepidir. Transformasiya – azadlıq axtaran üçün açar sözdür, psixikanın bir vəziyyətindən başqa vəziyyətinə keçiddir. Reinkarnasiya, metempsixozis, təşəbbüs, enantiodromiya, bir sözlə, bu məqalədən sonra bir sıra əhəmiyyətli ideyalar açılır.  4) Bir qədər daha mürəkkəb sayılan "Dövrümüzün mənəvi problemləri" məqalələr toplusu ilə daha sonra tanış olmağı məsləhət görürük. Hər məqalə konkret sualı cavablayır, buna görə də əlavə şərh tələb olunmur. "Müasir insanın mənəvi problemi", "Müasir psixiatriyanın problemləri", "Freyd və Yunq qarşıdurması", "Psixoloji tipologiya", "Ruh və torpaq", "Arxaik insan", "Həyat sərhədi", "Analitik psixologiya və dünyagörüşü", "Kompleks və mif", "Ruhun quruluşu", "Nikah psixoloji münasibət kimi" məqalələrin adları özləri haqqında danışır. Məqalələri oxumaqla tədricən Yunq təliminin ürəyinə yaxınlaşmış oluruq.  5) Yuxarıda göstərilən dörd bənddəki materialları oxuduqdan sonra Yunq bioqrafiyasını "Xatirələr, yuxular, düşüncələr"i öyrənməkdə fayda var. Bu kitabın oxunması hətta hazırlıqlı oxucu üçün sarsıntı gətirə bilər. Yunqun təsvir etdiyi xəyallar faktik olaraq psixologiya və magiya, kimyaçılar və Yunq individuasiyası arasındakı körpü yaradır. Kitab Yunq təlimi sarayına daxil olmaq üçün körpü rolunu oynayır, onu oxumaqla qnostisizm tədqiqatlarını qəbul etməyə hazır olursunuz. Çox vacibdir ki, oxuduğunuz avtobioqrafiya variantında Yunqun şəxsi kəşfi, təliminin simvolik kvintesensiyası "Ölülərə yeddi nəsihət" olsun. Yunqçuların bəziləri bioqrafiyadan başlamağı tövsiyə edirlər, amma bu yol mənə səmərəli görünmür, çünki hazırlıqsız oxucuya bəzi ideyalar anlaşılmaz qalacaq.  6) Yunq qnosizmi ilə bağlı əsas işləri öyrənməyə başlamazdan əvvəl iki kitabını öyrənməkdə fayda var. Kitablardan biri "Transformasiya simvolları" adlanır. Bu kitab Yunqun özü üçün də dönüş nöqtəsi olub, həm də Freydlə münasibətlərinin pozulmasına səbəb olan kitabdır. Ancaq kitabda qeyd edilən bəzi ideyalar Yunq tərəfindən təkzib edilib, kitabın ehtiyatlılıq ölçüsü böyükdür. Yunq xəbərdar edir ki, "uşağın qurban edilməsi" – yəni, arxetip dünyasında daxil olmazdan əvvəl eqonun infantil quruluşunu tamamilə dağıdıb özünü qurban verməsi vacibdir. Əks halda infantil şüurla şüursuzluq qüvvələri qarşısında dəli olmaq təhlükəsi böyük olur.  7) İkinci diqqətlə öyrənilməsi lazım gələn kitab "Eqo və şüursuzluq arasındakı əlaqə"dir. Bu kitab arxetipin güclü təsirinə məruz qalan şüurun mümkün fəsadından qorunmaq üçün yaxşı mənbədir. Burada şüursuzluqla qarşılaşdıqda eqonu gözləyən təhlükələr, eləcə də individuasiya adlanan şüur və şüursuzluğun qarşılıqlı təsirinin yeganə modeli çox yaxşı təsvir edilib. Həmçinin məhz bu kitabda Yunq Freyd və Adlerin mövqeyini tamamilə rədd edir.  8) "Sinxronluq". Yunqun Fizika üzrə Nobel mükafatı laureatı Volvqand Paulla birlikdə keçirdiyi təcrübələr şok yaratmaq qüvvəsinə malikdir. Təcrübələr nəticəsində sadəlövh materializm devrildi – hadisələr arasında marksizmin öyrətdiyi kimi yalnız qarşılıqlı səbəb-nəticə əlaqəsi mövcud deyil, daha başqa – dərin və gizli məna əlaqəsi mövcuddur. Bu kəşf hər şeyi alt-üst edir. Yunq qeyri-mümkün olana müvəffəq oldu, elmi şəkildə Daonun mövcudluğunu, astrologiyanın riyazi həqiqiliyini sübut etdi.  9) Bu biliklərlə silahlandıqdan sonra risk edib ziddiyylətli münasibətlərin mürəkkəb problemlərinə diqqəti artıra bilərsiniz. Söhbət Yunqun ən mürəkkəb işlərindən olan "Aion" kitabından gedir. Burada hər şey var: qnostik simvolizm, Məsih və Antiməsih birliyi, insanlıq tarixində baş verən hadisələrdə astroloji dövrlərin paradoksal asılılığı. "Aion" - əgər onu analamağa gücümüz yetərsə, gerçəklik haqqında təsəvvürləri sökən kitabdır. Çox mürəkkəb olduğu üçün, əvvəl Edvard Edinqerin "Eqo və Arxetip" kitabını oxumağı tövsiyə edirəm. Nisbətən daha asan dildə yazılıb, "Aion"nun mürəkkəb sistemini anlamaq üçün zəmin hazırlayır.  