Depressiya – halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.
Depressiyada olan insanlar durğun olurlar , alçaq səslə , yavaş və az danışırlar. Kədərli və ağrılıdırlar. Tez-tez ağlayırlar və narahatdırlar. Əvvəllər həvəslə gördükləri işlərə qarşı maraqsız və istəksizdirlər. Düşüncələr nisbətən yavaşlamışdır. Belə olan insanın çarəsiz və ümidsiz olduğuna dair düşüncələri vardır.
Depressiyanın risk faktorlari:
Bioloji:
• irsi meyllilik
• bəzi somatik xəstəliklər
• alkoqol və narkotiklərin qəbulu
• bəzi preparatların qəbulu
Psixoloji:
• uşaq vaxtı keçirilmiş psixoloji travmalar
• ailədaxili və şəxsiyyətlərarası problemlər
• həyatda baş verən önəmli dəyişikliklər
• yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər
• tənhalıq
Sosial:
• kasıblıq
• işsizlik
• cinayətkarlıq
• sosial müdafiənin olmaması
Depressiyanın əsas əlamətləri:
- Pasient üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun müddət əhvalın enməsi
- Adətən pasient üçün xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalması
- Demək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi.
- Özgüvən hissinin aşağı olması
- Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi
- Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı
- Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması
- İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq, süstlük)
- Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması)