Ormanda sıxlıq olan sahədə torpaqdan cücərib boy atmağa başlayan ağacla bağçada əkilən və qulluq olunan ağac arasında fərq çox böyükdür. Sıxlıqda bitən ağac böyüdükcə ətrafında olan böyük ağac və kolların budaqları həmişə ona mane olur, günəş işığının üzərinə düşməsinin qarşısını alır, üzərinə aylarla toz-torpaq düşür, amma küləyin o tozu üstündən təmizləməyə gücü yetmir. Hələ bir də yaşlı, ömrünü sona verən çürük bir ağac üstünə yıxılsa qabığını zədələyər, qol-budağını sındırar, böyüməsinə mane olar. Gənc agac məcburdur ki, müəyyən istiqamətə əyilsin, maneəni dəf edib boy artımına davam etsin. Ona görə də heç vaxt o dik dayana bilməz. Bağçadakı agac bu prosesləri yaşamır, rahat və sərbəst boy atıb böyüyür.
Təsəvvür edək ki, bu gənc ağaclar fərqli iki ailədə böyüyən uşaqlardır. Ailədəki münasib olmayan mühit uşağı sıxıntıya salır, dedi-qodu, yersiz münaqişə və mübahisələr, valideyn və övladların bir-birilərinə qarşı olan soyuq münasibətləri, evdəki rahatsızlıq, iman və səmimiyyətin olmaması günəş işığından məhrum olmağa bənzəyir. Bütün bunlar uşağı üzür, düşüncəsi mənfi fikirlərlə yüklənir, üstünə toz qonmuş yarpağa dönür sanki, illər lazım gəlir o çirkab toz təmizlənsin. Uşağa diqqətsizlik, problemlərinin vaxtında aşkarlanıb yoluna qoyulmaması üstünə ağac düşmüş mənzərəni xatırladır. Belə mühitdə böyüyən uşaq cəmiyyətdə özünü tapa bilmir, cəmiyyətin də belə uşağı formalaşdırması uzun illərə söykənir, o da yenə onun düşdüyü mühitə bağlıdır .
Bir anlıq da olsa gözünüzün önündə bu hadisələri canlandırın və düşünün ...