Ağlayan zaman anidən əhvalın yüksəlməsi - Bipolyar affektiv pozuntu nədir?

Köhnə adı ilə “Maniakal – depressiv psixoz” adlanan bu xəstəlik özündə 2 ayrı fazanı birləşdirir. Bu fazalardan birində pasiyentdə əhval -ruhiyyənin kəskin qalxması, enerji yüksəlməsi müşahidə olunsa da digər fazada bunun tam əksinə şəxs dərin bir kefsizlik, tez yorulma, enerjinin azalması müşahidə olunur.Həmin əhvalın yüksəldiyi dövrə “Maniya” dövrü, əksi olan kefsizlik dövrünə isə “depressiya” deyilir.Qeyd etdiyimiz bu iki dövr xəstələrdə müəyyən periodlarda tutma şəklində bir-biriniz əvəz edir və krizlərdən sonrakı dövrlərdə pasiyentlər özlərini tam sağlam hiss edirlər.Bəzi kəskin hallarda maniya dövründə xəstədə psixotik əlamətlər (özünüböyütmə sayaqlamaları) rast gəlinə bilər. Zəruri qeyd kimi bildirim ki, bütün bu əlamətlər hər hansı kənar maddənin məsələn narkotik vasitələrindən qəbulundan sonra yaranmamalıdır. Xəstəliyin gedişatı necə baş verir?  Bir çox pasiyentimizdə mövsümü olaraq yaz aylarında manic dövrün kəskinləşməsi payız və qış aylarında isə depressiv dövrün yarandığını müşahidə edirik. Bipolyar affektiv pozuntu hansı formada müalicə edilir ?   Maniya dövrü nədir ? Bu dövr adətən qəfildən başlayır 2 həftədən 4 aya qədər davam edə bilər. Əsas əlamətləri əhval- ruhiyyənin səbəbsiz kəskin yüksəlməsidir. Xəstələr çox tez-tez danışır, beyində fikirlər sürətlə bir -birini əvəz edir, gecə az yatmasına baxmayaraq gün boyu özlərini gümrah hiss edirlər, qətiyyən yorulmaq bilməyən bu şəxslər al -əlvan geyinməyə, çoxlu pul xərcləməyə, gərəksiz hədiyyələr almağa meyilli olurlar.İdarə etdikləri avtomobili sürətli sürmə, cinsi enerjidə artış, lüzumsuz zarafatlar etmək də manik dövrdə tez -tez rast gəlinən davranışlardır. Hipomaniya maniakal dövrdə müşahidə olunan halların daha yüngül yaşanmasına deyilir. Depressiv dövr daha uzun müddət davam edir. 6-8 ay bəzən daha uzunmüddət davam etdiyi də müşahidə olunur. Bu dövrün əsas əlamətləri halsızılıq, tez yorulma, ağlama, iş görmək istəyinin azalması, şəxsi gigiyenasına nəzarətin azalması, yuxuya ifrat meyillik, daxili sıxıntı, cinsi istəyin azalması, intihar fikirləridir. BAP zamanı yuxarıda qeyd etdiyimiz dövrlər biri birini əvəz edir. Məsələn, 1 ay davam edən maniakal dövrün ardından xəstədə 9 ay və ya 1 il davam edən depressive epizod görülə bilər.Bəzən qarışıq epizodlar dediyimiz hallar da müşahidə olunur ki, bu zaman pasientin əhvalı günlük olaraq dəyişir. Xəstəliyin müalicəsində istifadə olunan dərman qrupu əhval ruhiyyənin stabilizatorları adlanan bir qrupdur. Ən məşhur nümayəndəsi Litium olsa da bəzən digər bənzər dərmanlardan da istifadə etmək olar.Bu dərmanlar əgər pasiyent depressiv dövrdədirsə əhvalı yuxarı qaldırır, maniakal dövrdədirsə əhvalı aşağı salmağa xidmət edir. Bəzən kəskin dövrlərdə bu dərmanlarla bərabər antipsixotik dərmanlar da istifadə oluna bilər.

Dənizdə çimmək hansı xəstəlikləri müalicə edir?

Dənizdə çimmək insan vücudunu rahatlaşdırmaqla yanaşı sağlamlığı üçün də vacibdir. Psixoloq.az xəbər verir ki, Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) bənzəyir. Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir.   Bəs dəniz suyu hansı xəstəliklərə faydalıdır? - Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.  - Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz). Dəniz suyu antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, dərini qurudur, səpgilərin azalmasına kömək edir. - Sinir sistemi xəstəlikləri (nevrozlar və s.). - Zob xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi ilə bağlı olan xəstəlik). Yodla zəngin olan dəniz suyu zobdan əziyyət çəkənlər üçün çox faydalıdır. - Piylənmə. Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömk edir. - Ürək-damar sistemi xəstəlikləri. Dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir. Bununla yanaşı dəniz suyu immun sistemini möhkəmləndirir.

