Azərbaycanlılar niyə boşanırlar? - RƏY

Boşanmaların sayının artmasına səbəb artıq ailədə dəyərlər sisteminin çat verməsidir.

Bunu oxu.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, boşanmaların səbəbləri çoxdur:

“İlk növbədə odur ki, bəzi insanlar ailəni köhnə qayda ilə idarə edirlər. Təbii ki, bununla razılaşmayanlar olur və münasibətlərdə problem yaranır. Nəticədə isə cütlüklər boşanır. Eyni zamanda, erkən nikah qurmağa məcbur edilənlər, yaşı keçdiyinə görə məcburi ərə verilənlər, işsizlik, xəyanət də rol oynayır. Elə qadınlar var ki, öz azadlıqlarının zorla məhdudalaşdırılmasını istəmirlər”.

Mehriban Zeynalova bidirib ki, boşanmaların qarşısını almaq mümkün deyil:

“Dəyərlər sistemi çat verib. Hansısa formada boşanmaların qarşısını almaq mümkün deyil. Proses özü tənzimlənəcək. Şüurlu ailə qurma prosesi olana kimi bü cür davam edəcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubovbildirib ki, hazırda Azrbaycanda ən böyük problem milli-mənəvi dəyərlərin aşınmasıdır:

“İnternet, sosial şəbəkələr, insanlar arasında qəddarlığın yüksəlməsi bu dəyərlərin aşınmasına gətirib-çıxarır.  Əvəllər dolanışıq yaxşı olmasa da, insanlar bir-biri ilə yola gedir, anlaşırdılar. İndi heç nədən problemlər yaranır, böyüyür, bir-birini qəbul etmirlər və boşanırlar. Araşdırdıqda isə məlum olur ki, cütlüklər arasında olan problem boşanmaq üçün səbəb deyil”.

Nizami Əyyubov bildirib ki, son 10 ildə boşanmaların sayı 70-80 faizə qədər artıb:

“Müstəqillik illərindən əvvəlki və indiki dövrü müqayisə etsək, hazırda boşanma sayı daha kəskindir. Ölkədə təbii artım azalıb və düşməkdə davam edir. Təbii artım hər 1000 nəfərə 19-20-dən doqquza düşüb.

Dövlət tərəfindən demoqrafiya problemlərinin həlli üçün proqramlar qəbul olunub. Amma hazırda da təbii artım azalmaya doğru gedir. Səbəb isə cütlüklərin boşanması və doğulanların kəskin azalmasıdır. Boşanan adam uşaq istəyərmi? Təbii ki, yox”.

Şöbə müdiri qeyd edib ki, ölkədə təbii azalma prosesi bir müddət davam edəcək:

“Hazırda Azərbaycanda əhalinin sayı həm təbii artım hesabına, həm də ölkəyə gələnlərin sayına görə artmaqdadır. Əvvəllər də miqrasiya balansı mənfi idi.

Eyni zamanda, təbii artımın bir hissəsi ölkədən kənara çıxırdı. İndi isə belə deyil. Ermənistanda isə təbii artım və əhalinin sayı bizdən üç dəfə azdır. Artımın çox hissəsi kənara gedir. Həm də miqrasiya və demoqrafiq artımı aşağıdır. Ermənistanla müqayisə edəndə, bizdə vəziyyət çox yaxşıdır. Amma ölkədə milli-mənəvi dəyərlərin aşınmasının qarşısı mütləq alınmalıdır”.

Qeyd edək ki, 2018-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah, 7219 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Ötən ilin müvafiq dövründə isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində  40256 nikah və 9787 boşanma halları qeydə alınıb. Hər 1000 nəfərə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Nəticəyə əsasən, deyə bilərik ki, nikah və boşanmaların sayı azalıb.