Allergik rinitin təbii üsulla müalicəsi

Rinit (zökəm) – burun boşluğu selikli qişasının iltihabıdır. Kliniki gedişinə görə rinit 2 yerə bölünür: kəskin və xroniki. Kəskin rinit virus, bakteriya və qismən də göbələk mənşəli infeksiyaların təsirindən yarana bilər. Xroniki rinit isə adətən qeyri-infeksion mənşəli olur. Bunlardan əlavə digər bir forma rinit də mövcuddur ki, bu da vazomotor rinit adlanır. Vazomotor rinit də öz növbəsində neyro-vegetativ və allergik forma rinitlərə bölünür. Ən optimal təsnifat kəskin rinitləri travmatik, toksiki, radiasyon, nevrogen və allergen formalara ayırmaqdır.

Xalq təbabəti allergik rinitin müalicəsi üçün bəzi fitoterapiya üsulları təklif edir:

  1. 4 xörək qaşığı dazıotu otu, 5 xörək qaşığı qızılçətir otu, 3 xörək qaşığı zəncirotu kökü, 1 xörək qaşığı qarğıdalı saçağı, 2 xörək qaşığı çöl qatırquyruğu otu və 4 xörək qaşığı itburnu meyvəsi. Bunlardan itburnu və zəncirotu kökü ət maşınından keçirilib ümumi yığıntı ilə qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə qaynadılmış su əlavə edilib 12 saat saxlanılır. Daha sonra odun üzərində qaynadılır və 4 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 1/3 stəkan 3 dəfə daxilə qəbul edilir. Qalan məhlul soyuducuda saxlanılır. Müalicə kursu 6 aydır. Müalicə müddətində spirtli məhsullar qəbul etmək olmaz!
  2. Dəvədabanı bitkisinin qurudulmuş qönçələri toz halına salınır. 12 qr tozun üzərinə qaynar su əlavə edilib dəmə qoyulur. Gündə 3 dəfə bir neçə gün müddətinə daxilə qəbul edilir. Bitkinin təsir effektini gücləndirmək üçün üzərinə toz halına salınmış ərik tumu da əlavə etmək olar.
  3. 15 qr şirin biyan kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.
  4. 1:1 nisbətində götürülmüş itburnu meyvəsi və zəncirotu kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 200 ml qaynar su əlavə edilib dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.
  5. 20 qr xırdalanmış çöl qatırquyruğu otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/2 stəkan yeməkdən sonra daxilə qəbul edilir.
  6. 20 qr xırdalanmış dəmrovotunun üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə qaynadılır. Gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
  7. 10 qr istiotlu nanə yarpağının üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənilir. Gündə 3 dəfə 1/3 stəkan daxilə qəbul edilir.
  8. Bərabər miqdarda üçbölümlü yatıqqanqal otu və üçrəng bənövşə otu qarışdırılıb xammalı adi çay şəklində dəmləyib içirlər.
  9. Bostan kərəvizi sıxılıb şirəsi çıxarılır və gündə 3 dəfə 1/2 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.
  10. Allergik prosesin daha da kəskinləşdiyi vaxtlarda gündə 4-5 dəfə 2 həb aktivləşdirilmiş kömür qəbul edilir. Reaksiyaların söndüyü ərəfədə dozanı azaldıb gündə 1 həb 3 dəfə qəbul etmək olar.                                                      Fitoterapevt Elnur Rəhimov