Psixoloji ağrı və sosial koqnitivizm

Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab. İnsanı var olduğu müddət ərzində izləyən həyat gərçəkliklərindən biri də məhz ağrıdır. Ağrının illərdən bəri müxtəlif tərifi verilsə, ona həsr edilən kitablar yazılsa belə, hələ də tam olaraq ifadəsi sanki özünü sözlə yox, duyğularla daha yaxşı göstərir. Psixoloji aspektdən ağrı müxtəlif həyat hadisələri zamanı ortaya çıxan, ruh düşkünlüyü, inciklik, intihar meyilləri ilə müşayiət olunmuş bir fenomendir. Təbii ki, konkret mövzu olmadığı və yetərli ədəbiyyat, istinadlar tapılmadığı üçün çox da müraciət olunan bir problem deyil, daha açıq ifadə edəcək olsam elə bayaq da saydığım ayrı-ayrı hissələrə, utanc hissinə, küskünlüyə, günahkarlığa daha çox yer verilib, nəinki bu “Böyük portretə”. Böyük portret bizi necə izləyir? İnsan oğlu yaşadığı olum və ölümün arasındakı zaman yolçuluğu və ya səfərdə müxtəlif həyat hadisələri ilə rastlaşır, bunlar heç də hər zaman yaxşı hadisələr deyil və dolayısı ilə yaxşı hiss etmək də heç də hər zaman mümkün deyil. İnsan olmağın özü budur onsuz da, ağrısız, əzabsız, göz yaşından, kədərdən uzaq bir dünya düşünün, əvvəlki məqalələrdə istinad etdiyim “Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni” kitabında müəllifin də qeyd etdiyi kimi “Bədbəxtlik gələcək xoşbəxtliyin hərəkətverici qüvvəsi ola bilər”. Burada vacib olan məsələ əslində ağrı yox, onu necə qavradığımız və hansı şərhləri verməyimizlə onun şiddətini artırıb və ya azaltmağımızdır. Bu fizioloji əsaslı ağrıya da aiddir. İntihar məktublarının çoxunda “Bu ağrılara daha dözə bilmirəm” kimi və ya bənzəri məqamlar qeyd edilir. Buradan ağrının gücü ümid edirəm ki hər birinizə aşkar olmuşdur. Beyin üzərində araşdırma aparan mütəxəssislər beyni izləyərkən beyində ağrı reseptorlarına cavabdeh hissə olan prefrontal cortex’ə nəzər yetirdikdə müxtəlif insanların eyni problemdəki ağrını müxtəlif şiddətlə yaşadığını gördükdən sonra qərara gəlmişdilər ki, koqnitiv məsələlər, yəni duyğu, qavrayış, düşüncə(fikir, bunu siz təfəkkür deyə bəzəkli bir sözlə də ifadə edə bilərsiniz) kimi məqamlar insanların ağrı şiddətinə təsir edir. Bu barədə üçüncü hissədə bəhs edəcəm. Bir sözlə ağrıdan qaçış yoxdur, ağrı ilə yaşamağı öyrənmək var. Psixoloji narahatlıqların bir çoxu özlüyündə psixoloji ağrıdan elementlər daşıyır, təşvişdə bu çox da rast gəlinən mövzu olmasa da orada da özünü təşvişin artdığı vəziyyətlərdən sonra gələn ağır yorğunluq ilə göstərə bilər. Bundan başqa, artıq 2020-ci ildə demək olar ki, ənənəvi təşviş dərmanları olan benzodiazepinlərin öz yerini antidepresanlara verməsi ilə birlikdə həyatımıza Paxil, Prozac kimi dərmanlar girmişdir. İkinci adını çəkdiyim preparat öz sələflərindən fərqli olaraq çəki artımı, yuxu ilə bağlı problemlər(səhər 11ə qədər atıldığı halda), asılılıq yaratmasa da 24 yaşa qədər olan şəxslərdə qəribə bir ölüm düşüncəsi formalaşdıra bilir. Bu xüsusda təşvişli şəxs psixoloji ağrını günahkarlıq(belə düşünməməliyəm, bu düşüncələrin ağlıma gəlməyi doğru deyil) duyğusunun müşayiəti ilə hiss edilə bilər. Depressiyadan əziyyət çəkən şəxslərdə psixoloji ağrı bu problemin ayrılmaz hissəsidir, depressiya özünə, dünyaya və gələcəyə yönəlik neqativ düşüncələri birləşdirdiyi və koqnitiv təhriflərin bolluğu ilə müşahidə olunan bir narahatlıq olduğu üçün bunu daha şiddətlə yaşayır, gələcəklə bağlı “yanlış ümumiləşdirmə” (uğursuzluq bütün həyatım boyu məni izləyəcək, heç vaxt xoşbəxt biri ola bilməyəcəm) haqqında danışdıqda onsuz da ifadə edilən cümlələr içərisində biz çox rahat formada ağrıdıcı məqamları görürük. Travma sonrası stress pozuntularında keçmişdən kadrların canlanması(flash-back’ lar) ilə şəxs sonsuz bir hüznə, kədərə və ya şiddətli bir utanc hissinə bürünə bilər. Travmanın özü də elə bu deyilmi-yaşanmış olan travmatik təcrübənin hadisədən aylar, hətta bəzən illər sonra eyni təsirləri özündə cəmləməsi. Hər hansı bir dövrdə fiziki zorakılığa məruz qalan şəxs o situasiyanı xatırladan hər hansı bir məqamla rastlaşdıqda həyəcan, qəzəb, kədər və ya utanc kimi müxtəlif emosional reaksiyalar verir. Burda da psixoloji ağrını “duyğuların övladı” olaraq görürük. İtki və yas problemində. Ölüm geridə qalanlarda yaratdığı ruh düşkünlüyü və hüznlə gələn ən böyük itkidir. Yetkinlərin və uşaqların ölümü qəbul etmə və bu gerçəkliklə mübarizə üsulları arasında oxşarlıqlar var. Bununla belə uşaqlar ölümü və əbədi yoxluğu, bəlkə də ən radikal köçü tam olaraq qavramaqda çətinlik çəkirlər. “İtki” dar mənada sadəcə var olanın fiziki və ya mənəvi yoxluğu, geniş mənada isə onlarla bizim aramızda olan və həyatın onlardan sonra boz rəngə bürünmüş formasına bir vaxtlar rəngarəng çalarlar qatanların ya fiziki, ya da mənəvi uzaqlığı zamanı ağrılarla hiss edilən bir prosesdir. Bu mənada biz itkiyə yox, ona yüklənən mənaya baxırıq. Bir insanın vəfatı, bir qadından ayrılıq, bir məkandan köçmək əslində hərflərin sayından və hərfi mənalardan daha böyük mənalar daşıyır. “Daha heç nə əvvəlki kimi olmayacaq”, “Bir daha əvvəlkitək gülə bilməyəcəm”, “Bir daha xoşbəxtlik nədir bilməyəcəm” kimi ağ-qara düşüncələr “yoldaşlığı” ilə bu problemdə də psixoloji ağrı müşahidə olunur. Bəs bütün bunlar niyə baş verir? Sosial öyrənmə ilə psixoloji ağrının əlaqəsi varmı? Cavabım “Bəli” çünki əvvəlki məqalələrdən birini sosial Öyrənmə Nəzəriyyəsinə həsr edib, dünyanın ən böyük dörd psixoloqundan biri olan Albert Banduranı yad etmişdim. Banduranın nəzəriyyəsi ilk vaxtlar davranışçı cərəyana müvafiq bir araşdırmanın məhsulu hesab edilsə də, sonradan diqqət, hafizə, qavrayış kimi koqnitiv proseslərə nəzər yetirilmiş və bu nəzəriyyə Sosial Koqnitivizm adlandırılmışdır. Dolayısı ilə biz yası da öyrəndiklərimiz əsasında saxlayır, öyrənilənə müvafiq kədər, sevinc duyuruq. Xarakterimizə sosial amillər təsir edir, “xanım yüksəkdən gülməz”, “kişi güclü olmalıdır” və.s kimi fikirlər yəgin ki, sizlərin də qulaqlarınıza qonaq olub. Ağrını da sosial koqnitivizmə nəzərən gözdən keçirdikdə qəribə məsələlər ortaya çıxır, istər aparılan araşdırmalarda valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji vəziyyətindəki kənaraçıxmalar, istərsə də şiddətli bir ağrı hiss etsə belə sevdiyi insanların və ya insanın şəklini görəndə sakitləşən insanlar buna misal ola bilər. Sevdiyi insan haqqında “Onunla mən bütün dərdimi unuduram”, “Onun varlığı ilə hər şey məna qazanır” deyən insanlara siz də rast gəlmisiniz. Burda iki məqam var, birinci məqam odur ki, burada şəxsin varlığı yox, ona yüklənən məna bu bağları möhkəmlədir, ikinci məqam ondan ibarətdir ki, emosional bağlar özü özlüyündə sanki ağrıkəsici rolunu oynayır. Onların yoxluğunu yuxarıda qeyd etdiyim kimi, itki və ona verilən reaksiyalar müşayiət edir. Davamlı koqnitiv təhriflər və təbii ki, burada bir digər məqam yıxıcı kök inanclar-şemalardır. Öyrənilmişlik bizim həqiqətən həyat xəritəmizi formalaşdırır deyəndə qətiyyən bunu şişirtmə hesab etməmişəm. Pedaqogikada tərbiyənin geniş, yəni sosial mənasında da qeyd edildiyi kimi sosial mühitdə biliklər əvvəlki nəsillərdən sonrakılara ötürülür. Bu biliklərin içərisində təbii ki, davranışlar, emosiyaları qeyd etmək mümkündür. Biz də əvvəlki nəsillərdən təkcə yaxşı keyfiyyətləri deyil, eyni zamanda bizə mənfi təsir edən məqamları da mənimsəyirik, “Pendiri dəri, qadını əri saxlar” və.s kimi deyimlər uşaqlıqdan o qədər ətrafımızda təkrar olunur ki, biz bəzən qadınlarda aldıqları təhsilə rəğmən daimi bir “Münasibət bağlılığı”, “Sevgisizlik fobiyası” müşahidə edirik. Bu münasibətlər sona çatdıqda bəzən qadınlar özlüyündə özlərini gərəksiz hesab edirlər. Kişilərdə də münasibətlərdə öyrənilmiş məqamlar olur, evlənib və sonra yolları ayrılan qadınlara şiddətli bir məhəbbətlə bağlansalar belə çox vaxt onlar bu münasibətlərin rəsmiləşməyinə can atmırlar, çünki cəmiyyətdən öyrənilmiş bir məqam var “Bakirəlik” problemi. Burada iki halda ayrılan qadın da, sevgisində vüsala könüllü olaraq yetməyən kişi də psixoloji ağrıdan əziyyət çəkir. Səbəb, bəli hadisələrin cərəyan etmə formasıdır, amma unutmaq lazım deyil ki, hadisələrin bu istiqamətdə cərəyanına səbəb yenə sosial təsirlərdir. Dolayısı ilə, biz ətrafda barmağı əzilən insanlar necə reaksiya verirsə həmişə yox, amma adətən elə onlar kimi reaksiya veririk. Münasibətlər sferasından yanaşanda ailədə daimi ağrı ilə yaşayan biri varsa biz o rol modelini tanış modellər siyahısına əlavə edirik, bağlılıq ilə bağlı rollarımız dəyişibsə, yəni biz qayğı göstərən rolunu öhdəmizə götürmüşüksə burada da öyrəndiyimiz məqam bundan ibarətdir ki, biz gələcək həyat yolunda sevgili, dost, partnyor, həyat yoldaşı deyil, daha çox özümüzü ilkin tibbi yardım həkimi kimi aparırıq, o rolu ifa edirik. Fiziki və ya mənəvi iztirab içində olan emosional bağlılığa malik olduğumuz şəxslərin modelinə oxşayanlar bizə həyat səhnəsinin tanış aktyorları kimi görünürlər. Gələcəkdə partnyor seçərkən bu bizim artıq münasibət xəritəmizə çevrilir, bildiyimiz münasibət forması bu olduğu üçün qədər motivi(Dr.Gülseren Buğdaycıoğlu) bizi ağrılı insanlara aparır. Ağrı dəyərli və əvəzsiz ustaddır. Bunu deyərkən məni sufi, dərviş hesab etməyin, hər hansı fiziki və ya mənəvi iztirab bizə artıq orda olmayanı göstərir. Barmağımız kəsilir burada yaşanan bədən hissiyatı- ağrı dərinin bütöv olmadığını, sevdiyimiz insan olmadıqda onun yoxluğunun verdiyi psixoloji ağrı isə onun mövcudluğunun artıq bizə dəxli olmadığını göstərir. Bəs ağrısız bir dünya necə olardı? Bildiyimiz kimi, problemi təkcə çoxluq yox, eyni zamanda yoxluq da yaradır, itirdikdə gözümüzdən iki damla yaş düşəcək qədər bizə heç kim yaxın olmayıb, biz itirdikdə üzüləcək qədər heç kimi sevə bilməmişiksə bu özü psixoloji ağrı yaradacaq bir səbəbdir. Həyatın olum və ölüm arasında keçən müddəti ərzində heç kimi sevməyib, heç kimə dəyər vermədiyimizi düşünək? Bunu düşünmək belə sizə bir ağırlıq gətirirsə yaşamağın yaxşı olanı deyil, hər emosiyanı duymaq olduğunu anladığınıza ümid edirəm. Nəsimi Qiyasov—08.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Ailə daxilində və cütlüklər arasında ünsiyyət, ünsiyyət problemləri və onlara Koqnitiv-bihevioral yanaşma.