Əgər magiya, okkultizm ənənələriylə kifayət qədər yaxşı tanışsınızsa, onda bu kitabdan sonra dərhal Yunqla yaxından tanış olmağa başlaya bilərsiniz.  10) "Psixologiya və kimyagərlik". Burada kimyagərliyin qədim simvollarının müasir insan yuxusunda necə təzahür etməsi, kimyaçılıqla dinin hansı münasibətdə olmasını öyrənəcəksiniz. Yunq bu əsərində mənliyi tapmaq üçün kimyagərlik, qnostisizm xəzinəsinə müraciət edilməli olduğunu sübut edir. Kimyagərlik haqqında mənfəətin qızı, kimyanın anası təsəvvürləri bu işlə yıxılır.  Beləliklə, Yunqun "kimyaçılıq" kitablarını oxumazdan əvvəl tələbəsi olmuş Luiza Fon Fransın "Kimyagərlik" kitabını oxumağı tövsiyə edirəm. Bu kitab son dərəcə sadə dillə yazılıb, kimyaçılıq simvolları konkret nümunələrlə izah edilib.  10) Kimyagərlik simvolizmi məsələləri sizdə çox maraq oyadıbsa, Yunqun bu mövzuda digər qısa kitablarını da oxuya bilərsiniz: "Merkurinin ruhu" və "Parasels". Vacib olan budur ki, kitabları oxuyarkən, kimyaçılğın hansısa keçmiş, arxaikləşmiş yalançı elm olduğunu deyil, psixoloji dinamikanın canlı, ən təmiz əks olunması kimi başa düşmək lazımdır.  11) "Psixologiya və din". Karl Yunqun ən əhəmiyyətli əsərlərindəndir. Bu əsərində Yunq inqilabi ideyaları üçün zəmin hazırlayır.  12) "Üçlük haqqında mifin psixoloji izahı cəhdi". "Budur, üç nəfər, bəs dördüncü hardadır?", Platonun qədim sualını təkrarlayaraq Höte "Faust" da soruşur. Misirdən xristianlığa qədər üçlük arxetipi. Üçlük və dördlük, dördüncü elementin inteqrasiyası, Allah və İblisin insan qəlbində birləşməsi - Yunqun qoyduğu məsələlər bunlardır.  13) "Kütlədə transformasiya simvolları". Maya sivilizasiyasından katolik kilsəsinə qədər ayin arxitepindən bəhs edir.  14)"Misteriya birləşməsi". Bütün tarix boyu kimyaçılıq simvolizminin ən ətraflı tədqiqatı.  15) "İovaya cavab". Ölümündən bir neçə ay əvvəl Yunq heyrətamiz ifadə işlətdi: "Əgər bütün həyat boyu yazdıqlarımı yenidən yazmaq imkanım olsaydı, bunu edərdim, təkcə "İovaya cavab"ı dəyişməzdim". Bu kitab Yunq metafizikasının zirvəsidir. Yunq insan mövcudluğunun mənası haqqında suala çox sərt, qeyri-standart cavab verməyə risk edir.  "İovaya cavab" kitabındakı ideyaları daha ətraflı Edvarq Edinqerin "Şüurun yaranması" kitabından öyrənə bilərsiniz.  Yunqun digər köməkçi və xüsusi işləri: 1) Yunqun erkən (Freyddən ayrılmadan qabaq) şizofreniya tədqiqatı 2) "Yoqa və Qərb" bu məqalələr toplusu özündə Şərq fəlsəfəsinin cazibədarlığını hiss edən oxuculara maraqlı olacaq. Yunq Qərb adamının Şərq təcrübəsini mənimsəməsini rəsmi inkar etsə də, Şərq hər zaman öz sirriylə onu cəlb edib. Yoqa və Qərb, ölülərin Tibet kitabına şərh, hind müqəddəsi haqqında, şərq meditasiyası psixologiyası, "qızılgül sirri"nə şərh...  3) "Psixoterapiya" toplusunda "Psixoterapiyanın məqsədləri", "Psixoterapiya haqqında bəzi prinsipial fikirlər", "Psixoterapiyanın əsas məsələləri" adlı məqalələr var.  4) "Psixologiya və incəsənət" kitabı Yunqun bədii yaradıcılığın dərk edilməsinə həsr olunmuş əhəmiyyətli işlərinin yekunudur. Arxetip incəsənət əsərlərində necə yaranır? İncəsənət əsərlərini hansı kateqoriyalara bölmək olar? Dahi Pikasso və Coysun təbiəti necədir?  