Asperger sindromlu uşaq psixologiyası

Asperger sindromu və ya Asperger pozulması cəmiyyətdə stereotipik münasibətlərlə tanınan bir autistik spektrum pozuqluğudur (ASP). Dil və zehni inkişafda olan ümumi gecikmələr sindromun standart əlamətləri arasında verilməsə də, bu problem zamanı motorikanın inkişaf qüsuru və atipik danışığa tez-tez rast gəlinir.

Psixoloq.az istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Asperger sindromunun psixoloji hallar spektrumu olan autistik spektr və ya yayılmış inkişaf pozulmalarından biri olduğunu söyləyib:

"Digər inkişaf pozulmaları kimi xəstəlik körpəlik və uşaqlıqdan başlayaraq müəyyən vaxtda təkrarlana bilər və onun autizmə bənzər xüsusiyyətləri var. Aspergerli uşaqlar tünlük yerləri sevmir və əsasən tək qalmağı üstün tuturlar. Onlara əlil və şikəst kimi baxmaq düzgün deyil. Bu uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaq lazımdır. Həmin uşaqlarda diaqnostik əhəmiyyəti olmayan, lakin özlərinə və ailələrinə ciddi təsir göstərən əlamətlərə rast gəlmək mümkündür. Həmin sindromlu uşaqlar digər çoxfunksional autistik xəstələrdən fərqli olaraq görmə yaddaşı və eşitmə analizi sahəsində daha zəif olurlar.

Asperger sindromlu uşaqlarda diaqnostik baxımdan əhəmiyyətsiz, lakin ailəyə və özünə təsir edən mühüm simptomlarla yanaşı motor bacarıqlarında, yuxuda və ya emosiyalarda müəyyən problemlər ola bilər. Onlar ətrafdakı kiçik dəyişiklikləri çox tez görə bilirlər. Bundan fərqli olaraq autizmi olan Asperger sindromlu fərdlərdə görmə, eşitmə və hafizə bacarığında çatışmazlıqların olması da mümkündür. Onlar səs, işıq, qoxu, ağrı, təmas, toxunuş və digər hisslərə qarşı adi reaksiya verə bilərlər. Asperger sindromlu uşaqlar bir çox şeyə nail ola biləcəklərini düşünür, kiçik dəyişiklikləri sevir və daha çox nəticə əldə etmək arzusunda olurlar. Onlar velosiped minmək və ya qazan qapağını açmaq kimi elementar işlərdə bacarıq qazanmaqda gecikə bilirlər. Koordinasiyaları zəif olur, qəribə və hoppanaraq yeriyirlər, yazını pis yazırlar və ümumən vizual-motor bacarıqlarda çətinlik çəkirlər.

Asperger sindromlu uşaqların yuxuya getmək problemi var. Onlar gecələr tez-tez oyanır və səhər erkən durmağa meyilli olurlar. Həmin uşaqların öz duyğularını büruzə verə bilməmək halı aleksitimiya ilə əlaqədardır. Keyfiyyətsiz yuxu və aleksitimiya arasında sıx bağlılıq olmasına baxmayaraq onlar səbəb-nəticə əlaqəsini bilmirlər".

Psixoloq onların danışıq qabiliyyəti barədə bunları deyib: "Asperger sindromlu uşaqlar ünsiyyət və sevgiyə qarşı diqqətli olmasalar da, danışıqdan istifadə etmək bacarığı qazanırlar. Onların ünsiyyət, informasiyanı əldə etmə və istifadə bacarıqları çox zaman atipikdir. Bu cür uşaqlarda söz qarışıqlığı, sözləri düzgün mənada şərh etməmək və bəzi nüansları səhv başa düşmək halları da olur.

Asperger sindromlu uşaqların danışığı anlaşılmasa da, dediklərinin aydın eşidilməsi üçün bəzən yüksək tonla danışmağa çalışırlar. Xəstəliyin autizmə oxşarlığı olduğu kimi, fərqliliyi də var. Danışıq sahəsində həmin uşaqlarla loqopedlər məşğul olurlar. Asperger sindromlu uşaqlarda yaşlarına görə danışıqlarında da çətinliklər yaranır, söz və kəlmələri çox vaxt məcazi mənada işlədirlər. Onlar dostluq münasibəti qurmaqda bacarıqsız olur, ətrafdakılarla ünsiyyətdən zövq almır, sosial və emosional qarşılıq gözləmir, göz təması, üz ifadəsi, duruş, əl hərəkətləri kimi davranışlarda çatışmazlıqlar nəzərə çarpır. Bu uşaqlar soyuqqanlı olur, ətrafdakılardan tez ayrılmaq istəyir və özlərinə qapanırlar".

Belə uşaqların müalicəsi barədə psixoloq bunları qeyd edib: "Asperger sindromlu uşaqların müalicəsi yaşa uyğun sosial və peşə bacarıqları öyrətmək, əsas əlamətlərə əsaslanan müalicələrdir. Lakin ən yaxşı müalicə üsulu kimi qəbul olunan bir üsul yoxdur, sadəcə olaraq klassik tibbi fikri rəhbər tutmaq lazımdır: müalicə nə qədər erkən olarsa, normaya doğru inkişaf da bir o qədər sürətli gedər. Müalicə digər yüksək funksiyalı Asperger sindromu nəticələrinə bənzəsə də, onlardan fərqli olaraq dil bacarıqlarına, şifahi çatdırmanın güclü tərəflərinə və sözlə ifadə olunmayan ünsiyyətin zəif tərəflərinə daha çox diqqət yetirilir. Asperger sindromlu uşaqlarda müalicə proqramının tipik məzmunu fərdlərarası təsirli qarşılıqlı ünsiyyət üçün sosial bacarıq təhsili, depressiya və həyəcan kimi problemlər üçün dərman müalicəsi, motor koordinasiya üçün peşə və ya fiziki müalicə, xüsusilə evdə istifadə ediləcək davranış texnikalarının valideynlər tərəfindən öyrədilməsi və dəstəklənməsindən ibarətdir.

Hazırda bir çox araşdırmalar sindromun irsiyyətlə bağlı olduğunu üzə çıxarsa da, onun dəqiq səbəbi öyrənilməyib. Asperger sindromunun müalicəsi birtərəfli aparılmamalı və xəstəliyin müalicəsində əsas aparıcı hissəni davranış terapiyası təşkil etməlidir, çünki həmin sindromlu uşaqların diqqət və mənəvi dəstəyə çox böyük ehtiyacı var".(azərtac)