Azərbaycanlı həkim, onkoloq Arif Nuri əczaçıların,pasiyentin xəstəlik əlamətlərini,analizlərini bilmədən həkim kimi müalicə təyin etmələrini kəskin şəkildə tənqid edib.
Psixoloq.az xəbər verir ki, o bu barədə facebook səhifəsində məlumat paylaşıb.
Həkim, aptekə gələn valideynin, əczaçıya uşağın vəziyyətinin pis olduğundan bəhs etdiyini, əczaçının isə “müalicə sxemi” təklif etdiyinin şahidi olduğunu bildirib:
“Aptekdə işləyən işçiyə yaxınlaşan qadın 2 yaşlı uşağının simptomlarını sadalamağa başladı: “2-3 gündür uşaq ayaqyoluna su kimi çıxır, özünü pis hiss edir, hərarəti yüksəlir, arabir qusur”. Aptekdə işləyən xanım da ona bir neçə "müalicə sxemi" təklif etdi. İkilikdə cibinə uyğun bir "sxemi" seçib bir neçə dərman aldı və tələsik aptekdən aralanmağa başladı. Heç olmasa, əvvəl pediatra müraciət edin, deməyə vaxt tapsam da, mənə vahiməli, qəzəbli baxışlarla baxıb uzaqlaşdı...
Ciddi xəstə olan uşağı bu cür "müalicə etməyə" nə adı vermək olar, bilmirəm.
Aptekdə işləyənlərin əksəriyyətinin tibbi biliyi dərman instruksiyası səviyyəsindədir. Bəzilərinin tibbi biliyi olsa da, praktiki terapevtik biliyi, pediatriya sahəsində biliyi yoxdur”.
Arif Nuri, bir valideynin xəstə övladını bu növ müalicə etməsini, ona qarşı məsuliyyətsizlik kimi adlandırıb.
Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla dərman bazarında, aptek şəbəkələrindəki vəziyyətin heç də ürəkaçan olmadığını bildirib:
"Aptekdə bir əczaçı oturmalıdır. Dünyanın hər yerində belədir. O, dərmanlar haqqında ətraflı məlumata sahib olmalıdır. Orta təhsilli əczaçı da olur ki, o da satışla məşğul olur.
Azərbaycanda təəssüf ki, orta məktəbi bitirən, müxtəlif ixtisas sahibləri aptekdə işləyirlər ki, bu da yol verilməzdir. Səhiyyə Nazirliyinin təlimatına əsasən aptek əczaçının adına rəsmiləşməlidir. Əczaçılıq prosesinə həkim başçılıq etməlidir. Hazırda kim nə istəsə alır. Reseptsiz dərmanlar buraxılır. Antibiotiklər reseptsiz satılır. Bunlar tamamilə yanlış addımdır.
Satıcılar özlərinə "səlahiyyət” götürüb alıcılara səhv dərman da satırlar”.
Həmçinin A.Qeybulla aptekdə işləyən şəxslərin xəstələrə hansısa dərmanı tövsiyə etmək, vermək kimi səlahiyyətlərinin də olmadığını vurğulayıb.