İyulun 26-da növbəti qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbərdarlıq edilib.
Bəs imtahan öncəsi abituriyentdə yaranan qorxu və həyəcan hissini necə azaltmaq olar?
Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən mütəxəssis, klinik psixoloq İlhamə Balakişiyevanın sözlərinə görə, imtahan ərəfəsində olan abituriyentlərdə yaranan fobiya əksər zaman valideynlərindən qaynaqlanır. Birinci mesajı valideynlərə ötürmək lazımdır:
“Təbii ki hər valideyn övladını ən yüksək zirvədə görmək istəyir. Ancaq düşünməlidirlər ki, elə yataq xəstəsi uşaqlar var ki heç məktəb üzü görməyiblər. Bu səbəbdən istəklərini uşaqlarına ilk olaraq doğru şəkildə qorxutmayaraq çatdırmalıdırlar”.
İlhamə xanım, çox sadə düşüncə tərzindən bəhs edərək abituriyentlərə həyəcanlarını atmaqları ilə bağlı tövsiyə verib.
“İmtahan verəcək gənclər düşünməlidirlər ki, pul kisələri var (məcazi formada) və hər gün pul atırlar. Bu pullar onların 11 il ərzində mənimsədiyi biliklərdir. Abituriyentdə bu həyəcan varsa ilk olaraq mahiyətini araşdırmalıdır. Düşünməlidirlər ki, əgər həmin pul kisəsinin açarı və qapağı ondadırsa necə ola bilər ki onu açdıqları zaman içində heç nə olmasın. Bu, mümkünsüzdür. Bunu düşünərək özlərinə şamil edə bilsələr həyəcanları kəskin formada azalar. Öz biliklərinə güvənməlidirlər. Daxili motivasiyanı qaldırmaq lazımdır”,-deyə Balakişiyeva vurğulayıb.
Müəllif: Şəhanə Quliyeva