Müasir dövrümüzdə uşaqlarda çox rast gəlinir. Hansı ki bu problem daha çox valideynləri narahat edir və təşvişə salır. Hiperaktivlik əlamətləri: Y Aqressivlik Y Narahatlıq Y Boş- boşuna vurnuxma Y Diqqət əksikliyi Y Tez-tez əşyalarını itirmə Y impulsivlik Normal olaraq , beynimizdə bu sual canlanır.Bu qədər sıxlıqla müşahidə edilən hiperaktivliyin səbəbləri nələrdir? Araşdırmalara əsasən, hiperaktiv övladı olan anaların çoxu hamiləlik dönəmində toksikozdan, yüksək təzyiqdən əziyyət çəkirlər. Uşaqlarda bu cür yüksək aktivlik ən çox 3 yaşından başlayır. Əgər bu cür uşaqlarda əvvəlcədən mütəxəssis yardımı alınmazsa ,yeniyetməlik çağlarında qaydalara tabe olmaq istəməməsi və digər zərərli vərdişlər rast gəlinə bilər. Hiperaktiv uşaqlar əksərən parıldayan nəsnələrə daha maraqlı olurlar. Onlar eyni vaxtda hər şeylə məşğul olmaq istəyir, qayda- qanunlara tabe olmur, dəcəlliklər və diqqət əksikliyi də müşahidə olunur. Hiperaktiv uşaqlar bir sıra müsbət xüsusiyyətlərə də malikdirlər. Ünsiyyətə meyilli olurlar və hər hansı bir şeydən dərhal ilhamlana bilirlər, yardımsevər xarakterə malik olurlar. Bunlara baxmayaraq , onlar özlərini ifadə edə bilməkdə və dost qazanmaqda çətinlik yaşayırlar.Bu çətinlik məktəbdə konsentrasiya problemi olaraq özünü göstərir. Hiperaktivliyi müəyyən etmək üşün xüsusi test yoxdur . Valideynlər bir neçə qaydalara riayət etməklə əlamətləri müəyyən dərəcədə korreksiya edə bilərlər. Lakin psixoloq yardımı mütləqdir. Valideynlərə məsləhət 1) Uşağınızın uğurlarını vurğulayın, faydalı davranışlarına görə onları tərifləyin. 2) Uşağa icazə verin ki, öz enerjisini faydalı və səmərəli işlərə sərf etsin.Məsələn: idman hərkətləri, təmiz havada gəzinti və s. 3) Evdə gündəlik işlərin planını tutun. Ev işləri, qida qəbulu, yatmaq, təmiz havada gəzinti bu cədvələ uyğun olsun 4) Övladınız oyun oynadığı zaman onun oyun yoldaşı olsun və ən əsası narahat,səs-küylü , dalaşqan uşaqlardan qaçsın. 5) Yox, olmaz sözlərini bacardıqca təkrar etməyin. 6) Uşağınız hər nə qədər dəcəl, hiperaktiv olsa belə, onlarla sakit , təmkinlə danışın. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi məhz biz öz əldə etdiyimiz nəticələrlə dəyişə bilərik. Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı, gələcəyimiz və ilahi əmanətdir.. Yazar : Psixoloq Aysu Əliyeva
Qorxu yaşamın təbii bir hissəsi olub,qəzəb,sevinc və ya məyusluq kimi bir duyğudur. Qorxu insanların görünən və görünməyən təhlükələr qarşısında verdiyi reaksiya şəklidir. Əslində hər qorxu özümüzümüdafiə mexanizmamızı işə salır və təhlükəli durum qarşısında özümüzü qorumağımıza yardım edir. Uşaqların qorxuları yaş dövrlərinə görə fərqlənir. Daha azyaşlı dönəmdə qorxuların səbəbi yüksək səs olduğu halda,uşaqların yaşı artdıqca mücərrəd varlıqlardan qorxmağa başlayırlar. Uşaqlar nədən qorxar? 2 yaş: Ən çox səslərlə əlaqəli qorxular üstünlük təşkil edir.Xüsusilə qatar,kamaz,şimşək səsi,tozsoranın,hava feninin səsi...Qaranlıq,böyük əşyalardan da qorxu halları bu yaşda görülə bilər. 2,5 yaş: Oyuncağın və ya çarpayının yerinin dəyişdirilməsi,uşaq yuxuya keçdikdən sonra anasının yanından ayrılması,uşağın vərdişlərindən fərqli edilən davranışlar uşağı qorxuda bilər. 3 yaş:Ən çox vizual qorxular;qaranlıq,heyvan,polis,ana və atanın gecə küçəyə çıxması və s. 4 yaş: Səslərlə əlaqəli qorxular; xüsusilə motor gurultusu. Eyni zamanda vəhşi heyvanlar, ananın evdən getməsi,qaranlıqdan qorxma halları da müşahidə edilir. 5 yaş: Çox da qorxulu bir yaş deyil. Daha çox görsəl qorxular görülür. Əlavə olaraq ,yıxılmaq,zədələnməkdən qorxmaq halları da müşahidə edə bilərik. 6 yaş:Ruh,cadı kimi mücərrəd gözlə görünməsi mümkün olmayan varlıqlardan qorxmağa başlayarlar.Və bu qorxular uşaqda çarpayının altında həmin varlıqların gizləndiyi düşüncəsini yaradır. 7 yaş:Qaranlıq,zirzəmi qorxusu...Kölgələri ruh,cadı kimi qavramaq halları görülür.Uşaq oxuduqlarından,televizorda gördüklərindən hədsiz təsirlənib təşviş keçirə bilir. 8-9 yaş:Təşviş və qorxular daha azdır. Daha çox sosial status və kimliyi ilə bağlı narahatlıqlar görə bilərik. Məsələn: bir işi edə bilməmək,məktəbdə uğursuzluq yaşamaq, insanlar içərisində pərt olmaq kimi. Övladlarımızın qorxuları ilə mübarizə apara bilməsi üçün yollar: 1) Qorxunu rədd etməyin,qəbul edin. Uşağınızın qorxusu haqqında nə düşünürsünüz düşünün,bu duyğu onlar üçün gerçıkdir və sizin də onları anladığınızı bilmək istəyərlər.Onlara mövzu haqqında danışmaq fürsəti verin,həqiqətən anladığınızı göstərin . Yardım edə bilməyiniz üçün ilkin mərhələ övladınızın qorxusunun olduğunu qəbul etməkdir. 