“Çox oxutmaq uşağın sinir sisteminə ziyandır” - Məktəbi uşağa necə sevdirməli?

Məktəb müəyyən bir çərçivə, mühitin dəyişilməsi və ən əsas böyük bir stressdir. Bu hal uşağın, baxça həyatından və ya evdə dayə ilə böyüyən mühitdən bir başqa, yad olan sosial aləmə düşməsidir.

Bəs bu vəziyyəti uşağa necə sevdirməli?

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən uşaq psixoloqu Nigar Cəbrayılın sözlərinə görə, məktəb ləvazimatlarının alınması, geyim seçimini və s.uşağın özü edərsə onun üçün daha maraqlı və əyləncəli olar:

“Uşağın zövqünə uyğun olaraq stolüstü, dərs çalışması üçün lampa, qələm qabı, qeyri-adi rəngarəng qələm və ya albomlar alına bilər”.

Bəs məktəb həyatına qədəm qoyan uşaqların valideynləri nəyə riayət etməlidir?

Psixoloq, uşağın dərs oxuması üçün ona məxsus guşənin ayrılmasının vacibliyini vurğulayıb.

“Zamana mütləq diqqət verilməlidir (uşaq nə zaman dincəlir, nə zaman dərs oxuyur). Zamanın idarə olunması əsasdır. Dərs prosesi əyləncəli oyuna çevrilməlidir. Unudulmamalıdır ki, uşaq, dərsləri oyun zamanı daha yaxşı yadda saxlayır və yorulmur. Oyun terapiyası yadda saxlamaq prosesini yüngülləşdirir. Birlikdə kitab oxumaq, oyuncaqlar vasitəsilə dərs prosesini inteqrasiya və sintez etmək övladınızn intellektinə böyük bir müsbət təsir edəcək”,-deyə Nigar xanım qeyd edib.

Psixoloq, əsas məsələlərdən birinin uşağın əlindən oyun zamanının alınmamasıdır. Ağır rejimdə oxumaq, onların sinir sisteminə böyük bir yük ola bilər.

Nigar xanım həmçinin hər uşağın individual, özünəməxsus qavrama tərzinin olduğunu bildirib:

“Uşağın özünəxas IQ seviyyesi,qavrama qabilliyyəti, individual temperament və bacarıqları var. Bunu nəzərə alaraq uşağınıza qarşı diqqətcil olmalısınız”.

Şəhanə Quliyeva