Qərarlı ya həyəcanlı... Hansı xarakter tipinə aidsiniz?

İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Xarakter insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Bəs xarakterin hansı tipləri var? Onları qısa şəkildə nəzərdən keçirək: 1. Gipertim tip- bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, az danışan, başladıqları söhbətdən sponton şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi və tənhalığı sevmirlər. 2. Distim tip- onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyillidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır. 3. Tsikloid  tip- belə tip insanlar üçün əhval-ruhiyyənin tez-tez dəyişməsi xarakterikdir, bu səbəbdən ətrafdakılarla ünsiyyət qaydaları da dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis olduqda isə qapalı olurlar. 4. Təsirlənən( qıcıqlanan ) tip- ünsiyyətdə təmasa az həvəsliliyə, mübahisələr və söyüşə meyillidirlər. 5. Ləngiyən tip- orta ünsiyyətli, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir. 6. Pedant ( xırdaçı ) tip- münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, konfiliktə meyilli olurlar. 7. Həyəcanlı tip- ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az hallarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyillidirlər. 8. Emativ tip- seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, həddən artıq həssas və ağlağandır. 9. Nümayişkar tip- ünsiyyətlidir, liderliyə can atır,  hakimiyyətə və  tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıqa meyillidirlər. 10. Ekstravert tip- ünsiyyətlidir, onların çoxlu dostları var, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər. 11. İntrovert tip- az təmaslıdır, qapalıdır, xəyalpərvərdir, filosofluğa meyillidir, təkliyi sevirlər, təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. 12. Qərarsız tip- əhval-ruhiyyəsi həddən artıq tez-tez, həm də daha çox gözlənilməz surətdə dəyişir. 13. Şizoid tip- əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif fantaziyalarla zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər, qaradinməz, bir iş olanda özünü kənara çəkəndir. 14. Epileptoid tip- bu tip şəxslər tez-tez ağlayırlar, ətrafdakıları təngə gətirirlər, tipik xüsusiyyətləri- qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur. 15. İsteroid tip- bu tipin əsas əlamətləri eqosentrizm, şəxsən özünə daima diqqət duyğusudur, ətrafdakıların diqqətini özünə cəlb etmək və öz ünvanına ona məftun olduqlarını, təriflədiklərini eşitmək arzusu ən zəruri ehtiyaclarından birinə çevrilib.

Çimərliyə getmək istəyənlərin nəzərinə...Həftənin ilk gününün HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.

Aptekdə xəstə uşağa özbaşına müalicə təyin etdilər – Əczaçının buna səlahiyyəti varmı?/FOTO

Azərbaycanlı həkim, onkoloq Arif Nuri əczaçıların,pasiyentin xəstəlik əlamətlərini,analizlərini bilmədən həkim kimi müalicə təyin etmələrini kəskin şəkildə tənqid edib. Psixoloq.az xəbər verir ki, o bu barədə  facebook səhifəsində məlumat paylaşıb. Həkim, aptekə gələn valideynin, əczaçıya  uşağın vəziyyətinin pis olduğundan bəhs etdiyini, əczaçının isə “müalicə sxemi” təklif etdiyinin şahidi olduğunu bildirib: “Aptekdə işləyən işçiyə yaxınlaşan qadın 2 yaşlı uşağının simptomlarını sadalamağa başladı: “2-3 gündür uşaq ayaqyoluna su kimi çıxır, özünü pis hiss edir, hərarəti yüksəlir, arabir qusur”. Aptekdə işləyən xanım da ona bir neçə "müalicə sxemi" təklif etdi. İkilikdə cibinə uyğun bir "sxemi" seçib bir neçə dərman aldı və tələsik aptekdən aralanmağa başladı. Heç olmasa, əvvəl pediatra müraciət edin, deməyə vaxt tapsam da, mənə vahiməli, qəzəbli baxışlarla baxıb uzaqlaşdı... Ciddi xəstə olan uşağı bu cür "müalicə etməyə" nə adı vermək olar, bilmirəm. Aptekdə işləyənlərin əksəriyyətinin tibbi biliyi dərman instruksiyası səviyyəsindədir. Bəzilərinin tibbi biliyi olsa da, praktiki terapevtik biliyi, pediatriya sahəsində biliyi yoxdur”. Arif Nuri, bir valideynin xəstə övladını bu növ müalicə etməsini, ona qarşı məsuliyyətsizlik kimi adlandırıb. Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən tibb üzrə ekspert  Adil Qeybulla dərman bazarında, aptek şəbəkələrindəki vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: "Aptekdə bir əczaçı oturmalıdır. Dünyanın hər yerində belədir. O, dərmanlar haqqında ətraflı məlumata sahib olmalıdır. Orta təhsilli əczaçı da olur ki, o da satışla məşğul olur. Azərbaycanda təəssüf ki, orta məktəbi bitirən, müxtəlif ixtisas  sahibləri aptekdə işləyirlər ki, bu da yol verilməzdir. Səhiyyə Nazirliyinin təlimatına əsasən aptek əczaçının adına rəsmiləşməlidir. Əczaçılıq prosesinə həkim başçılıq etməlidir. Hazırda kim nə istəsə alır. Reseptsiz dərmanlar buraxılır. Antibiotiklər reseptsiz satılır. Bunlar tamamilə yanlış addımdır.  Satıcılar özlərinə "səlahiyyət” götürüb alıcılara səhv dərman da satırlar”. Həmçinin A.Qeybulla aptekdə işləyən şəxslərin xəstələrə hansısa dərmanı tövsiyə etmək, vermək kimi səlahiyyətlərinin də olmadığını vurğulayıb.