2)Öz qorxularınızı onlara ötürməyin. Çox ailələrdə görülən davranışlardan biri də uşağın ana,atanı model aldığı üçün onun qorxu və duyğularının təsiri altına düşməkdir.Belə hallarda qorxularınız haqqında onlarla danışın,sizin də insan olduğunuzu və sizin də hamı kimi qorxularınızın ola biləcəyini izah edin.Qorxu ilə necə mübarizə apardığınızı,üstəsindən gəlmək üçün onlara istiqamət verin. 3) Hansısa qorxuya qalib gəldikləri pozitiv xatirələri danışın. Övladınıza əvvəlcə sınamaqdan qorxduğu, amma sonra etməkdən zövq aldığı situasiyanı xatırlamaq , öz bacarıqları haqqında özgüvənin qalxmasına səbəb olacaqdır. 4) Onları başqaları ilə müqayisə etməkdən uzaq durun. Müqayisə edilmək uşaqda yetərsizlik duyğusuna səbəb olacaqdır. Eyni zamanda müqayisə olunana qarşı nifrət,qəzəb və kinin yaranması ilə nəticələnəcək. 5)Qorxularına qalib gəlməsi üçün nağıl terapiyasndan-uşaq hekayələrindən istifadə edin. Xüsusilə övladınızın qorxusu ilə eyni qorxudan əziyyət çəkən personaj və bənzər sujet xətli hekayə seçin.Belə ki. uşaq qorxusuna qalib gələn personajla özünü eyniləşdirir və qorxusuna qalib gəlmək üçün cəsarətlənir. 6)Bir qorxu ilə üzləşmənin necə kiçik addımlarla edilə biləcəyini göstərin. Kiçik etaplarla qorxunun üzərinə gedərək qalib ola biləcəyini öyrədin. 7) Relaksasiya texnikalarından istifadə edin. Rahatladıcı musiqi, nəfəs texnikaları uşaqdaki gərginliyi aradan qaldıracaqdır. 8)Tək olmadıqlarını davamlı xatırladın. Nə olursa olsun,hər zaman onların yanında olacağınızı bildikləri üçün özlərini güvəndə hiss edəcəklər. Unutmamalı ki, qorxu duyğusunu uşaq fərqində olmadan yaşayır və bu dönəmdə önəmli olan ona göstərilən anlayış,sevgi və qayğıdır. Psixoloq Aysu Əliyeva
Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsəl inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsəl orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsəl orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar. Bu kimi hallar daha çox tez- tez yalnız və tək qalan, ailə diqqətindən kənarda qalan uşaqlarda görülür. 2-3 yaşlarında tamamən fizioloji proses sayılan bu hadisə yaş artdıqca davam edərsə ciddi problem var deməkdir. Uşaqlıq dönəmində saatlarca vaxt alan, uşağın yemək və yatmaq kimi günlük rutininə əngəl olacaq tezlikdə masturbasiyalara rast gəlinə bilər. Bu tip uşaqlar hər boş vaxt olan kimi otağa qapanır və masturbasiya etməyə davam edərlər. Uşaq bu davranışı etməkdən özünü dayandıra bilmir, etmədiyində isə narahatlıq və gərginlik hissi keçirir. Uşağın cinsəl orqanında qaşıntılı yara olması da bu hala səbəb ola bilər. Həmçinin cinsəl istismara məruz qalmış uşaqlarda hədsiz dərəcədə davamlı masturbasiya görülür. Eyni zamanda yeniyetməlik dönəmində də bu durum kəskin və davamlı hal ala bilər. Bu halda ailənin uşağa günahkar və hədələyici davranış , reaksiyalardan qaçınılması gərəklidir. Əks halda uşaqda depressiya,okp əlamətləri görülə bilər. Ana və atalar uşaqlarında masturbasiyasiyaya bənzər davranışlar gördüyü zaman bu situasiyaya cinsəl məna yüklədikləri üçün əsəb və gərginlik keçirirlər. Utanc hissi səbəbilə uşaqlarına təyziq göstərir , hərşeyi kontrol altına almağa çalışır və davamlı etməməsi gərəkdiyini bildirir , çox vaxt isə ağır cəzalar verir, şiddət göstərirlər. Halbuki bu cür yanaşma uşaqda durumu daha da alovlandırır. Uşaq daha çox meyl edir. Olmaz və qadağa edilən hərşey uşaqda maraq , həvəs yaradır. Mütləq halda uşaq və yeniyetmə psixoloquna müraciət edilməlidir. Valideynlər isə belə halla qarşılaşdığı zaman elədiyini uşağın üzünə çırpmaq əvəzinə, diqqətini yayındırmalı və uşağın marağını fərqli yönlərə yönəltməlidir. Psixoloq Aysu Əliyeva
Məktəblərdə yeni tədris ilinin başlamasına az qalır. Kiçik məktəblilərdə tədris ilinin başlaması ilə əlaqədar yaranan psixoloji vəziyyət onlarda məktəb qorxusu kimi xarakterizə olunur. Eyni zamanda, dərslər başlamazdan əvvəl uşaqlar üzərində tələblərin qoyulması, tapşırıqların yerinə yetirilməsində ciddi səy göstərilməsinin istənilməsi, şagirdlərdə xüsusilə, kiçik məktəblilərdə məktəbə adaptasiya olunmalarında müəyyən çətinliklər yaradır. Adaptasiya problemi yaşayan uşaqların bir qismində elə bir vəziyyət yaranır ki, fərdi məsuliyyət hissi qorxuya çevrilir. Beləcə, məsuliyyət qorxusu, məktəb qorxusu olaraq, genişlənməyə başlayır. Məktəb qorxusu isə uşağın psixoloji halına sirayət edərək, məktəblə əlaqəli işlərin “həll olmaz”, “yerinə yetirilməsi mümkünsüz” düşüncə tərzi formalaşdırmağa başlayır. Məktəb qorxusu özünü göstərən zaman, uşaqlarda çəkingənlik, mənfi təsirli utancaqlıq, özünəqapanma, ünsiyyətdən qaçmaq kimi xüsusiyyətləri əks etdirir. Hətta hər şeyə qarşı etinasız yanaşmağa, bezdirici reaksiyalar sərgiləməyə meyl edir. Digər tərəfdən, valideynlər uşaqlara qorxu içində qorxu yaşatmaqla, həmin problemin aradan qaldırılmasına cəhd göstərirlər. Nəticədə, uşaqlar, məktəbə getməkdən imtina edir. əsəbi davranışlar sərgiləyir və ağlayırlar. Bu zaman daha fərqli vəziyyətlər də yaranır ki, bu da halsızlıq, ürəkbulanma, baş ağrısı və qarın ağrısı əlamətləri kimi özünü göstərir. Məktəbin açılması yaxınlaşdıqca, bu hal maksimum səviyyəyə çatır. Məktəb qorxusunun yaranma səbəblərini aşağıdakı kimi səciyyələndirmək olar: · Çətinlik çəkdiyi fənn ilə əlaqədar olaraq yaranan qorxulardır ki, bu zaman tapşırığı yerinə yetirə bilməməsi, aşağı qiymət alması, müəllimin onu həmin fənn üzrə davamlı məzəmmət etməsi və səhvetmə qorxusu və s. · Məktəb prosesində zamana uyğun nizamlama olduğu üçün uşaqlarda rejimə uyğunlaşmama qorxusu yaranır. Belə ki, səhər erkəndən oyanmaq, dərsə gecikmək, dərsin başlama və bitmə vaxtına əməl etmək və s. · Sistemli fəaliyyətə yenidən qoşulmaq, uşaqlarda öz istədiyini edə bilməmək, müəllim və valideynlərin danlaması, cəzalandırılmaq, rahatlığının əlindən alınması kimi qorxular formalaşdırmış olur. Qeyd olunan səbəblər, eyni zamanda valideynlər və müəllimlər tərəfindən həll olunması tələb olunan problemlər olaraq qeyd olunur. V alideynlərin övladlarını evdə düzgün yönləndirməsi, mənəvi dəstək olması, müəllimlərin isə məktəbdə ən azı 30-45 gün müddətində şagirdlərə qarşı daha həssas və humanist yanaşması, bu prosesin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Çünki, yeni tədris ilinə böyük həvəs və inamla başlayan hər bir şagird, tədris ilinin sonunu uğurla nəticələrlə yekunlaşdırmış olacaqdır. Ayxan Hüseynli AYB-nin üzvü psixoloq
"Uşaqlarda ən sıx görülən davranış problemləri " 1)Uşaqlarda dırnaq yemə , dodaq dişləmək, dəri və yaxud saç yolma kimi problemli davranışlar görülə bilər. Bunlardan ən çox rast gəlinən dırnaq yemə davranışıdır. Bu davranışdan nəinki uşaqlar, yeniyetmə və yetişkinlər də əziyyət çəkir. Dırnaq yemə bəzi uşaqlarda gərginliyin ifadəsi ola bilər. Əsasən stress yaradan situasiyalarda ortaya çıxır. Məsələn, sakit halda televizor izləyən uşaq qorxulu səhnə gördüyündə və yaxud ailənin uşaqdakı dərs uğursuzluqları barədə danışmağa başlaması ilə dırnağını yeməyə başlayarlar. Davranışı edə bilməyəndə sıxıntı, hüzursuzluq və əndişə duyar. Dırnaq yemə əksərən uşaqlıq dönəmində başlayır, yeniyetməlik dönəminə artır. Lakin yaş artdıqca azalması gözlənilir. Fəqət hər yaş artan şəxsdə dırnaq yemə azaldığı görülmür , bəzən daha da şiddətlənə bilər. Uşağın dırnağını yeməsi ana və atanı olduqca narahat edir. Bu durumu uşağı tənqid edərək , danlayaraq, qəzəblənərək və cəzalandıraraq düzəldəcəklərini düşünürlər. Lakin uşaq bütün bu əngəllərə rəğmən dırnaq yemə davranışını davam etdirir. Şəxsin ailəsi dırnaq yeməyi əngəlləmək və qarşısını almaq üçün bir neçə tədbir görür. Bunlara aiddir; dırnağa lak vurmaq, acı bibər sürtmək, əlcək geyindirmək və s. Lakin unutmamaq lazımdır ki, bu əngəllər geri qalxan kimi yemə alışqanlığı da geri dönür. Dırnaq yemə vərdiş halıdır. Şəxs etməməsi gərəkdiyini bildiyi, hətta canını incitdiyi halda bu davranışı tərgitməkdə çətinlik çəkir. Hətta ən pik nöqtədə uşağın əli yara içində qalır. Bu vəziyyətdə uşağın dərisində infeksiya və xəstəliklərin yaranma riski çox yüksəkdir . Təbii ki, bu durum uşağın sosial həyatına təsirsiz ötüşmür. Uşaq dostları, sosial çevrəsi tərəfindən təklənir, oyunlara qəbul edilmir və ələ salınır. Dırnaq yemənin müalicəsində ilk və ən vacib addım , uşaqda bu duruma səbəb ola biləcək gərginliyi aradan qaldırmaqdır. Hər növ cəzanın verilməsi, uşağa davamlı sərt reaksiyanın verilməsi problemi çözmək əvəzinə daha da qabardır. 2) Barmaq əmmək- Həyatın ilk illərində görülən davranışdır. Uşaq əmzik əmdiyində əldə etdiyi doyumu yaş artdıqca barmaq əmməklə təmin etməyə çalışır. Bu davranış , uşağın narahatlıq və gərginliklərini azaltma çabası olaraq da görülə bilir. Ana südündən tez kəsilən, əmzik istifadə etməmiş və yaxud çətinliklə əmzikdən ayrılan uşaqlarda daha çox rast gəlinən durumdur. Valideynlər bu davranışı əngəlləmək üçün bir neçə yola əl atır. Məsələn; uşağın əlini bağlamaq, ələ acı bibər sürtmək , əlinə xətkeşlə vurmaq və s . Lakin bu tipli cəzalandırıcı davranışlar problemi azaltmaq əvəzinə daha da artırır. 