Binəqədi rayon Məşğulluq Mərkəzi işsiz və iş axtaran kimi qeydiyyatda olan ali təhsilli gənclər üçün əmək yarmarkası keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, “İşçi axtarıram” adı altında keçirilən yarmarkada rayon ərazisində fəaliyyət göstərən 10 müəssisədən 80-dən çox vakant iş yeri təklif olunub. İş yeri təklif edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib.
Tədbirdə 44 gəncə vakant iş yerlərinə göndəriş verilib, 5 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb.
İşəgötürənlər tərəfindən 60-a yaxın gəncdən CV qəbul edilib. Yarmarkada 7-si məcburi köçkün ailələrindən olan 14 gənc istəklərinə uyğun olaraq və potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb.