Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?

"İkinci uşaqdan sonra depressiyaya düşdüm, yaxınlarım elə bilirdi ki, dəli olmuşam, amma heç kəs həkimə aparmadı. Saatlarla ağlayırdım, uşağa yaxınlaşmağa qorxurdum.... Üç aydan sonra güclə özümə gəldim, amma həkimin köməyi ilə daha tez özümə gələrdim. Ancaq bizdə bu qəbul olunmur, necə deyərlər, özünə dəli adı qoydurma", - Azərbaycanda sosial şəbəkədə bir qadın paylaşır.

Şərhlər müxtəlifdir. "Bəs, nə düşünürsünüz, ana olmaq asandır?", - qadınlardan biri yazır, anlamaq olmur, gənc anaya dəstək verir, yoxsa irad tutur.

"Analarımız-nənələrimiz depressiya nədir, heç bilmirdi. Mən də səhər halsız oyanıram, gecə halsız yatıram, amma özümdə hər hansı güc tapıram. Depressiya bekarçılıqdan olur", - başqa bir ana yazır.

"Özünü ələ almalısan, özünə yazığın gəlməsin. Uşağa səndən başqa kim kömək edə bilər, kimə gərəkdir? Hə, çətindir, amma qadın güclü məxluqdur", - sosial şəbəkə istifadəçisi məsləhət verir.

Ümümdünya Səhiyyə Təkilatının məlumatlarına görə yeni doğmuş anaların 20 faizi, yəni hər beş anadan biri doğuşdan sonra depressiyaya düşür.

"O gündən dəhşətli günlərim başladı"

Nigarın həyatından narazı olmağa heç bir səbəbi yoxdur - sevən və sevilən həyat yoldaşı, mülayim xasiyyətli qaynana, ali təhsil, iri şirkətdə yüksək vəzifə...

"Ömrüm boyu "əlaçı" olmuşam, hər şeyi bacardığım qədər yaxşı etməyə çalışmışam. Tərifi də çox sevirəm. Hamı məni pozitiv şəxs kimi tanıyır", o deyir.

Ancaq uşağı dünyaya gətirəndən sonra həyatı dəyişib: "Hamiləliyim yaxşı keçmişdi. Ancaq məncə uşağım olduğunu tam şəkildə anlamırdım. Qızlar var, böyük ailədə böyüyürlər, ətraflarında kiçik uşaqlar olur. Məndə isə elə deyildi. Necə olacaq, bilmirdim. Lakin başa düşürdüm: həyatım tamamilə dəyişəcək, özümə aid olmayacam. Ən çox valideynlər nəvə görmək istəyirdi. Məncə, bu, Azərbaycanda çox yayılmış haldır: gənc ailə, valideyn olmaq nə deməkdir - bunu tam şəkildə dərk etməyib, öz valideynlərinin təzyiqi altında dünyaya uşaq gətirmək qərarına gəlirlər".

"Hər şey çox yaxşı keçdi, - Nigar hekayəsinə davam edir, - bahalı tibb mərkəzi, əla şərait. Amma yeni dünyaya gələn uşaq ilk günlərdən xasiyyətini göstərməyə başladı: ağlayırdı, yeməkdən imtina edirdi. Xasiyyətim ucbatından düşünürdüm: mən ideal ana olmalıyam, ideal ana isə öz uşağını özü əmizdirir, qayğısına özü qalır.

Əsəbdən yuxumu itirmişdim, üç gün, demək olar ki, heç yatmadım. Hiss edirdim ki, ağlımı itirirəm, fikirlərim dolaşır, yaddaşım itir. Çağırdığım təcili tibbi yardım həkimi vəziyyətimlə bağlı bunu dedi: "Doğuşdan sonrakı psixoz".

O gündən dəhşətli günlərim başladı, heç nəyə reaksiya vermirdim, bir nöqtəyə zillənib otururdum. Uşağa yaxınlaşmağa qorxurdum, elə bilirdim ki, mən ona zərər vermişəm, mənə görə ölə bilər. Başqalarına isə nifrət hissi yarandı.