3-4 yaşlarda uşaqlardakı barmaq əmmə davranışının öz-özünə yox olub getməsi gözlənilir. Əgər davam edərsə , uşaq psixiatrından dəstək alınmalıdır. 3) Saç yolma- Önəmli dərəcədə saç itkisi ilə nəticələnəcək dərəcədə , şəxsin təkrarlayan formada öz saçını yolmasına " Trikotilomaniya " deyilir. Uşaqların ən çox tük yolduğu bölgələr: ən çox saç , qaş və kirpik. Saç yolma davranışının sonunda bir rahatlama, həzz alma və zövq , doyum hissi yaşanır. Müalicəsi zamanı dərmanlar və psixoterapiyadan istifadə edilir. Psixoloq Aysu Əliyeva
Uşaq istismarı dövrümüzün böyük və həll olunması vacib problemlərindən biridir. Uşaq istismarı nədir? Uşağa qarşı törədilən fiziki və ya psixoloji şiddətdir.Bunu törədən tək bir insan da ola bilər, bir qrup da, dövlət də.. Uşaq istismarı cəmiyyət tərəfindən yanlış davranışlar olaraq qeyd edilir.Kobud davranışlar,cinsi,coğrafi ərazi və digər formalarda özünü göstərə bilir.Uşaqlarda fiziki,hissi,cinsi və zehni inkişafı əngəlləyir. Dünya üzrə istismarın 4 forması ayırd edilmişdir: 1. Fiziki istismar; 2. Cinsi istismar; 3. Emosional istismar; 4. Laqeydlik. Fiziki istismar: İşgəncə, yaralama və s. kimi fiziki yollarla edilən istismar formasıdır. Buna aşağıdakıları göstərə bilərik: şillə vurmaq, yıxmaq, itələmək və ya dartmaq, yumruq vurmaq, təpik atmaq, çimdikləmək, boğmaq, yandırmaq, yatmağa imkan verməmək, elektroşok tətbiq etmək, təhlükəli heyvanların yanına qoymaq, zəhərləmək, əl-qolunu/ağzını bağlamaq, daş atmaq, silahla yaralamaq və s. Bəlkə də bəziləriniz sadalananlardan bir neçəsinə adi birşey kimi yanaşırsız/yanaşacaqsız..Hətta çox təəssüf ki, bəzən bəzi valideynlər tərbiyədə bu yollara əl atırlar. Fiziki şiddət yoluyla tərbiyə olmaz əziz valideynlər, himayəçilər, dayələr. Gələcəkdə sağlam ruhlu insan olmağını istəyirsizsə, övladlarınıza fiziki şiddət tətbiq etməyin və tətbiq etdirməyin. Bunlar da fiziki istismar sayılır!. Cinsi istismar: Cinsi istismar insan hüququnun çox ağır pozuntularından biridir.Yetkinlik yaşındakı birinin 4-11 yaşlı uşaqlara qarşı cinsi maraqları "Pedofiliya" adlanır. Pedofillər istənilən yaş dövründə, istənilən peşə sahibi ola bilər. Bunlar daha çox uzaq qohum və qonşular olur. Birinin uşağı əzizləyərkən daxilən hansı hisləri keçirdiyini,hansı düşüncələrdə olduğunu bilmədiyimiz üçün kimisə ittiham etmək doğru olmaz. Ancaq diqqətdən də yayındırmamalıyıq. Cinsi istismara məruz qalan uşaq və gənclər bu səbəbdən çoxsaylı psixoloji əziyyətlərə düçar olurlar. Zorakılığa məruz qalan insanın təkcə fiziki yox, psixoloji sağlamlığı da ciddi şəkildə zərər görür. Tək qurtuluş yolunu ölümdə gördükləri üçün intihar halları da çox olur. Bəziləri patoloji qorxu içində yaşayır, bəzilərində travma səbəbli stress halları görülür. Yuxusuzluq, qara basma, iştahasızlıq müşahidə olunur. Ağrılarının qarşısını almaq üçün spirtli içki və narkotik maddələrə əl atırlar. Ailədə zorakılığa şahid olan uşaqlarda çox böyük mənfi təsirlər yaranır. Qız uşaqları gələcəkdə ailə həyatı qurduqda belə halla qarşılaşarsa, bunu adi qarşılaya bilər. Çünki uşaqlıqdan bəri bunun şahidi olublar. Oğlan uşaqları isə bəzən öz həyatlarında da bunu (zorakılığı) tətbiq edirlər. Çünki bununla böyüyüblər və doğru olduğunu sanırlar. Digər istismar formaları kimi, cinsi istismar da bütün dünyanın böyük və həll olunması vacib problemlərindən biridir. Cinsi istismar qurbanı olan uşaqlar psixoloji müalicə almasalar, gələcəkdə onlarda pedofiliya əlamətləri görülə bilər. Uşaqlarda cinsi istismar daha çox yeniyetməlik dövründə rast gəlinir. Bu yaş dövrü uşaqlarda cinsi inkişaf dövrüdür. Hormonal dəyişikliklər səbəbiylə cinsi maraq yaranır. Həmçinin uşaqlar birinin onlara nə məqsədlə yaxınlaşdığını, ünsiyyət qurduğunu bilmirlər, əksər zamanlarda isə müqavimət göstərməyə gücləri yetmir. Buna görə də uşaqları lazımi dərəcədə nəzarətdə saxlamaq (nəzərdə tutulan onları məhdudlaşdırmaq deyil), onlara tanımadıqları insanlarla ünsiyyət qurmamağı, onların təkliflərini dinləməməyi öyrətmək lazımdır. Xüsusilə də azyaşlı uşaqlara. Hər bir şəxs öz övladı (övladları) üçün lazımi tədbirləri görərsə, istismarın qarşısı müəyyən qədər alınar. Emosional istismar: Emosional istismara məruz qalan uşaqlarda qorxu, utancaqlıq, kədər müşahidə olunur. Özlərini tək, dəyərsiz hiss edirlər. Emosional istismara bunları göstərə bilərik: uşağın