Azərbaycanda RİSKLİ ƏMƏLİYYAT: hamilə qadının bətnindən 3 kiloqramlıq mioma ÇIXARILDI

31 yaşda və ilk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən nəhəng mioma aşkar edilib.

Səhiyyə Nazirliyindən publika.az- a verilən məlumata görə, qadın hamiləlik dövründə müşahidə edilən qarında şiddətli ağrı şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib.

Hamiləliyin 16-17-ci həftəsində olan qadının RMDM-in mama-ginekoloqu Aleksandr BARSUKOV tərəfindən müayinə və müalicəsi aparılıb, sonda miomanın çəkisi (3 kq-a yaxın) nəzərə alınmaqla, hamiləliyin qorunması və dölün sonrakı inkişafı təmin edilməklə miomektomiya əməliyyatının icrasına qərar verilib.

İyunun 28-də kifayət qədər riskli olan əməliyyat uğurla həyata keçirilib, əməliyyat nəticəsində dölə mane olmadan nəhəng mioma bətndən xaric edilib. Qadın tam sağlam şəkildə evə yazılıb. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Hazırda hamiləlik inkişaf edir, 21-22 həftəlikdir. Dekabrında keysəriyyə üsulu ilə doğuş planlaşdırılır.