reporter

Qabil Xəyal

Ailədə münaqişələrin yaranma səbəbləri.

Ailədə oğlan uşaqlarına olan aşırı sevgi və bağlılıq müəyyən müddətdən sonra problemlərin yaranmasına səbəb olur. İlk növbədə yaşıdları arasında baş verən kişik münaqişələr zəminində qorxu hissi yaşanır, çünki valideynin hər an onu dəstəkləməsi uşaqda özünə inamsızlıq yaradır, əsasən də ata oğul uşağına bu məsələlərdə biraz sərbəstlik verməsi müsbət haldır. Ana alış-veriş zamanı paltar seçimində oğlunun fikrini bilməsi vacibdir, çünki yaşıdları ilə hər gün ünsiyyətdə olduqları zaman bu mövzuda söhbətləşirlər, düşünmədən qınaq obyektinə çevrilmə ehtimalları olur və uşağa bu durum pis təsir edir. Yeniyetmə dövründə oğlan sevgi yaşayırsa ilk növbədə ana bu məsələni diqqətdə saxlamalıdır, atanı da məlumatlandırmalıdır, çünki bəzi məqamlarda atanın müdaxiləsi qaçılmazdır. Ən böyük problemlər oğul evləndikdən sonra başlayır. Oğluna olan bağlılıq və sevgi anada qısqanclıq hissi oyadır. Oğlunu gəlninə qısqanır, təbii ki, burda gəlinə də təsir edən amillər meydana çıxır. Həyat yoldaşına olan sevgisini, ailəsini qorumaq üçün müəyyən məsələlərdə reaksiya verməyə məcbur olur. Əgər bacarmadığı işlər varsa öyrədilərək yoluna qoymaq mümkündür, davranışında yanlışlıqlar varsa həyat yoldaşı nöqsanları aradan qaldırmağa vasitəçi olur. Amma qayınana gəlin münasibətləri erkən yoluna qoyulmasa daha da dərinləşir, bu ilk növbədə hər ikisi arasında razılığa gəlməklə və qarşılıqlı anlaşma ilə mümkündür. Gəlin ananı anlamalıdır, hörmətlə yanaşmalıdır, eyni zamanda qayınana gəlini qırmamaq üçün bu həssas məsələdə qısqanclıq hissini yumşaq mənada boğmağa çalışmalıdır. Həyatın qanunu belədir, oğul evləndirilir, qız başqa ocağa yola salınır, övladlarımızı əzizləyib ağuşumuzda bəsləyib hər kəsdən təcrid edə bilmərik. Övlad ailədə necə tərbiyə alırsa cəmiyyətdə özünü o tipdə tapacaq, mənfiliklər yenidən geri qayıdır, müsbətlər irəliyə doğru inkişaf edir... Hər kəsə üstümüzə düşən bu çətin vəzifədə uğurlar diləyirəm!

Ailə və münasibətlər.

Ormanda sıxlıq olan sahədə torpaqdan cücərib boy atmağa başlayan ağacla bağçada əkilən və qulluq olunan  ağac arasında fərq çox böyükdür. Sıxlıqda bitən ağac böyüdükcə ətrafında olan böyük ağac və kolların budaqları həmişə ona mane olur, günəş işığının üzərinə düşməsinin qarşısını alır, üzərinə aylarla toz-torpaq düşür, amma küləyin o tozu üstündən təmizləməyə gücü yetmir. Hələ bir də yaşlı, ömrünü sona verən çürük bir ağac üstünə yıxılsa qabığını zədələyər, qol-budağını sındırar, böyüməsinə mane olar. Gənc agac məcburdur ki, müəyyən istiqamətə əyilsin, maneəni dəf edib boy artımına davam etsin. Ona görə də heç vaxt o dik dayana bilməz. Bağçadakı agac bu prosesləri yaşamır, rahat və sərbəst boy atıb böyüyür.    Təsəvvür edək ki, bu gənc ağaclar fərqli iki ailədə böyüyən uşaqlardır. Ailədəki münasib olmayan mühit uşağı sıxıntıya salır, dedi-qodu, yersiz münaqişə və mübahisələr, valideyn və övladların bir-birilərinə qarşı olan soyuq münasibətləri, evdəki rahatsızlıq, iman və səmimiyyətin olmaması günəş işığından məhrum olmağa bənzəyir. Bütün bunlar uşağı üzür, düşüncəsi mənfi fikirlərlə yüklənir, üstünə toz qonmuş yarpağa dönür sanki, illər lazım gəlir o çirkab toz təmizlənsin. Uşağa diqqətsizlik, problemlərinin vaxtında aşkarlanıb yoluna qoyulmaması üstünə ağac düşmüş mənzərəni xatırladır. Belə mühitdə böyüyən uşaq cəmiyyətdə özünü tapa bilmir, cəmiyyətin də belə uşağı formalaşdırması uzun illərə söykənir, o da yenə onun düşdüyü mühitə bağlıdır .     Bir anlıq da olsa gözünüzün önündə bu hadisələri canlandırın və düşünün ...