emosional ehtiyaclarını gözardı etmək; yaşına, fiziki gücünə uyğun olmayan fiziki iş vermək; qorxduğu bir şeylə qorxutmaq, hədələmək; təhsil almağına mane olmaq; uşağı tərk etmək; fiziki şiddətlə, psixoloji zərər verəcək yollarla cəzalandırmaq; ev işlərini görməyə zorla məcbur etmək; yüksək səslə qışqırmaq; uşağı tez-tez tənqid etmək, alçaltmaq; kömək istədiyi zaman köməklik etməmək, bunun üçün onu danlamaq və s. Bu cür emosional istismara məruz qalan uşaqlar sevilmədiklərini, dəyərsiz olduqlarını hiss edirlər. Bu uşaqlarda özgüvən,özünəəminlik aşağı olur. Ətrafdakılarla ünsiyyətdə çətinlik çəkirlər. Emosional istismar fiziki və cinsi istismarı da tətikləyir. Emosional istismara məruz qalan övladınızla necə davranmalısınız? Ona dəyərli olduğunu xatırladın, hiss etdirin, onu hər daim dinləyin, fikirlərinə hörmətlə yanaşın, onunla oyunlar oynayın. İstədiyi fəaliyyətlə məşğul olmasına şərait yaradın, dostlarıyla vaxt keçirməsini təmin edin. Əgər digər valideyn emosional istismarçıdırsa, övladınızı onunla tək buraxmayın. Diqqətcil, tədbirli olun və bunu övladınıza da aşılayın,onlarla yaxın əlaqə qurun, mümkün olduğu qədər çalışın çox vaxt keçirəsiniz. Lazımi üsullarla, həddən artıq reaksiya vermədən, qorxutmadan, həyəcanlandırmadan övladlarınızı bu cür hallara qarşı məlumatlandırın. Bir çox ölkələrdə istismarın qarşısının alınması məqsədilə qanun üzrə qərarlar alınmış, həmçinin cəzalandırma üsulları hazırlanmışdır. Ancaq bütün bunlara rəğmən uşaq istismarı böyük problemlər sırasında qalır. Bizlər də müəyyən qədər qarşısının alınmasında köməklik göstərə bilərik.İstismara qarşı bizlərin görəbiləcəyimiz və görəcəyimiz tədbirlər istismarın qarşısının alınmasında böyük rol oynayacaqdır. Umutmayın! "18 yaşa qədər hər insan uşaq sayılır." Psixoloq Gülçin Qarayeva
Yalan danışmaq edilən bir davranışı , bir qüsuru gizlətmək üçün həqiqətdən kənar ifadənin istifadə edilməsidir. Hansı ki bu hal uşaq və yeniyetmələrdə çox rastlanan durumdur. Həmçinin yetişkinlər də yalan danışmağa meyillidir. Başqalarını bilə-bilə aldatmaq üçün deyilən sözlər gerçək yalanlardır. Uşaqların söylədiyi yalanlar böyüklərinkinə müqayisədə məsumdur. Çünki ; uşaqlar yalanı deyərkən aldatmaq niyyətilə etmirlər. Uşaqlar əsasən gerçəyi düzgün dəyərləndirə bilmədiyindən gördüyü şeyləri özünün qavradığı şəkildə danışır yaxud uydururlar. Bəzi valideynlər bu hadisəni yalan olaraq görüb, uşağı cəzalandırırlar. Halbuki 3-5 yaşlarında uşağın xəyal dünyası çox zəngindir, bu yaş dönəmində uşaqlar xəyalla gerçəyi ayırd edə bilmirlər. Bu səbəbdən uşağın 7 yaşından öncə danışdığı gerçəyə zidd ifadələri yalan olaraq adlandırmaq doğru deyil. 3 yaşında uşağın fantastik hekayələr uydurması, xəyali dostlarının olması və təqlid oyunlarını sevməsi normaldır . Və inkişafının yaşına müvafiq olduğunu göstərir. Uşağın xəyal gücü nə qədər zənginsə, uşaq gələcəkdə o qədər uğurlu olur. Uşağa gerçəyə sadiq qalmağı üçün məcbur edilməməli, yalanını ortaya çıxarmaq üçün təzyiq göstərilməməlidir. Uşaq gerçəklə yalanı ayırd etməyə başladıqdan sonra hələ də yalan danışmağa davam edirsə, mütəxəssisdən yardım almaq lazımdır . Çünki bu dönəmdə yalan danışan uşaq əslində subliminal olaraq sizə ismarıc verməyə çalışır . Məsələn: ailəyə yeni fərd - bacı , qardaş gələndən sonra diqqətdən və qayğıdan kənar qalan uşaqlar valideynin diqqətini çəkmək üçün yalan danışmağa meyl edə bilər. Yaxud uşaq sinifdə müəllimənin diqqətini çəkmək üçün dağıdıcı davranışlar sərgiləyə- yalan, oğurluq , isterika göstərə bilir . Yalan söyləmə davranış pozuntusu olan uşağın çevrəsi ilə olan münasibəti də qaydasında getmir. Uşaq yetərincə sosiallaşa bilmir . Uşaqda hədsiz paxıllıq və özünü , davranışlarını idarə edə bilməmə halları görülür . Uşaq hadisələri gerçəkdə olduğu kimi deyil , çevrəsindəki yetişkinlərin görmək istədiyi şəkildə göstərmək üçün yalan söyləyər. Patoloji yalanlar - yalan danışmaq xəstəliyidir. Şəxs məqsəd güdmədən davamlı yalan danışır . Bu xəstəliyə elmdə mitomaniya adı verilir Xəyali yalanlar- azyaşlı uşaqların gerçəyi düzgün dəyərləndirə bilmədiyi üçün uydurduğu yalanlardır. Təqlid yalanlar - uşaqların ata,anasını , böyüklərini təqlid edərək öyrəndiyi yalanlardır. Sosial yalanlar -cəmiyyətdə ən çox rast gəlinən yalan formasıdır. Getmək istəmədiyimiz yerə getməmək üçün " Xəstəyəm" dediyimiz kimi. Müdafiə yalanları- uşağın özünü qorumaq məqsədilə danışdığı yalanlardır. Uşaq davamlı tənqid edilirsə, sərt reaksiya ilə qarşılaşırsa, mükəmməl olması tələb olunursa uşaq yalana müraciət edə bilir. Gerçəyi söylədiyində belə " yalan danışırsan " deyərək günahlandırılan uşaq yalan danışmağı vərdiş halına gətirə bilər Şişirdilmiş yalanlar -Başqalarının sevgisini və diqqətini əldə etmək üçün danışılan yalanlardır. Bundan əlavə ,bəzən uşaqlar bir istəklərini, ehtiyaclarını dilə gətirmək üçün də yalan danışa bilirlər. Məsələn, anasız bir uşağın " anam var " deməsi kimi . Mükafatlandırılmayan, qayğı , diqqət, sevgi ehtiyacları qarşılanmayan uşaq yalana müraciət edir. Nümunə ; anası ölmədiyi halda, yeni bacı yaxud qardaşı olan uşağın " anam öldü" deməsi qayğı və sevgi aclığını ifadə etməkdədir. Yazar :Psixoloq Aysu Əliyeva
Valideyinlərin uşağlar ayırdığı zamanın önəmi. Analıq və ya atalıq hissi çox gözəl hiss olmasına rəğmən bir ki qədərdə çətin və məsuliyyətlidir. Çünki uşağın gələcəyi valideynlərinin əlindədir. Ona göstərəcəkləri sevgi, anlayış və tərbiyə uşağın bütün inkişafına təsir edəcək. Belə mühüm vəzifəni üzərinə götürən valideynlər övladlarının inkişafına töhfə vermək üçün hərəkətə keçməli, fəal və təsirli valideyn olmalıdırlar. Əslində heç bir valideyn anadangəlmə tərbiyə bacarığı ilə doğulmur. Amma yaxşı övlad yetişdirmək üçün ətrafdakı ailələri müşahidə edib onların təcrübələrindən faydalanaraq, uşaq inkişafı ilə bağlı kitablar oxuyub təcrübə apararaq, sağlam düşüncəni işə salmaqla təsirli valideyn ola bilərlər. Valideyn – uşaq münasibətlərində ən önəmli amil uşağa ayrılan diqqət və zamandır. Niyə uşaqlara zaman ayrılmalıdır? Ailələri ilə daha keyfiyyətli vaxt keçirən uşaqların narkotik və spirt istifadəsi kimi riskli davranışlarda iştirak etmə ehtimalı daha azdır. Valideyin uşaqlarına onları sevdiyini və onlara qayğı göstərdiyini hiss etdirərək onların əqli və emosional cəhətdən güclü olmasına kömək edir. Bir valideyn olaraq bunu etmənin ən yaxşı yolu müntəzəm olaraq onlarla keyfiyyətli vaxt keçirməkdir. Ailələri ilə daha keyfiyyətli vaxt keçirən uşaqların fiziki cəhətdən sağlam olma ehtimalı daha yüksəkdir.Ümumiyyətlə, ailənin uşaqlarla keyfiyyətli vaxt keçirməsi onlar üçün önəmli, eyni zamanda valideyinin öz rifahı üçün də vacibdir. Valideyn uşaqlarına necə zaman ayıra bilər? • Uşağınızla hər gün əlaqə saxlayın. İstər məktəbdən və işdən əvvəl üz-üzə əlaqələr olsun, istərsə də onlara nahar çantalarında kiçik bir qeyd göndərmək olsun, uşaqlarınızla hər cür əlaqə mühüm və dəyərlidir. • Uşağınıza hər gün onu sevdiyinizi söyləyin. Uşağınıza onu niyə sevdiyinizi və dəyər verdiyinizi bildirin. • Yatmadan əvvəl qısa bir kitab seçmək və oxumaq kimi bəzi adi rituallar yaradın. • Müsbət davranışlarını təqdirinizlə gücləndirin. • Yemək bişirin və birlikdə yeyin. Bu, ailənin bir-biri ilə danışmasına imkan verir və komanda işini təşviq edir. • Uşağınızla bir fəaliyyətlə məşğul olmaq üçün vaxt təyin edin, seçiminə icazə verin. Belə sənətkarlıq, çörək bişirmə, ailə oyun gecəsi və s. • Uşağınızla bir neçə dəqiqəlik də olsa oynayın. • Uşağınızla zarafat edin və gülün. Gülüş emosional sağlamlığı yaxşılaşdırmaq üçün əladır. • Bir müddət texnologiyadan uzaqlaşın və sadəcə uşağınızı dinləməyə və danışmağa vaxt ayırın. Valideynlərə münasibətlərinin uşaqların inkişafına necə təsir göstərməsini başa düşmələrinə kömək göstərmək onların bu gün sağlam olmaları və gələcəkdə sağlam ailəsi olması üçün zəmin yaratmaqdır.
Daun sindromlu” uşaqlar bir-birinə oxşayır, stereotipləri eyni olur. Onlarda boy qısa olur, əqli inkişafdan geri qalırlar. Kəlləsi kiçik və yumru olur və üz nahiysində yastılaşır. Yanaqlar uzun yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur. Göz yarığı çəp, dili böyük, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Daun xəstəlik deyil sindromdur. Bu sindrom, daha çox əqli inkişafda gerilik və digər orqanlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromason anomaliyasıdır. Belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri olur. Onların immunitetləri zəif olur və bu uşaqlar qulaq, göz infeksiyasına meyillidirlər. Yetkin bir Daun sindromlunun zəkası təqribən yeddi yaşlı normal uşağın əqli inkişaf səviyyəsinə bərabər olur. Daun sindromlu uşaqlarda, öz aralarında əqli səviyyələrinə görə fərqlənirlər. Onların içərisində daha istedadlıları olur. Onlarda gəzməyi, oxumağı, yazmağı, rəqs etməyi yəni normal uşaqların bacardığı bir çox şeyləri öyrənə bilər. Bunu təmin etmək üçün isə yalnızca müəyyən olunma proqram əssasında Daun sindromlu uşaqlarla işləmək lazımdır.
