Bağça uşağın sosiallaşması baxımından mühüm yerdir.
Bu səbəbdən mütəxəssislər valideynlərə müəyyən yaşdan sonra uşaqlarını bağçaya qoymağı tövsiyə edirlər.
Ancaq ilk zamanlar istər uşaq, istərsə də ana üçün çətin dövr olur. Çünki hər uşaq baxçaya eyni cür adaptasiya olmur.
Bəs bağçada nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özeçelebinin sözlərinə görə, uşaqları bağçaya göndərməmişdən qabaq onları bu rejimə alışdırmaq lazımdır:
“Yəni ilk olaraq baxçanın yemək saatına, oyun zamanına diqqət edilməlidir. Bağçadan öncə onun haqqında uşağa məlumat vermək lazımdır. Həmçinin digər uşaqlarla oynamağa, paylaşmağı öyrətmək lazımdır.
Eyni rejim isə evdə tətbiq edilməlidir ki, uşaq buna alışsın”.
Psixoloq uşaqların 3 yaşında qoyulmağının əleyhinədir.
“Çalışılmalıdır ki, bağçaya qoyulan zaman uşaq 3 yaş krizinə düşməsin. Ya 3 yaşından əvvəl ya da sonra göndərmək daha məqsədli olar. Çünki 3 yaş krizində adaptasiya daha çətin olur.
Uşağın alışması rahat keçsin deyə uşaq sərbəst buraxılmalıdır. Məs, çalışılmalıdır ki, azyaşlı yeməyi yeyə bilsin, tualet etiyacını görə bilsin. Əgər uşaq özünə baxa bilərsə, adaptasiya müddəti daha rahat olar. Ən əsas məqamlardan biri isə uşağa onun rahat edəcəyi geyimləri geydirməkdir”,-deyə psixoloq vurğulayıb.
Şəhanə Quliyeva