5) "Şüursuzluq məsələlərinə dair" məqalələr toplusunda Yunqun yuxu nəzəriyyəsini mənimsəmək, şüursuzluq nəzəriyyəsi haqqında bəzi dəqiqləşdirmələrini öyrənmək mümkündür. Yuxular haqqında hansı yanaşmalar var, yuxu şüurlu ağıla necə təsir edir, bunlar toplunun əsas ideyalarıdır. "Yuxuların mənası", "təhtəlşüurda keçmiş və gələcək", "yuxuların funskiyası", "yuxuların təhlili", "tiplərin problemi", "yuxu simvolizmində arxetiplər", "insanın ruhu", "simvolların mənası", "bölünmənin müalicəsi", "yuxu təhlillərinin praktikada istifadəsi", "psixoterapiya və dünyagörüşü", "əqli və psixi pozuqluq".  6) "Transsendent funksiya" məqalələr toplusu Yunqçuluq dünyagörüşünü daha da genişləndirir. "Transsendent funksiya" ziddiyyətlərin birləşməsini, "Kəşf olunmamış mənlik" individuasiya fenomenini, "Votan" və "Kölgə ilə mübarizə" narsizm fenomenini kollektiv şüursuzluq dinamikası baxımından təsvir edir.  Tərcümə: Ceylan MUMOĞLU

Ölümə Yaxın Təcrübə (ÖYT) - Bilinməyən gerçəklik

Mövzu illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Bəlkə də bu, mövzunun yazılma anının özüm üçün də yetişmiş olduğundandı.  Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da nail oldum. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "Doğrudanmı mən beləyəm? Beləyəmsə niyə beləyəm?!" -Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallarım yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim. İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.Ölümə Yaxın Təcrübəni 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşadım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam. 9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala" fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə həkk olunub.ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar. Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb. ÖYT-nin öyrənilməsi tarixiArtıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə amerikalı psixoloq və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb, parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.ÖYT anında keçirilən klassik hisslər: 1. Xoşagəlməz səs (uğultu);2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;7. Fiziki bədənini kənardan müşahidə etmək;8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;10. Fiziki bədənə döndükdə soyuqluq hissi.Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu. ÖYT-nin tibbi açıqlamasıİddiaya görə, "o dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.Və yenə də iddiaya görə, uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina da dəstəkləyir.Əlbəttə, bu haqda əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Məsələn, Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır. ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklərYadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən geniş yayılmış).3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır. 4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir. 6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir. 8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir. İddia:Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər. Qeyd:Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir."O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56) "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd (s.a.v.)