Ünsiyyət nədir? Ünsiyyət qarşılıqlı münasibət, mehribanlıq, yaxınlıq, ülfət, əlaqə mənalarındadır. Əsasən söz və yazı vasitəsilə xəbərləşmək, əlaqə qurmaq, fikir mübadiləsi aparmaq, qarşılıqlı dialoq ünsiyyət mənasında işlədilir. Ünsiyyət insanın sosial tələbatıdır. İnsana yaşamaq üçün hava, su və qida qədər ünsiyyət də lazımdır. Ünsiyyətin hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur. Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, “ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək”) b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, “münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir”) Bir və ya bir çox insanın birgə münasibəti insanlararası ünsiyyət sayılır. Bu münasibət daha çox şifahi və yazılı ünsiyyətlə qurulur. Bu ünsiyyətdə səs tonu və seçilən sözlər önəmlidir. Yəni bu cür ünsiyyətdə nəyin, necə ifadə olunması böyük əhəmiyyət kəsb edir. Ünsiyyətdə üz ifadələri və bədən dilinin də özünəməxsus rolu var. İnsan bilərək və ya bilməyərək bundan istifadə edə bilər. Ailədaxili ünsiyyət Ailə insanın ilk məktəbidir. İnsanın ən çox ünsiyyətdə olduğu və ünsiyyəti öyrəndiyi yer də məhz ailədir. Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır. Həmin məqsədləri belə sıralamaq olar: • Məlumat vermək • Fikir bildirmək • Hisləri ifadə etmək • Ehtiyac və istəkləri dilə gətirmək • Nəzarət etmək (razı salmaq, yol göstərmək) Ailə münasibətləri digər insanlarla münasibətdən fərqlidir. Çünki ailə münasibətlərində rəsmilik olmur. Münasibətlər sevgi və hörmətə əsaslanır. Ailə üzvləri demək olar ki, oxşar düşünür. Hər hansı hadisəyə ailə fərdlərinin münasibəti çox vaxt bir-birinə bənzəyir. Digər münasibətlər kimi ailədaxili münasibətlər də diqqət tələb edir. Bəzi ailə problemləri münasibətlərə biganəlikdən qaynaqlanır. Bundan əlavə, tərəflərin problemlərə yanaşma tərzi də münasibətlərə mənfi və ya müsbət təsir göstərir. Ailədaxili ünsiyyətin əsasları Vaxt ayırmaq İnsanlarla yaxşı münasibət qurmaq üçün onlara vaxt ayrımaq lazımdır. Əfsus ki, müasir dövrdə ailəyə çox az vaxt ayrılır. Bir araşdırma nəticəsində məlum olub ki, Evliliklərindən razı və bir-birini sevən cütlüklərin doxsan faizi vaxtının çoxunu bir yerdə keçirənlərdir. Eyni araşdırmada boşanan cütlüklərin boşanmazdan əvvəl bir-birinə daha az vaxt ayırması da diqqət çəkir. Sevgini ifadə etmək İnsanın yeməyə və suya ömür boyu ehtiyacı olduğu kimi, sevgiyə də ehtiyacı var. Sevildiyini bilmək insanın əsas ehtiyaclarından biridir. İnsan sevməyi sevilərək öyrənir. Ailə münasibətlərində sevgi başlıca rol oynayır. Yeni qurulan ailədə kişi və qadının ən böyük arzusu qarşılıqlı sevgi görmək, evlənəndən sonra da sevgilərini qorumaqdır. Ər-arvad bir-birinə sevgilərini bildirməkdən çəkinməməlidir. Xüsusən qadınlar diqqət və sevginin sözlərlə ifadəsini daha çox istəyirlər. Kişi həyat yoldaşına diqqət və sevgisini sözlərlə yox, hərəkətləri ilə göstərməyə çalışdıqda qadının ehtiyacı tam qarşılanmır. Bu səbəbdən kişi qadının sevgi tələbatını nəzərə almalıdır. Bu məqamda qarşı tərəfin sevgi “dili”ni, yəni onun nəyi xoşladığını, nədən xoşbəxt olduğunu bilmək lazımdır. İnsanların zövqləri kimi sevgi dilləri də müxtəlifdir. Bir-birinin sevgi dilini bilməyən cütlük hərəsi bir dildə danışan əcnəbilərə oxşayır. Hədiyyə sevən bir qadını, təbii ki, xoş sözlərlə yola vermək müşkül məsələdir. Əsas sevgi dilləri bir yerdə vaxt keçirmək, birlikdə iş görmək, hədiyyə almaq, xoş söz və xitablar (əzizim, sevgilim və s.) və fiziki təmasdır. Dialoq Ünsiyyətin başlıca forması dialoqdur. Dialoqun iştirakçıları ən azı iki nəfərdir. Ailədəki ünsiyyət monoloq şəklində yox, dialoq şəklində olsa da, əksər hallarda monoloqun çərçivəsindən kənara çıxmır. Məsələn kişi danışır, istəklərini bildirir, ancaq həyat yoldaşının ağzını açmağa imkan vermir. Halbuki, qarşı tərəfin danışmasına imkan vermək, onu dinləmək ona verilən dəyəri göstərir. Əri tərəfindən fikirləri dinlənilən qadın daha rahat və xoşbəxt olur. Empatiya qurmaq Empatiya özünü həm­söhbətin yerinə qoymaq bacarığıdır. Simpatiya isə bir adama və ya bir şeyə qarşı rəğbət bəsləməkdir. Bir insana simpatiya bəsləmək onun kimi olmağa çalışmaqdır. Qarşı tərəfə rəğbət edən insan onun sevincinə və kədərinə şərik olur. Empatiya isə fərqlidir, həmsöhbətə bənzəmək deyil, onu anlamaq istəyidir. Bir insanı anlamaqla ona haqq qazandırmaq eyni şey deyil. Empatiya zamanı insan qarşı tərəfi anlamağa, simpatiyada isə, anlasa da, anlamasa da, qarşı tərəfə haqq qazandırmağa çalışır. Bir sözlə, empatiya həmsöhbətə göstərilən anlayışın nəticəsidir. Ailədaxili ünsiyyətdə böyük əhəmiyyət daşıyan empatiya ailədaxili münasibətlərin möhkəmlədən əsas məziyyətlərdən biridir. Kişi və qadın həyata eyni “pəncərə”dən baxmaq məcburiyyətində deyil. Hərəsi öz pəncərəsindən baxmalıdır. Biri o birini özü kimi düşünməyə məcbur etməməlidir. Eyni hadisəni görən iki insan həmin hadisə haqqında fərqli düşünə bilər. Əvvəllki yazıda gətirdiyim sitatı bir daha xatırlatmaq istəyirəm “Evlilik “Mən”ləri qoruyaraq “Biz” ola bilmək sənətidir. Koqnitiv-bihevioral terapiyalar ailə və cütlüklərin terapiyasında da tez-tez müraciət edilən bir yanaşmadır. Rus fizioloq İvan Pavlovun şərti reflekslər nəzəriyyəsi ilə ortaya çıxan davranış yanaşmaları və davranışçı terapiya John B. Watson’un “Kiçik Albert” və Mary Cover Jones’un “Peter” keyzləri ilə fobiyanın müalicəsində istifadə edildi və ilk dəfə olaraq Joseph Wolpe uğurlu nəticələr əldə etdi, davranışçı terapiyada koqnitiv proseslərə “sirr” olaraq yanaşıldığı üçün əsas etibarilə davranışçı və ya indiki adı ilə klassik məruz buraxma, sistematik duyarsızlaştırma yolu ilə fobiya və agorafobi olan şəxslərdə tədbiq edildi. Digər tərəfdən, Masters və Johnson, cinsi funksional pozuntulara əsaslanan narahatlıqları bu psixoterapiya yanaşması ilə müalicə etdilər və ailə-cütlük, cinsi funksional pozuntuların müalicəsi üçün istifadə edilən yanaşmalar qrupuna Bihevioral(davranışçı) yanaşmanı da əlavə etdilər. Skinnerin rəhbərliyi altında şərtsiz reflekslərə cavab olaraq şərti reflekslərə əsaslanan operant öyrənmə nəzəriyyəsi ortaya qoyuldu. Operant öyrənmə xüsusilə uşaqlarda təsirli olub və uyğun olmayan davranışı neytrallaşdıraraq, yaxşı davranışı mükafatlandırmağa əsaslanır. Növbəti illərdə sosial öyrənmə nəzəriyyəsi, rol təkrarlanması və modelləşdirmə işləri davranışçı ailə terapiyası metodları kimi istifadə edilməyə başlandı. Koqnitiv-bihevioral terapiya, çox ümumi bir tərifdə; koqnitiv və davranış sferasında olan kənaraçıxmaların təhlili və müalicəsidir, insan davranışında müşahidə oluna bilən və ölçülə bilən dəyişiklikləri koqnitiv sferadan araşdırıb, düşüncələrin və duyğuların onları tənzimləmə gücünə malik olduğunu deyir. Psixoanalitik yönümlü psixoterapevtik yanaşmalardan bir çox cəhətdən fərqlənir. Koqnitiv-bihevioral terapiyalar problemin bir fil bənzəri şəxsin yaxınlığında olduğunu qeyd edir. Bundan başqa psixoanalitik terapiyada olan sərbəst assosiasiyalar, yuxu şərhlərinə Koqnitiv-bihevioral terapiyalarda rast gəlinmir. Evlilik və cütlüklər üçün Koqnitiv-bihevioral terapiyada əsasən ünsiyyət problemləri hədəf olaraq müəyyən edilir, toxunuşlar ünsiyyət probleminə səbəb olan düşüncə xətalarını aradan qaldırmaqdır. Terapevtik bağın qurulması təbii ki, uğurlu başlanğıc üçün başlıca məqamdır. O bağlılıq sayəsində sonrakı mərhələdə tərəflər əsas problemi danışacaq, ev tapşırıqlarını yerinə yetirəcəklər. Terapevtik bağ qurmadan texnika tədbiq etməyə can atmaq mənə bir çox fənni tədris etmiş Leyla müəllim Nuriyevanın ifadəsi ilə “Paltara görə düymə almaq əvəzinə düyməyə görə paltar tikdirməkdir”. Problem yaradan bir neçə təməl ünsiyyət xətalarına nəzər salaq. Dağıdıcı tənqid: Problemli münasibətlər adətən bir-birlərini günahlandıran və tənqid etməyə meylli olan partnyorlardan ibarətdir. Burada həyat yoldaşları tamamilə bir-birlərinin mənfi tərəflərinə diqqət yetirirlər və beləliklə, məkrli bir qavrayışla müsbətlər kənara atılır. Hər iki tərəf əslində əzab çəkir və dağıdıcı tənqidlər “havada uçur”. Misal üçün; “Sən məni incitməkdən zövq alırsan ”. Ümumiləşdirmə: Problemli cütlüklərdə ər-arvad bir-birinə mühakimə, tənqidlə yanaşmağa və ümumiləşmiş yanaşma etməyə meyllidirlər. Misal üçün; “Sən həmişə belə eqoistsən! “. Partnyorların tənqidi bəzən daha da irəliləyir və tərəflər bir-birlərinin şəxsiyyətlərini hədəf alan ifadələr işlədirlər. Bu, bir-birinin ailələrini tənqid etməyə qədər gedib çıxır. Misal üçün; “Sən həmişə belə eqoist olmusan, bu xüsusiyyəti anandan almısan! Bütün ailən belədir!“ Zehni oxumaq və Falçılıq : Burada həyat yoldaşları bir-birinin demədiklərini dediklərindən daha çox anlamağa çalışır. Deyilənlərin gizli niyyətini tutmağa çalışırlar. Misal üçün, “ Baxmayaraq ki, indi belə deyirsən amma əsas niyyətin məni alçaltmaqdır! ” “Səninlə heç vaxt danışmaq olmur, bir də bax, yenə hirslənirsən ! “ ya da “Bunları Dr.Mehmet Bəy dediyi üçün edirsən. O həqiqətən düşməyə bilər, amma mən bilirəm ki, bu davranışları ürəkdən etmirsən.” Keçmişdən nümunə göstərmək: Məsələn, “15 ildir hər dəfə eyni şeyləri edirsən” və ya “evliliyimizin ilk illərində çəkdiyim əzablar üçün səni heç vaxt bağışlaya bilmərəm “. Özünü tamamilə haqlı hesab etmək. Məsələn, “Bütün evliliyimiz boyu heç bir mübahisəyə mən səbəb olmamışam”. Tərəflərin öz davranışlarına görə məsuliyyətdən qaçması: Məsələn, “Sən məni o qədər özümdən çıxarırsan ki, mən bu səbəbdən güc tədbiq edirəm.” Çıxılmaz vəziyyət yaradan ifadələr: Məsələn, “İndi səy göstərirsən amma indi çox gecdir. Bunu 5 il əvvəl etməliydin. ” Məntiqdən silah kimi istifadə etmək: Məsələn, “Yaxşı, mənim məsləhət gördüyüm istiqaməti təkzib edəcək bir yol təklif et, sən dediyini edək.” Yoldaşlardan birinin psixoterapevt rolunu öhdəsinə götürməyi: Məsələn, “Sən indi narahatsan. Bunu başa düşürəm və bundan sonra doğru olanı tapmağa sənə kömək edəcəm.”. Burda situasiya sizə konflikt yaratmağa meylli gəlməyə bilər, amma diqqətlə baxdıqda rol oynayan tərəfin qarşısındakı şəxsə “Ən doğrunu mən bilirəm” mesajı verdiyini görə bilərik. Sağlam ünsiyyət mühiti yaratmaq üçün bir neçə texnika: • Həyat yoldaşınızın atdığı addımları təqdir etdiyinizi ona göstərin. • Birgə daha çox vaxt keçirin. Birlikdə problem həll etməyi öyrənin. • Həyat yoldaşınızın atdığı yanlış addımlara qarşı tolerantlıq sərgiləyin. • Fikirlərinizi yıxıcı formada deyil, öz fikrinizi ifadə edirmiş kimi ifadə edin. Unutmayın ki “nə dediyindən çox, necə dediyin önəmlidir.” Koqnitiv-bihevioral terapiyada interpersonal səviyyədə bir texnika: Burada ciddi və emosional yanaşma yerinə fikrinizi üzünüzdə təbəssümlə və incə formada bildirin. Basdırılmış emosiyanın aşkara çıxarılması üçün David Letterman texnikası: Burada qarşınızdakına onun söhbəti ilə həqiqətən maraqlandığınızı göstərir və ona təsir etmək əvəzinə danışdığı hər hansı mövzunu diqqətlə dinləyirsiniz. Bu partnyorunuza ona dəyər verdiyiniz mesajı verəcək, projektor işıqları onun söhbətinin üzərinə çevirin, ara-sıra dediyi cümləni sual formasında təkrar edin və ya “Bir dəqiqə, doğrudan belə bir hadisə baş verib?”, “doğrudan belə dedin?” kimi suallar verin. Ədəbiyyat siyahısı: 1. Beck, A. T. (1988) – Aşk asla yetmez, USA: Harper ve Row. 2. David D.Burns-Panik Atakda, Psikonet Yayınları 3. Ertuğrul Köroğlu – Akılcı duygulanım davranışçı terapi, HYB yayıncılık 4. Əbdül Əlizadə, Əkbər Bayramov – Sosial psixologiya, “Qapp Poliqraf”, Bakı, 2003 5. M. Faruk Bayraktar – Çocuk sevgisi üzerine Hz. Peygamberden mesajlar. 6. Mehmet Zihni Sungur – Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni 7. Mehmet Zihni Sungur – Sen, Ben ve Aramızdakı Her şey, İstanbul, Goa 8. Mehmet Zihni Sungur – Bağlanma, evlilik ve aile psikolojisi, s.326-340(Davranışçı Sistemik Evlilik Terapisi, Evlilikde İletişim ve Bağlanma),Sistem yayıncılık, 2010 9. Önder – Ailede iletişim konuşarak ve dinleyerek anlaşalım. 10. Üstün Dökmen – Sanatta və günlük yaşamda iletişim çatışmaları ve empati Psixoloq Nəsimi Qiyasov – 10. 04. 2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Diogen sindromu :Ayrılıqdan patologiyaya

Diogen sindromu məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir, niyə desəniz, mən bu cür cavab verərdim ki, Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil. Səbəbi: Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur. Göstəriciləri: • Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək. • Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları. • Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq. • Tibbi və sosial yardımı rədd etmək. • Mövcud yaşayış formasını normal qəbul etmək. İki növü vardır: A) Əlavə əqli problemin olmadığı birinci növ; B) Əlavə əqli problemlər ilə müşahidə edilən ikinci növ. Risk faktorları: Yaşlanma Sevimli şəxsin vəfatı ilə gələn yalqızlıq Özünə qapanma və sosial izolyasiya meylləri olanlar Demensiya Alkoqollu içkilər və narkotik maddələrə aludəçilik Beynin qərar qəbul etmədən cavabdeh mərkəzi – frontal korteksin zədələnməsi. Müalicə yanaşmaları: Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə  olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır. Ədəbiyyat siyahısı: 1. Amerikan Psikiyatri Derneği. (2013). Ruhsal bozuklukların tanı ve istatistiksel el kitabı. Beşinci baskı. DSM-V. 2. Masson, Barcelona. Gómez, I., Prieto, F. (2008). Diogenes sendromunun klinik formları. Yaklaşık üç vaka. [Elektronik versiyon]. Biyolojik Psikiyatri, 15 (3), 97-9 3. Marcos, M. & Gómez-Pellín, M.C. (2008). Yanlış adlandırılmış bir eponym hikayesi: Diogenes sendromu. Uluslararası Geriatrik Psikiyatri Dergisi, cilt. 23, 9. 4. Oğuz Tanrıdağ. 2014. Beyin ve Davranış İlişkileri Üzerine Konferanslar ve Dersler: 291-294 Nəsimi Qiyasov – 14.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Shell shock: Kişinin sosial rolu ilə imtahanı

Shell shock müharibə şəraitində davamlı artilleriya atəşinə məruz qalan əsgərlərdə müşahidə edilən stress reaksiyalarından biridir, combat stress reaction və.s kimi adlarla adlandırılsa da özü-özlüyündə travma sonrası stress pozuntusu sinfinə daxil olur və ayrılıqda haqqında nə çox danışılıb, nə də yazılmır. Mərmi şoku və ya shell shock termini ilk dəfə 13 fevral 1915-ci ildə İngilis psixoloq Charles S. Myers tərəfindən Lancet jurnalında yazdığı bir məqalədə istifadə edilmişdir. Fransadakı İngilis birliklərindəki əsgərlərin artan və səbəbi izah edilə bilməyən şikayətlərini şəxsən müşahidə edən Myers, əsgərlərin isterik və nevrotik ruh hallarına, həddindən artıq yorğunluğa, bədənlərinin hərəkətlərini tamamilə məhdudlaşdıracaq şəkildə qıcolmalara, sabit bir nöqtəyə yönələn və saatlarla davam edən baxışlara, müvəqqəti korluq, iştahsızlıq ilə müşahidə edilən problemə mərmi şoku adını verdi. Bunu əsgərlər ətrafında partlayan bombaların və uçan güllələrin yaratdığı bir psixoz kimi izah etdi. Myersin  psixoloji gərginliklərdən çox fiziki təsirlər diqqətini çəkdi: mərmi şokunun eşitmə, görmə, dad və qoxu kimi duyumları məhv etdiyini, bunun əsgərlərin yaşadıqları vəziyyətin izahı olduğunu iddia etdi. Ancaq Myers və onun köməkçiləri ilk mərhələdə görməməzlikdən gəldiyi bir məqam da var idi: Əlamətlər heç vaxt aktiv şəkildə döyüşməmiş, bomba və güllə altında özünü olmayan əsgərlər arasında da geniş yayılmışdı. Buna görə də, Myersin fiziki izahının etibarlılığı şübhə altına alınmağa başladı və zaman keçdikcə çatışmazlığı aşkar oldu; Qəlpə şokunun müalicəsi nisbətən asan bir bədən vəziyyəti olduğu düşüncəsi, müharibədə olan əsgərlərdə meydana gələn bir çox psixoloji narahatlığı təsvir etmək üçün istifadə edilən ümumi bir diaqnoz ortaya çıxdı “qorxu”. Bir müddət sonra Myers mərmi şoku yaşayan əsgərlərin vəziyyətini yaxşılaşdırmaq üçün onların bir müddət həmin silkələnmə və səslərdən uzaq qalmalı olduqlarını desə də təxmin etdiyiniz kimi ona heç kim qulaq asmadı və mövcud problemi sadəcə olaraq yayınma üsulu hesab etdilər. Əsgərlərin bir çoxu edam edildi, bəziləri isə elektro-şok və ya dilinin üzərinə siqaret basılaraq yenidən cəbhəyə göndərildi. Myers bu hadisələrə yanaşma tərzinə o qədər qəzəbləndi ki, hətta 1922-ci ildə bu cür problemlər yaşayan əsgərlərin müalicəsi üçün açılan xəstəxanaya öz araşdırmalarını verməkdən də imtina edir. Birinci dünya müharibəsi daha əvvəl yaşanan müharibələrdən fərqli olaraq bir çox texniki yeniliklərlə müşahidə edilən bir müharibə idi. Yeni mərmilər, yeni silahlar, tanış olmayan səslər o dövr əsgərlərdə insanın ən təməl instinkti olan həyatda qalmaq instinktini risk altında saxlayırdı. Bu səbəbdən yad situasiyada gərginlik, stress, təşviş, xroniki yorğunluq (nevrasteniya) kimi məqamların cəmi bu problemi ortaya çıxarmışdı. Burda bir digər və bəlkə də ən başlıca məqam gender problemi və onunla bağlı stereotiplər idi: “kişi qorxmaz”, “kişi darıxmaz”, “kişi yorulmaz”, “kişi döyüşməlidir” və.s kimi məqamlar amansız bir dilemma qarşısında qoyurdu əsgərləri. Qorxulu situasiya və ciddi təhdidi özündə birləşdirən xidməti fəaliyyət zamanı əsgərlər həm səs və yaralanmadan, ölümdən qorxur, həm də qorxduqlarını deməkdən və qorxduqlarını hiss etməkdən qorxurdular, qorxu və qorxudan qorxmaq əks qütblərini yaradan məqam insanın təməl instinkti və sosial kimliyi arasındakı dərin uçurum idi. Bu gün dünyaya insan hüquqları dərsi keçən ölkələr sonradan bu problemi yaşayan əsgərləri iki yerə ayırdılar “W” və “S”  qruplarına , birinciyə yaralıları daxil edib, ikinci qrupa “xəstələr” adı verdilər. Ağır yaralı olanları müalicə edib, “s”  qrupuna aid olanları taleyin ümidinə buraxdılar. Yəgin ki bu hadisələrin yaşanıb-yaşanmadığı hər biriniz üçün maraqlıdır, oxşar hal 1919-cu ildə Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən əsgərlər arasında da çox olmasa da yaşanıb, bu barədə Yücel Yanıkdağın Dr.Şükrü Hazımın qeydləri əsasında “Galiçya cəbhəsində döyüşən bir əsgərin oxşar problemlə İstanbulda Şişlidə yerləşən Lape Fransız xəstəxanasına gətirildiyi yazır. “Mərmi şoku” yalnız psixoloji bir problem deyil, daxilində gözardı edilə bilməyən müharibənin və insan təbiətinin məhsulu olan gözləntilərin, ümidlərin, məyusluqların, müharibənin içindəki acı həqiqətləri olduğu bir sosial patologiyadır. Cinsiyyət rollarının və rol gözləntilərinin yalnız qadınlar üçün deyil, kişilər üçün də son dərəcə çətin ola biləcəyinin acı  bir nümayişidir. Ədəbiyyat siyahısı: 1) Roper, M. “Between manliness and masculinity: The ‘war generation’ and the psychology of fear in Britain, 1914-1950”, Journal of British Studies 44 (2005): 343-362. 2) Stagner, A. “Healing the soldier, restoring the nation: Representations of Shell shock in the USA during and after the First World War”, Journal of Contemporary History 49 (2014): 255-274. 3) Yanıkdağ, Y. “I. Dünya Savaşı’nda Osmanlı askerlerinde harp nevrozu (savaş yorgunluğu) ve tıbbi yaklaşım”, Toplumsal Tarih 198 (2010): 70-76. Psixoloq Nəsimi Qiyasov – 27.04.2021, Azərbaycan Respublikası, Bərdə şəhəri

Adonis kompleksi: Kişi bədənindəki vəsvəsə.