Həyatda xoşbəxt olmaq üçün bu sözlərdən istifdə etməyin

Bir çox insan həyatda xoşbəxt yaşamağın yollarını axtarır. Əslində isə bəzi düşüncə tərzini dəyişməklə bunu təmin etmək mümkündür. Psixoloqlar bəzi sözləri həyatımızdan çıxararaq xoşbəxt olmağın mümkün olduğunu  bildirib. Bəs bu sözlər hansılardır? Səndən nifrət edirəm – Nifrət sözünü lüğətinizdən tamamilə çıxarın. Əgər birisi sizi narahat edirsə, duyğularınızı fərqli şəkildə dilə gətirə bilərsiniz. Ölmək istəyirəm – Zarafat üçün olsa belə bu sözdən istifadə etməyiniz doğru deyil. Əgər depressiyadasınızsa və ölmək istəyirsinizsə bunun üçün psixoloq dəstəyi almalısınız. İntihar heç nəyin çarəsi deyil. Edə bilmərəm – Həyatınızda hər şeyi edəcəyinizi  düşünün. Bu tamamilə baxış tərzindən asılıdır. İstedadınıza güvənməlisiniz. Həyat mənasızdır – Əslində isə həyatı mənalı etmək sizin əlinizdədir. Müvəffəqiyyət qazanacağınıza inanmalısınız. Kefinizi aşağı salmayın.Sizi sevən insanların da olduğunu unutmayın. Çirkinəm – Düşünün ki hər kəsin gözəllik anlayışı fərqlidir. Sizin çəkici başqa xüsusiyyəti vardır. Görüşünüz haqqında narahat olmayın.(hekimtap.az)

Psixoloq Zümrüd Əsədova

  İnternational Prague University-də Psixologiya fakultəsini bitirib. Bir çox seminar və sertifikasiya proqramları keçmiş və təcrubələrini artırıb. Psixoloq və Spiritual Life coach kimi fəaliyyət göstərir eyni zamanda Art Terapevtdir. Art terapiyaya aiddir – Musiqi terapiyası, rəsm terapiyası, rəqs terapiyası, MAC texnikası, Nağıl terapiyası və s. * 2 il orta məktəbdə həyat bacarığı fənnin şəxsi inkişaf mövzularını əhatə edən dərsləri keçərək * 3 il musiqi məktəbində piano dərsləri keçərək * 1 il olrta məktəbdə musiqi dərsləri keçərək * 2 ay isə özəl liseydə psixoloq işləyərək təcrübə toplayıb. Təhsilini bitirdikdən sonra 2015-ci ildən psixoloq və təlimçi kimi fəaliyyət göstərir. 2017 il-də Təhsil Nazirliyinin və Humel psixologiya mərkəzinin birgə layihəsi əsasında 300 dövlət məktəbinin psixoloqlarına “proyektiv metodikalar və diaqnostika” təlimlərini keçib. (təxminən 150 saat) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1- ci qrant müsabiqəsinə Ərəstun Mahmudov adına məktəb lisey tərəfindən təqdim olunmuş “Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsində təşkilati və 15 məktəb 1500 uşaqla psixoloji işlər görüb. (2ay) Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” adlı təşkil olunan tədbirdə Motivator-Təlimçi kimi teambuilding keçirib. Pedaqoji universitetdə , Azərbaycan Dövlət Neft Akademiyasında , Təhsil və Şəxsi inkişaf mərkəzlərində, Psixoloji mərkəzlərdə şəxsi inkişaf və art terapiya mövzusunda seminarlar keçib. Təhsili üzrə və tədbirlərin təşkili üzrə işləyib. Təhsilindən əlavə olaraq görəcəyi işin keyfiyyətini daha da artırmaq üçün fərqli sahələrdə kurslardan keçib. PR HR NLP İdarəetmə Şəxsi İnkişaf Yalanın nəzəriyyəsi Hüquq Psixologiyası Psixodiaqnostika Psixoanaliz Psixoloq asistentlik proqramı Artterapiya Reiki və sair Ümumi iş təcrübəsi 10 il Hal hazırda Psixoloq, Ruhi inkişaf kouçu, Art terapevt kimi fəaliyyət göstərir. #zumrudasadova #zumrudraduqa #psixoloq #shexsiinkishaf #ruhiinkishaf#ozunusev #psixologiya #şəxsiinkişaf #ruhiinkişaf #yaradıcılıq #özünüsev#artterapiya #kouçinq