"Üstünlük kompleksi" nə sosial şəbəkələr üzərindən baxış

Artıq çoxumuz virtual aləmdən istifadə etmirik, orda həm məskunlaşmışıq, həm də sözün əsl mənasında yaşayırıq. Bir çoxumuz bunun fərqində olmadan realdan qopmuş kimi yaşayır, həyat elə belədir düşüncəsinə hakim kəsilrik. Sosial şəbəkələrdəki profillərimiz evimiz, səhifələr iş yerimiz, qruplar dostlarla söhbət, müzakirə yerinə və s. çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, sosial sahə üzrə mütəxəsəsislər insan davranışları üzərindəki testləri sosial şəbəkələr üzərindən onların xəbəri olmadan da edirlər. Təsəvvür edin, artıq minlərlə insanı qrup halında hansısa qapalı bir yerə toplamağa gərək yoxdur. Təcrübə və onun nəticələrini öyrənmək üçün sosial şəbəkələr üzərindən milyonlara çatmaq mümkündür. Bu cür yüksək texnologiya imkanlarımız mövcud ikən, mən də boş dayanmadım. Dedim kiçik bir təcrübə edim. Yazının davamında facebook sosial şəbəkəsində müşahidələrimi və nəticələrini qeyd edəcəm. Amma əvvəlcə yazının başlığına bir aydınlıq gətirim. Psixoloji lüğətdə kompleks - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqqında səhv təsəvvürləri, onların şişirdilməsi kimi təsnif olunur. Kompleks bir növ psixoloji narahatlıqdır."Üstünlük kompleksi" anlayışı yeni psixoloji istiqamət olan fərdi psixlogiyanın yaradıcısı Avstriya alimi Alfred Adler tərəfindən ortaya qoyulub. Üstünlük kompleksi — insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olmaq hissi eqosentriklik yaradır və insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər. Həmin üstünlük kompleksinin də kökünə baxsaq, orda da insanın özünə olan inamının aşağı olduğunu asanlıqla görə bilərik. Sadəcə olaraq, həmin insanlar özlərini digərlərinin yanında özünəinamlı göstərirlər. Alfred Adlerə görə üstünlük kompleksi "insan olaraq özünü əskik görmək və buna əsaslanaraq daha yüksək hədəflərə çatmaq" deməkdir. Bu, aradan qaldırılmış, müalicə edilmiş köhnə natamamlıq kompleksinin nəticəsidir. Qeyd edim ki, üstünlük kompleksi hər kəsdə müəyyən qədər vardır, lakin normanı keçdikdə fərdlərin davranışlarında daha aydın nəzərə çarpır. Güclü və üstün ola bilmək çabası elə şiddətli hal alır ki, bu vəziyyətdə artıq həyatın sıradan, adiləşmiş münasibətləri heç bir şəkildə təmin edici, doydurulmuş olmur. Həyatdakı yerlərini sağlamlaşdıra bilməyən üstün komplekslilər inanılmaz çabalar xərcləyərək bunu virtual aləmdə aşmağa çalışırlar. Çünki, virtual aləmdə güc nümayiş etdirmək reala nisbətən daha asan, daha rahat və daha arxayınlıq hissi yaradır. Ruhun acı verən natamamlıq kompleksini tamamilə yox etmək üçün isə virtual aləm demək olar ki, "mükəmməl" məkandır. Virtual aləmdə (facebook sosial şəbəkəsindəki müşahidələrimə əsasən) üstünlük kompleksinə tutulmuş insanları davranışlarına görə 2 tipə ayırdım:1. Passiv üstün komplekslilər2. Aktiv üstün komplekslilər.Passiv tiplər üstünlük kompleksindən daha çox əziyyət çəkənlərdir. Onlar virtual cəmiyyət daxilində fəal iştirak edə bilmirlər. Yaradıcılıq işləri olursa da, onu üzə çıxarmaqdan, müzakirəsindən, tənqidlə qarşılaşacaqlarından çəkinirlər, qorxurlar. Bu tiplər sosial şəbəkələrdə sadəcə mövzulara, fikirlərə aqresiv , yaxud da "terminlərlə boğulmuş" rəylər bildirməklə üstünlüklərini öz aləmlərində isbatlamağa çalışırlar. Adətən rəylərində çox sayda terminlərdən istifadə edirlər ki, "terminologiya mütəxəssisi" təəssüratı yaratsınlar. Ətrafınıza baxsanız belə lovğaları siz də asanlıqla görə biləcəksiniz. Aktiv tip üstün komplekslilər passiv tiplərdən fərqli olaraq virtual meydanda daha da irəliyə gedərək , nəinki müzakirələrdə