Adonis (yun. Άδωνις)- Qədim Yunanıstanda və Finikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizindəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, Kipr və Lesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur. Antik incəsənətdə Adonis obrazı qəbirüstü relyeflərdə, həmçinin divar rəsmlərində və s. əksini tapmışdır. İntibah dövrü və barokko incəsənətində də Adonis ilə Afroditanın (Venera) məhəbbətindən və Adonisin ölümündən bəhs edən süjetlər həm təsviri sənətdə, həm də heykəltəraşlıqda geniş yayılmışdır. Niyə məhz “Adonis kompleksi”? “Adonis kompleksi”? termini ümumiyyətlə tibbi mühitdə istifadə edilmir, əksinə vigoreksiya daha məşhur bir termindir. Bu maraqlı ad Yunan mifologiyasından götürülmüşdür, Adonis kişi gözəlliyinin ali varlığı sayılırdı və mifologiyaya görə bədəni o qədər gözəl idi ki, hətta sevgi tanriçası Afroditanın sevgisini qazandı. Adonis kompleksi: əzələ dismorfiyası və ya tərs anoreksiya. Bu pozuntu artıq son təsnifatda obsessiv-kompulsiv pozuntu sinfindən ayrılan Bədən dismorfik pozuntusu sinfinə aid olan narahatlıq və kişi bədənindəki vəsvəsədir, problemdən əziyyət çəkən insanlar fiziki görünüşlərindən və xüsusən də kişi bədən görünüşünün maksimum dərəcədə iri və cazibədar olmasını təmin edəcək müxtəlif üsullara əl atırlar, əzələli bədəni əldə etmək yolunda davamlı olaraq obsessiv düşüncələr və yalnızca onların gözünə görünən, onları özlərinə olduğundan fərqli göstərən görüntülərdən əziyyət çəkirlər. Bu vəsvəsə və narahatlıq fərdi patologiyadan əziyyət çəkmək həddinə çatdırır. Demoqrafik vəziyyət: Problem ilə bağlı müraciət edənlərin çox olmadığını nəzərə alsaq bu bizə bunu deməyə əsas verir ki, Adonis kompleksindən konkret olaraq dünya əhalisinin neçə faizinin əziyyət çəkdiyini bilə bilmirik. Lakin İspaniya üçün aparılmış araşdırmalara əsasən əhalinin 700.000-ə(yeddi yüz min) yaxınında bu problemə rast gəlinir. Bu narahatlıq əsasən 15-35 yaş arası kişilərdə özünü göstərir. Səbəbləri. Bu pozuntunun dəqiq səbəbini müəyyənləşdirmək çətin olsa da, elmi araşdırmalar bir sıra amillərin Adonis kompleksinin yaranmasına səbəb ola biləcəyi qənaətinə gəlir. Bunlar aşağıdakılardır: 1. Aşağı özgüvən Özgüvəninin aşağı olması və zəif özünüqiymətləndirmə bu problemin həm səbəbidir, həm də nəticəsi. Əzələ kütləsi formalaşdırmağa çalışan insanlar bu şəkildə özlərini daha yaxşı hiss edəcəklərini düşünərək fiziki görünüşləri ilə bağlı çalışmalara o qədər qapılırlar ki, bəzən bütün həyat mənasını iri biceps və ya six pack formalaşdırmaqda görürlər. Daimi olaraq özləri ilə müharibə vəziyyəti, özünə tənqidi yanaşma və özünü zəif görmə kimi özünə yönələn düşüncələr kənar fikirlərin şəxsin həyatındakı rolunu artırır və bu vəsilə ilə şəxs zehni rifahdan uzaq düşür, daimi kənar təqdir və təhriflərə bağlılıq formalaşdırır. 2. Təsvir mədəniyyəti Təsvir mədəniyyəti və cəmiyyətin təşviq etdiyi dəyərlər, inanclar insanların ətraf mühiti necə şərh etdiyinə və özümüzə hansı meyarlara müvafiq dəyər verməyimizə təsir göstərir. Daim bizi pis hiss etdirən media ilə əhatə olunuruq Qərb gözəllik kanonu nəticəsində əldə edə biləcəyimiz real olmayan gözləntiləri qarşılamadıqda bəzən gərəksizlik hiss edirik. Maarifləndirici tədbirlər bu zəhərli dəyərlərə və inanclara qarşı durmağın ən yaxşı yoludur. Arnold Şvarsneqer, Lou Ferrigno, Jay Cutler kimi şəxslərin Adonis bənzəri kişilik simvolu kimi satılması və qavranması, bir sözlə, əvvəllər dəfələrlə qeyd etdiyim sosial öyrənmə və onun alt qrupu olan rol modeli mənimsəmə bu problemin də əsas səbəblərindən biri kimi qeyd edilə bilər. 3. Zorbalık ilə formalaşan şematik dövr (7-9 yaş) Bəzi insanlarda uşaqlıqda məruz qaldıqları fiziki şiddət onların ömür boyu davam edəcək inanclarını və ən pis halda yıxıcı inanclarını formalaşdırır, buna şemalar da deyə bilərik. Yoldaşları, yaşıdları tərəfindən fiziki şiddətə məruz qalan uşaqlar bəzən sonrakı həyat boyu eyni halların yaşanmamağı üçün daimi olaraq daha böyük və daha güclü görünmək adına addımlar atırlar, fiziki güc sahibi olmaq ilə buna gedən yolda anobolik steroidlərə baş vurmağa qədər qəzəblə qalxılıb, zərərlə oturulduğu bir məqamdır bu. 4. Mükəmməlliyyətçilik Təəssüf ki, biz bu cür insanlarda özlərinə qarşı “ən yaxşı olmaq və ya olmamaq” kimi qəddar bir tələblə müşahidə edilən düşüncələrə rast gəlirik, mükəməliyyətçilik özü öz daxilində emosional mükəmməllik, qavranılmış mükəmməlliyyətçilik kimi yıxıcı kök inancları birləşdirə bilirlər. Bu mükəmməlliyətçi yanaşmalar əsasən ailə təsiri ilə formalaşmış olsa da bəzən sosial şəbəkələrdə yer alan “bodybuilding motivation” videoları vasitəsi ilə də mənimsənilə bilir. Müalicə yanaşmaları haqqında danışacaq olsaq əlbəttə ki, ilk öncə şəxsin dəyişməyə olan istəyini qeyd etmək lazımdır. Bir çox vaxt şəxs mükəmməlliyi, yaxşı bədən quruluşuna sahib olmağı patoloji hal olaraq görmür, fərqindəlik sahibi olmadıqları halda şəxslərin könüllü olaraq müraciət etməsi bu problemdə nadir hallarda rast gəlinən bir məqamdır. Müraciət etdikləri halda isə Koqnitiv-bihevioral terapiya və Koqnitiv-bihevioral terapiyalar sinfinə daxil olan Qəbul və həsr olunmuşluq terapiyası elmi araşdırmalar ilə təsdiq edilmiş bir müalicə üsuludur. Lakin burada davranışı kəsmək deyil, əsasən şəxsin avtomatik düşüncələrini neyyrallaşdırmaq prioritet istiqamət olmalıdır. Çünki bəzən bütün güzgüləri yığışdırmağımıza rəğmən davamlı olaraq vəsvəsəli düşüncələr və onların yaratdığı təşviş aradan qalxmır. Əsas etibarilə düşüncə və duyğunun neytrallaşdırmaq davranışı da tənzimləyir. Psixoloq Nəsimi Qiyasov – 30.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Uşaqların öyrənmə prosesində idrak imkanlarından istifadə yolları

Müasir təlimin qarşısında duran ən əsas vəzifə - biliklər sistemini öyrənmə prosesində asan yolla mənimsətməkdən və onların idrak imkanlarını inkişaf etdirməkdən ibarətdir.        Təlim prosesi idrakın iki pilləsində - məntiqi idrak və hissi idrak vasitəsilə öyrənilir. Təlimdə müvəffəqiyyət qazanmaq bu iki pillənin qarşılıqlı fəaliyyəti nəticəsində qazanılır. Obyektiv aləmdəki cisim və hadisələrin mahiyyəti, onların daxili əlaqəsi, inkişaf qanunauyğunluqları idrakın məntiqi təfəkkür pilləsində dərk edilir, bu da əlbəttə idrakın canlı müşahidə pilləsi ilə, hissi idrakla dialektik sürətdə bağlıdır. Hissi idrak obyektiv aləmdə mövcud olan cisim və hadisələrin ayrı-ayrı zahiri tərəfləri, cəhətləri haqqında məlumat verir.        İdrak prosesinin daha yüksək və mürəkkəb pilləsi olan məntiqi idrak, hissi idrakın vermiş olduğu materialları yenidən işləyir, götür-qoy edir, süzgəcdən keçirir və nəticədə obyektiv aləm haqqında daha doğru , düzgün biliklər əldə etməyə imkan verir.         Məntiqi idrak prosesinin məzmunu müvafiq formalarda təzahür edir. Məfhum, hökm və əqli nəticə, məntiqi idrak prosesinin formaları hesab edilir. Məfhum, məntiqi idrakın elə bir formasıdır ki, burada əməli fəaliyyətin, təcrübənin verdiyi məlumatı fikrən ümumiləşdirir. Məfhum sözlərlə ifadə olunur. Dilimizdə istifadə etdiyimiz hər hansı söz, başqa xalqlarda, millətlərdə müxtəlif sözlərlə adlandırılır, lakin mahiyyət etibarı ilə həmin söz hər xalqda, millətdə eyni mənanı daşıyır. Xalqlar, millətlər öz düşüncələrinə uyğun mühüm əlamətlərinə görə fərqli adlandırmalarına baxmayaraq, yerinə yetirdiyi funksiya hər kəs üçün eynidir. Məfhumların adı olan sözlər bəşər cəmiyyətinin meydana gəlməsi ilə yaranmış, müəyyən zəruri ehtiyacdan doğmuşdur. Sözlər insanlara obyektiv aləmi və onun qanunauyğunluqlarını dərk etməyə imkan verir. Digər tərəfdən insanlar sözlər vasitəsilə bir-biri ilə ünsiyyətə girir və fikir mübadiləsi aparırlar. İ.P.Pavlova görə söz başqa qıcıqların çata bilməyəcəyi geniş təsir və əhatəyə malikdir.        Məntiqi idrak prosesinin ən geniş və ümumi forması hökmdür (mühakimə). Təbiət və cəmiyyətdə mövcud olan hər bir qanun elmdə hökm şəklində ifadə olunur. Təlimdə öyrənilmiş biliklər sistemi öz ifadəsini hökmdə tapır. Yəni toplanmış məlumatların ümumi bir cümlə şəklində söylənilməsi hökmün ifadəsidir. Bundan başqa hökm məntiqi idrakın elə bir formasıdır ki, bunun köməyi ilə nə isə təsdiq olunur, nə isə rədd edilir, bu isə obyektiv gerçəkliyi dərk etmək vasitəsidir. Hökmlər əsasında insan öyrəndiyi materialın mahiyyətini dərindən dərk etməyə yaxınlaşır.        Məntiqi idrakın, təffəkür fəaliyyət formalarından biri də əqli nəticədir. Dünyada mövcud olan cisim və hadisələrin, mürəkkəb və rəngarəng xüsusiyyətlərinin yüksək səviyyədə dərk olunmasında əqli nəticənin çox mühüm rolu vardır. Əqli nəticə elə təfəkkür formasıdır ki, burada insan əməli fəaliyyəti prosesində qazanmış olduğu bilik və bacarıqlar sistemindən istifadə edərək, yeni bilik əldə edir. İnsanın məntiqi idrakının yaradıcı xarakteri əqli nəticədə aydın sürətdə özünü göstərir. Məntiqi idrakın başqa formaları kimi, əqli nəticə də obyektiv aləmin, maddi gerçəkliyin şüurumuzda fəal, doğru və düzgün inikasından ibarətdir.         Məntiqi idrakın formalarını xüsusi ardıcıllıqla tətbiq etməklə müvəffəqiyyət əldə etmək olar. Fəallıq da idrakın formalaşmasında, inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa idrak fəallığının artırılmasında müasir təlimin qarşısında müstəqil düşünə bilən, təşəbbüskar, iş prosesində ortaya çıxan çətinliklərdən qorxmayan, onları təhlil etməyi və aradan qaldırmağı bacaran, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxslər yetişdirmək vəzifəsi durur. Bu mühüm vəzifənin layiqincə yerinə yetirilməsinə nail olmağın yolları çoxdur. Bunlardan biri də təlim metodlarının zamanın tələbinə uyğun təkmilləşdirilməsi xüsusi yer tutur.          Məktəblilərin idrak qabiliyyətlərini inkişaf etdirmək, yeniyetmələrin və gənclərin zehni fəallığını təmin etmək baxımından təlimdə problem situasiyanın yaradılmasının, bu situasiyanı təhlil edərək problemin irəli sürülməsinin və onun elmi zəmində həllinin rolu olduqca böyükdür. Məhz problem situasiya yaratmaqla öyrənmək, biliyi daxili ehtiyac və tələbat halına gətirməklə idrak prosesini fəallaşdırmaq olar. Yaranmış mənəvi tələbat insanı həyatı dərk etməyə, təbiəti öz ehtiyaclarına uyğun olaraq dəyişdirməyə, fəallıq göstərməyə təhrik edən başlıca motiv yerində çıxış edir.          Fəallıq anlayışı tədqiqatçıların gəldikləri nəticəyə görə, üç səviyyədə təzahür edir ki, bu da özünü təlim prosesində göstərə bilir. Bu səviyyələr reproduktiv-təqlidi səviyyə, axtarış elementlərinə malik olan icraçılıq səviyyəsi və yaradıcı səviyyədən ibarətdir.          Reproduktiv-təqlidi səviyyədə təlim zamanı bəşəriyyətin toplamış olduğu təcrübəni öyrənməkdən və nümunə əsasında tətbiq etməkdən ibarətdir. Deməli bu səviyyədə bilik hazır şəkildə təqdim olunur, əsas iş isə ondan ibarət olur ki, həmin biliyi mənimsəmək, yadda saxlamaq lazım gəlir. Bu da təlim prosesi üçün zəruridir, lakin kifayət deyildir. Reproduktiv-təqlidi səviyyədə qısa müddət ərzində çoxlu bilik əldə edilsə də, düşüncə tərzi zəif inkişaf edir. O mənada ki, yaddaşda mexanikilik yaranır, əzbərçilik xarakteri daşıyır, məntiqi idrak isə istifadə olunmur və fəaliyyətsiz qalır. Bundan sonrasında isə fəallığın ikinci səviyyəsi axtarıcılıq elemenlərinə əsaslanan icraçılıq səviyyəsi özünü göstərir. İcraçılıq səviyyəsində qarşıya standart nümunələrlə əlaqələndirilən suallar yox, irəli sürülən problemləri həll etmək məsələsi qoyulur. Onu həll etmək üçün isə müstəqil olaraq yollar axtarılır, həlli üçün ən faydalı üsul üzərində düşünülür, gərgin zehni axtarışa qoşulurlar. Fəallığın bu səviyyəsində təlim prosesində daha çox düşünülür, birinci səviyyədə əldə edilmiş biliklər zəminində yeni biliklər qazanmağa can atılır. Üçüncü yaradıcılıq səviyyəsində isə artıq problem həllini tapır və həmin problemin həlli üzərində yeni problemlər yaradılır, onların həlli yollarına baxılır. Təlim prosesində fəallığın səviyyələri ardıcıl öyrənməklə idrak fəallığı tam öz əksini tapır. İdrak fəallığı nəticəsində məntiqi təfəkkür formalaşıb, inkişaf edir və müvəffəqiyyət qazanmaq üçün zəmin yaradır.         Müasir didaktika üçün belə bir cəhət əsas götürülür ki, izahlı-illüstrativ yolla tədris olunan bilik nə qədər yaxşı çatdırılsa da, yaradıcı təfəkkürün və idrak müstəqilliyinin inkişafını təmin edə bilməz. Nəticədə müəyyən qaydalar, qanunlar şüurlu sürətdə mənimsənilmir, dəfələrlə təkrarlar sayəsində mexaniki sürətdə əzbərlənir. Buna görə də hafizə az-çox dərəcədə inkişaf etsə də, lakin ən mühüm idrak prosesi olan təfəkkür lazımınca inkişaf etmir. Məhz bunlar nəzərə alınmaqla, təlim prosesində lazımi elmi biliklər verməklə yanaşı, müşahidəçilik, müstəqil və fəal düşünmək və.s kimi idrak qabiliyyətlərin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Müstəqil öyrənmək üçün hər şeydən əvvəl qarşıya müəyyən məsələlər qoymaqla, həmin məsələlərin həlli yollarını, üsullarını tapmaq bacarığı qarşıya qoyulur. Bu məqsədlə də dərin müşahidəçilik, məsələnin mahiyyətinə nüfuz etmək qabiliyyəti inkişaf etdirilməlidir. Müşahidə şüurlu sürətdə təşkil olunmuş qavrayışdır. Bu da idrak prosesinin təfəkkürün inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Müşahidə zamanı fəallığı təmin etmək də zəruri sayılır.          Fəal təlim isə - öyrənilən biliyə, məlumata maraq, hər şeyi öyrənmək həvəsi, təşəbbüskarlıq, biliklərə yiyələnməyə iradi cəhd və təkidlilik yaradır. Təlim fəallığının həyata keçirilməsini təmin edənlər içərisində, tədris prosesində axtarıcılığı təşkil etmək də mühüm yer tutur. Eyni zamanda fəallıq əsasən iki şəkildə özünü göstərir. Bunlardan biri fikri fəallıqdır. Fikri fəallıq prosesində müxtəlif müqayisələrdən, uyğunlaşdırılmalardan, ümumiləşdirilmələrdən geniş istifadə olunur. Digəri isə hərəki fəallıqdır ki, hərəki fəallıq zamanı həmin cisimlərlə, əşyalarla bilavasitə əməli sürətdə təmasda olmağa meyl yaranır.          Təlim prosesində müstəqil iş üçün tapşırıq vererkən onun davam edecəyi vaxt dəqiq müəyyənləşdirilməlidir. Ona görə də müəllim tapşırığın həcmini, onun şagirdlərin yaş səviyyələrinə uyğun öyrənilmə müddətini də nəzərə almalıdır. Tədqiqatlar və məktəb təcrübəsi göstərir ki, I sinif şagirdləri üçün müstəqil iş 7-10 dəqiqə ərzində məhsuldar xarakter daşıyır. II-III siniflərdə isə şagirdlərin müstəqil iş zamanı fəallıq müddəti 15-17 dəqiqə olur. Bu baxımdan idraki proseslərin müstəqil iş zamanının fəallıq müddətini müəllimlər nəzərə alaraq tapşırıqlar verməlidirlər. Bu da təlimin keyfiyyətinin yüksəldilməsinə təfəkkürün fəallıq göstəricisinin artırılmasına gətirib çıxaracaqdır.           Ömrünün 35 ilini ali sinir fəaliyyətinin fiziologiyasını öyrənməyə sərf edən İ.P.Pavlov baş beyin yarımkürələri fəaliyyətinin obyektiv qanunauyğunluqlarını müəyyənləşdirmiş və ən qədim dövrlərdən bəri dərkedilməz sayılan idrak fəaliyyətini eksperimental metodlarla izah etməyə müvəffəq olmuşdur. O, sübut etmişdir ki, psixika, ruhi fəaliyyət adlanan fəaliyyətin bütün formaları, öz mahiyyətinə görə yalnız reflekslərdən ibarətdir.           İ.P.Pavlov elmi-fizioloji cəhətdən sübut edərək göstərmişdir ki, idrak prosesi baş beynin inikas etdirici fəaliyyətin qanunauyğun məhsuludur. Baş beyin orqanizmlə onu əhatə edən xarici mühit arasında rabitə orqanıdır.           İdrakın ziddiyyətli xarakter daşımasına dair Pavlov tərəfindən söylənilmiş fikirlər maraqlıdır. O göstərmişdir ki, insan ağlının iki meyli bir-biri ilə yanaşı gedir. Bunlardan biri insanın yeni-yeni həqiqətlər aşkara çıxarmaq meyli, digəri isə idrakın haradasa qurtarması faktıdır. Pavlov göstərir ki, insan abstrakt təfəkkür pilləsində, bir tərəfdən, gerçəklikdən uzaqlaşır, digər tərəfdən də hadisələr arasındakı vasitəli rabitələri, onların mahiyyətini və qanunlarını aşkara çıxarmaq imkanı əldə etməklə gerçəkliyə yaxınlaşır.           Pavlovun fikrincə, həqiqi idrak həmişə əməli məqsədlər güdür. Əməli iş prosesində insanın vəzifəsi obyektiv aləmin qanunlarını dərk etməkdən və həmin qanunları öz fəaliyyətinə müvafiq şəkildə yönəltməkdən, tətbiq etməkdən ibarətdir. Bunu da onunla əsaslandırır ki, orqanizm baş beynin inikasetdirici fəaliyyəti vasitəsilə xarici aləmin saysız-hesabsız təsirlərinə cavab verir və daim dəyişməkdə olan xarici mühit şəraitinə uyğunlaşır. Ayxan Hüseynli Naxçıvan Müəllimlər İnstitutunun  psixologiya müəllimi,doktorant

Azərbaycan qadını romantik münasibətlərdə: Fədakarlıq, yoxsa travmalı bağlılıq?