Qazlı içkilərdən uzaqlaşın - Bu xəstəliyi yaradır

Qazlı içkilər diabet və altsheymer xəstəliyi riskini artırır. Psixoloq.az xəbər verir ki, bu, alimlərin apardığı araşdırmalardan sonra məlum olub. ABŞ-ın Kolumbiya universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub ki, “Altsheymer” xəstəliyi ilə şəkərli, xüsusilə də kola kimi qazlı içkilər arasında əlaqə var. Alimlər 7 il ərzində 2.226 yaşlı şəxsin iştirakı ilə çalışma aparıblar. 7 il ərzində bu şəxslərin qəbul etdiyi şəkər əlavə edilmiş qidalar, yüngül içkilər və meyvə suları qeydə alınıb. İştirakçıların 429-u altsheymer xəstəliyinə yoluxub. Tədqiqatın sonunda gündə 30 qram şəkər əlavə edilmiş qida qəbul edənlərlə 6 qram şəkər əlavə edilmiş qida qəbul edənlər arasında xəstəliyə yoluxma riskinin 33% çox olduğu üzə çıxıb.

Ipoxondriya xəstəliyi

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər.         Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər.        İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir problemdir. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi  ola bilər.        Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.        İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Nəticədə xəstə bu cür davranışlardan qaçınmalıdır.

Çürük dişlər bu xəstəlik riskini artırır

Ağız boşluğu gigiyenası, xarab dişlərin vaxtında müalicəsi insan sağlamlığında böyük rol oynayır. Xarab dişlər orqanizmdə xroniki iltihab ocağı yaradır ki, bu da immun sistemini zəiflədir. Xarab dişlərdə olan çoxsaylı patogen mikroblar müxtəlif orqan və sistemlərinə yayıla bilər. Sübut olunub ki, kariesli dişlər mədə-bağırsaq, ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Psixoloq.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, xarab dişlər həmçinin şəkərli diabet xəstəliyinin riskini də artırır. Araşdırma zamanı 10 000 yaxın insanın sağlamlıq haqqında məlumatları təhlil olunub.   Beləliklə, ağız boşluğunun gigiyenası və kariesin vaxtı-vaxtında müalicəsi insanı bir çox ciddi xəstəliklərdən qoruya bilər. Mütəxəssislər ildə 2 dəfə stomatoloqların profilaktik müayinələrindən keçməyi tövsiyə edirlər.(Saglamolun.az)

3 mindən çox namizəd müəllim olmaq üçün yarışır

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir. Təhsil Nazirliyindən publika.az-a verilən məlumata görə,bu gün keçiriləcək fizika və texnologiya üzrə test imtahanlarında 3468 namizədin iştirakı gözlənilir. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. İyulun 27-də tarix və kimya üzrə imtahanlarda 2977 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq hər iki fənn üzrə 59 bal qeydə alınıb. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

İstirahət gününün hava proqnozu

Azərbaycanda bazar gününə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.

