Televizor faydalı olduğu kimi çox zərərli bir şeyə də çevrilə bilər. Xüsusən uşaqlar üçün televizorun çox təhlükəli nəticələr yaratması mümkündür. Çünki televizorda yayımlanan film və proqramlar uşaqlar üçün hazırlanmış şeylər deyil. Vəziyyət belə olduqda, televizor uşaqlar üçün çox təhlükəli ola bilir. Televizora baxarkən böyüklərdən birinin uşaqla birgə izləməsi, onun yaşına uyğun şərhlər verməsi həm uşağın biliklərini artırar, həm də qavraya bilmədiyi şeyləri səhv anlamasının qarşısını alar.
Elə psixoloq Vəfa Əkbər də açıqlamasında valideynlərin nələrə diqqət etməli olduqlarını qabardıb:
“Əslində ailələrin ən böyük problemi evlərində məktəbə gedən uşaqların və hətta məktəbə yaşı düşməyən uşaqların qarşısında əyləşib saatlarla seriallara baxmasıdır. Mövzunu o qədər qabarıq şirin formada danışırlar ki, bu da uşaqları cəlb edir. Azyaşlı uşaqların fəaliyyəti dərs maraqları, oynamaq olmalıdır. Onlar isə, fikirlərini daha çox seriallara, serialda baş vermiş hadisələrə və sujeti xatırlayaraq onu qabarıq yaşamağa can atırlar. Belə olduğu təqdirdə, uşaqlar daha çox bayağı həyatı, real olmayan həyatı yaşamaq istəyirlər. Çalışmaq, əziyyət çəkmək, nəyəsə nail olmaq istəyi, bu tip uşaqlarda o qədərdə güclü olmur. Əslində burda tərbiyə mühüm rol oynayır. Həm atanın, həm də ananın üzərinə böyük məsuliyyət düşür. İki obraz bir araya gəldikdə uşaqlar bayağı seriallardan uzaq duracaqlar. Öz yaşıdlarının tələb etdiyi fəaliyyətlə məşğul olmuş olacaqlar”.(Moderator.az)