Ana südünü bu üsulla kəsməyin – Həbi gündə iki dəfə...

Ümumdünya Səhiyyə Təşkilatı, analara körpələrinə 2 il ərzində süd verməyi tövsiyə edir.

Psixoloq.az xəbər verir ki, buna baxmayaraq bəzi qadınlar müəyyən xəstəlik səbəbilə və ya sadəcə öz istəkləri ilə uşağa süd verməkdən imtina edir.

Bununla yanaşı bir müddət əmizdirdikdən sonra müəyyən səbəblərdən ötrü südü kəsmək məcburiyyətində qalanlar da olur.

Bəs bu kimi hallarda südü hansı üsul ilə kəsmək doğrudur?

Əvvəllər qadınlar süd vəzilərini sıx bağlayaraq, kəsməyə üstünlük verirdilərsə artıq müasir zamanda bu kimi əziyyətlərə ehtiyac yoxdur.

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ginekoloq Nuranə Əliyevanın sözlərinə görə, süd verən qadınlarda prolaktinin miqdarı artır:

“Prolaktin hormondur. Adətən doğuş etmiş qadınlarda hormonun miqdarı artır. Bəzi digər vəziyyətlərdə də arta bilər ki bu zaman isə vəziyyətə uyğun olaraq müalicə yazılır. Əvvəllər qadınlara südü kəsmək üçün müəyyən iynələr edilərək, sidikqovucular  da verilirdi. Müasir zamanda isə rahat yol həb vermək üsuludur. Biz “Dostinex” həbindən istifadə edirik. 2 gün istifadə etmək kifayət edir”.

Ginekoloq, bütün bu növ preparatların təzyiqi aşağı sala bilən xüsusiyyətinin olduğunu qeyd edib:

 “Qadında ürək bulanma, baş gicəllənməsi  yarada bilər. Bu zaman təlaşa ehtiyac yoxdur”.

Nuranə xanım, bu həbdən  doğru istifadənin vacibliyini də vurğulayıb:

“Əgər ana yeni doğuş edibsə və müəyyən səbəblərdən ötrü süd vermək istəmirsə doğuş  gününün səhəri biz ona 2 tablet dostinexi birdəfəyə veririk. Yox əgər ana övladına süd veribsə,  işə çıxmaq istəyirsə, südü azdırsa və ya digər səbəblərdən kəsməlidirsə  bu zaman həmin həbi 2 gün ərzində qəbul etməyi məsləhət görürük. Hər iki gün yarım tablet səhər yarım tablet axşam yeməkdən sonra qəbul etməyi uyğun bilirik. Və südü beləliklə kəsmiş oluruq”.

 Bir çox qadınlarda, süd verən ananın  büstqalter geyinməsinin südü azaltdığı fikri formalaşıb. Ginekoloq, bunun tamamilə yanlış olduğunu söyləyib:

 “Araşdırmalar isə təsdiq edib ki, həm estetik görünüş cəhətdən həm süd baxımından geyim heç bir maneçilik törətmir əksinə daha faydalıdır”.

Şəhanə Quliyeva

c2374fe4a5c543de342dd4f2dfa925ca.jpg