"Bir dəfə Aşura günündən bir gün əvvəl İranda idim. Orada mərasimə hazırlıq mərhələsini gördüm. İnsanlar meydanda içərisi qırmızı maddə ilə dolu (qana bənzər) şarlar düzəldiblər. Yanımdakı insanlardan soruşdum ki, bunlar nə edir. Dedilər ki, sabah bu şarlar xəncərlərlə kəsiləcək və bu onu göstərir ki, İmam Hüseynin qanı belə axıb. Bu hədsiz dərəcədə cahillikdir. Bax ona gör deyirəm ki, sabah həmin günün anılması, o gün canından keçən insanların xatirəsinə hörmət əlaməti olaraq düzgün şəkildə məscidlərə gedib o günü yad etmək məqbuldur. Məscidlərdə yaxşı olar ki o günün mahiyyəti haqqında danışılsın. İnsanlara məlumat verilsin. Elə məclis qurumalıdır ki, insanlar, hətta azyaşlı uşaqlar belə oradan mənəvi qida alsınlar. Təəssüf ki, bu gün bizim məclislərimiz buna hazır deyil”.
Psixoloq.az xəbər verir ki, bu sözləri publika.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloq onu da qeyd edib ki, bu gün ölkədə keçirilən Aşura məclislərində cəhalət elementləri o qədər güclüdür ki, böyüklərdən tutmuş, uşaqlara qədər psixoloji təsir edə bilər:
“Mən şəxsən bu səbəbdən istəməzdim ki, bu mərasimlərə azyaşlı uşaqlar aparılsın. Bu mərasimlərdə insanların qollarına qara ip bağlayaraq bununla nəzir toplayanlara da rast gəlirik. Bütün bunlar dinimizdə yoxdur. Bu heç xoşa gələn, arzu edilən nüasnlar deyil. Biz bu mərasimləri yığışdıra bilmərik. İslam aləmin birləşdirən günlərdən biridir. Amma mərasimlərin keçirilməsinin bu şəkildə də davam etməsinə şərait yaratmaq olmaz. Yaxşı olardı ki, ümumiyyətlə qan tökmək, baş yarmaq olmasın. “Qurani-Kərim”də bu davranışlar qətiyyətlə pislənir".
Psixoloqlar isə bu mərasimlərə azyaşlı uşaqların aparılmasının əleyhinədir. Çünki uşaqların dərk etmədikləri yaşda qan görməkləri, vəhşilik simvolu olan hərəkətlər onlarda travmaya səbəb ola bilər. Məsləhətdir ki, bu günün xüsusiyyəti barədə uşaqlara elmi məlumatlar ötürülərək maarifləndirilsinlər.