Aritmiya – ürək ritminin, yəni ürək yığılmaları tezliyinin, gücünün və ardıcıllığının pozulmasıdır. Məsələ burasındadır ki, ürək, çox güclü əzələli nasosdur. Müəyyən ritmə uyğun yığılan zaman qanı damarlara qovur, nəticədə orqan və toxumalar qida maddələri və oksigenlə təchiz olunur.
Aritmiya kifayət qədər cidi xəstəlikdir, çünki mütəxəssis nəzarəti olmayan bir sıra hallarda ölümlə nəticələnə bilir. Bununla yanaşı ritm pozulmaları heç də həmişə patoloji hesab olunmur. Ağır fiziki yüklənmə və stress kimi hallarda ürəkdöyünmənin yaranması orqanizmin normal reaksiyasıdır. Lakin əgər ritm pozulmaları tez-tez, hətta sakitlik zamanı da baş verirsə, onda mütləq kardioloqa müraciət etmək lazımdır. Belə pozulmaların səbəbləri müxtəlifdir. Bunlardan:
- Yanaşı ürək-daman sistemi xəstəlikləri (ÜİX, miokardın iltihabı, ürək qüsurları, hipertoniya və s.)
- Ürək-damar sisteminin funksional pozulmaları
- Sinir sisteminin funksional pozulmaları
- elektrolit balansının pozulması
- alkoqol, nikotin, narkotiklər, dərman intoksikasiyası
- endokrin sistemin xəstəlikləri
Ürək ritminin pozulmasına səbəb olan bəzi başqa risk faktorları da var. Bunlara tez-tez soyuqlama, mütəmadi streslər, fiziki yüklənmə və s. aiddir.
Hazırda aritmiyanın bir neçə forması ayırd edilir:
- taxikardiya (ürək ritminin sürətlənməsi)
- bradikardiya (ürək ritminin ləngiməsi)
- ekstrasistoliya (ritmdənkənar yığılmaların yaranması)
- qulaqcıqların səyirməsi (ürək əzələsinin ayrı-ayrı liflərinin yığılması)
Taxikardiya – ürək ritminin hər hansı bir səbəbdən dəqiqədə 80-85 vurğudan çox artmasıdır. Bu zaman ritm düzgün olur, yəni ürək yığılmaları arasındakı intervalların müddəti eyni olur. Əlamətləri – ürəkdöyünmə, zəiflik, başgicəllənmə, hava çatışmazlığı hissi, bayılmadır. Taxikardiya bir sıra səbəblərdən yaranır:
- fiziki və emosional yüklənmə, hərarətin yüksəlməsi, alkoqol qəbulu zamanı orqanizmin normal reksiyası
- arterial təzyiqin düşməsi (məsələn, qanaxma zamanı)
- anemiya
- irinli infeksiyalar
- bədxassəli şişlər
- hipertireoz
- bəzi dərmanların qəbulu
- ürək əzələsinin və keçirici sistemin patologiyaları və s.
Bradikardiya – ürək vurğularının sayı dəqiqədə 60-dan aşağı olmasıdır. Bradikardiyalı xəstələri zəiflik, başgicəllənmə, bayılma, soyuq tərbasma kimi əlamətlər narahat edir. Əsas iki səbəbi ayırd edilir:
- sinus düyününün zəifliyi sindromu, yəni sinus düyününün impuls yaratma qabiliyyətinin zəifləməsi
- impulsların ötürülməsinin zəifləməsi
Bir çox hallarda bradikardiya ürəyin işemik xəstəliyi, hipertenziyalar, miokarditlər, endokrin xəstəliklər, qanda kaliumun səviyyəsinin artması, kəllədaxili təzyiqin artması fonunda yaranır.
Qulaqcıqların səyirməsi səyirici aritmiyanın bir forması olub, qulaqcığın ayrı-ayrı liflərinin tığılması ilə xarakterizə olunur. Əgər qulaqcıqların səyirməsi zamanı çoxsaylı ocaqlar yaranırsa, ürək əzələsinin bütövlükdə yığılması pozulur. Nəticədə ürək boşluğunda qan laxtalanır və laxtalardan biri baş beynin arteriyasına düşürsə, beyin qan dövranının pozulması və iflic baş verir. Aritmiyanın bu növü çox vaxt hipertoniya, şəkərli diabet, ürək qüsurları və başqa xəstəliklərin fonunda yaranır.
Ekstrasistoliya – növbədənkənar tək və ya cüt ürək yığılmalarının yaranması səbəbindən ürək ritminin pozulmasıdır. Aritmiyanın bu növündə fizioloji impuls mənbəyindən kənarda yeni impuls mənbəyi yaranır və ekstrasistolalar generasiya edir. Əgər 3-4 ekstrasistola bir-birinin ardınca gəlirsə bu, artıq paroksizmal taxikardiya kimi qiymətləndirilir.
Aritmiyaların dərman bitkiləri ilə müalicəsi
Ürəkdöyünmələr zamanı kasnı kökünün dəmləməsi:
2 çay qaşığı kasnı köklərinin üzərinə 250 ml qaynar su tökülür, ağzı qapaqla bağlanır və 2 saat müddətində dəmlənir. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 3-4 həftədir.
Ürəkdöyünmədə üçrəng bənövşə dəmləməsi:
2 xörək qaşığı üçrəng bənövşə yarpaqları 500 ml qaynar suda 4 saat müddətində dəmlənir. Gündə 3-4 dəfə 1/2 stəkandan 3-4 həftə müddətində qəbul edilir.
Yemişan ürəkdöyünmədə faydalıdır:
1 xörək qaşığı yemişan yarpaqlarının üzərinə 750 ml qaynar su tökülür, 30 dəqiqə dəmləndikdən sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1 stəkandan yeməkdən sonra 2-3 həftə müddətində qəbul edilir.
Ürəkdöyünmədə dərman bədrəncin dəmləməsi:
1 xörək qaşığı bədrənc (limonlu nanə) yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunur, 30 dəqiqə müddətində dəmləndikdən sonra süzülür. İlıq şəkildə gündə 3 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir.
Qulançar bişirməsi ürəkdöyünmə əleyhinə:
Qulançarın xırdalanmış köklərindən 1 xörək qaşığı, otundan isə 1-2 çay qaşığı götürülür. Köklərin üzərinə qaynar su tökülür və ocağa qoyularaq 2 dəqiqə qaynadılır. Bişirməyə quqlançar otu əlavə olunur və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. 4 həftə müddətində qəbul edilir.
Ürəkdöyünmə əleyhinə limonlu ballı qarışıq:
0,5 kq limon sürtgəcdən keçirilir, 20 ədəd əriyn toxumları xırdalanır və bu inqridiyentlər balla qarışdırılır. Səhər və axşam yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.
Fitoterapevt Elnur Rəhimov