Münasibətlərdə “Stokholm sindromu”. Azərbaycan qadını romantik münasibətlərdə: Fədakarlıq, yoxsa travmalı bağlılıq? Travmalı bağlılıq fenomeni Stokholm şəhərində baş verən bir bank soyğunçuluğuna əsaslanır. Bu bank soyğunçuluğu zamanı işçilər əsir götürülür. Ancaq tədqiqatçılar əsir götürülən şəxslərin əsirlikdə olduqları müddətdə soyğunçularla emosional bağlarının inkişaf etdiyini müşahidə edirlər. Əsirlərin yaşadıqları bu vəziyyətə “Stokholm sindromu” deyilir. Stokholm sindromu travmalı bağlılıq konsepsiyası ilə əlaqəli olsa da, travmalı bağlılıq, istismar və zorakılıq kor çarxını əhatə edən münasibətlərdə ikili bağlanma prosesidir. Travmalı bağlılıq tez-tez istismara və ya şiddətə məruz qalan şəxsin getdikcə gücsüz, köməksiz və həssas hiss etdiyi münasibətlərin müşayiəti ilə inkişaf edir. Ancaq travmalı bağlanma barədə daha ətraflı danışmadan əvvəl, travmatik bağlanmanın inkişafına səbəb olan dövr haqqında danışaq. Toksik münasibətlərdə, cütlüyün konflikt yaşamağı üçün bir stimul ola biləcək təcrübələr yaşandıqda ortaqlar arasındakı gərginlik artır. Təcavüzkar tərəfdaşını bu stimula görə günahlandırır və yaşadıqları gərginliyi fiziki və ya emosional şiddətə müraciət edərək daha da artırır. Lakin, bəzi hallarda, bu gərginlikdən sonra şiddətə üz tutan şəxs özünü peşman olmuş kimi göstərə bilir və ya bağışlanmaq üçün jestlər etməyə başlayır. Şiddətə məruz qalan şəxs isə təcavüzkarın yaxşı niyyətli olduğunu və səhvini başa düşdüyünü düşünür və partnyorunu bağışlayaraq münasibətə davam edir. Ancaq bu bir kor çarxa çevrilə bilər və partnyorlar bu kor çarxda tələyə düşə bilərlər. Bu dövrdə, xüsusilə təcavüzkarın üzr istədiyi və özünü bağışlatmağa çalışdığı zamanda, zorakılığa məruz qalan şəxslərdə köməksizlik hissi yarana bilər. Bəs niyə bu tip münasibətlərdə olan biri bu kor çarxı görmür və ya bu münasibətdə qalmağı seçir? Münasibətlərində şiddət və təcavüzə məruz qalan bəzi insanlar bunun birdəfəlik bir davranış olduğuna inanır və bu hadisədən sonra təcavüzkarın yaşadığı peşmanlıq, əzilən tərəfin bu inanclarını gücləndirir. Tərəfdaşlar arasındakı bağlılıq da bu müddətdə güclənir. İstismarın birdəfəlik bir şey olmadığını və ona zərər verildiyini anlayan insan üçün təəssüf ki, bu əlaqəni bitirmək asan olmaya bilər. Çünki bu müddətdə münasibətlərdəki travmatik təcrübələri özündə birləşdirən bağlar artıq güclənmiş olur. Sualımıza bir başqa cavab da öyrənmə nəzəriyyəsindən gəlir, istismar edilən şəxslərin həqiqətləri görməməsi üçün müxtəlif “manipulyasiyalara” əl atılmasıdır. Bunu qaça bilməyəcəklərini düşünən istismara məruz qalan şəxslərdə “acizlik freymi” inkişaf edir və bununla da onlar münasibətə davam etməyi seçirlər. Ümumi bir koqnitiv təhrif, istismara məruz qalanlar tərəfindən istismarın inkar edilməsi və ya önəminin aşağı salınması da bu cür münasibətlərin davam etməsinə səbəb ola bilər. Münasibətlərdə gücün qeyri-bərabərliyi artdıqca və təcavüzkarın həqiqətən onların qayğısına qaldığına dair inam formalaşdıqca, istismar edilənlər özlərini günahlandıra bilər və istismar edəni yaxşı, özlərini pis kimi görə bilərlər. Bu, fərdlərin özünə inamını və özünə hörmətini azalda bilər və bu münasibətdə qalma ehtimalını artıra bilər. Şükranlıq hissi bildirmək istəyirəm ki, işimin nəzəriyyə qismini tamamladım, yazdığım məqaləyə “işim” deyə müraciət etməyimə səbəb olduğu üçün Elvin Mabuda (Bu sənin tədqiqat işindir, “araşdırdıq” yox, “araşdırdım” yaz- demişdi) təşəkkür edir və şəxsi fikirlərimi bildirmək istəyirəm. Kor çarx necə yaranır? Hakan Türkçapar “Fark et, düşün, hiss et, yaşa!” kitabında bu prosesi belə ifadə edir: Bir sabah işə gedəndə qapının kilidinin əvvəlki kimi bir dəfə çevrildikdə yox, iki dəfə çevrildikdə bağlandığını görürsən, o biri gün isə üç cəhddə, daha sonra beş cəhd, sonra on cəhddə və beləcə sən rituallaşmış davranış sərgiləyir “Bu dəfə bağlanacaq” deyə-deyə hər gün 10 dəqiqəni qapının önündə açar çevirərək keçirirsən. Bu kor çarxdır. Münasibətlərdə də bir ömür bəzən bir insanın sizin istədiyiniz insana çevriləcəyini gözləməklə keçir. İlk tanış olduğunuz zamanlarda sizə çox yaraşdığını dediyi donunuzu geyinməyə icazə vermir. Siz hadisəyə özünüzə məxsus məna yükləyirsiniz “məni sevir və başqalarının nəzərindən qorumaq istəyir”. Və ya başqa situasiyaya diqqət yetirək, sizin bir tələbə və ya iş yoldaşınızla söhbətinizə şahid olur və əvvəllər sizin ən çox sevdiyiniz yönünüz kimi qeyd etdiyi ünsiyyətcilliyinizi sorğulayır “deməli mən səni xoşbəxt edə bilmədiyim üçün sən başqa emosional bağlar qurur, dostlar qazanmağa çalışırsan, eybi yoxdur.”. Siz burda koqnitiv təhrif olaraq “günahlandırma”nın bir növü olaraq özünüzü günahlandırırsınız. Burda yenə siz psixoloji zorakılığa qurban gedən olduğunuz halda özünüzü cəllad hesab edirsiniz, ortada bir “gözüyaşlı manipulyator” var, sizin anlayacağınız sevgi yenə aranızdakı münasibətə “əli üzündə” baxır. “Böyütmə və kiçiltmə, yaxud Durbin effekti” Bir gün cənab evə gəlir, işdə yorulub, sabah qonşu ilə marketə gedəcəyinizi deyirsiniz, “Sən özbaşınasan?” sualı ilə rastlaşırsınız, “Sən məşğul olursan, işdə olursan, uşaqlara və evə alınacaq olanlar var”, məqsəd qalır mərkəzdən uzaqda cənab sizə “Mən sizə baxmaq üçün işləyirəm”deyir, siz də bu vaxtı əsas mövzudan uzaqlaşır və “İmkan versən mən də işləyərdim” deyirsiniz, cənab kreslodan qalxır, pultu stolun üstünə atır və sizə zərbə endirərək “Mən sizə baxa bilmirəm? İndi də deyəcəklər ki, Alı “arvadı”nı işlədir?”. Bu ilk dəfə baş verən hadisə deyil, siz gecə olanları yenidən xatırlayır və belə bir nəticəyə gəlirsiniz ki, o sizə sizi düşündüyü üçün əl qaldırıb, “Məni düşünür, insanların haqqımda mənə layiq olmayacaq nə isə deyəcəyindən ehtiyat edir, məni özünə aid edir”. Qeyd edilən keysdən də göründüyü kimi burada xanım situasiyanı real tərəfini kiçildir, qeyri-real və ya özünün mənalandırdığı məqamı isə böyüdür. Nəticədə siz sizə zərər verən insanı “mələk” kimi qəbul etdiyiniz halda bütün digər insanları ümumi bir tərəzi ilə dəyərləndirir və şərin mənbəyini kənarda axtarırsınız. Uzun sözün qısası, müəllim, nə edək biz? İnsanlar bir münasibətdə olduğu zaman yaşadıqlarının adını tam olaraq bilmədiyi müddət ərzində ya “qurban”, ya da “cəllad” rollarını ifa edirlər. Qarşılarındakı insanların azadlığına aşiq olub, sonra o insanın ətrafına “tikanlı məftil” çəkirlər. Bu cür toksik münasibətlər bizlərə zaman itkisi və özgüvən itkisi yaşatdığı halda heç nə qazandırmır. Bu yolda qazanc yalnız bir halda mümkün ola bilər. Necə? Mövcud münasibətlə bağlı inancımızı yenidən qiymətləndirməklə. Bunu etməyiniz üçün sizə faydalı olduğunu düşündüyüm bir texnikanı nümunə olaraq qeyd edəcəm. Bu texnika həm “yıxıcı inanclar”ı, həm də “avtomatik düşüncə”ləri təyin etməyə, onun fayda və zərərlərini araşdırmağa xidmət edir. 1. Əvvəlcə düşüncə izlənilir. Situasiyanı xatırlayır və özümüzə “Hal-hazırda nə düşünürəm?” sualını veririk, o Düşüncəni vərəq üzərində qeyd edirik. 2. Əgər düşüncəni tapmaq çətindirsə: A. Bu hadisəni xatırladıqda özümü necə hiss etdim? B. Belə hiss etməyimə səbəb nədir?- sualını verərək “avtomatik düşüncə”ni təyin edirik. 3. Düşüncəni bir vərəqin yuxarısına qeyd edirik. 4. Bu situasiyanı dəyişmək üçün “səbr etmək”dən başqa alternativ çıxış yolları haqqında düşünürük. Bu alternativ yolu “dəyişmək” şərti adı ilə qeyd edin. Vərəqi iki hissəyə ayırın. Məqsəd: Dəyişmək Fayda: 1. Daha psixoloji və ya fiziki bir zorakılığa məruz qalmayacağam. 2. Dostlarımla münasibətlərim mənasız qısqanclıq səbəbindən korlanmayacaq. 3. Ayrılsam da, tək qalsam da ən azından yanlış insanın yanında olmaqdan daha yaxşıdır. 4. Kim bilir, bəlkə də bir gün qadın cinayətinin birinə də mən qurban gedəcəyəm, nə qədər ki, yaşayıram həyatımın qeydinə qalmaq borcumdur. 5. Məni həqiqətən anlayan insanlara rast gələ bilərəm. Zərər: 1. Onu sevirəm, ayrı qalmaq çətin olacaq. 2. Bəlkə peşman ola bilərəm. Mənbə: 1. Reid, J. A., Haskell, R.A., Dillahunt-Aspillaga, C. & Thor, J.A. (2013). Contemporary review of empirical and clinical studies of trauma bonding in violent or exploitative relationships. International Journal of Psychology Research, 8(1), 37-73. 2. Dutton , D. G., & Painter, S. L. (1981). Traumatic Bonding: The development of emotional attachments in battered women and other relationships of intermittent abuse. Victimology: An International Journal, 7(4), 139-155 3. Dutton, D. G., & Painter, S. (1993). Emotional Attachments in Abusive Relationships: A Test of Traumatic Bonding Theory. Violence and Victims, 8(2), 105-120. Psixoloq Nəsimi Qiyasov - - 29. 03.2021 Azərbaycan, Bərdə şəhəri.

Obsessiv kompulsiv pozuntu:Düşüncə sən deyilsən.

Obsessiv-kompulsiv pozuntu: Düşüncə sən deyilsən. Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur. Kompulsiya – pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu Qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar). Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir14. Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır Obsessiv-kompulsiv pozuntuya nə səbəb olur? OKP-nin İnkişaf etmə şansı bu simptomlara yoluxmuş şəxslərin birinci dərəcəli qohumlarında (ana, ata, bacı, qardaş, övlad) daha çox müşahidə oluna bilər. Belə ki, burada bəzi genetik elementlər ola bilər. Lakin indiyə qədər OKP ilə bağlı heç bir gen tapılmayıb. Obsessiv-kompulsiv pozuntuya kimlərdə rast gəlinir? OKP İstənilən yaşda yaşana bilər, əsasən, 19-30 yaşlararası*, həmçinin uşaqlarda da inkişaf edə bilər. OKP-yə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir*. *Obsessiv-kompulsiv pozuntuya qadınlarda daha çox rast gəlinsə də Obsessiv kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusuna kişilərdə daha çox rast gəlinir. *Obsessiv kompulsiv pozuntu üçün hazırki başlanğıc yaş 12-dən 7,5-ə düşmüşdür. Obsessiv-kompulsiv pozuntuya necə diaqnoz qoyulur? OKP-yə diaqnoz qoyulması üçün daha təfsilatlı qiymətləndirməyə ehtiyac duyulur. Bu, həkiminiz tərəfindən yerinə yetirilə bilər. Qiymətləndirmədə sahib olduğunuz obsessiv fikirlər və kompulsiyalar, onların sizə və gündəlik həyatınıza necə təsir etməsi dəyərləndirilir.  Olur ki, Siz tez-tez və çox yuyunasınız?  Olur ki, Siz dəfələrlə nəyi isə yoxlayasınız?  Olur ki, Siz əşyaları müəyyən qaydada yığmağa meyil edəsiniz?  Olur ki, Sizi incidən hansısa bir fikirdən azad olmaq istəyirsiniz, lakin bacarmısınız?  Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir və çalışırsınız ki, bu barədə düşünməyəsiniz?  Olur ki, ev işləri çox vaxtınızı alsın, hansı ki, bitirməkdə çətinlik çəkirsiniz?  Bu problemlər Sizin həyatınıza, məsələn, cəmiyyətdə işləməyə, ev işlərini görməyə, yaxınlarınız ilə münasibətə mane olur? Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu(Obsessive Compulsive Personality Disorders - OCPD) olan şəxslər tamamilə nəzarət altında olmayan hər mövzuda çarəsizlik hiss etmək, daima nizam-intizam, “qayda-qanunlar”, maksimalist, məqsədinə çatmaq üçün mübarizə aparan, dəyişikliyə qarşı ciddi müqavimət göstərirlər. Bu şəxsiyyət pozuntusu OKP(obsessiv-kompulsiv pozuntu) nevrozu ilə qarışdırılsa da əslində bir – birindən tamamilə fərqlənir. Fərd, gündəlik həyatında mədəniyyətin ona təqdim etdiyi normalar xaricində davranış nümayiş etdirərsə, bu nümayişlərin şəxsiyyət üzərində dramatik təsirləri ola bilər. Psixoloqlar yuxarıda sadalanan şəxsiyyət pozuntularını anlayır və fərqli kateqoriyalara bölür, bu problemlərdən əziyyət çəkən insanlara kömək etməyi bacarırlar. Aşağıdakılardan dördünün ya da daha çoxunun olmağı ilə müəyyənləşən, gənc yetişkinlik dövründə başlayan və fərqli zaman və şəraitlərdə ortaya çıxan, elastiklik, açıqlıq və məhsuldarlıq bahasına nizamlılıq, mükəmməlliyyətçilik, zehni və münasibətlər arası münasibətlərdə kontrol etmə üzərinə baş yormaq: 1- Görülən işin məqsədini unutduracaq dərəcədə detallar, xırdalıqlar, qaydalar, siyahılar, sıralamalar, təşkil etmə və ya proqramlama ilə məşğul olur. 2- İşin yekunlaşmasını çətinləşdirən mükəmməlliyyətçilik göstərir (məs.: özünəməxsus hədsiz qatı meyarları reallaşmadığı müddətcə işini tamamlaya bilmir). 3- Asudə vaxtlarını dəyərləndirmə fəaliyyətlərindən və dostlarından məhrum qalacaq dərəcədə özünü işə və ya məhsuldarlığa həsr edir (mədəni və ya dini identifikasiya ilə izah edilməz) 4- Əxlaq, dürüstlük və ya dəyərlər kimi mövzularda vicdanın səsini hədsiz dinləyər və elastiklik (flexibility) göstərməz. 5- Xüsusi bir dəyəri olmasa da köhnəlmiş ya da dəyərsiz şeyləri əldən çıxarda bilmir. 6- Başqaları, eynilə özünün etdiyi kimi etməyi qəbul etmədikcə, vəzifə bölgüsü etmək və ya başqaları ilə birlikdə işləmək istəməz. 7- Pul xərcləmək mövzusunda həm özünə, həm də başqalarına qarşı xəsis davranır: pulu gələcəkdə ortaya çıxa biləcək fəlakətlər üçün yığılmalı olan bir şey kimi görür. Obsessiv Kompulsiv Şəxsiyyət Pozuntusu ailə kökü • Uşağı müəyyən standartlara uyma şərtləri ilə “sevən”, şərtlərlə sevgi göstərən ata-ana, • Qaydalara riayət etməməyin fəlakətlə nəticələnəcəyi inancını yerləşdirən hadisə və mövqelər, • Ata-ananın dominant olduğu, duyğuların basdırıldığı ailələr. • Qaydalar və standartlara riayət edilmədiyində utanc və tənqidlə uşağı manipulyasiya edən ata-ana. • Özü haqqında təməl inanc: • Dünyam kontroldan çıxa bilər! Digərləri haqqındakı inancı: • Digər insanlar məsuliyyətsiz ola bilər! • İnsanlara güvənmək olmaz! Ara inancları: • Əgər mən tamamən kontrol etməsəm, dünyam alt-üst ola bilər. • Əgər qəti qaydalarım və planım olarsa, işlər yolunda gedər. • Doğru və yanlış davranışlar, qərarlar və duyğular vardır. Bihevioral strategiya:  Hadisələri olanı möhkəm şəkildə kontrol etmək.  İnsanları sərt formada kontrol etmək. Həddən aşan olan strategiyaları:  Kontrol etmə arzusu  Məsuliyyət hiss etmə  Sistemliliyə sadiqlik Duyğular: Təşviş və depressiya. İki diaqnozu fərqləndirən xüsusiyyətlər bundan ibarətdir ki, obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən şəxs obsessiv-kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusundan əziyyət çəkən şəxsdən fərqli olaraq mövcud olan bir problemin fərqindədir, əlamətlərin narahatedici olduğunu bilir, müalicə üçün can atır. Obsessiv-kompulsiv şəxsiyyət aksentuasiyası pozuntusundan əziyyət çəkən şəxs isə əksinə, davranışlarını “olmalı olan” kimi qəbul edir, bunu anomaliya yox, norma hesab edir. Bu şəxsiyyət özəlliklərinə sahib olan şəxslər adətən mövcud bir problemin olmadığını düşündükləri üçün onların müalicəsi hər vaxt rast gəlinən bir hadisə deyil, sadəcə müraciət etmirlər. Obsessiv kompulsiv pozuntuda özü-özünə yardım üçün bir neçə koqnitiv davranışçı texnikaya diqqət edək: 1. Obsessiv-kompulsiv şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə obsessiyaların “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır. 2. Obsessiya stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. OKP çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “Obsessiya stansiyasında” “istirahət” üçün 10 dəqiqə vaxt ayırır, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir. 3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və bu üsulla da tədricən dünən bəhs etdiyim qorxu nərdivanınızı qurmaqdır. 4. Sistematik və ya birbaşa üzləşmə: psixodinamik terapiyaların tərəfdarları daim məruzburaxmaların qalıcı xəsarətlər yaradacağına dair əsaslı dəlillər tapacaqlarına ümid ediblər. Halbuki “məhəbbət xəstəliyinin” müalicəsi belə bizə ya həmin şəxsdən çox-çox uzağa getməyi, ya da ona tam yaxında dayanmağı tələb edir, dolayısı ilə üzləşmə şəxsi narahat edən qeyri-funsional düşüncələrin qulyabani deyil, sadəcə müqəvva olduğunu şəxsə göstərir. Sistematik üzləşmədə bir neçə qorxulan məqamdan danışılır, bu məqamlar 40-100% şiddətlə dəyərləndirilir, ən aşağı şiddətli təşviş yaradan düşüncədən əsas qeyri-funsional düşüncəyə qədər bir neçə həftəlik proqram hazırlanır. Birbaşa üzləşmə isə düşmən düşüncələrin cəbhə dərinliyinə girmək və elə birbaşa əsas problem yaradan Obsessiya ilə üzləşməyi, bu zaman təşvişin şkala üzrə artmasını bir neçə dəqiqə sonra enən xəttə keçməyini müdafiə edir. Ədəbiyyat siyahısı: 1.Amerikan Psikiyatri Birliği, Ruhsal Bozuklukların Tanısal ve Sayımsal Elkitabı, Beşinci Baskı (DSM-5), Tanı Ölçütleri Başvuru Elkitabı’ndan, çev. Köroğlu E, Hekimler Yayın Birliği, Ankara, 2013. 2. Arthur Freeman-Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Atolye çalışmaları, 22-23 eylül 2013, Psikoterapi enstitüsü, 2013 3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Obsessiv kompulsiv pozuntuların müalicə və diaqnostikasına dair tibbi protokol, Bakı, 2015 4. David D.Burns-Panik Atakda, Psikonet Yayınları 5. David Klark, Purdon-Takıntılarla başa çıkmak, Psikonet Yayınları 6. Greenberger, Christine Padesky-Evinizdeki terapist: klinisyenin el kitabı, Altın kitaplar yayıncılık 7. https://www.google.com/amp/s/shebnemsadigova.com/2018/05/04/sp-c/amp/ 8. https://psixoloq.az/article/shexsiyyet-pozuntulari-shexsiyyet-davranishin-qeyri-iradi-sferasinda Psixoloq Nəsimi Qiyasov—06. 04. 2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Xroniki empatiya və düşüncə aludəçiləri.