alovlu rəylərlə çıxış edir, eyni zamanda öz yaradıcılıq işlərini kütlə tərəfindən müzakirə üçün üzə çıxarırlar. Onların üstünlük kompleksi rəqib hesab etdikləri digər yazarların yazılarının "tənqid edilməsi", yaxud hansısa ideologiyaya dair (fikirləri) fasiləsiz olaraq tənqid etmələri zamanı aydın görünür.Nümunə:"Yazar filankəs dünən filan xəbər saytında belə bir yazı paylaşmışdı. Mən də oxudum dayana bilmədim və fikrimi buradan çatdırıram. Qatıq ağ deyil, qaradır deyirəm. Vəssalam!"Belə paylaşımları kənardan müşahidə edərkən, müəllifin tənqid etmə çabasına bürünməklə əslində "üstünlük kompleksinin" nümayiş etdirməsini paylaşımın sonrakı gedişatından görmək mümkündür. Paylaşmaya gələn bəyənmə sayı, rəy sayı müəllifi dəstəkləyən çevrə (çox zaman ya rəhbərlik etdiyi bir qurumun üzvləri olur, yaxud da tələbələri olur, daha çox isə eyni ideologiya tərəfdarları) tərəfindən təmin olunur. Buna bir növ "üstünlük kompleksi" altında gizlənmiş rəqabət, güc yarışması da demək olar. Bir neçə saat sonra (paylaşıma) təkrar nəzər yetirdikdə bəyənmə sayının qənaətbəxş rəqəmə (çevrildiyini görürük və bununla da) paylaşım artıq (facebook) sayt qaydalarına əsasən Ana səhifədə günün sonuna qədər başda (aktiv) görünəcəkdir. Rəylərdə "müzakirə" getmişdir. "Tənqid" olunan tərəf əməlli başlı "tənqid" olunmuşdur. Əgər tənqid (hədəfinə çevrilən) yazar özü də rəylərdə iştirak edirsə, müzakirə genişlənir, bəyənmə və rəy sayı artır. Son görünüşdə həmin profildə "Full bir müzakirə gedib " mənzərəsi ortaya çıxır. Nəticə etibarilə mənə görə aktiv üstün komlekslilər passivlərdən daha faydalıdırlar, çünki müzakirə zamanı üstünlüklərinin nümayişi səyində olsalar da, dolayısı ilə maarifləndirmə işinə də qatılmış olurlar. Müzakirəyə cəlb olunmuş çevrədə fikir mübadiləsi getmiş olur. "Üstünlük kompleksindən" xilas yolu varmı?Bəzi irəli dərəcəli üstün komlekslilər var ki, özlərini Allah, Peyğəmbər, Müqəddəs Varlıq hesab edərək psixoloji xəstəlik tapıblar, onlara artıq adi vətəndaşlar kömək edə bilməzlər, psixoterapevt müalicəsinə ehtiyacları var. Ümumiyyətlə isə, bu kompleksin təmamilə yox olması mümkün deyil. Alfred Adler özünün "İnsan təbiətini tanıma" kitabında üstünlük, eləcə də natamamlıq kompleksi olan insanlara dostca yanaşmağı, onların vəziyyətini nəzərə alaraq insanca davranmağı, heç bir şəkildə olduqları hallarından utandırmamağı təklif edib. Eyni zamanda bu hallarında tədricən qurtulmalarına kömək göstərilməsini vurğulayıb. Amma gəlin baxaq, nə qədər insan bu qədər səbrli davranmağa meyllidir? Elə üstün komplekslilər var ki, öz (vəziyyətləri) ilə ətraflarını manipulyasiya edərək (ətraflarında özqiymətləndirməsi aşağı dərəcədə olanlar da ola bilər) müxtəlif üsullarla özlərini təsdiq etmək üçün can atırlar. Onlara öz daxili dünyalarını, şəxsi inkişaflarını çətin yol olan fiziki, mənəvi, intellektual inkişaf yolu ilə üstün etmək maraqlı deyil, başqalarını kiçiltmək, əskiltmək kimi asan yol seçərək "öztəkmilləşmə" yolunda uğura yetişəcəklərini zənn edirlər. Belələrinə kömək etmək məsələsi arxa plana keçir, özünü qorumaq üçün yollar axtarmağa başlayırsan ki, əsəblərin korlanmasın. Üstünlük kompleksindən xilas olmağın bir sadə yolu əslində budur: Bəşər aləminə bir yenilik, bir töhfə, dünyanı dəyişdirən bir fikir bəxş etmədən özünü "tanınmamış dahi" kimi göstərməkdən əl çəkəcəksən. Həqiqi üstün olanların bunu nümayış etdirməsinə gərək yoxdur, dünya beləsini o gizlənsə də görəcək. Odur ki, bircə qalır davranışlardakı tarazlığı qorumaq, ölçünü qaçırmamaq. Mövlana demişkən: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". 