Tənqidi təfəkkür: Özünüdərketmə və müasir təlimə yanaşmadır Müasir dövrdə təlimin qarşısında duran əsas məqsəd elmi texnoloji inkişafın böyüməkdə olan nəslin mürəkkəb proseslərdən məharətlə baş çıxarmaq, hadisələrə müxtəlif aspektlərdən yanaşmaq, onların mahiyyətini aydın mənimsəmək kimi qabiliyyət və bacarıqlara yiyələnməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz, bu baxımdan təlim həyata keçirilməyə başladığı andan təfəkkürdə tənqidiliyi inkişaf etdirmək vacib şərt sayılır. Ona görə ki, tənqidi ağıla sahib olan şagirdlər özlərinə aid düşüncə tərzi ilə fərqlənir, baş verən hər bir prosesi, dərk edilməsi gərəkən hər obyektin müxtəlif cəhətlərinə diqqət yetirməyə çalışır, digər cisim və proseslərlə əlaqələndirir, münasibət sistemini müəyyənləşdirir, təkcə proseslərin zəruri hissələrini öyrənməklə kifayətlənməyib, mahiyyətinin dərkinə varırlar. Tənqidi təfəkkür keyfiyyətinə malik olan insanlar duyub qavradıqları proseslər arasındakı uyğunsuzluğu asanlqıla görə bilir və bununla bağlı olaraq öz fikirlərini əsaslandıra bilirlər. Tənqidi təfəkkür öyrənənlərdə idrak obyektlərinə yanaşmaq tərzini, qarşıya qoyulmuş məsələnin həlli istiqamətində müxtəlif üsul və vasitələrin müəyyənləşdirilməsinə əsaslanır. Belə ki, tənqidi təfəkkür qarşıya çıxan məsələnin həlli istiqamətində müvafiq üsulu müəyyənləşdirmək və ona uyğun olaraq düzgün formada dəqiqləşdirilmiş surətdə həllinə nail olma bacarığında ifadə olunan əqli keyfiyyətdir. Tənqidi təfəkkür daha çox özünü məsələnin ilk başda fikri fəaliyyət zamanı başlanğıcda, yəni “əqli eksperiment” olaraq və məsələnin həllinin son mərhələsində, yəni nəticə yönümlü qərarın” prosesində təzahür edir. Belə ki, “əqli eksperiment” məsələnin həlli üçün lazım olan üsul və vasitələrin müəyyənləşdirilməsi, əsaslandırılması, fikri prosesdə sınaqdan keçirilməsi ilə özünü göstərir. Tənqidi təfəkkürdən istifadə etməklə şagirdlər təlim tapşırıqlarının daha məqsədə müvafiq və geniş şəkildə dərk edir, sahib olduqları fikirlərə tənqidi yanaşaraq şüurlarında özünə məxsus formada təhlil edir, saf-çürük edərək biliklərə yaradıcı yanaşma bacarıqlarına malik olurlar. Tənqidi təfəkkürü inkişaf etdirmək üçün eksperiment zamanı xüsusi məntiqi quruluşa və məzmuna uyğun olan mətn və şəkillər müəyyənləşdirilib, hazırlanır. Həmin tapşırıqlara vəziyyətə uyğun olaraq, qeyri-məntiqi əlaqələr, sahələr, uyğunsuzluqlar daxil edilir. Eyni zamanda müəyyənləşən tapşırıqlar şagirdlərə müxtəlif təlimatlar şəklində çatdırılır. Şagirdlərdə tənqidi təfəkkürün inkişaf istiqamətlərini aydınlaşdırmaq üçün davamlı olaraq və uzun müddətli müşahidələrlə bərabər, 3 mindən artıq eksperiment həyata keçirilmişdir. Beləliklə, qeyd edə bilərik ki, tənqidi təfəkkürün inkişaf istiqamətlərini təyin etməklə şagirdlərdə təhlil etmə, müəyyənləşdirmə, əlaqələndirmə, qarşılaşdırma, uyğunlaşdırma kimi bacarıqların inkişafına nail olmaqla bərabər, həm də təlim tapşırıqlarına müxtəlif yanaşmanı, eyni zamanda yaradıcı yanaşmanı da formalaşdırmaq mümkündür. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı
Uşaqları anlayan və anladan suallar Uşaqlar öz idrak imkanları ilə xarici dünyanı tanımağa və kəşf etməyə çalışır. Onlar gördükləri haqqında əsasən 2 yaşından etibarən düşünür və sual verməyə başlayırlar və bu proses insanın ömrünün sonuna qədər davam edir. Lakin məlumdur ki, uşaqların hər yaş dövrlərində özünəməxsus maraq dairələri formalaşır, nəticədə sual dolu bir aləmlə qarşılaşır və bu aləmin öyrənilməsinə ciddi səy göstərməyə başlayırlar. Bu zaman onların ən yaxşı köməkçisi, öyrədicisi və məlumat xəzinələri valideynləri olur. Valideynlər isə sanki bilgisiz uşaqlar yetişdirmək eşqi ilə suallara cavab verməkdən boyun qaçırırlar. Uşaqlar sual verdikcə, ilk növbədə özlərini kəşf etməyə çalışır və ətrafı özlərinə uyğunlaşdırmağa cəhd edirlər. Uşaqların sual verməsi onun nitq qabiliyyətlərinin və idrak qabiliyyətinin inkişafına kömək etdiyi kimi, onların düşüncə imkanlarının genişlənməsinə imkan yaradır. Ona görə də, balacaların çoxlu suallar verməsinə fürsət yaratmaq lazımdır ki, böyüyəndə düşünən və düşündürən nəsil yetişmiş olsun. Qeyd etmək lazımdır ki, uşaqlar əsasən o an yaşadıqları qorxu, sevinc, həyacan kimi duyğuları nəticəsində sual verir. Bu məqamda isə önəmli olan ona səbrlə, yaşına uyğun, qısa, doğru və dolğun cavab verməkdir. Cavab verərkən, uşağın idrak inkişaf səviyyəsi nəzərə alınmalıdır. Bu inkişaf səviyyəsinin əsas xüsusiyyətləri arasında uşağın yalnız konkret anlayışları öyrənə bilməsini, eqosentrik olmasını, yəni dünyanı öz gözü ilə qiymətləndirməsini saymaq olar. Uşaqların tez-tez istifadə etdiyi suallarda “Bu nədir? və niyə belədir? “Bu nəyə lazımdır?” Bunun nəyi qəşəngdir? kimi sualların düzgün mənalandırmaqla izahına çalışmaq lazımdır. Belə ki, kiçik məktəbəqədər yaş dövründə yaranan bu suallar uşaqlarda əşyalara və hadisələrə məna vermək, onları müəyyən formaya salmaq kimi bacarıqları formalaşdırmış olur. Niyə, nəyə, nəyi, necə bu suallar məktəbəqədər yaş dövründə öz mənasını, həllini və dəyər gücünü tapması gərəkən suallardır. Əsas məsələ odur ki, böyük həvəslə, diqqət-qayğı ilə bəzədilmiş cavablar uşaqlarda estetik baxışın və zövqün formalaşmasına zəmin yaradır. Məhz ilk olaraq, uşaqlarda estetik təsəvvürlərin düzgün formalaşmasına nəzər yetirmək lazımdır. Estetik baxışın formalaşması üçün isə sevinərək verilən suallara, sevərək cavab vermək gərəkir. Çünki uşaqlar ilk olaraq sevgini, qayğını, diqqəti ana bətnindən öyrənmiş olaraq dünyaya gəlir. Nəticə etibarilə qeyd etmək lazımdır ki, valideynlərlə uşaqlar arasında ən doğru münasibətin əsası, məhz uşaqların suallarından başlayır. Çünki, suallar valideynlə övlad arasında əlaqə, dünya ilə insan arasında körpü rolunu oynayır. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı
Uşaqlarda şəxsiyyətin xassələrinin formalaşması üçün əlverişli şərait yaratmaq, müasir dövrdə tərbiyə probleminin ən mühüm məsələlərindən biri sayılır. Bu dövrdə təlim prosesindən daha çox, tərbiyə prosesi ön plana çəkilir. Tərbiyənin təşkili və düzgün qurulması uşaq şəxsiyyətinin formalaşmasının əsasını müəyyən edir. Körpəlik dövründə uşaq şəxsiyyətinin inkişaf zəmini onu əhatə edən yaşlılar tərəfindən təmin edilirdisə, növbəti mərhələdə bu prosesə valideynlərlə bərabər, informasiya vasitələri də güclü təsir gücü kimi ön plana çəkilir. Məhz düzgün təşkil edilmiş təsirlər nəticəsində uşaq inkişaf edərək yeni psixoloji keyfiyyətlər və əxlaq normaları mənimsəyir, cəmiyyətin kiçik üzvünə çevrilir. Uşaq bağça yaşı dövründəki inkişaf şərtləri xeyli genişlənir: böyüklərin uşaqlara verdikləri tələblər artır; ictimai əxlaq normaları əsas tələbə çevrilir; idrak imkanlarının genişlənməsi ona xarici mühitin daha geniş sahələrinə çıxmağa imkan yaradır. İlk vaxtlarda ancaq valideynlərinin əhatəsində olub, onların xüsusiyyətlərini təqlid etməyə çalışırdısa, xarici mühitə çıxdıqca ətrafındakıları təqlid etməyə çalışır. Lakin müasir dövrdə uşaqlarda təqlidçilik formasını dəyişərək daha çox informasiya texnologiyalarının təsiri ilə formalaşır və inkişaf edir. Günümüzdə İKT-nin imkanlarından geniş geniş istifadə olunur. Bunun nəticəsidir ki, həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya uşaq şəxsiyyətinə də birbaşa sirayət etmək gücünə malikdir. Uşaq şəxsiyyətinin inkişafında iki cəhət özünü göstərir: 1) Uşaq xarici mühiti dərk etməyə başlayır və orada öz yerini müəyyənləşdirir ki, bu da əxlaqın yeni motiv tiplərini yaradır. Uşağın xarici mühiti dedikdə, sosial mühitdən, öz yaşıdlarından daha çox günümüzdə informasiya vasitələri nəzərdə tutulur. Bu vasitələr uşaqları müxtəlif mühitlərin təsirinə atmaqla, bərabər onlara müəyyən istiqamət daşıyan fikirlər də aşılaya bilir. Bu zaman uşaqlarda mənəvi təsəvvürlərin formalaşması üçün şəarait yaranır. Özünü kəşf etmə prosesi başlayır. Əxlaqi motiv onda yeni-yeni yollar tapmağa imkan verir. Uşağın özünü kəşf etmə, mənəvi təsəvvürləri formalaşdırma valideynlərlə yarı-yarıya informasiya texnologiyalarının üzərinə düşür. Belə ki, öz dövrünün adamı olma statusunu hələ məktəbəqədər yaş dövründə texnologiyadan faydalanmaqla sübuta yetirir. 2) Hisslər və iradənin inkişaf etməsi: həmin motivlərin fəallığını, əxlaqın möhkəmliyini, xarici şəraitin dəyişməsindən asılı olaraq onun dəyişməsini təmin edir. İnformasiya vasitələrində zaman və məkan anlayışı müəyyən mənada tez-tez dəyişdiyindən uşaqların müxtəlif situasiyalar keçirməsinə zəmin yaradır. Davamlı dəyişən görüntülər uşağın dəyişkən reaksiyalar verməsinə səbəb olur. Təsəvvür və hafizə - Məktəbəqədər yaşlı uşaqlar daha çox təsəvvür sürətlərinin parlaqlığı ilə xarakterizə olunurlar. Bəzən onların təsəvvür sürətləri o qədər parlaq olur ki, bunları qavrayış sürətlərindən fərqləndirə bilmirlər. İnsanlara elə gəlir ki, həmin sürətləri uşaqlar təsəvvüründə canlandırmır, sadəcə qavrayırlar. İnformasiya vasitələri uşağın şüuruna güclü təsir göstərməklə yeni çalarlara malik və inkişafa yönəlmiş təsəvvürlər əmələ gətirir. Bu təsəvvürlər ekranda göstərilən obrazlar haqqında anlayışları gücləndirir və həmin anlayışların uşaqların hafizəsində uzun zaman yaşamasına səbəb olur. Hafizə - keçmiş təcrübənin beynimizdə nöqtələndirilməsi, hifz edilməsi sahəsində sonralar onun tanıma və yada salınmasından ibarət mürəkkəb psixi prosesdir. Çox inkişaf etmiş hafizə anlayışların miqdarı və onların fərqləndirilə bilməsi ilə xarakterizə olunur. Bu da qəbul olunmuş məlumatların qavranılma dərinliyi və maraq oyada bilmə gücündən asılıdır. Ekran vasitələri bir növ qavrama prosesi üçün maksimum şərait yaradır. Bu da həyatda baş verən və verəcək proseslərə əyani baxdıqda onları təhlil etmək və müəyyən nəticələr çıxarmaqla hafizəni dərin və möhkəm biliklərlə zənginləşdirirlər. Ona görə də hafizənin möhkəmlənməsində ekran vasitələrinin gücü, digər vasitələrdən daha təsirli və effektivdir. İnformasiya vasitələri uşaqların təkcə hafizəsini bir tərəfli deyil, eyni zamanda eşitmə hafizəsini də inkişaf etdirir. Bu vasitələrlə qəbul olunmuş səslər və öyrənmə prosesində verilən biliklər eşitmə hafizəsinin möhkəmlənməsinə güclü təsir göstərir. Beləliklə demək olar ki, informasiya texnologiyaları uşaqlarda bütün hafizə tiplərini inkişaf etdirən bir vasitədir. Bu da uşaqların təlim prosesində zəngin biliklər əldə etməsinə və öyrəndikləri bilikləri uzun müddət hafizədə hifz olunmasına şəarait yaradır. Şəxsiyyətin inkişaf tələbləri inkişafın özü ilə bağlıdır ki, onları ayırmaq hətta təcrübi sürətdə mümkün deyildir. Bu gün sürətli inkişaf imkan verir ki, həm şəxsiyyət, həm də şəxsiyyətdə xüsusi ilə uşaq şəxsiyyətində mənəvi kimlik formalaşa bilsin. Ayxan Hüseynli doktorant