Müasir dövrümüzdə sosial şəbəkələr "paralel dövlət" adlandırılır. Yəni 21-ci əsrdə sosial şəbəkələr vasitəsi ilə kütlələrə çox ciddi şəkildə təsir etmək olur. Günümüzdə dezinformasiyalar əksəriyyət etibarı ilə ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları tərəfindən düşünülərək hazırlanır. Yanlış informasiya bəzən "dezinformasiya", bəzən isə "manipulyasiya" adlandırılır.
Müsir dövrümüzdə adətən dezinformasiyalar kütlə üzərində panika, aqressiya və qorxu yaymaq üçün istifadə olunur.Müharibə vaxtı isə dövlətlər adətən dezinformasiya yaymaqla qarşı tərəfin ordusunun əzmini qırmağa və ruh düşgünlüyü yaratmağa çalışır. Dezinformasiyalar nəticəsində cəmiyyətdə insanlar depressiyaya və panikaya düşə bilər. Həmçinin dezinformasiyalar nəticəsində təşkilatlanmamış cəmiyyətlər öz ölkələrini bilmədən çıxılmaz xaosa və ya vətəndaş müharibəsinə də soxa bilər. Məsələn: 2011-ci ildə Tunisdə sosial şəbəkələr vasitəsi ilə başladılan dırnaqarası "Ərəb bahar" adlandırılan qanlı inqilablar bir sıra Ərəb dövlətinin dövlət kimi məhv olmasına səbəb oldu. Bütün bu inqilabların pərdə arxasına baxsaq görərik ki, bu inqilabların bu cür şəkildə faciə ilə nəticələnməsinə səbəb təşkilatlanmamış xalqın kor-koranə sosial şəbəkələr üzərindən özləri də bilmədən xarici xüsusi xidmət orqanları tərəfindən dezinformasiyalar nəticəsində öz milli hökumətlərinə qarşı üsyan etməsi olmuşdur.
Qeyd etmək lazımdır ki, zaman-zaman Azərbaycanı istəməyən bəzi xarici qüvvələr də Azərbaycan xalqının psixologiyasını bilərək qəsdlə və məqsədli şəkildə dezinformasiyalar yaymağa çalışıblar. Lakin Azərbaycan dövlətinin hüquq-mühafizə və kəşfiyyat orqanlarının ayıqlığı nəticəsində bu dezinformasiyalar vaxtında aşkarlanmış, adekvat tədbirlər görülmüş, cəmiyyətin psixologiyasına mənfi təsir göstərməyə çalışan faktlar dərhal aradan qaldırılmışdır.