Uşaqları çox qorumaq onlara zərər verir - Araşdırma

Əgər analar uşaqları ilə sadəcə onlara nəzarət etmək üçün oyun oynayır və dağılan oyuncaqlarını özün toplayırsa, belə uşaqlar 5 yaşına qədər duyğularına nəzarət etməkdə çətinlik çəkirlər. Psixoloq.az  xəbər verir ki, bu, İngiltərədə 422 uşaq üzərində aparılan, Minnesota, Zürix universiteti  tərəfindən aparılan araşdırmadan sonra məlum olub. Məlumatda qeyd edilir ki, uşaqlar 10 yaşına qədər duyğusal problemlər yaşayaraq məktəbdə çətinlik yaşaya bilərlər. Tədqiqat zamanı uşaqlar 8 il əzində 2,5 və 10 yaşlı uşaqlara nəzarət edilib.  Bu araşdırmada xüsusilə, anaların uşaqları ilə oyun oynadıqları zamana, ev ortamına, valideynlərlə dialoqlara nəzarət edilib. Tədqiqatın keçirilməsində məqsəd isə 2 yaşındakı uşaqların duyğu kontrolunu, 5 yaşındakı uşaqların ani reaksiyalarını, 10 yaşlı uşaqların isə duyğusal və məktəb problemlərini araşdırmaq olub. Psixoloqlar, azyaşlı uşaqların yeni oyunlar kəşf etmələrinin və bu zaman yaranan problemləri həll etmələrinin inkişaflarına müsbət təsir etdiyini bildiriblər. Həmçinin psixoloqlar valeynlərə uşaqların öz problemlərini həll etmək üçün onlara zaman və azadlıq vermələrini tövsiyə ediblər. Əks halda yaranan hər problem zamanı uşaq köməyi valideyndən gözləyərək, həll olmadığı zaman isə gunahı yenə onlara atacaqlarını vurğulayıblar. Müəllif: Şəhanə Quliyeva

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarına əməl edilməsi ilə bağlı sürücülərə müraciət edib. Psixoloq.az xəbər verir ki, agentlikdən xezerxeber.az-a daxil olan müraciətdə deyilir ki, vətəndaşa xidmət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətində önəm verdiyi ən mühüm məqamlardandır. Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı da bu məqam əsas götürüləcək. Daha sonra müraciətdə bildirilir: "Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir. Məsələ ilə bağlı bir məqamı xüsusi ilə vurğulamaq istərdik. Məqsədimiz heç də ilk başdan sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq. Bu işdə ictimaiyyətin də dəstəyinə ehtiyacımız olacaq. Məhz ictimaiyyətin dəstəyi və ictimai qınaq sayəsində nəqliyyat sistemində mövcud olan bir çox problemlərin həllinə nail olmuşuq. Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq”.

Azərbaycanda dəhşətli YANĞIN BAŞLADI - Sürətlə ətrafa yayılır

Fövqəladə Hallar Nazirliyi Ağsu rayonunda meşə ətrafı ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən publika.az-a verilən məlumatda bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. Əlavə məlumat veriləcək

İnfarkt riskini azaldır, qəbizliyi aradan qaldırır - Gavalının faydaları

Mütəxəssislər hər meyvənin vaxtında yeyilməsinin mühüm olduğunu açıqlayırlar. Yay fəslində yeyiləcək, bol vitaminli meyvələrdən biri isə gavalıdır. Bəs gavalının insan orqanizmi üçün hansı müsbət təsirləri mövcuddur? Psixoloq.az həmin sözügedən faydaları təqdim edir: Təzə gavalının tərkibinə qurusundan, ya da şirəsindən daha çox C vitamini daxildir. Gündəlik A vitamini ehtiyacının da 8 faizini qarşılayır. A vitamini gözlərin görmə qabiliyyətini yaxşılaşdırır və sümük inkişafını dəstəkləyir. Gavalı qurusu qəbizlik və həzm problemlərini aradan qaldırır. Ürəyi qoruyur, infarkt riskini azaldır. Araşdırmalar göstərir ki, qara gavalı döş xərçəngi hüceyrələrini məhv edir. Beynin yaddaş qabiliyyətini inkişaf etdirir. Antioksidantlarla dolu olması sayəsində Alzheimer inkişafını ləngidir. Böyrək daşı müalicəsində effektivdir.

Mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin - Günün ulduz falı

Qoç – uğurlu, sakit, əlverişli gündür. Mühüm məsələlərin həllini təxirə salmayın. Astagəl və süst olmayın. İkinci dərəcəli işlərə həddən ziyadə önəm verməyin. Belədə əlverişli anı və şansı əldən verə bilərsiniz.Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi münasibətlərdə və karyerada yeni imkanların aranması üçün münasib zamandır. Dəyər verdiyiniz insanla təmaslarda səmimi olun. Onu anlamağa çalışın.Kobudluq münasibətləri korlaya bilər. Buğa – yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.Çətin situasiyada lider olun.Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil. Əkizlər – kollektiv fəaliyyətin daha çox nəticə verəcəyi zamandır. Təkbaşına işləmək və ətrafdan könüllü təcrid olmaq fəaliyyətin intensivliyini aşağı salacaq. Təcrübəli insanın məsləhətlərindən yararlanın.Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin. İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Sevdiyiniz insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar müvəqqətidir.Axşam saatlarında gəzintiyə çıxın. Xərçəng – gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər.Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz. Şir – səhər saatlarından etibarən əhvalınız pis olmayacaq. Potensialınıza və qüvvənizə güvənin. Görəcəyiniz işin incəliklərini anlayın, detallarını ayırd edin.Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri sürətlə həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin. Məişət qayğıları artacaq. Problemlərin sayı artır.Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə salın. Qız – problemlərin sayı artır. Təcili görülməsi gərəkən işlər də az deyil. Yaxınlarınızın verəcəyi dəstək fəaliyyətinizdə yaxşı motivasiya rolunu oynayacaq. Ambisiya və istəklərinizdə reallıq hissini itirməyin.Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla, onları duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq ideallaşdırmayın. Onun nöqsanlarını və çatışmayan cəhətlərini görməyi bacarın.Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – daha enerjili, aktiv olun. Süstlüyə qapılmayın, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Özünüzə qapansanız, gərəkli nəticələr əldə edə bilməyəcəksiniz. Tənhalıqda özünüzü çox yaxşı hiss edəcəyinizi düşünməyin.Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə həsr edin. Əqrəb – çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, istəyinizi reallaşdırmaq üçün əlverişli zamandır. Şərtlər lehinizədir. Perspektiv layihəyə başlamaq olar. Özünüzdən bədgüman olmayın ki, qarşınızda duran öhdəlik və tapşırıqları gerçəkləşdirə biləsiniz.Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş qalmayın. Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə aludə olmayın. Sınanmış metodlar və işlək vasitələr daha effektivdir.Axşam saatlarında normal istirahət edin. Oxatan – pis gün deyil, amma ehtiyatı əldən verməyin. Dünən başlamış hadisələr davam edəcək. Fəsadları aradan qaldırın, yanlışlıqları çözün. Neqativ fikirlərə qapılmayın.Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi fikir verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən artıq olmamalıdır.Axşam saatlarında səhhətinizə fikir verin. Oğlaq – maraqlı, hadisələrlə zəngin gündür. Risklərə, avantüralara meylli olmayın. Səbrli və təmkinli davransanız, məqsədə doğru əhəmiyyətli irəliləyişə nail olacaqsınız.Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini daha çeşidli edin.Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin. Ailənizə daha çox vaxt ayırın. Dolça – günün ilk yarısı pozitiv emosiyalar vəd edir. Rutin işləri maraqlı məşğuliyyət əvəzləyəcək. Situasiyanın əlverişli olması gərəkli insanlarla əlaqələri asanlıqla yaratmağa imkan verəcək. Cari problemlərin həllində hövsələli olun.Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin vədlərə aldanmayın.Qarşı tərəfin fikir və istəklərini qulaqardına vurmayın. Balıqlar – günün ilk yarısından etibarən kreativ ideyaları reallaşdırmağa başlayın. Diqqətli olsanız, işlərinizdə ciddi uğur qazanacaqsınız. Qüvvənizə və potensialınıza şübhə etməyin.Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət qiymətləndirəcək. Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin. Yaşananlara obyektiv baxın. Uğurlarınızı və imkanlarınızı real dəyərləndirin.(milli.az)