Xroniki empatiya və düşüncə aludəçiləri. Düşüncə dedikdə ağıla ilk gələn aforizm “Düşünürəm, elə isə varam”dır. Müasir fəlsəfənin atası René Dekart, bu məşhur sitatla illər əvvəl düşünməyin insan üçün önəmini vurğulamışdır. Bir şey haqqında düşünmək beyin təlimi baxımından çox vaxt faydalıdır, amma düşüncələrimizi idarə etmək çətin ola bilər, səssiz olsaq da, bəzən beynimizdə düşüncələrin fırlanmasının qarşısını ala bilmirik, hər şey nəzarətdən çıxır, getdikcə daha gərgin oluruq və bu hal bir müddət sonra təbii olaraq müxtəlif növ psixoloji, eləcə də psixosomatik narahatlıqlara səbəb olur, psixosomatik narahatlıq dedikdə psixoloji narahatlıqların bir müddət sonra fizioloji narahatlıqlara səbəb olmağını nəzərdə tuturuq. Overthinking deyilən düşüncə bağlılığı fəaliyyətdə kəskin azalma, ünsiyyət problemləri, yuxu və qida qəbulu kimi müxtəlif problemlərlə özünü göstərir. Problemin səbəbini araşdırmaq özü-özlüyündə çətin bir prosesdir, çünki bu cür insanlar hər hansı bir ağrı, hər hansı bir qida qəbulu pozuntuları ilə bağlı vəziyyətlərinin fərqinə varsalar belə düşünməyin nə kimi, problem olduğunun fərqində olmurlar. Bu konsepsiya xroniki hal alaraq bəzən insanların həyatı üçün təhlükə yaradır. Hamımız müəyyən vaxtlarda həddindən artıq düşünür və narahat hiss edirik, lakin bu hisslərin də bir həddi olur. Yenidən eyni məqamları düşünmək, eyni fikri davamlı şərh və təhlil etməyə aludəçilik bu problemin ayrılmaz hissəsidir. Düşünməyə meylli insanların tez-tez həyat keyfiyyətlərində enmələr görünür və dəfələrlə eyni hadisələri düşünmək, ssenarilər yaratmaq ilə bağlı tələbat nəzərə çarpır. Belə insanlarda təşviş , stres artır, qorxu, ümidsizlik, ruh düşkünlüyü baş qaldırır, yaşadıqları anın dadını çıxara bilmirlər. Beləliklə, gündəlik həyatda performansı və motivasiyası get-gedə azalır. Xroniki empatiyanın rolu: özgə oduna yanan pərvanələr. Empatiya nədir? Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. “Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır. Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Empatlar çox həssas insanlardır. Hər şeyi hiss edirlər və duyğularını səmərələşdirməyə daha az meylli olurlar. Onlar üçün hissiyyat görmək, eşitmək qədər önəmlidir, olmazsa olmaz bir parçaları halına gətirdikləri bu xüsusiyyət onları zaman-zaman yaralayır. Yad ağrıları öz ağrıları kimi hiss edər və bəzən heç fərqində olmadan başqalarının problemləri üçün çıxış rolu axtardıqlarını görə bilərsiniz. Xroniki empatiya deyə adlandırdığım bu problemə Türkiyə türkçəsində olan mənbələrdə sadəcə “Empat” deyirlər ki, mən bunu qəbul edib yaza bilmirəm, çünki empat insan zatən empatiyanın keyfiyyət olaraq daşıyıcısıdır, bəs gəlin görək əsas fərq nədən ibarətdir? Burda özümüzü qarşımızdakının yerinə qoyub anlamaqda heç bir kənaraçıxma yoxdur, çünki bunu həssas və ya İnsan-İnsan peşə qruplarına aid şəxslər asanlıqla bacarır, lakin bunu edərkən onlarda davamlı baş ağrıları, günlər, həftələr ərzində davam edən ruh düşkünlüyü müşahidə edilmir, xroniki empatiyanın daşıyıcıları isə əksinə başqa dərdlərə köklənir, şəxsi problemlərini heç hesab edir, dərslərində, işlərində geriləyir, düzgün yuxu və qida rejimini itirirlər, bir sözlə öz həyatlarını səssizcə alır, başqa birinin ağrılarını həmin şəxsin özü və hətta bəzən ondan da çox hiss edirlər. Xroniki empatiyadan əziyyət çəkən insanların problemin fərqinə varmaqları bəzən zaman alır, bəzən isə ümumiyyətlə bunu şəxsiyyət keyfiyyəti olaraq qəbul edərlər və heç bir yardım almağa ehtiyaclarının olmadığını düşünürlər. Xroniki empatiyadan əziyyət çəkən şəxsin vəziyyətinin fərqinə varması psixoloqdan emosiya mərkəzli yanaşma tələb edir, burada hekayələr qurmağa ehtiyac ola və ya Rasional emotiv koqnitiv canlandırmalara ehtiyac duyula bilər: “Gözlərini yumub müharibədə olduğunu, hər tərəfdən üzərinizə mərmilər və güllələrin yağdığını xəyal et! Topların gurultulu səsi qulaq batırır, hava qaralmağa doğru gedir, izburaxan güllələr gecə vaxtı uçan May böcəyi kimi işıq saçır. Qırmızı, yaşıl güllərin havada uçduğunu görə bilirsən? Bu vaxt lap yaxında bir mərmi partlayır və tanış bir səsin kömək istədiyini görürsən. Bu səndən kömək istəyən kimdir? Hansı sənə yaxın olan insan gəldi ilk olaraq ağlına? Onun üzünü tam detalları ilə təsvir etməyə çalış, ayağından yaralanıb, qəlpə əzələyə tuş gəlib və onu xilas etmək mümkündür. Bu vaxt necə davranardın? Xilas etmək yolu olaraq nə gəlir ağlına? Ən yaxşı üsulu tapıb onun yanına gedib onu ordan çəkib çıxarmaq, yoxsa onun dərdi üçün ağlayıb onu da özünü də taleyin ümidinə buraxmaq? Hansını etsən daha faydalı ola bilərsən, ağıllı çıxış yolu ilə silahlanan sən, yoxsa emosiya ilə yüklənən sən bu zaman daha faydalı olarsan? Zaman gedir, bu gün üzərindən həll etmədən keçdiyimiz məsələlər test kitablarında üzərindən keçdiyimiz suallar kimi natamamlıq yarada bilər, hər kəsə kömək etmək mümkün deyil, amma başqa ağrıları özününkü kimi hiss etmək, yoxsa birlikdə problem həll etmək qarşımızdakı və bizim üçün daha faydalı ola bilər? Yaxşı bir plan qur və dostunu xilas et!” Bu tapşırıq özü-özlüyündə qorxulan görüntü texnikasına oxşayır, lakin xroniki empatiyada istifadə üçün onun üzərində biraz modifikasiya işi görmüşəm. Klassik modeldə də, mənim təklif etdiyim müharibə metaforası modelində də məqsəd yaşanan hadisəyə uzaqdan nəzər salmaqdır. Çünki xroniki empatiya odun mərkəzində dayanmaq və səslərə köklənməkdirsə bu texnika, “müharibə metaforası” hadisələri kənardan izləyib nəticə çıxarmaqdır. Düşüncə bağlılığı yaşayan şəxslər(bundan sonra overthinker) üçün seçdiyim bir neçə texnikanı problemin həllinə kömək məqsədi ilə sizinlə paylaşmaqdan məmnunluq duyuram. 1. Overthinker şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə düşüncələrin “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır. 2. Overthinking stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. Düşüncə aludəçiliyi çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “overthinker stansiyasında” “istirahət” üçün 10 – 30 dəqiqə vaxt ayırırıq, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir əsas məqsəd, çünki iradi səy ilə aralıq düşüncədən əsas düşüncə həddinə gətirilən düşüncələr bir müddət sonra adiləşir. 3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və onlarla üzləşdikcə onların əslində maket canavar olduğunun fərqinə varmaqdır. Psixoloq Nəsimi Qiyasov – 19.04.2021  Azərbaycan Respublikası, Bərdə şəhəri

Sən, mən və travma.

Sən, mən və travma.  Travma bir insanın həyatı üçün birbaşa təhdid və ya başqa bir insanın həyatı üçün bir təhlükənin şahidi olduğumuz halda inkişaf edən bir narahatlıqdır. Əslində travmatik hadisələrin ümumi tərifi yoxdur. Təbii fəlakətlər, istismar, təcavüz, qətl, terror aktları və s. Kimi məqamlar travmaya səbəb ola bilər. Bir insana travmatik təcrübən olan bir hadisə başqalarının baxış prizmasından çox normal həyat hadisəsi sayıla bilər. Travma ilk növbədə fizioloji bir prosesdir, sonra duyğu və qavrayış, düşüncə fonunda inkişafı onu psixoloji problem olaraq ortaya çıxarır. Korreksiya edilə bilən travmatik hadisələrin ən çətin forması 0-6 yaş arasında meydana gələn vəziyyətlərdir, soruşulduqda, fərd bu xatirələri xatırlamaqda çətinlik çəkir, ancaq şüur bu anları dönə-dönə yaşayır. Travmaya “əlverişli olan” ikinci mərhələyə biz yeniyetməlik dövründə rast gəlirik, bu dəfə hadisələr dumanlı olsa da, daha yaddaqalan olur, daha asan xatırlanır, lakin yenə də baş verəni tam xatırlamaq nadir hallarda mümkün olur. Elmi araşdırmalara baxdığımız zaman, ‘bu hadisələr açıq bir şəkildə xatırlanarsa, bu travma olmazdır” yanaşmasına rast gəlinir, deməli tam xatırlanmaya imkan verməməklə şüur hardasa özünü qorumağa çalışır. Travma başqa bir çox təşviş pozuntularında olduğu kimi, həyata güvənsiz bir yermiş yanaşması ilə müşahidə edilən və davamlı olaraq yenidən həmin travmatik təcrübənin yaşanacağı ehtimalı ilə insana rahatlıq verməyən bir psixoloji narahatlıqdır. Bir müştərimin ifadə etdiyi kimi deyəcək olsam “Nəsimi, mən qorxmaqdan qorxuram.”, qorxu əslində özlüyündə funksional bir duyğudur, insanı məhv olmaqdan qoruyan bir emosiyadır. Mənim müştərimin yaşadığı isə Koqnitiv-bihevioral yanaşmada, yıxıcı kök inancları sinfində yer alan “Emosiya fobiyası” dır, emosiya fobiyası yaşayan şəxslər davamlı olaraq “Bu qədər qorxmamalıyam”, “Bu qədər narahatlıq yaşamamalıyam” kimi amiranə ifadələrlə özlərinə yanaşdıqları üçün deməli travma özü-özlüyündə həm də şemanın məhsulu olaraq ifadə edilə bilər. Əlbəttə ki, daha böyük bir rolu burda bizim hadisələrə yanaşma və onları qavramaq formamız tutur, çünki həyat olduğu kimi deyil, bizim onu qavradığımız kimidir. Psixologiya elminə tərif verdikdə də Azərbaycan dilində olan ədəbiyyatlarda tərifin ilk hissəsi bu cür yazılır “Psixologiya obyektiv aləmin subyektiv inikası olub... “, yəni ümumi mənzərənin sənin, mənim, onun pəncərəsindən görünən hissəsi bizim psixikamızı formalaşdırır. Ailədaxili münasibətlərdə şiddət bir travma mənbəyi kimi. Yuxarıda qeyd etdiyim kimi travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir. Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur. Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq:Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik. Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar. Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır(Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanaması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla tərəfi olduğu münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir. Psixoloq Nəsimi Qiyasov – 21.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri.

Tanınmış psixoloq Doğan Cüceloğli evində ölü tapıldı

Tanınmış Türkiyəli psixoloq və yazar Doğan Cüceloğlunun meyiti, İstanbulda yaşadığı evdə aşkar edilib. Psixoloq.az xəbər verir ki, 83 yaşlı psixoloqun ölüm səbəbi hələ bəlli deyil. Hadisə yerinə gələn polislər araşdırmaya başlayıblar. Qeyd edək ki, Doğan Cüceloğlu 1938-ci ildə Mersinin Silifke qəsəbəsində çoxuşaqlı ailənin 11-ci övladı olaraq dünyaya gəlib. İlk təhsilini Ankarada alan Doğan Cüceloğlu, daha sonra İstanbul Universitetinin Psixologiya Fakültəsindən məzun olub. ABŞ-da Doktoranturada təhsilini davam etdirən Doğan Cüceloğlu, dünyanın bir çox ölkəsində konfrans və seminarlarda çıxış edib. Mərhum alim "Yeniden insan insana", "Savaşçı", "Geliştiren Anne-Baba" İnsan və Davranışı və.s. kitabların müəllifidir.

“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans

Psixoloq.az bildirir ki,“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  6-7 mart 2021-ci il tarixlərində “21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.  Konfransın həyata keçirilməsində məqsəd ailə institunun möhkəmləndirilməsini, qadın və uşaq hüquqlarının qorunmasını, ölkədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslaşmasını və psixologiya sahəsinin inkişafını təmin etməkdən ibarətdir. Konfrans 2 gün olmaqla 6-7 mart tarixlərində Zoom proqramı vasitəsilə həyata keçiriləcək. Konfransda Türkiyə və Rusiyanın tanınmış psixoloq, psixoterapevt və həkimləri bir sıra aktual mövzularda çıxış edəcəklər. İştirakçılar Beynəlxalq Sertifikatla təltif ediləcək. Konfrans çərçivəsində aşağıdakı mövzular haqqında çıxışlar ediləcək: Təranə Paşayeva  – Klinik psixololoq, psixologiya üzrə fəlsəfə doktoru – “Travma və yas terapiyası” Marina Borisovna – Tibb və Psixologiya elmləri doktoru – “Ailə psixologiyası” Umut Kısa – Fəlsəfə doktoru, təlimçi və yazar – “Uşaq və yeniyetmələrdə rəqəmsal asılılıq” İqor Dobryakov – Psixiatr, Tibb elmləri doktoru – “Perinatal psixologiya” Elmira Mirzəyeva – Psixologiya üzrə fəlsəfə doktoru – “Sağlam uşağı dünyaya necə gətirməli?” Banu Bostancı – Klinik Psixoloq – “Gizli hamiləlik” Atanur Akar – Psixoloq, fəlsəfə doktoru – “Yeniyetməlik dövrünün psixoloji problemləri” Obengül Ejder – Tibb elmlər doktoru, psixoterapevt – “Uşaqlıq dönəmində cinsi istismarın yetkinlik dövrünə təsiri və qarşısının alınması” Anna Fedorova – Tibb elmlər doktoru, professor –  “Cinsi terapiyanın əsasları” Ətraflı məlumat və qeydiyyat üçün: 050 899 46 48

Distant təhsilin sosial - psixoloji təsirləri – Rəşad Bayramov

Psixoloq.az Ictimai.az a istinadən bildirir ki,ötən ilin mart ayından etibarən “COVİD-19” pandemiyası səbəbindən orta və ali təhsil müəssisələrində ənənəvi təhsilə ara verilib. Təbii ki, qarşıda duran əsas məsələlərdən biri də təhsil prosesinin distant formada olsa belə, davam etdirilməsi idi. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu metoddan demək olar ki, istifadə edilməmişdi və ilk dəfə kütləvi olaraq, ölkədə distant təhsil formasından istifadə edilirdi. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda distant təhsilə ən qısa zamanda start verildi, lakin müəyyən problemlər ortaya çıxdı. Bu problemlərlə bağlı həm vətəndaşlar, həm də Təhsil Nazirliyi mütəmadi olaraq fikirlərini bildirib. Ümumi olaraq qeyd etməliyik ki, ilk vaxtlarla müqayisədə ortaya çıxan müəyyən problemlər daha sonra aradan qaldırılıb. Pandemiyanın kəskin şəkildə artmasının qarşısının alınması və insanların sağlamlığının qorunması üçün bağlanan təhsil müəssisələrin fonunda distant təhsil insanlara sosial və psixoloji olaraq necə təsir etdi? Daha öncə bu formada bir təhsil metodundan istifadə edilmədiyi və planlar xaricində, gözlənilməz formada distant təhsilə keçid, istər müəllimlər, istərsə də şagird və tələbələrdə müəyyən sosial, psixoloji narahatlıqları ortaya çıxarıb. Ümumilikdə 1 milyondan çox müəllim və şagird, tələbə yaradılan imkanlardan faydalanmasına baxmayaraq, tədris prosesinin distant formada həyata keçirilməsi istər şagirdlərin, istərsə də müəllimlərin inkişafına və onların davranışlarına təsirsiz ötüşməyib. İlk dəfə olaraq ölkə ərazisində kütləvi şəkildə tətbiq olunan distant təhsil müəllim və şagirdlərdə adaptasiya problemi yaradıb, müəyyən çətinliklər səbəbindən onların təhsil prosesinə marağının azalmasına gətirib çıxarıb və motivasiyalarına təsir edib. Mütəmadi apardığımız sorğular və müzakirələr göstərir ki, distant təhsil forması ilə bağlı cəmiyyət arasında fikir ayrılıqları mövcuddur. Bir qisim insanlar distant təhsil prosesini bəyənsələr də, əksəriyyət bu metoddan razı deyil. Diqqət edilməli digər bir vacib məsələ isə dərslərə qoşulan tələbə və şagirdlərin dərsə marağının formalaşmasıdır. Bir çox şagird və tələbələr dərslərə qoşulsa da, dərs prosesində aktiv iştirak etmir, davamiyyət üçün qoşulurlar. Bəs bu problemləri hansı formada aradan qaldırmaq olar? Burada məsuliyyət həm şagird və valideynlərin, həm də müəllimlərin üzərinə düşür. Şagirdlərin qapalı məkanlarda uzun müddət qalması, dostları və sinif yoldaşlarından ayrı olması onların sosial, psixoloji inkişafına öz təsirini göstərib və əlavə olaraq da müəllimlərin onlara verdikləri tapşırıqların  çoxluğu, çətinliyi və vaxt məhdudiyyəti üzərindən əlavə yaranan gərginlikləri aradan qaldırmaq üçün valideynlər də bu prosesdə iştirak etməlidirlər. Övladları üçün daha rahat və sakit bir ortam yaratmalı, çətinliklərlə üzləşdikdə onlara dəstəklərini göstərməli, müəyyən nəticələrini mükafatlandırmalıdırlar.  Uzun müddət ekran başında olan şagird və tələbələrdə diqqət dağınıqlığı problemləri ortaya çıxır. Valideynlər bu məsələyə həssas yanaşmalı, onlarla daha çox vaxt keçirməli, telefon, televizor və digər vasitələrdən uzaq durmalı, başqa aktivliklərlə boş zamanlarını dəyərləndirməlidirlər. Qeyd etdiyim məsələlər onlarda özgüvənin artmasına və motivasiyalarının yüksəlməsinə zəmin yaradacaqdır. O cümlədən, müəllimlərin də yeni şəraitə uyğunlaşmasında üzləşdiyi çətinliklər onların emasional davranışına təzahür edib. Bu davranışlar bəzən dərs zamanı özünü büruzə verir və müəllim-şagird münasbətlərində göstərir. Müəllimlərin daha təmkinli olmalı, dərsə başlamadan öncə və dərs zamanı rahatladıcı ifadələrdən ibarət cümlələrdən istifadə etməlidir. Doğrudur, zaman məhdudiyyəti var, lakin bu cür amillər dərs zamanı yarana biləcək emosionallığı aşağı sala bilər. Yeniyetməlik və gənclik dönəmi olduqca stressli və qayğılı bir dönəmdir. Qeyd etdiyimiz istiqamətdə yarana biləcək istənilən sosial, psixoloji problemləri həll etmək üçün birgə fəaliyyət göstərmək lazımdır. Burada müəllim-şagird-valideyn “piramida”sı xüsusilə önəm daşıyır. Bu səbəbdən mümkün olduğu qədər səbrli və anlayışlı şəkildə pandemiyanın sona çatması istiqamətində öz şərtlər və imkanlarımız daxilində dəstəyimizi göstərməliyik. Rəşad Bayramov “GələcəkSƏN” təlim və inkişaf proqramının rəhbəri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