Niyə təhqir edildiniz? - Səbəblər (psixoloji metodlar)

Mark Avreliy: "Səni təhqir edənin əhvalı qarşısında məğlub olma və səni istiqamətləndirmək istədiyi yola da üz tutma."Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini aşağı salmaqdır. Təhqir olunan insan cavab verməyə tələsmədən əvvəl düşünməlidir. Niyə, qarşımdakı məni təhqir edir? Bu sual ətrafında düşünmək, həqiqətən də təhqirə qarşı düzgün "cavab" verilməsini meydana gətirəcək. Düşünsəniz görərsiniz ki, yəqin çox vaxt təhqirə qarşı səbr etməyərək, təhqir edənin səviyyəsinə enib cavabını vermisiniz. Bununla nə əldə etmiş oluruq? Əlbəttə ki, qanqaraçılıq və təhqir edənin səviyyəsinə endiyimiz üçün yaranan ruh düşkünlüyü.Qayıdaq "niyə təhqir etdi?" sualına... Burda bir neçə variant ola bilər.1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə sizi alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla təhqir edən özünü təsdiqləmiş olur.2. Sizə bu yolla bir şəkildə zərər vermək istəyir, öz qıcığını təhqirlə ifadə edir.3. Təhqir vasitəsilə sizdən üstün olduğunu isbatlamağa çalışır. Həyatımızda çoxumuz təsadüfi və ya qəsdən edilmiş təhqirlərə məruz qala bilirik. Kimsə təhqir edilməkdən sığortalanmayıb. Bu elə bir hissdir ki, əvvəlcə əsəb və aqressiya, ardından depressiya, unudulmayan, düzəldilməsi illər sürən bir acı verə bilir.Keçən yüzillərdə hesab edilirdi ki, təhqiri qanla yumaq olar, ya özünün, ya da düşməninin qanı ilə. Təhqir olunmuş birisi ilə evdə danışmırdılar, əgər rütbəli idisə, təhqirə qarşı özünü müdafiə etməyib, heç bir tədbir görməyibsə, dərhal istefa verməli idi. Buna misal olaraq, zabit Martınovun rus şairi Mixail Yuryeviç Lermontovu dueldə öldürməsini göstərmək olar. Lermontov zabit Martınovu zarafata salaraq , xüsusən xanımlar arasında ("мартышкa") meymun deyə adlandırırdı. Bu halda Martınovun iki çıxış yolu vardı. Ya rütbəsindən əl çəkib, arxasına baxmadan hər şeydən imtina edib çıxıb getməli, ömür boyu bu alçalmanı qəbul etməli, ya da həyatını riskə ataraq Lermontovu duelə çağırmalı idi. Belə hallar müasir zəmanəmizdə də var. Heç uzağa getməyək, öz ölkəmizdə milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə- neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə "cavabı" son qoyub. Bəs belə hallarda təhqirə qarşı necə reaksiya verməliyik? Bu cür psixoloji sarsıntılara qarşı nələr edilməsi lazımlıdır? Bu suallar sizi düşündürürsə, məqalənin ardında cavab tapacaqsınız.Təhqir olunmağa qarşı susmaq doğrudurmu? Hətta qanuni olaraq şəxsiyyətin təhqir olunması müdafiə edilirsə, təhqir qarşısında müdriklərin bizə tövsiyyə etdikləri kimi "cavab verməmək", "susub getmək", "düşmənin səviyyəsinə enməmək", "bağışlamaq" bu kimi "düzgün" davranmaq , həqiqətən də düzgündürmü? Bu gün təhqir etdilər, sabah zərbə endirdilər, ta o birisi gün öldürdülər və s. Əlbəttə, müqəddəs hesab etdiyimiz insanlar , müxtəlif müdriklər