Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb.
Psixoloq.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Report"a açıqlamasında bildirib ki, 2019-cu ildə iki Ay tutulması hadisəsi baş verəcək.
O deyib ki, ilk tutulma yanvarın 21-də olacaq: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 07.34-də başlayacaq və 10.51-də sona çatacaq. Ay səthinin tam tutulması isə saat 08.41-də start götürəcək və 09.43-də yekunlaşacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək”.
Rəsədxana rəsmisi əlavə edib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayacaq: “Buna səbəb təbiət hadisəsinin səhər saatlarında baş verməsidir. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq”.
X.Mikayılov qeyd edib ki, ikinci tutulma hadisəsi isə iyulun 17-də olacaq: “Qismən baş verəcək tutulma saat 00.03-də başlayacaq və saat 02.59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01.31-də qeydə alınacaq. Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq. İkinci tutulmaya əsasən cənub tutulması deyilir”.