Özgələşmə, müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir.
Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif edib. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. Özgələşmə, geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir.
Özgələşmə insanları yalnızca çətin və təhlükəli vəziyyətlərdən deyil, həmçinin dözülməz emosional hadisələrdən qoruyur.
İzafi emosional insanlar ən adi emosional hadisələr zamanı belə özgələşə bilərlər. Belə insanlar çətinliklə emosional əlaqə qururlar və kənardan baxanda soyuqqanlı və ya soyuq təbiətli təsəvvürü yaradırlar.
Hadisələrin "ayıq" qiymətləndirilməsini təmin edən "özgələşmə", həmçinin baş verən hadisənin emosional tərəfinin düzgün dərk edilməsinin qarşısını ala bilər. Xüsusilə ağır psixi sarsıntı və ya qəza keçirmiş şəxslər özgələşməyə meylli olurlar.