olub ki, təhqir onlara necə deyərlər "vız gəlib". Amma biri də var , adi insanlar, hansı ki, təhqir onlarda adrenalin effekti yaradaraq, təzyiqin qalxmasına səbəb olur, ürək-damar sisteminə təsir edir və sonra da orqanizmdə digər kimyəvi reaksiyaların getməsinə gətirib çıxarır. Bunu hətta psixofizioloqlar da təsdiq ediblər. Misal olaraq, yəhudi əsilli rus sovet şairi və yazıçısı Boris Leonidoviç Pasternak ("Doktor Jivaqo"nun müəllifi) qəzetlərin onu "хain", "bədхah", "obıvatel", "İuda", "böhtançı", "düşmən əlaltısı" adlandırması səbəbindən əvvəlcə infarkt keçirib, daha sonra ağciyər xərçənginə tutulub. Eləcə də bu kimi xəstəliyə gətirib çıxaran psixoloji zədə alan nə qədər insan var. Məşhur psixoanalitik Ziqmund Freyd həm də çox mədəni davranan bir insan olub. Amma təhqir ondan da yan keçməmişdir. Dediyim kimi təhqirdən heç kim sığortalanmayıb. Bir dəfə qatarda gedərkən, içərinin boğanaq olması səbəbindən pəncərəni açır, buna qarşı qatarda olan antisemist sərnişinlərdən biri onu təhqir edir və hətta hədələyir. Freyd təəccüblənmiş sərnişinlər arasında elə bir qəzəb nümayiş etdirir ki, təhqir edən vaqonu tərk etməli olur, həm də üzr istəyərək. Əlbəttə, mən özüm psixoloqun hərəkətini comərdcə qiymətləndirirəm. Bu hadisədə daha uyğun hərəkətdir. Bundan başqa həkim - psixoloq Freyd gözəl bilirdi ki, reallaşdırılmamış aqressiya depressiyaya çevrilir ki, bu da sonrakı dövrlərdə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Təhqirə qarşı cavab verilməsi insanın orqanizmi ilə bağlı bir şeydir. Şiddətli biokimyəvi və psixofiziloloji reaksiyalar bizdən az asılı olur. Cinayət hüququnda "affekt" deyilən bir anlayış var ki, ölüm hadisələrində cinayətkarın cəzasının yumşalması üçün istifadə edilir. Bu, şəxsiyyəti dözülməz təhqir edilməsi hallarında həyata keçirilir. Belə çıxır ki, hətta soyuq və sərt olan hüquqşünaslıq elmi də təsdiq edir ki, bəzən insan özünün biokimyəvi reaksiyalarına sahib ola bilmir. Ona görə də dözülməz təhqir anında fəlsəfi kəlamlar və aforizmlər öz aktuallığını itirir. Bununla yanaşı təhqir edən özü də sizin beyninizin nə cür reaksiya verəcəyini bilmədən riskə girmiş olur.Təhqirə məruz qalmısınızsa, ilk növbədə "məni niyə təhqir etdi?" sualına cavab tapıb, ona uyğun cavab modeli hazırlamaq lazımdır. Bu o demək deyil ki, təhqir edənə mütləq sözlə və ya yazılı cavab verilməlidir. Bu, hərəkətlə də ola bilər. Təhqir edənin niyyəti sizdən cavab almaqdır. Unutmayaq ki, təhqirə cavab verməklə özümüzü alçaltmış oluruq, çünki dəyərimizi aşağı salaraq təhqir edənin söylədiklərinə tabe oluruq. Təhqir edən sizdən cavabı almış olursa, qələbə çalmış deməkdir. Bəzən gözlənilmədən elə təhqirlər ala bilirik ki, onlara qarşı pozitiv reaksiya verməkdə gecikirik, emosiyalara qapılaraq təhqir edənin səviyyəsinə enir və cavablarımızı qaytarırıq. Çünki, qəsdən yönləndirilmiş acı sözlər bizi incidir, "ürəyimizi