Çoxuşaqlı qadınlarda bu xəstəlik riski 70 faiz yüksəkdir

Qadınların 5 və ya daha çox uşaq sahibi olması onlarda Alsheymer riskini 70 faiz artırır.

Alimlər bu qənaətə Koreya Respublikasında və Yunanıstanda 60 yaşından yuxarı 3500-dən çox qadın üzərində apardıqları araşdırmadan sonra gəliblər.

Tədqiqatda demensiya xəstəsi olmayan 5 və daha çox övlad dünyaya gətirən qadınların koqnitiv testlərdə 5-dən az uşaq dünyaya gətirənlərə nisbətən daha müvəffəqiyyətsiz olduqları müşahidə edilib.

Bundan əlavə, orta yaş həddi 71 olan qadınlar arasında bir və ya iki dəfə yarımçıq hamiləlik yaşayanlarda belə Alsheymer riskinin ümumiyyətlə hamilə olmayanlara nisbətən daha aşağı olduğu müəyyənləşib.

Tədqiqatçılar Alsheymer riskinin artmasına səbəb kimi qadın orqanizminin sürətlə yüksəlib anidən düşən estrogen və stress hormonlarının təsirinə məruz qalmasını göstərirlər. Belə ki, bu vəziyyət beyinə mənfi təsir edir. Bununla yanaşı, yarımçıq hamiləliklərlə bağlı nəticələr də tədqiqatçılarda təəccüb doğurub.

2016-cı il Dünya Alsheymer Hesabatına görə, dünyada 47 milyon Demans xəstəsi var (AZƏRTAC).