Erkən nikaha təhrik edilmiş uşaq gələcəkdə… – Psixoloq

Bu günlərdə Gürcüstanın azərbaycanlılar yaşayan Soğanlıq kəndində iki yeniyetmənin nişan mərasimindən çəkilmiş videonun sosial şəbəkələrdə yayılması hər iki ölkədə gündəm oldu. Xüsusən, azərbaycanlı sosial media istifadəçiləri bu mövzuda geniş müzakirə və mübahisələr apardılar. Gürcüstanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı hərəkətə keçərək, hüquqi müstəvidə araşdırmalara başlayıblar. Amma, bu məsələ daha çox bizim – Azərbaycan xalqının problemidir. Gürcüstanlı soydaşlarımız arasında bu köhnə, ibtidai adət hələ də qalır. Azərbaycan Respublikasının bəzi regionlarında da erkən nikah praktikası mövcuddur. Mövzunu Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovilə müzakirə etdik. Psixoloq bildirdi ki, erkən nikahlar təhsilsiz və mühafizəkar ailələrdə daha çox müşahidə olunur: “Səbəb odur ki, həmin ailələr bir növ öz talelərini övladlarına yaşadırlar. Mənə görə, bu, psixoloji kasta sistemidir. Yəni, insanlar öz talelərini bir-birlərinə ötürürlər. Yenilik, hər hansı dəyişiklik qəbul olunmur”. R.Nəcəfov bu praktika ilə mübarizə aparmaq üçün nümunələrin göstərilməsini vacib hesab edir: “Cəmiyyətin müəyyən hissəsi fədakarlıqlar etməlidir. Nümunələr söz yığınından ibarət olmamalıdır. Nümunələri rəqəmsal platformalarda, əyani şəkildə həmin insanlara göstərmək lazımdır. Psixoloji tərəfdən isə fərdi və qrup görüşləri təşkil etmək olar ki, bu görüşlər ilk olaraq ailələrlə reallaşmalıdır. Çünki, onları psixoloji maarifləndirmək vacibdir”. Mütəxəssisin sözlərinə görə, erkən nikaha sövq edilən uşaqların çox ciddi psixoloji travmaları yaranır: “Bu isə bir müddət sonra patoloji hal alır. Patoloji hal aldıqdan sonra həmin uşağın həyata baxışı tamamilə qaranlıq olur. Erkən nikaha təhrik edilmiş uşaq gələcəkdə öz uşağını da erkən nikaha təhrik edir. Bu, bir növ estafet kimi bir ailədən, digərinə ötürülür. Həmin pataloji hal baş verdikdən sonra onun mütləq psixoloqa və psixokonsultasiyaya ehtiyacı olur. Postnatal depressiya anlayışı var. İnsan erkən nikaha təhrik olunduqdan, evlilik baş verdikdən və uşaq dünyaya gətirdikdən bir müddət sonra görür ki, həyat əvvəlki kimi olmayacaq. Onun həyatla bağlı fəaliyyəti əslində, fəaliyyətsizliyi olur. Sadə dillə ifadə etsək, həyatını yola verir. Belə olduğu halda, bir müddət sonra bu, intihar hallarına gətirib çıxarır. Biz müqayisələr aparsaq, görərik ki, xanımların intihar etməsinin səbəblərindən biri, məhz onun keçmişdə erkən nikaha təhrik edilməsidir. O, artıq həyatdan küsüb, TV-də, sosial şəbəkələrdə və ya digər insanların simasında alternativ həyatlar görür. Məsələn, kimsə təhsil alıb, karyerası var, cəmiyyətdə nüfuz sahibidir, onun həyatı isə tamamilə qaranlıqdır, heç bir çıxış yolu yoxdur. Onun üçün artıq heç bir uğur hekayəsi yoxdur”. Psixoloqun fikrincə, biz cəmiyyət olaraq erkən nikahlara yox deməli və buna qarşı mübarizə aparmalıyıq: “Bununla bağlı müzakirələr çox olmalıdır. Hər zaman belə hadisələrin niyəsini izah etmək lazımdır. Bütün bunlar gələcək üçün çox təhlükəli bir amildir. Erkən nikaha təhrik edilmiş uşaqların böyütdükləri övladlar da cəmiyyət üçün faydalı olmur, çünki, təhsilsiz bir ailədə böyüyür. Düzdür, istisnalar var. Amma, istisnalar qaydanı pozmur. Bir özünüz düşünün, həmin uşağın böyütdüyü uşaq nə ola bilər? Biz məsələyə çox real yanaşmalıyıq ki, özü uşaq olan şəxs uşaq böyüdə bilməz. O, öz uşaqlığını yaşamadan, öz arzularını reallaşdırmağa, başqa bir insanın formalaşmasına öz töhfəsini verə bilməz. Biz bunları izah etməliyik”. Psixoloq onu da əlavə etdi ki, erkən nikaha məcbur edilmiş uşaq gedib ailədə zorakılıqla da rastlaşır: “Fərqi yoxdur: o, ya fiziki, ya da psixoloji zorakılıqla qarşılaşır. Belə olanda o bilməlidir ki, tək deyil, qanun var, ona dəstək olacaq ictimai qurumlar və dövlət var. Bununla bağlı təbliğatı, maarifləndirməni gücləndirmək lazımdır”. R.Nəcəfov maarifləndirmə işində müqayisələrin aparılması və nümunələrin göstərilməsinin vacibliyini vurğuladı: “Məsələn, hər hansı qısa və ya tammetrajlı film təqdim edilə bilər ki, orada həmin hekayə əks olunsun və ona baxanda yeniyetmə öz həyatı ilə bağlı qərarlar verə bilər. Hansısa bir uğur qazanmış və hekayəsi olan insanlarla görüşlərin təşkil olunması, onların çıxışlarının yayılması, ictimai müzakirələrin təşkili və orada xüsusilə də, xanımların iştirakı yaxşı olar. Gələcək anaların təhsilli olmasının vacibliyi vurğulanmalıdır. Bir növ, valideynlərə və cəmiyyətə müraciət olunmalıdır ki, övladlarınıza iqtisadi yük kimi baxmayın, övladlarınıza dəyər verin ki, o, sabah yıxılanda ayağa dura bilsin. Çünki, valideyn əbədi deyil. Sən kimisə yarımçıq formalaşdırıb, natamam olaraq cəmiyyətə buraxa bilməzsən. O, sabah cəmiyyətdə özünə yer tapa bilməyəcək və başqalarının da həyatına böyük maneə olacaq. Biz həm də ona görə cəmiyyətin dəyişməsini və rəngli düşünməsini istəyirik ki, insanların həyatı bir-birilərinə maneə yaratmasın”. Ülviyyə Şahin 

Psixiatriya və"CIN" çıxarma

Həytanızın elə bir dönəmi olubmu ki, sizə dua cadu edildiyini, göz dəydiyini düşünəsiniz?Psixoloq.az Sinir.az a istinadən bildirir ki, əgər belə bir şey olduğunu düşünübsünüzsə siz tək deyilsiniz.Azərbaycan əhalisinin təxminən 18 % caduya, 15% cinlərə, 47% isə bəd nəzərə inanan insanlardan ibarətdir.Rəqəmlər dünyanın ən nüfuzlu və güvənilir araşdırma şirkətlərindən olan American Pew - ün uzun illər üzərində işlədikdən sonra yayımladıqı İslam araşdırmasındandır. Araşdırma 1 milyard 600 milyon müsəlmanın yaşadıqı 39 ölkədə 38 min nəfər insanla üzbəüz görüşülərək həyat keçirilmişdir.Anket nəticələrinə görə müsəlmanların 85-100 % Allaha və Hz.Məhəmmədə (s.ə.s) inanır.Buna baxmayaraq Quran və hədislərdə tez - tez adı hallanan cin, cadu, bədnəzərə inanma faizi müxtəlif ölkələrdə ciddi mənada dəyişkənlik göstərir.Cin nədir? Cəmiyyət olaraq cin və ya caduya inanmaqımızın, məntiqlə izah olunmayan hər bir hadisədə falçı , cindar qəbuluna getməyimizin səbəbi nədir?Yəqin çoxunuza dərədən keçərkən təsadüfən cin toyuna düşən və üzərində yaglı əl ləkəsi olan , eləcə də hər gün tərli çapılmış atın üzərində bir gün “hal” arvadının geri dönməsi nağılları danışılıb.Bəzi nağıl danışanlar hətta bunun nağıl yox həqiqətən də keçmişdə bir qohumumuzun başına gəldiyini israrla söyləyirdilər.Şüuraltı belə travmatik hadisələrə doldurulan uşaqın, birazca da aşağı təhsil alma ehtimalını da göz önünə gətirsək yəqin ki, “cin” rəqəmlərin yüksək olması səbəblərindən biri üzə çıxacaqdır.Bu məqalədə cin və cinçıxaranlar haqqında həm elmi həm də dini tərəflərinə toxunmaqa çalışacam.Cin sözünün kökü ərəbcə “cənnə” sözündəndir mənası örtmək, gizləmək anlamındadır. İslamdan öncəki dövrdə gözlə görünməyən, məntiqlə izah olunmayan hər şeyi cinlərlə izah edilir və ya cin deyirdilər.Bu mənada xəstəlik törədən bakteriyalar, insan orqanizmi üçün zərərli olan və gözlə görünməyən şüalar da cin adlandırılıb və xəstəliklərin məhz onlar tərəfindən törədildiyini inanılıb.Qurani- Kərimdə “Cin” surəsi olmasına baxmayaraq, Allah Bəqərə surəsi 102 ci ayəsində ( eləcə də Nahl 16/72, Rad 30/21) “Allahın izni olmadan kimsəyə zərər verməzlər” buyurur. Müqqəddəs kitabın falçı, cadugərlər haqqında belə buyurduqdan sonra onların xəstəlik yartadıqına, bədlik gətirdiyinə inanmaq nə dərəcədə doğru bir davranışdır?Məsələnin bir də psixiatrik tərəfi vardır. Bir insan içində “cin” olduqunu , onları gördüyünü və səslərini eşitdiyini, cinlərin onu kənardan idarə etdiyini söyləyirsə bunların psixotik əlamətlər olduqunu hallüsinasiya və ya sayaqlama fikirləri olma ehtimalını unutmamalı və söyləyən şəxsin olduqca ciddi psixiarik xəstəlikdən əziyyət çəkdiyini bilməliyik. Həkimlik fəaliyyətim boyunca onlarla belə xəstə görməyimə baxmayaraq müşahidə etdiyim bir şey var ki, xəstə yaxınları dərmanlarla bərabər özlərinin inandıqı molla və ya ekstraseansa yazdırdıqı caduları və qəribə aksesuarları xəstənin üzərinə taxmaqa, “oxunmuş” suları xəstələrinə içirməkdən çəkinmirlər. Ən qəribəsi isə xəstə sağaldıqdan sonra dərmanlardan dah çox həmin “şəfalı suyun” burda rolu olduqunu düşünürlər.Sonda isə sizə təqdim edəcəyim bu diaqnostik kriteriləri diqqələ oxuyun. Oxuduqda isə kimləri düşünəcəyinizi, kimləri gözünüzün önündə canlandıracaqınızı bilmək heç də çətin olmayacaq. Əksəriyyətimiz bu adamların yanında olub onların “xidmətlərindən” istifadə etmişdir.DSM - IV-R diaqnostik kriterilərinə görə "Şizotipal şəxsiyyət pozuntusu". Görün efirlərdə, ətrafınızda bunlardan nə qədərdir.1. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun gəlməyən əcaib inanclar. Məsələn: batil inanc, "qeybdən xəbər vermə" yə “vergi verildiyinə” inanma, telepatiya ya da "altıncı hiss", cin çıxarma, xəstə sağaltmaq2. Əcaib düşünmə forması , geyim və danışıq tərzi.Məsələn: uzun saç, çoxlu üzüklər, qəribə boyunbağılar və akssesuarlardan isttifadə3. Ehtiyatlılıq ya da paranoid düşüncə4. Uyğunsuz ya da məhdud əhvah -ruhiyyə Müəllif: Psixiatr Orxan Fərəcli

Onlayn terapiya effektivdirmi?

Onlayn psixoloji dəstək və terapiya xidmətləri ölkəmizdə sürətlə yayılmağa davam edir. Bu vəziyyət bəzi müzakirələrə səbəb olur. Bəzi mütəxəssislər online müalicənin alışılmış olan üz üzə müalicə qədər təsirli ola bilməyəcəyini, online müalicədə terapevtik əlaqənin qurulmasının daha çətin olduğunu müdafiə etməsi ilə birlikdə online psixoterapiyanın təmin etdiyi üstünlüklər onu insanlar üçün cazibədar hala gətirir. Şəxsi təcrübəmə görə üz-üzə psixoterapiyada tətbiq olunan anlayış, etik qaydaların eyni zamanda online müalicədə də rahatlıqla tətbiq olunması mümkündür. Onlayn terapiyanın üstünlükləri haqqında bir az danışsaq: Əgər işləyirsənizsə, sıx bir iş tempiniz varsa və yalnız müəyyən saat aralıqlarında terapiya alma imkanına sahibsinizsə, online terapiya götürmək sizin üçün bir üstünlük ola bilər.Eyni zamanda, nəqliyyat probleminiz varsa, şəhərinizdə terapiyaya müraciət etmək üçün uyğun bir mütəxəssis yoxdursa və başqa bir şəhərə getməyiniz lazım gəlirsə, həm vaxt, həm də nəqliyyat xərclərinə qənaət edə bilərsiniz. Ayrıca, növbə gözləmək kimi vaxt itkisinə səbəb olacaq vəziyyətlərdən xilas olacaqsınız.Özünüz və ya terapevtiniz başqa bir yerə köçsəniz, terapevtinizi dəyişdirmədən onlayn olaraq seanslarınızı davam etdirə bilərsiniz.Həmçinin, nəzərə alsaq ki psixoterapiyanı aparan şəxsin sizinlə eyni kültürdən olması və eyni ana dili danışır olması terapetik bağın qurulması üçün çox önəmlidir, bu zaman xarici ölkələrdə yaşayan insanlar üçün öz ölkələrindən bir psixoterapevtlə onlayn terapiya çox faydalı olar.Fiziki məhdudiyyəti olan və ya evdən çıxa bilməyənlər də onlayn terapiya ilə asanlıqla terapiya ala bilərlər. Bu gün terapiya saatları xaricində bir çox terapevtlə əlaqə saxlamaq çox çətindir, ancaq onlayn terapiya mütəxəssislərinə ehtiyacınız olduğunu hiss etdikdə çatmaq daha asandır.Üz-üzə görüşmələri gec saatlarda almaq şansınız yoxkən, online terapiyanı terapevt üçün uyğun olması halında gec saatlarda da əldə edə bilərsiniz.Bəzi müştərilər başqalarının terapiya aldıqlarını bilmələrini istəmirlər, əgər belə bir şərt varsa, onlayn terapiya almaq sizin üçün faydalı olacaqdır.Digər tərəfdən, üz-üzə görüşərkən problemləriniz olduğunu düşünürsünüzsə, onlayn terapiya almaq sizin üçün daha yaxşı olacaqdır. Onlayn terapiyanın bir çox üstünlüklərini sadaladıq, ancaq nəzərə alsaq ki, bir mütəxəssisi internetdən araşdırdığımız zaman aldadılma riskimiz də kifayət qədər yüksəkdir, bu səbəblə araşdırdığınız mütəxəssisin uyğun ixtisas üzrə təhsil almış olmasına diqqət edin. İstisna deyil ki, bir çox insan internet vasitəsi ilə tapdıqları, bacarıq və təhsilləri limitli olan psixoterapevtlər tərəfindən maddi və mənəvi ziyanlar görürlər. Beləliklə, terapiya prosesinə başlamazdan əvvəl mütəxəssislər haqqında ətraflı araşdırma aparmaq gərəklidir. Onlayn terapiya necə aparılır? Hər seansda olduğu kimi, onlayn terapiya da müəyyən günlərdə və vaxtlarda bir onlayn görüş daxilində edilir. Bunun üçün, hiss və düşüncələrinizi asanlıqla paylaşa biləcəyiniz bir yerdə Skype, WhatsApp və.s video zəng özəllikli tətbiqlər vasitəsilə terapevtinizlə əlaqə saxlaya bilməyiniz kifayət edir. Terapiya prosesi mütəxəssis tərəfindən tətbiq olunan terapiya metodunun məzmunundan asılı olaraq dəyişir. Terapiya lazım olduqda poçt və mesajlarla dəstəklənir.Unutmayın, bir terapiyanın ən vacib dəyərlərindən biri müştəri ilə terapevt arasındakı terapevtik əlaqədir. Mütəxəssis sizə fayda vermək üçün təlim və biliyə sahibdirsə və terapevtik əlaqələriniz möhkəm təməllər üzərində qurulubsa, onlayn terapiya da çox məhsuldar ola bilər. Uzman Psixoloq Cəmilə Rəhimli