deşib keçir." Belə hallarda "savaş"dan sonra hətta intiqam haqqında da düşünə bilirik. Amma intiqam almağa, hadisələri dava-dalaş, cinayət səviyyəsinə gətirməyə gərək varmı? Bu zaman ən yaxşı çıxış yolu yaranmış situasiyaya kənardan baxa bilməkdir. Lap elə olduğunuz yerdən deyil, fərz edin ki, hadisəyə kosmosdan baxırsız. Bəlkə də sizə verdiyiniz cavab reaksiyaları axmaqcasına və gülməli gələcək. Düşünəcəksiz ki, bu qədər qiymətli həyatı boş şeylərə sərf etməyə dəyərmi? İntiqam haqqında düşünmək isə təmamən lazımsızdır. Belə hisslər insanı daxildən yeyib bitirir. Bu hallardan qaçinmaq üçün ən gözəl hərəkət dayana bilməyi bacarmaqdır. Peyğəmbərlər səbrin ən böyük nümunələri olublar. Müqəddəs kitabımız "Qurani-Kərim" də də bu haqda ayələr var. Pis söz yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 26)."Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." (İsra surəsi, 53) "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)Peyğəmbərimiz bu barədə öz ümmətinə hədisdə belə buyurur"Səbrdən daha xeyirli və geniş bir nemət heç kimsəyə verilməmişdir."(Tirmizi, Birr, 76) Keçək müdriklərdən də bir nümunə gətirək:Şagirdlərindən biri Buddadan soruşur:- Əgər biri məni təhqir edib, alçaldarsa ona necə cavab verməliyəm?Budda cavab verir:- Əgər sənin başına ağacdan bir quru budaq düşərsə, buna necə reaksiya verərsən?Şagird deyir:- Nə etməliyəm ki, bu sadə bir təsadüfdür ki, mən quru budaq düşərkən ağacın altında olmuşam.Budda deyir:- Deməli, eyni şeyi etməlisən. Kimsə qəzəbli halı ilə dağınıq hissləri ilə, dəlilik edərək səni təhqir etmiş və ya alçaltmışsa, hesab et üzərinə ağacdan quru budaq düşmüşdür. Bu səni narahat etməsin, öz yolunla getməyə davam elə. "Heç vaxt düşmənlərinizlə­ hesablaşmağa (qisas almağa) cəhd göstərməyin, bu onlardan daha çox sizə ziyan gətirəcək". Deyl KarnegiTəhqirə qarşı sadaladığım tövsiyyələr müqəddəs kitabımızdan, müdriklərdən gələn fikirlərdir. Bunlara əməl etməkdə təbii ki, fayda var.Son olaraq öz tövsiyyələrimi də bildirim. Tam əminliklə deyirəm, sizi təhqir edənə qarşı ən böyük cavab zərbəsi sizin sağlamlığınız və rifahınızdır! Hələ uşaq yaşdaykən özümüz üçün müdafiə düsturu olaraq, məsələn, "Filankəs baxar güzgüyə, adını qoyar özgəyə" cümləsini yaratmamız əbəs deyilmiş . Unutmayaq ki, qəsdən deyilmiş pis, yaralayıcı sözlər və ya hərəkətlər mütləq bumeranq kimi sahibinə qayıdacaq. Ona görə də sizi təhqir edənə qarşı cavab vermək sizin üçün faydalı olmaya da bilər. Ən yaxşı variant cavabı düşüncələrlə ötürmək və ya bir kağız qələm alıb bu haqda fikirlərinizi və cavablarınızı ora yazmaqdır. Yetər ki, sizi incidən hisslər daxilinizdə qalıb sizə əziyyət verməsin və bədənimizin içdən dağılmasına şərait yaratmasın. Qeyd edək ki, məqalə təhqirə məruz qalmış, narahatlıq keçirən, özünü, beynini yeyib-bitirən insanlara bu əziyyətdən qurtulmaq yolarının öyrədilməsi məqsədilə yazıldı.