Dünən futzal üzrə İkinci Liqada mövsümə start verildi.
Psixoloq.az xəbər verir ki,“Baku Fire-2” – “Borçalı” FK qarşılaşması dramatikliyi ilə yadda qaldı. Oyunun başa çatmasına 30 saniyə qalmış 3:2 hesabı ilə öndə olan debütant 20 saniyə ərzində 2 top buraxmaqla xalsız qaldı. Oyun ərzində azarkeş dəstəyinə görə xüsusi seçilən komandanın baş məşqçisi Vüsal Mustafayev qarşılaşma başa çatdıqdan sonra açıqlama verib. Baş məşqçi əvvəlcə futzal çempionatına qatılmaqla bağlı danışıb:
"Futzaldan əvvəl Mini-Futbol Assosiasiyasının təşkil etdiyi yarışda iştirk etdik. Sonra qərara gəldik ki, futzal üzrə ölkə çempionatının İkinci Liqasında gücümüzü sınadıq. Bütün yarışlarda gözlənildiyi kimi, birinci oyunlar hər zaman çətin, gərgin keçir. Bunun bir daha şahidi olduq. Məğlub olsaq da, komandanın oyununu qənaətbəxş hesab etmək olar. Gələcək oyunlarda yüksək nəticələr qazanacağımıza ümid edirik".
Vüsal bəy həmçinin “Bakı Fire”nin futzal yarışında iki komanda ilə çıxış etdiyini qeyd edib.
"Güclüləri Birinci Liqada, ikinci komandaları isə İkinci Liqada oynayır. Təcrübəli, oturuşmuş heyətə malik olduqlarını bilirdik. Bu amil sona 20 saniyə qalmış qələbəni əldən verməyimizə səbəb oldu",-deyə V.Mustafayev açıqlayıb.
Jurnalistin "Planlar necədi? Addım-addım yüksəlmək, yoxsa İkinci Liqada qalıcı olmaq?" sualını isə məşqçi bu cür cavablandırıb:
"Təbii ki, hədəflərimiz, məqsədlərimiz var. Pillə-pillə yüksəlməyi fikirləşirik. Bunu gələcək göstərəcək".