Tanınmış psixoloq: Bəzi qadınlar daxildə potensial fahişədirlər – MÜSAHİBƏ

“Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya, mazoxizm”. Son zamanlarda nikah statistikası sosial qəzaya bənzəyir: boşanmaların sayı demək olar ki, nikahların sayına bərabərdir. Psixoloqların fikrincə, bu, insanların – ailə qurmaqdan başqa – ağıla gələn istənilən digər səbəblərdən nikaha girmələrinin nəticəsidir. Psixoloq.az Oxu.Az a istinadən xəbər verir ki, məşhur psixoterapevt və çoxsaylı kitabların müəllifi Mixail Litvak, kimin xoşbəxt ailə quracağı, kimin isə boşanmalar statistikasını artıracağı barədə danışıb. Arayış: Litvak Mixail Yefimoviç (1938-ci ildə Rostov-na-Donuda anadan olub) 40 illik təcrübəsi olan psixoloq və psixoterapevt praktiki və populyar psixologiya üzrə kitabların müəllifi. Məşhur əsərləri: “Aykido psixologiyası”, “Spermatozoid prinsipi”, “Xoşbəxt olmaq istəyirsənsə”, “Taleyini necə bilmək və dəyişmək olar?”. - Müsahibələrinizin birində xoşbəxt ailələrin olmadığını demisiz... - Var, amma azdır. Mən özüm ailələri tədqiq etmişəm. 11 min ailəyə 3 xoşbəxt ailə düşür. Amma əsası – yalnız xoşbəxt ailələr – normaldır. Qalanları patologiyadır, iki bədbəxt insanın bərabər yaşamıdır. - Bu, məhz rus xüsusiyyətidir? - Niyə ki? Patologiya bu və ya digər şəkildə hər yerdə mövcuddur. - Boşanmaların sayı niyə bu qədər çoxdur? İnsanlar həyat yoldaşı seçərkən səhvə yol verirlər? - Bu, insanların pis tərbiyə olunduqları üçün baş verir. Onlara düşünməyi, ər və ya arvadı seçməyi öyrətməyiblər. Biz sorğu keçirmişik – hansı şəkildə sevgi etirafını daha çox bəyənərdilər? - “Mən sənsiz yaşaya bilmirəm”, “Mən səni heç vaxt incitməyəcəm”, “Gəl, həyat yükünü birgə çəkək” variantları təklif edilmişdi. Beləliklə, qadınların 75%-i “Mən sənsiz yaşaya bilmirəm” ifadəsini seçmişdilər. Görmürsüz ki, bu əyyaş və ya uşaq-kişinin etirafıdır? Amma əsl sevgi etirafı olan “Gəl, həyat yükünü birgə çəkək” ifadəsi heç kimin xoşuna gəlmədi. - Ümumiyyətlə, məhəbbət nədir? - Bu, məhəbbət obyektinin həyat və inkişafında fəal maraqlanmadır. Bax, hamı deyir: seviləsi heç kim yoxdur. Bəs sevməyi bacarırsız? Bizdə nikahlar sanki zəli kimi “Mən sənsiz yaşaya bilmirəm”ə əsaslanır.   - Bəs məhəbbətə nə olur, zamanla o hara qeyb olur? - Zamanla məhəbbət güclənir... Amma əvvəlcədən məhəbbət olmayıbsa, vəziyyət getdikcə pisləşir. - Qadın və kişilərin nikah anlayışının fərqi nədir? - Kişilər və qadınlar nikahı eyni görürlər. Amma kişini və ya qadını harda görmüsüz? Bizdə şalvar geyinən və ətək geyinənlər var. Belə ki, öncə kişi və ya qadın olmaq, sonra isə ailə qurmaq lazımdır. Ailə qurmağa fiziki sağlam, mənəviyyatı və maddi imkanı olanların haqqı var. Dilənçi, qeyri-peşəkarlara baş qoşmayın. - Əgər münasibətlər seksdən başlayıbsa, gələcəkdə nə olacaq? - Seks sonra baş verməlidir. Öncə ümumi dünyagörüşü olmalıdır. Məhəbbət bir-birinə deyil, eyni istiqamətə baxmaqdır. Kanada tədqiqatçıları ailəni möhkəmləndirən - dörd amil ayırıblar. Birinci – ümumi dünyagörüşü. İkinci – ümumi qastronomik zövq. Və yalnız üçüncü yerdə seksdir. Dördüncü yerdə bir-birini sığallamaqdır. Ailə seks üzərində qurularsa, bu yaxşı nəticələnməyəcək. - Kişilər çox zaman özlərini erkəklərlə müqayisə edərək, xəyanətin labüd olduğunu söyləyirlər... - Xəyanətlər insanların həyat yoldaşlarını səhv seçdikləri zaman baş verir. Əgər sən səhv etmisən və lazımi adamla evlənməmisənsə (ərə getməmisənsə), təbii ki, başqa birisi xoşuna gəlməyə başlayacaq. - Hansı qadınlara xəyanət edirlər? - Fiziki sağlam, mənəviyyatı olan və maddi azad olan qadınlara. Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya və mazoxizm. Birincisi, onlar ərə getmirlər, kimi isə tərbiyələndirməyə gedirlər. İkincisi, əyyaşla yaşayırlar. Əyyaş nədir? Heyvandır. Üçüncüsü – mazoxizmdən əziyyət çəkirlər – onlara əzab verilməsini sevirlər. - Əgər qadın fiziki sağlamdırsa, maddi baxımdan müstəqildirsə, amma artıq cavan deyilsə? Onun perspektivi azdır? - O daha çox perspektivə malikdir! Bu, artıq yetişmiş bir insandır. Ona qarnir deyil, bifşteks lazımdır. 45-50 yaşlarında qadın seksdə cavanları kölgədə qoyar. - Görüşmələrin ilkin mərhələsində qarşındakı insanın sənə lazım olduğunu necə müəyyən etmək olar? - Ünsiyyətə, jestlərə və geyim üslubuna görə. Sokrat: “Mənə bir şey de, səni görmək istəyirəm” deyib. Bir neçə ifadədən sonra, qarşında kimin dayandığını, dünyagörüşlərinizin üst-üstə düşməyini müəyyən etmək mümkündür. - Tərəf müqabillərinin seksual konstitusiyaları da müvafiq olmalıdırmı? - Əlbəttə. Əgər kişi seks ilə gündə 3 dəfə 50 dəqiqə müddətində, qadın isə ayda 1 dəfə 3 dəqiqə məşğul olmaq istəyirsə, onlarda heç nə alınmayacaq. - Əgər uyğunsuzluq varsa, qadın kişiyə uyğunlaşa bilərmi və ya onu tərbiyələndirməyə cəhd edə bilərmi? - Xeyr. Hazır malı almaq lazımdır, yarımfabrikatı yox. Yetişkin insanlar evlənməlidirlər. Tərbiyələndirmək isə yalnız bir adamı olar – yalnız özünüzü. Səhv etmisən, deməli ayrılmaq lazımdır. Başqasını tapmaq lazımdır. - Harda axtarmaq lazımdır? - Yalnız işdə. İnsanı işdə müşahidə edərkən, onun necə olduğunu görürsən. Baxın, biz sizinlə bir yerdə işləyirik, siz mənim haqqımda fikirə maliksiniz... Görüşlərdə və ya gecə klublarında yalnız yalançılar yığışır. - Son zamanlarda qadınların tələbatları dəyişibmi? - Son yüz min ildə olduğu kimi qalıb və heç bir dəyişiklik yoxdur. - Bəs indiki qızların yalnız statuslu kişilərə ərə getmək istəmələri barədə nə deyərdiz? - Doğrudur. Deməli, yetişiblər. Amma özün də statuslu olmalısan. Bizdə isə təəssüf ki, qadınların çoxunda potensial fahişə psixologiyasıdır: varlı kişi tapmaq lazımdır ki, yedizdirsin. Bunun əvəzində isə təsərrüfatla məşğul olmağı və yataqda ona aid olmağı planlayırlar. Hər şeyi öz adı ilə çağırmaq lazımdı: Bu, fahişəlikdi. Amma indi potensial alfons adlandıra biləcəyimiz kişilər də çoxdur, onlar özləri inkişaf etməyə çalışmadan, hesabına yaşaya biləcəkləri qadın axtarırlar.   - Amma qadının kişinin kölgəsində qalaraq, onu yalnız ilhamlandırmalı, onun üçün komfortlu şəraiti yaratmalı olduğu barədə nəzəriyyə mövcuddur... - Siz kişini şalvar geyinənlərlə səhv salırsınız. Kişini ilhamlandırmaq lazım deyil. O, öz işindən və aldığı nəticələrdən ilhamlanır. Kişi və ya qadın üçün yaşamaq olmaz. - Bəs uşaqlar üçün? - Heç olmaz... Uşaqlar nə qədər yaxşı və ya pis olsalar da onsuz da 18-20 yaşlarında səni tərk edəcəklər. Kişi və qadın bir-birinə daha yaxındırlar, uşaqlar isə müvəqqəti bir şeydirlər. Məhəbbətimizin meyvəsidir. - Boşanma nəticəsində qadınlar bu “məhəbbət meyvələri” ilə qalır, kişilər isə uşaqlı qadını almaq istəmədiklərini iddia edirlər... - Kişi üçün (şalvar geyinən üçün yox) birinci nikahdan olan uşaq problem deyil. Niyə? Çünki o, sevdiyi qadının yanında olsun deyə uşaq üçün hər şey edər. Amma qadın uşağın hər şeydən üstün olduğunu düşünürsə, o heç vaxt nikahda xoşbəxt olmayacaq. - Belə bir fikir var ki, nikah institutu məhv olur, gələcək nəsil alternativ birgə yaşama tərəfdarıdır. Belə qonaqsayağı formaya necə münasibət bəsləyirsiniz? - Qonaqsayağı nikah elə də pis hesab olunmaz. Olur axı, insanlar vətəndaş nikahında yaşayırlar – normaldır. Elə ki, qeydiyyatdan keçdilər, hər şey pisləşir. - Belə dəyişikliklərin səbəbi nədir? - İnsan azad olmaq istəyir. Rəsmi nikah onu sıxır. Pasportdakı möhür heç nəyi dəyişmir. Bu, yalnız axmaqlar üçün dəyişir. Mənbə: Oxu.az

Təranə Paşayeva: "Erkən nikahları yaradan əsas amil savadsızlıqdan doğan cəhalətdir"

Son günlərin əsas müzakirə mövzularından biri də erkən nikahlar və onun gələcəkdə yaradacağı faciələrdir. Əfsuslar olsun ki, hələ də bu faciələrə ciddi yanaşmayan ailələr var ki, illərdir davam edən bu dəhşətli “tendensiyanı” davam etdirməkdən çəkinmirlər. Bəs, erkən nikahlar və onun fəsadları haqqında mütəxəssislər nə düşünür? Psixoloq.az “İki sahil"ə istinadən bu mövzu ilə bağlı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə müsahibəni təqdim edir. -Təranə xanım, erkən nikahların hansı mənfi təsirləri var? -Mövzu günümüz üçün aktual olmaqla yanaşı qəzet səhifələrinə, hətta qalın-qalın kitablara sığmayacaq qədər geniş və əhatəlidir. Bizə verilən imkanlara uyğun olaraq fikrimi konkret suallar ətrafında cəmləşdirmək istəyirəm. Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Yeniyetmələr arasında bağlanan erkən nigahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nikahı” olaraq da bəhs edilir. Bu tip nigahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz. -Erkən nikahların yaratdığı psixoloji  problemləri necə təhlil edərdiniz? – Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır. Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında  özünü biruzə verir. – Erkən nikahlar gələcəkdə hansı fəsadlara yol açır? -Bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar. Yəni, bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq “yağışdan çıxıb yağmura düşmək” faciəsi başlanır. Oğlanın ailəsi qızı evlərinə qəbul etmir, qızın valideynləri onları ayaqlayıb keçən qızlarından üz döndərirlər. Heç bir işi-gücü olmayan, hələ maddi cəhətdən  valideynindən asılı olan, tüfeyli həyat sürən “ər” və üzləşdiyi vəziyyət qarşısında qalan “qadın”. Sonuc dəhşət saçır. Əli hər yerdən üzülən yeniyetmə qızın bir yolu qalır, həyatına qəsd etmək. Erkən nikahların yaratdığı faicələr barədə saysız misallar çəkə bilərik. -Bəzən valideynlər qızlarını erkən nikaha, özlərindən çox böyük şəxslərlə nikaha məcbur edirlər. Bu barədə fikirləriniz necədir? – Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməz. Ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Hər birimiz həyatımızda hansı yaşda olmağımızdan asılı olmayaraq stresslə üzləşirik, psixoloji- mənəvi zədələr alırıq. Yaşadığımız müasir dünyada bunlar qaçılmazdır. Belə hallarda əsas məsələ həyəcan və emosiyaları, duyğuları tənzimləyə bilmək, yəni, psixoloji dayanıqlılıqdır. Hələ yetkinlik yaşına çatmayan, ailə, övlad qayğısı çəkməyə məcbur olan yeniyetmə həyata tutunmaq, yaşama gücü tapmaq üçün buna hazırdırmı? Təbii ki, yox. Nəticədə nə baş verir? Üst-üstə yığılan gərginliklər, ailə münaqişələri, anlaşılmazlıqlar psixoloji problemlərə yol açır. Zamanında qarşısı alınmayan, dərinləşən psixoloji travmalar isə bir çox halda qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Yeniyetmə qızların hətta öz ataları yaşda olan yaşlı kişilərlə ailə qurması yaxın çevrə, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da belə evliliklərə can atanlar var. Azyaşlı qız təbii olaraq ata-ananın basqısı ilə bu həyatı qəbul edir. Bəs, 25 yaşlı qız niyə özündən 20-25 yaş böyük insanla ailə qurur? Düşünürəm ki, hər iki halda maddiyyat öndə gəlir. Birinci halda valideyn öz qızı üçün rahat hesab etdiyi həyatı seçir. Bu rahatlıq isə təbii ki, maddi təminatla bağlıdır. Burada bir neçə məqam var. Övladı yaşında qızla evlənən kişinin düşüncəsi və kürəyini “yağlı qapı”ya söykəyəcək qız anasının düşüncəsi. Maddi çətinlik yaşayan valideyn el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur.  Həm də qızları yemək-içmək qayğısı çəkməyəcək. Valideyn bir növ övladı üzərində olan borcunu yerinə yetirmiş hesab edir, bundan sonra məsuliyyət daha ərin üzərindədir. Varlı kişini “gəlincik”lə evlənməyə vadar edən nədir? Burada onların özləri üçün haqlı bildikləri bir çox səbəb olur. Lakin gənc qız nə düşünür, onun həyatı necə olacaq, atası yaşında olan bir adamla necə bir yastığa baş qoyacaq, bunu fikirləşən yoxdur. Nəticə etibarilə sözügedən üçlüyün heç biri istədiyi mənəvi-psixoloji rahatlığı tapmayacaq. Valideyn də, övlad da, “yaşlı aşiq” də hər biri ayrı-ayrılıqda fərqli psixoloji travmalar alacaq. Ən çox zərər çəkən isə təbii ki, yeniyetmə olacaq. – Ailələrin övladlarının gələcək həyatında rolu nədir? -Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət, qız uşaqlarında mənfi emosiyalara səbəb olur. Mental dəyərləri unutmamaq şərtilə ailə içində yaşından, cinsiyyətindən asılı olmayaraq hər kəsin hüquq və bərabərlikləri nəzərə alınmalıdır. Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir, onlar hər zaman əzilən tərəf olurlar. Öz hüququnu bilməyən, haqqını müdafiə etməyən ana təbii ki, qız övladını da mütiliyə öyrədəcək. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Yəni, ilkin mərhələdə bünövrə ailədə qoyulur. Sonrakı mərhələlərdə təbii ki, bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların hüquq və azadlıqları əlindən alınmamalıdır. Erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.

Erkən nikahların yaratdığı Ginekoloji və Psixoloji problemlər

Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütəmadi maarifləndirmə işləri aparılır, lakin hələ də belə faktlara rast gəlinir. Erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Problemə hüquqi cəhətdən baxsaq, Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığıdır. Hər zaman aktual olan bu mövzu barədə mütəxəssislərin yanaşmalarını qeyd etmək istəyirik. Mövzu ilə əlaqədar ginekoloq və psixoloqun mövqelərini məzmuna əlavə etdik. Ginekoloq Xumar İsmayılova qeyd edir ki, qızların erkən yaşda ailə qurması onların sağlamlığına olduqca ağır zərbələr vurur: “Yeniyetmə qız uşaqları ilk menstruasiyadan sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur”. Ginekoloq mövzu ilə bağlı ətraflı məlumat verərək əlavə edir: “Erkən yaşlarda hamilə qalmaq qadınlar üçün risk faktoru hesab olunur. Ailə qurmaq üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır və bədənin hormonal funksiyası tamamlanmalıdır. Hələ 17 yaşı tamam olmayan qız ərə gedən zaman orqanizmdə reproduktiv sistem və endokrin orqanlar hələ öz funksiyalarını başa çatdırmamış vəziyyətdə olurlar. Erkən yaş doğumlarında ana və uşaq ölümləri, əlil uşaq dünyaya gətirmə riski daha böyükdür. Həmçinin, qızlarda hamiləlik zamanı böyrək problemləri də ortaya çıxır. Hamiləlik vaxtı orqanizmdə dövr edən qanın həcmi təxminən iki dəfə artır. Bu da o deməkdir ki, ürək iki dəfədən də artıq işləməlidir. Ürək-damar sistemi formalaşmamış azyaşlı hamilə üçün isə bu iki və üç dəfədən artıq yük deməkdir. Əksər hallarda erkən nikaha daxil olan qızların bu yaşda ana olmağa fizioloji olaraq tam yetişməməsi, çanaq sümüyü və doğuş kanalının hələ kifayətqədər inkişaf etməməsi doğuşu çox çətinləşdirir. 15 yaşından kiçik zahılarda müxtəlif xəstəliklərin inkişaf riskini artırır. Lazımi müalicə aparılmadıqda bu problemlər qalıcı əlilliyə, sidik ve nəcisi saxlaya bilməməyə, müxtəlif yoluxucu xəstəliklərlə nəticələnir. Belə nəticələr bir qadının həyatının sonuna kimi qalır. Həmçinin azyaşlı qızların subay qızlara və 20 yaşından sonra evlənəcək qızlara nisbətən cinsi və malyariya infeksiyasına yoluxma riski yüksəkdir. Bu risk təkcə ananın deyil, həm də uşağın sağlamlığını təhlükə altında qoyur. Azyaşlı anaların uşaqlarında tez-tez immunitet çatışmazlığı olur və 18 yaşından kiçik anaların yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski daha yüksəkdir.” “Erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər, erkən hamiləlik və onunla bağlı baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar risk göstəriciləridir. 20 yaşadək qadınlararasında doğum etmiş və doğuşdan sonra olmuş uşaqların sayı çoxdur. Qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır. Qadınların doğuş qabiliyyətinə təsir edəcək hər hansısa bir problem olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər”, – ginekoloq Xumar İsmayılova vurğulayıb. Ginekoloq sonda uşaqların öz uşaqlıqlarını yaşadıqdan sonra ailə qurmalarını tövsiyə edib: “Uşaq uşaqlığını yaşamadan evləndirildiyi üçün ailənin nə olduğunu dərk etməyə zamanı belə olmur, uşağın tək özü deyil, orqanizmi də böyümədiyi üçün ana ola bilmir. Bəzən isə buna görə erkən qurulan ailə elə erkən də dağılır və bir növ tez boşanmaya yol açır.” Ginekoloji problemlər qədər psixoloji problemlər də bu məsələdə vacib məqamdır. Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov erkən nikahları insan həyatında psixoloji terror adlandırır. O qeyd edir ki, günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi cəmiyyətin mənəvi cinayətkarlığıdır. Psixoloqun fikrincə, erkən və məcburi nikaha təhrik edilmiş uşaqların həyata baxışı müstəqil və yaradıcı deyil. İnsan həyatına mənəvi terrorun edilməsi köləlik psixologiyasıdır: “Ailənin təhsilsiz olması və dırnaq arası adət-ənənə adlanan stereotiplərin mövcudluğu valideynlərin övladlarını erkən nikaha təhrik etməsinin psixoloji müşahidəsidir. Günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi isə cəmiyyətin mənəvi cinayətkarlığıdır. Yaranmış mənzərəyə psixoloji yanaşsaq, aydın görmək olur ki, erkən nikaha təhrik edilmiş qız uşaqlarının sosial xarakteri dərin depressiyaya və intihar kimi hallara gətirib çıxarır. Bəzən valideynlər bunu iqtisadi və ya sosial həyatları ilə əlaqələndirirlər. Amma, insanın iqtisadi və sosial həyatı uşaqdan asılı deyil. İstənilən halda bir insanın taleyini məhv etmək bir cəmiyyətin taleyini məhv etməkdir.” Psixoloq mövzu ilə bağlı ətraflı fikirlərini əlavə edir: “Konservativ ailələrdə qız uşaqlarına “evdə qalacaqsan”, “bəxtin bağlanıb”, “yaşın keçir”, “ailə qur və uşaq dünyaya gətir” kimi psixoloji təsir ifadələri işlədilir. Alternativ seçimləri olmayan qız uşaqları valideynlərinin qərarlarına qarşı çıxa bilmirlər. Ailə qurandan sonra da müxtəlif fikirlər psixoloji təsir kimi fərqli formada ifadə edilir. Psixoloji təzyiq öz mahiyyətini dəyişmir. Erkən nikah uşaqların uşaqlıqlarını əlindən alır, həmyaşıdlarından uzaqlaşdırır, təhsil həyatını yarımçıq saxlayır və gələcəkdə həmin uşaqlar şəxsiyyət kimi formalaşmırlar. Erkən evliliyə təhrik edilmiş qız uşaqları hər cür istismarla qarşılaşırlar. Fiziki və psixoloji hazır olmadan, evlilik həyatına başlayan xanımlar şiddət və cinsi zorakılığa məruz qalırlar. Təhsilsiz və sosial fəallığı olmayan xanımlar məruz qaldığı bütün fiziki və psixoloji şiddətlə mübarizə apara bilmirlər.” “Erkən evlilik həyatına başlamış xanımların ailə qurmaqdan əvvəl fikri öyrənilmədiyi kimi, ailə qurandan sonra da heç bir məsuliyyətli qərarların verilməsində də fikri öyrənilmir. Bütün qərarların verilməsində kişi zehniyyəti xüsusi rol oynayır. Tibbi olaraq biliklərə yiyələnməyən ailələrdə qızların istənməyən hamiləlik riskini artırır. Fiziki və psixoloji hazırlığı olmayan insanın uşaq dünyaya gətirməsi onun üçün faciəyə çevrilir. Belə olduğu halda insanda postnatal depressiya müşahidə olunur. Analıq statusunun məsuliyyətini dərk etməyən uşağın öz həyatı ilə bağlı bütün sualları cavabsız qalır. Hər şeyin əvvəlki kimi olmayacağını düşünən şəxs öz həyatında fəaliyyətsizliyi qərarlaşdırır. Bu isə həyatın növbəti mərhələlərində daha çətin psixoloji problemlərə çevrilir”, – psixoloq Rövşən Nəcəfov vurğulayıb. Psixoloq sonda cəmiyyətdəki bu problemin həlli üçün başlıca amilin təhsil, maarifləndirmə olduğunu xüsusi qeyd edir: “Erkən və məcburi nikahlara qarşı mübarizəmizin əsasını maarifləndirmə fəaliyyətləri təşkil edir. Qanunun aliliyi ilə erkən və məcburi nikahlara səbəb olan şəxslər cəzalandırılmalıdır. Cəmiyyət olaraq isə erkən və məcburi nikahlara qarşı ictimai qınaq yaratmalıyıq. Biz cəmiyyət olaraq erkən və məcburi nikahlara yox deməliyik. Övladlarımıza iqtisadi yük kimi deyil, cəmiyyətin dəyərli üzvləri kimi baxmağı öyrənməliyik. Hər bir ölkənin gələcəyi gənclərdir. Gələcəyimiz üçün övladlarımızın təhsilli, sağlam və yaradıcı olması vacibdir.” Səma Qurban AMVPRESS.AZ

Munchausen Sindromu nədir?