Universitet seçimində nəzərə alınmalı məqamlar

İmtahanların başa çatması ilə bütün abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır. Universiteti və ixtisas seçimi gələcək həyatınızı istiqamətləndirəcək çox vacib məqamdır. Bütün bunları nəzərə almaqla, uğurlu ixtisas seçiminizə kömək edəcək vacib məqamları sizin üçün seçdik. Psixoloq.az universitet seçimində nəzərə alınması vacib olan yeddi məqamı təqdim edir. Tətbiqi təhsilin əhəmiyyəti Nəzəri dərslər oxuyacağınız ixtisas və peşə haqqında geniş məlumat verir. Lakin məzun olduqdan sonra sizi iş dünyasına hazırlayan əsas mərhələ tətbiqi, yəni praktiki təhsildir. Praktika sizi iş dünyasına aparan yolun əsasını təşkil edir. Keyfiyyətli tətbiqi təhsil almaq üçün seçəcəyiniz universitetin imkanlarına baxın. Görün, seçəcəyiniz universitetin intensiv şəkildə istifadə etdiyi laboratoriya və ya universitetin sənaye müəssisələri ilə əməkdaşlığı mövcuddurmu?! Xüsusilə, sənaye dünyası ilə geniş əlaqələri olan universitetlərin seçilməsi vacibdir. Çünki belə universitetlər tələbələri yiyələnəcəkləri peşəyə uyğun hazırlaya bilirlər.  Təhsil alarkən iş dünyası ilə əlaqə qurabilmə imkanı Tətbiqi təhsilin vacib məqamlarından biri də biznes mühitini “görə bilmək” – praktika keçməkdir. Peşənizə uyğun sektorla nə qədər tez təmasa keçsəniz, işləmə şansı əldə etsəniz, karyera baxımından gələcəyinizi o qədər uğurlu formalaşdıra bilərsiniz. Seçəcəyiniz universitet əməkdaşlıq etdiyi şirkətlər vasitəsilə bu məsələdə sizin işinizi asanlaşdıra bilər. Universitet sizə praktika imkanı təklif edirsə, bunu mütləq dəyərləndirin! Müasir düşüncəli və təcrübəli müəllim heyəti Ali təhsili necə aldığınız qədər, kimdən aldığınız da böyük əhəmiyyət kəsb edir. Öz sahəsində mütəxəssis, müasir metodikanı mənimsəmiş, eyni zamanda, böyük təcrübəyə malik müəllim heyəti təhsil aldığınız müddətdə sizə böyük dəstək olacaq. Müəllim heyətini incələyərkən onların həm milli, həm də beynəlxalq uğurları ilə yanaşı, müəllif layihələrinə sahib olub-olmadıqlarına və bu layihələrə tələbələri cəlb edib-etmədiklərinə baxın.  İnnovativ, elmi və texnoloji imkanlara sahib universitetləri seçin Ali təhsilin əsas üstünlüyü innovativ, elmi və texnoloji imkanları tələbələrin ixtiyarına verməsidir. Tələbə dövrün tələbinə uyğun, yeni texnologiyalarla təchiz olunmuş mühitdə təhsil almalıdır. Universitetdənkənar texnoparklarda, elmi araşdırma laboratoriyalarında dərs keçmə imkanı təklif edən ali təhsil müəssisəsi seçəcəyiniz universitetlər arasında ilk sıralara qoyulmalıdır. Sosial-mədəni imkanlar Tələbələrin universitet həyatı sadəcə təlim-tərbiyədən ibarət olmamalıdır. Universitetlər tələbələrinə sosial və mədəni imkanlar təmin etməklə, onların tam formalaşmasına kömək göstərməlidir. İxtisas və universitet seçərkən universitetlərin bu sahədə hansı fəaliyyətlərlə məşğul olduqları, hansı imkanlara sahib olduqları mütləq araşdırılmalıdır.  Təqaüd imkanı Xüsusilə özəl universitet seçəcək abituriyentlər təqaüd imkanını mütləq araşdırmalıdır. Təqaüdün miqdarı və müddəti xüsusilə nəzərə alınmalıdır. Müasir kampuslar  Seçəcəyiniz ixtisasın balı iki universitetdə də eynidirsə, sizin üçün universitetin yeri seçiminizdə mühüm rol oynayır. Bu halda hansı universitetin yerləşdiyi yer sizə uyğundursa, onu seçə bilərsiniz. Eyni zamanda, metroya yaxınlıq, ictimai nəqliyyatla rahat gedə bilmə imkanı seçiminizə təsir göstərən amillərdəndir. Bununla yanaşı, müxtəlif yerlərdən gəlmiş, Bakıda kirayədə qalacaq tələbələr üçün o yerin sakit və təhlükəsiz olması böyük əhəmiyyət kəsb edir. Bu məsələdə universitetin imkanları da araşdırılmalıdır. Yataqxanasının olub-olmaması və yaxud ətrafındakı kirayə verilən mənzillərin mövcud vəziyyəti, qiymətləri diqqət yetirilməli məqamlardandır.(Oxu.az)

“Qanlı Ay” tutulması hadisəsi başlayıb

Bu əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi başlayıb. Psixoloq.az xəbər verir ki, tam tutulma 23:30-da olacaq, 01:13-ə kimi davam edəcək. Ay tutulması isə 02:19-da başa çatacaq. Dünyanın müxtəlif yerlərində milyonlarla insan bu təbiət hadisəsini izləyir.

