Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır.
Bunları nə ilə izah etmək olar?
Ailədə ixtilafların olması zəruridirmi?
Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz.
Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır.
Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir-birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışından yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur. Ailə daxili münaqişələrdə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq, ya da əksinə böyük münaqişələri səbir və təmkinlə həll etmək də mümkündür. Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nigahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir.
Əslində münaqişə ər-arvad həyatının dramasını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələblərinə əməl etmək lazımdır. Onlardan ən sadələri belədir:
— Mübahisəyə başlamamışdan əvvəl ər və ya arvadın nədən narazı olduğunu, nə istədiyini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını həssaslıqla və ağılla aydınlaşdırmaq.
— Mövcud şəraitə, vəziyyətə diqqət etmək. Gördüklərini götür-qoy etmək, həyat yoldaşının əhvalını nəzərə almaq lazımdır.
— Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil-sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir.
Əks təqdirdə ailədə yaranan belə ixtilaflar boşanma ilə də nəticələnə bilər. Boşanma isə əsl faciədir. Çox maraqlıdır ki, boşanmanı təkcə sosioloqlar, demoqraflar, psixoloqlar, pedaqoqlar, həkimlər deyil, həmçinin boşananların özləri də sonralar bunun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu başa düşürlər. Onlar övladının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə öz evlərini dağıtdıqlarını, uşaqlarını onun-bunun qapısına saldıqlarını çox vaxt özləri də etiraf edirlər.(gəncailə.az)