Munchausen sindromu süni xəstəlik əlamətlərinin yaradılması ilə xarakterizə edilən pozuntudur.  Bu xəstəlik insanın özündə və başqasında süni xəstəlik əlamətlərinin yaratması ilə iki cür ola bilər. İnsanın özü özündə süni xəstləlik yaratması Muncahusen, başqasına yükləməsi isə Munchuasn by Proxy olaraq adlandırılır. Munchausen sindromlu fərdlərin uşaqlıqda valideynləri tərəfindən tərk edildiyi, baxımsızlığa və sui-istifadəyə məruz qaldığı, diqqətdən məhrum olduqları, travmatik hadisələrə şahid və ya məruz qaldıqları müşahidə ediləndir.  Bu fərdlərdə  uşaqlıqda inkişaf etməyə başlayan mənlik hissi, yaşanan pis münasibət və davranışlardan mənfi təsirlənib.  Süni olaraq yaratdıqları xəstəlik əlamətləri isə onların diqqət, təsdiq və sevgi ehtiyaclarını ödəmək üçün bir vasitə olaraq qəbul edilir. Munchausen xəstələrinin çox hissəsi səhiyyə işçiləri vəya bu sahə ilə bağlı məlumatlı insanlardır.  Xəstəliyin əsas mənbəsi stresdir. Ailə, iş problemləri, stresli mühitlər, həddindən artıq məsuliyyətlər xəstəliyin davam etməsinə səbəb olur.  Munchausen sindormunun simptomları bəzən Temaruz, Somatoform və Hipoxondriya xəstəlikləri ilə qarışdırılır. Ancaq  bu xəstəliklərdən fərqləndirən bəzi xüsusiyyətlər vardır. Temaruz və Munchausen Sindromu arasındakı əsas fərq, temaruz xəstələrində əldə edəbiləcəkləri ikincil bir faydanın olmasıdır. Məsələn, istənməyən bir missiyadan və ya maddi qazancdan xilas olmaq və s. Somatoform və hipokondriaziyada simptomlar şüursuz olaraq yaranır.  Başqasına yüklənən Munchausen by Proxy sindromu isə baxım verən və ya bioloji ana tərəfindən süni olaraq yaradılır. Uşaqda süni xəstəlik əlamətləri yaradan anaların çox vaxtı biyoloji və ya psixiatrik yaş problemləri vardır.  Bu anaların ortalama yaş aralığı 20-25 arasında dəyişir.   Munchausen by Proxy Sindromunda, anaların uşaqlıqda baxımsızlığa və istismara məruz qaldıqları, hal hazırda isə ailə problemləri yaşamaqa davam edirlər. Analar uşaqları ilə birlikdə xəstəxanaya gedəndə  isə bir müddət ailə problemlərindən uzaqlaşa bilirlər. Bu onlar üçün bir rahatlıq və evliliklərinin davam etməsini uzadan bir səbəbdir. İstismara məruz qalan uşaqların çoxunun isə yaş aralığı 0-2’dir. Uşaqların həyatlarının ilk illərindən anaları ilə arasındaki güvənli sevgi zədələnir.  Böyüyündə isə bu vəziyyəti anlasalar da analarına qarşı çıxa bilmirlər. Özləri də  anaları ilə birlikdə öz istismarının iştirakçısı və qurbanı olur. Xəstəliyin müalicəsində isə təsdiqlənmiş bir müalicə sxemi olmasa da ailə və fərdlərin dəyərləndirilməsi və psixoterapevtik metodlarla müalicə edilməsi tövsiyə ediləndir. Müalicə uzun ve çətin yoldur.  İÜ-Cerrahpaşa Üniversitetinin Doktorantı  Uzman Psixoloq Elnara Maharramova

Özünü tanı. Test - 4

Özünü tanı Test 4. Şəkildə o biri sahilə hədiyyə üçün keçməyə can atan insan təsvir olunmuşdur. Sizin fikrinizcə o sahildə qalacaq, ya digər tərəfə keçəcək? Bu təsvir üzərinizə düşən öhdəliyinizi təyin etməyə kömək edəcəkdir.İlk olaraq nə düşündünüz? Bir körpü və ya bir qayıq xəyal etdinizsə, o zaman bu hədəflərinizdən imtina etməyə və tərk edilməyə alışmadığınızı göstərir. Hər hansı bir çətinliyin aradan qaldırıla biləcəyinizə inanırsınız. Adamın keçməyə cəhd etdiyi körpü nə qədər etibarlı olsa, iradəniz və qətiyyətiniz də bir o qədər demək güclüdür. Əgər təsəvvür edirsinizsə, körpü dirəyi kifayət qədər etibarlı deyil, o zaman aydın olur ki, siz hadisələrə həssaslıqla, şübhəylə yanaşır, fikrinizi dəyişdirmək məcburiyyətində olursunuz. Sizdə şəkildəki insanın bu sahildə qalacağı fikri yaranırsa, əngəllərdən qorxursunuz, çox vaxt hədəf sizə əlçatmaz görünür, heç bunun üçün mübarizə aparmağa cəhd də etmirsiniz, əksinə həyatın surprizlərindən də imtina edirsiniz. Bu haqda düşünün. Bir insanın o sahilə gedən yolda çaya düşəcəyini düşünürsünüzsə, bu həyatdan çirkli bir hiylə gözlədiyinizə, uğurlu nəticəyə inanmadığınıza və buna görə vacib qərarların qəbul edilməsini sonadək təxirə salmağa çalışdığınıza işarədir. Yeganə İskəndərova

Özünü tanı. Test -3

Özünü tanı - TEST 3 Depressiyaya meyllisənmi? Şəklə diqqətlə baxın. Onu necə bitirmək istərdiniz? Ağac, ot, gül, qayada çatlar və adam fiqurunu görmək istədiyiniz istiqamətdə təsəvvür edin. Bu şəkil depressiyaya meylinizi müəyyənləşdirir.  Şəkilə heç bir əlavə etmək lazım olmadığını düşünürsünüzsə, bu o an pis əhval - ruhiyyədə olduğunuzu göstərir. Sevinməyə dəyər, bu depressiyanın astanasındasınız - demək deyil. Dərənin divarlarının çatlarla örtülməsini düşünsəniz, bu o deməkdir ki, özünüzə çox qapılır, problemlərinizi heç kimlə bölüşmür, dərdlərlə tək olursunuz. Buna görə də zaman-zaman depressiyaya məruz qalırsız. Əgər bitgi, günəşi də bu boz mənzərəyə əlavə etmək lazımdısa, deməli siz depressiya ilə bağlı bütün çətinlikləri və meylləri asanlıqla dəf etmisiniz. Dərəni su ilə doldurmaq qərarına gəlsəniz, bu, depressiyaya meyl etdiyinizi göstərir, lakin hələ tam təzahür etməyib. Şəkilə əlavə etdiyiniz şəxs bir qayanın üstündə dayanıb aşağı baxırsa, bu, hazırda çətin vəziyyətdə olduğunuzu göstərir. Vacib bir qərar verməlisiniz, ancaq tərəddüd, şübhə edirsiniz. Bir şəxs dərəyə enirsə, bu, hər hansı bir səbəbdən özünüzü tənqid etməyə meylli olduğunuzun və özünüzə qarşı çox tələbkarlığınızın ifadəsidir, bu sizi ruhdan salır. Şəkildə insanı dərənin dibində təsəvvür edirsinizsə, ümidsizsiniz və köməyə ehtiyacınız var. Əgər insanın digər tərəfə körpü ilə etibarlı bir şəkildə keçdiyinı və ya təsvirdə qayaya dırmaşdığını düşünsəniz, sizin ruh halınız qaydasındadı, problemlərin öhdəsindən asanlıqla gələ biləcək müsbət bir insansınız. Yeganə İskəndərova

Özünü tanı. Test -2

TEST 2 Şəkildə ağac təsvir olunub. Sizin fikrinizcə ağac belə sadə, adı gövdə və budaqlardan ibarət olmalıdı? Siz çəksəydiniz nələr əlavə etmək istərdiniz? Düşüncələrinizdə özünüzə qarşı səmimi olun və nəticəyə baxın. Ağac, həyat duyğularınızın əksidir. Ağacın kifayət qədər yarpağı olmadığını düşünürsünüzsə, bu, təbiətcə bir fərd olduğunuzu göstərir, kiminsə sizin həyatınıza müdaxilə etməsini sevmirsiniz. Hərəkətləriniz üçün məsuliyyəti öz üzərinizə götürməyə hazırsınız. ancaq başqalarının hərəkətlərinə cavabdehlik daşımağı istəməzsiniz. Düşünürsünüz ki, çox sayda yarpaq olmamalıdır və olanların hər biri aydın görünməlidi - bu, başqaları üçün məsuliyyət daşımağa hazır olduğunuzu göstərir, ancaq tamamilə zəruri hallarda. Bir ağacın üzərində çox sayda budağın olması fikri, bir komandada olmağı sevməməyinizdi, həyata baxışınız, arzularınız dəyişkəndi, yaxın adamlardan birinə üstünlük verirsiniz. Ağaca daha çox budaq və yarpaq əlavə etdinizsə, çox ünsiyyətcil bir insansınız və ilk növbədə digər insanların maraqlarını, sonra özünüz haqqında düşünürsünüz. Şəkildə kifayət qədər çəmənlik, ağac kökləri, torpaq olduğu görünürsə - bu sizi etibarlı, güclü və özünə güvənən bir insan kimi xarakterizə edir. Ağaca oyuq, quş otağı, quş bəsləyicisi, bir yelləncək və ya digər xarici elementlər əlavə etmək istəyirsinizsə - bu anda heç də yaxşı vəziyyətdə deyilsiniz, özünüzü artıq hiss edirsiniz, həyat sizə sevinc bəxş etmir. Bir ağacın yanına bir heyvan da əlavə etmək ağlınızdan keçirsə, "canlanmağa dəyər" olduğunu düşünürsünüz, özünəməxsus, bənzərsiz bütün dünyaya nə isə sübut etmək istəyi ilə özünü hiss edən güclü olmaq eşqilə olan birisiniz. Həyat sizi qorxutmur. İnadkarlığınız arzuları gerçəkləşdirir. Yeganə İskəndərova

İntiharla mübarizə aparmağa bir nəfər kifayətdir, o da SİZ olun.

10 sentyabr - Ümumdünya İntiharın qarşısının alınması günü kimi neçə illərdi qeyd olunur. İntihar hər il minlərlə gəncin həyatını təhdid etdiyindən, bütün yeniyetmələr “intiharın nə olduğunu və bununla necə mübarizə aparmaq lazım olduğunu” anlamalıdırlar. Vaxtaşırı intiharla əlaqədar internet, kütləvi informasiya vasitələrindən yazılar oxuyur, dinləyir və görürük. Bu hallar insanı sarsıdır, həyat eşqini azaldır, həssas adamları depresiyaya sürükləyir, yeni intihara cəhdə hazırlayır da demək olar. İntihar mövzusunun qorxulu olduğunu bilirik. Bu barədə valideynlər, müəllimlər və ya dostları ilə danışmaq adət deyil. Əslində intihar edənlərin çoxu həqiqətən ölmək istəmirlər. Sadəcə bir və ya daha çox problemi həll etməyə çalışırlar. İntihar edən və ya intihara cəhd edən uşaq - bir-birini istisna edən bu iki anlayış zamanın "əlamətlərindən" biridi. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün pisi yaxşıdan, yaxşını pisdən seçə bilmirlər. Böyüklərin həyatlarına müdaxilələri, kiçik hadisələ kəskin reaksiyaları onların nəzərlərində dözülməz olur. Çıxış yolunu hər hansı bir çətinliklə üzləşən zaman problemlərini həll edə bilməyəcəklərindən və ya hər hansı bir qorxu səbəbindən intihar etməklə valideynlərinə acı yaşadaraq diqqəti özlərinə cəlb etməkdə görürlər. İntihar yolu ilə uşaq, bir yetkin kimi, vəziyyəti dəyişdirməyə çalışdığına inanır. Əsas fikri özlərinı yönəltməklə hisslərdən qurtulmaq, mərhəmət və məhəbbət oyatmaq, kömək və problemlərinə diqqət çəkmək, təkbaşına israr etmək, intiqam almaq, məsuliyyətdən qaçmağı düşünürlər. Bir gənc ümumiyyətlə çətin vəziyyətlərdən qaçmağa meyllidirsə, ən kiçik hadisələrdən təsirlənib özünə dərd edirsə, həssaslığa tam meyllidirsə, özünü tez- tez günahlandırırsa, həddindən artıq mərhəmətlidirsə, özünə dərd axtarırsa intihar ilk meyllikərdəndi. Həm də unutmaq olmaz ki, uşaq özünü bədbəxt hiss etdikdə intihara qərar verir. Gəncin fikrincə onun həyatının heç kimə maraqlı olmayan qiyməti, incidənlərindən intiqam almaq üçün bir dərs olar. Onların təsəvvürünə görə ölüm arzu olunan uzun bir yuxu, çətinliklərdən uzaq bir istirahət, başqa bir dünyaya girmək üçün bir yol, eyni zamanda yaxınlarını və ya onların problemlərinə etinasız yanaşanları cəzalandırmaq üçün bir vasitədi. Zəruri olan əsas əlamətlərini vaxtında müşahidə etməklə "uşaqlıq intiharı"nın qarşısını vaxtında almaq mümkündü. Emosional narahatlığın əlamətləri sayılan iştahsızlıq və ya hətta susuzluq, yuxusuzluq, xəstəliklərdən tez-tez şikayətlər, baş ağrısı, davamlı yorğunluq, tez-tez yuxuya getmək, davamlı tənhalıq hissi, günahkarlıq, ölüm haqqında düşünməyə dalmaq, gələcək üçün planların olmaması, zülmü əks etdirən söhbətlər, qeydlər, rəsmlər, səbəbsiz ağlama, kobudluq, şəxsi əşyaların paylanması intihara cəhd etməkdə marağı olanların iıkin əlamətləridi. Bir yeniyetmədə problemlər, sevilən biri ilə ayrılması və ya xəyanəti səbəbindən yarana bilər. Bu dövrdə yeniyetmələr ilk sevginin sonsuza qədər olduğuna və son dərəcə ciddiyə aldığına əmin olurlar. Ailədəki çətin bir psixoloji vəziyyətə görə - valideynlərlə mübahisələr, ata və ananın aralarındakı qalmaqalları, boşanmaları, təhsilindəki həddindən artıq yük və ya uğursuzluqlarına valideynlərin sərt reaksiyası internet asılılığı problemləri və bir çox başqa səbəblər uşağı intihara cəhd etməyə sürükləyə bilər. Uşağı danlamayın, ona bağırmayın, laqeydlik maskası arxasında gizlənməyin, sadəcə sizi qorxutmağa qərar verdiyini düşünməyin. Uşaq onu çox sevdiyinizi və ona dəyər verdiyinizi hiss etməlidir. Əvvəlcə uşaqla danışmaq, ona vəziyyəti barədə suallar vermək, gələcəklə bağlı söhbətlər aparmaq, planlar qurmaq lazımdır. Bu söhbətlər müsbət olmalıdır. Uşağa nikbin bir münasibət, inam aşılamaq, məqsədlərinə çatdığını göstərmək lazımdır. Uşağı "hər zaman narazı" və "kövrəklikdə" günahlandırmayın, şəxsiyyətinin müsbət tərəflərini və qaynaqlarını göstərmək daha yaxşıdır. Onu daha uğurlu, şən, xoş xasiyyətli uşaqlarla müqayisə etməyə ehtiyac yoxdur. Bu müqayisələr bir yeniyetmənin onsuz da aşağı olan özünə inamını daha da sarsıdacaqdır. Yalnız bu günün yeniyetməsini dünənki gənclə müqayisə edə və sabahkı gəncin müsbət bir görüntüsünə köklənə bilərsiniz. Mütəxəssislərdən kömək istəməyinizə əmin olun. Unutmayın ki, hələ bir intihar cəhdi ola bilər. Statistikaya görə, intiharların üçdə biri bir il ərzində cəhdlərini təkrarlayır. İntihar etməyə qərar verən gənci diqqətlə dinləyən, uşağın emosional böhranının ciddiliyini, niyyətlərini və hisslərini, dərinliyini qiymətləndirən, ən kiçik şikayətlərə belə diqqətli olan, uşağın mənəviyyatı ilə bağlı narahatlıq doğuran heç bir hadisəyə laqeyd yanaşmayın, intihar etməyi düşündüyünü birbaşa soruşmaqdan çəkinməyən, öz problemləri ilə övladını yormayan, narahatlığını vaxtında duyub köməkliyini əsirgəməyən valideynlərin belə situasiyalara düşmək risqi demək olar ki, azdır. Çox vaxt gənclər İnternetdə intihar etmək barədə məlumat tapa bilərlər. Hansı medianı oxuduqlarına, televiziyada hansı verilişlərə baxdıqlarına diqqət etmək gərəkdir. Unutmaq olmaz ki, yeniyetmələr ətraflarında gördükləri davranış modellərini internet və televiziyadan onlara təklif etdikləri şəkildə kopyalayırlar. Dünyada hər 40 saniyədə bir kimsə intihara cəhd edir və hər il təxminən 800 min insan intihar nəticəsində ölür. Həyat o qədər tez keçir ki, çox vaxt ağlımız dünyanı görmə tərzimizi dəyişənə qədər ömrümüz onsuz da bitir. Sonu olmayan, nə vaxtsa bitəcək ömrün dirənəcəyi nöqtəyə qədər olan qavrayışımızın da artıq təsirli olmur. Ruh cökür, fəaliyyət mexanizmləri itir. Bütün bunlar o qədər tez olur ki, özümüzə sual vermək üçün vaxtımız da olmur. Bunu biz duymuruq, arxada qalan əzizlərimiz bilir. Nə çəkirlər onları da təsəvvür etmək belə qorxunc olur. Gəlin sevdiklərimizi qoruyaq. Onların qayğısına hələ kiçik yaşlarından qalaq. Təkcə maddi nemətlərlə yox, mənəviyyatlarının da qayğısına da qalaq, daxili dünyalarına nəzər yetirək, maraq dairələrini öyrənək, onlardan mərhəmətimizi, sevgimizi əskiltməyək. Həyata onların nəzərləri ilə baxaq. O zamab öz dünyamızı da aydınlatmış olarıq. Unutmayın, intiharla mübarizə aparmaq üçün bir nəfər kifayətdir - o da SİZ olun. Yeganə İskəndərova