Təzyiqi yüksək olanlar gündə bir fincan çayını içsin – MÖCÜZƏVİ OT

Təbiətdəki ən faydalı otlardan biri də gicitkəndir. Gicitkən otunun bir çox xəstəliklərin müalicəsində də kömək olduğu məlumdur. Psixoloq.az bu şəfalı bitkinin faydalarını sadalayır. Allergiyanın çarəsidir Gicitkən min illərdir allergiya müalicəsində istifadə olunur. Elm adamlarının araşdırmasına əsasən, gicitkən allergiya səbəbindən yaranan iltihabı azaldır. Sümükləri inkişaf etdirir Gicitkən yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlaya bilərsiniz və ya şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları ata bilərsiniz. Diabet müalicəsi Aparılan araşdırmalara əsasən, gicitkən diabetə bağlı simptomları azaltmağa kömək edir. Yüksək qan şəkərini aşağı salır. Həddindən çox susamanı azaldır, çəkini balanslaşdırır, insulin səviyyəsini tənzimləyir, nevropatiya ağrısını azaldır, hətta yaddaşa da faydası var. Ağrıkəsici təsirə sahibdir Bəzi araşdırmalar gicitkənin revmatizmlə əlaqədar ağrını və anti-inflamatuar dərmanların dozasını azaltmağa kömək etdiyini sübut edib. Anemiya müalicəsi alan şəxslər əlavə vasitə olaraq istifadə edə bilər. Menstruasiya dövründə rast gəlinən gərginliyi önləyir. Qasıq ağrısını azaldır. Sidik problemi yaşayan şəxslərə faydalıdır. Xərçəng xəstəliyinin qarşısını alır. Təzyiq və xolesterol problemi olan şəxslərə gündə bir fincan gicitkən çayı tövsiyə olunur. Bədəndəki şişi aradan qaldırır. Dəmir əskikliyi olan şəxslərə məsləhətdir. Həzm sisteminə fayda verir, bir çox orqanı təmizləyir. Artrit simptomlarını yüngülləşdirir, infeksiyalara qarşı müqavimət qazandırır Əmizdirən analarda südün keyfiyyətini artırır. Cinsi zəiflik yaşayan şəxslərə kömək edir. Böyrəkləri təmizləyir və qaraciyərin yenilənməsini təmin edir. Soyuqdəyməyə qarşı olduqca təsirlidir və immunitet sistemini də qüvvətləndirir. Öskürək problemi olan şəxslərə tez-tez gicitkən çayı içmək tövsiyə edilir. Yetkinlik dövründə çıxan sızanaqları yaxşılaşdırır və şişi aradan qaldırır. Qəbizliyi aradan qaldırır. Gicitkən çayı necə hazırlanır: Bir çay qaşığı nazik doğranmış gicitkən yarpağı bir stəkan qaynar su ilə dəmləyin. 5-10 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 2-4 stəkan yeni dəmlənmiş çay ac qarına və ya yemək aralarında dadlandırılmadan içilməlidir. (ailəm.az)

Elm dünyasını dəyişdirəcək kəşf — 30 min il sonra dirildilər

Rusiyanın Yakutiya bölgəsində tapılan və 30 min il əvvəl donan 2 həlqəvari soxulcan alimlər tərəfindən həyata geri qaytarılıb. Psixoloq.az xəbər verir ki, bu kəşf elm dünyasını dəyişdirəcək. Soxulcanlar isə planetin ən yaşlı heyvanları sayılır. Alimlər bildiriblər ki, soxulcanlar artıq hərəkət edir və qidalanırlar: “Məlumatlarımız çoxhüceyrəli orqanizmlərin uzun müddət təbii şərtlər altında yaşaya biləcəyini göstərir”. Məlum olub ki, Yakutiyadan gətirilən soxulcanlardan biri 42 min, o biri isə 32 min il əvvəl donub. Onlardan biri sincab yuvasında, digəri isə çay yaxınlığında tapılıb.(ölkə.az)

Sağlamlığınızda problemlər yaşayacaqsınız - Ay tutulmasının insana mənfi təsiri

Xəbər verdiyimiz kimi  27 iyul  gecə saat 22.00-24.00  arası baş tutacaq son minilliyin ən böyük tutulmasından biri olan Bütov Ay tutulması və ya " Qanlı Ay” astronomik hadisəsi baş verəcək. Bəs ay tutulmasının insanlara hansı mənfi təsirləri ola bilər? Psixoloq.az həmin narahatçılıqları təqdim edir: -Nevrotik pozulmalar, həyəcan -Qıcolmalar -Panik ataklar -Ürək çırpıntısı -Mədə bulanması, qıcqırması, öd daşması -Qarışıq və ağır qidalanmadan sonra zəhərlənməyə bənzər simptomlar -Əl-ayaqda boşalma, halsızlıq -Miqren, başağrıları

Bu gecə Ay tutulacaq - Azərbaycanda tam müşahidə olunacaq

Bu ilin ikinci Ay tutulması hadisəsi iyulun 27-dən 28-nə keçən gecə baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az saytına bildirilib ki, Ay tutulması hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq: "Ay tutulması hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da isə başa çatacaq. Yerin ekvatorial zonasında baş verəcək bu astronomik təbiət hadisəsi "mərkəzi tutulma” adlanır. Yəni Ay kölgənin mərkəzindən keçəcək. Lakin bu, adi təbiət hadisəsidir. Ay Yerin kölgəsinə girir, tutulur, görünməz olur, sonra kölgədən çıxır. Elə bir fövqəladə hadisə yoxdur. İnsanlara da hər hansı təsirindən söhbət gedə bilməz”. Qeyd edək ki, Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabrın 15-nə təsadüf etməsi gözlənilir. Builki yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.

18 marşrutun hərəkəti dəyişdirilib

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər. Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək. 67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.