"Anlamırdım, nə baş verir"

Yaxınlarım məni heç tanıya bilmirdi. Həmişə gülərüz, zarafatcıl olan mən iki sözü bir-birinə düzüb-qoşmağı bacarmayan birinə dönmüşdüm. Anlaya bilmirdim: axı sevinməliyəm, xoşbəxt olmalıyam, bəs nə baş verir? Öz-özümə danışırdım, dörd-beş gündən sonra səsli qarabasmaları başladı. Mənə elə gəlirdi ki, artıq ölmüşəm, hamı başımın üzərinə yığışıb məni söyür: "Biz elə bilirdik ki, sən yaxşı insansan, bax gör, uşağının başına nə oyunlar açmısan!"

Bu zülüm təxminən bir həftəyə yaxın davam etdi. Nəhayət ki, məni güclə yatırtdılar və həkim nəzarəti altında yavaş-yavaş normal həyata qayıtmağa başladım.

Bəxtim gətirmişdi ki, yanımda mənə dəstək olan yaxınlarım, həkim var idi. İndi də hərdən, üç-dörd aydan bir panika hücumlarını keçirirəm, amma onların öhdəsindən özüm gəlməyə çalışıram.

İndi başa düşürəm ki, tək deyiləm və bir çox qadın belə problemlərlə üzləşir. Bəlkə də bəzi intihar etmiş qadınları buna depressiya sürükləyib.

"Axı bu, xoşbəxtlik dövrü hesab edilir!"

Bakıda məktəbəqədər hazırlıq kurslarının birində müəllimlik edən Nazilənin dediklərinə görə, heç bir qadın hamiləlik zamanı depressiya haqqında düşünmür: "Axı bu, xoşbəxtlik dövrü hesab edilir!" Onun depressiyasına səbəb doğuş zamanı keçirtdiyi həyəcan olub. "Uşağım pnevmotoraks olmuşdu, buna görə məcburi qeysəriyyə əməliyyatı keçirtdim. Üç gün ərzində doğum evində uşağın üzünü görmədən qaldım. Evə də onsuz qayıtdıq - körpə reanimasiyada idi. Bir həftədən sonra oğlum evə qayıdanda, sevincimin həddi-hüdudu yox idi, axı, uşağım sağ qaldı. Ancaq eyni zamanda böyük təşviş içində idim, hər kəs mənə məsləhət verirdi, uşaqla, özümlə, ailə həyatımla bağlı...

Məsləhətlər o qədər idi və əmr xarakteri daşıyırdı ki, hərdən özümə inamım ölürdü, düşünürdüm ki, oturmuşdum da özüm üçün rahat, bu başağrısı mənə lazım idi?" Bu fikirlərə görə günah hissi keçirirdim, qorxurdum, uşağıma nəsə olar, yoldaşım bezib məni tərk edər. "Ağzından vururlar, sus"

Dərdini heç kimə söyləyə bilmirsən: "Dərhal ağzımdan vururdular ki, artıq-əskik danışma, nə olub ki? Hər şey qaydasındadır. Sənin problemlərin məndə olsaydı..."

Yaxınların bu yükü sənin çiyinindən götürmür, hər şey öz öhdəndədir: Sən ideal ana olmalı, evini səliqəli saxlamalı, uşağının üst-başına da baxmalısan, axı anan, nənən, qaynanan - onlar da ana olublar, uşaq böyüdüblər, ev-eşiklərinə özləri baxıblar. Hələ bir "sən isə bacarmırsan!" damğası... Qadının həyatındakı ən gözəl məqam - ana olmaq - bu gözləntilərin doğrulmaması ilə üst-üstə düşüb bütün o sevinci zəhərləyir. Yaşlı nəsildən bir istəyim var. Lütfən, gənc ailənin daxili işlərinə qarışmayın! Bəli, onların köməyə böyük ehtiyacları var, bu köməyi əsirgəməyin, amma şəxsi münasibətlərə qarışmayın.

Düşünürdüm ki, vəziyyətim öz-özünə düzələcək. Axı, mən hamiləlik zamanı kifayət qədər hazırlıqlı idim, çoxlu məqalə oxumuşdum. Lakin real həyat bu yazılanlarla üst-üstə düşməyə bilər. Cəmiyyətdə hamilə qadına hörmətlə yanaşılır, amma qadının həyatına yox, üstəlik, qarışmağı, məsləhər verməyi də borc bilir: "İşə çıxırsan? Nə? Otur evdə, uşağa bax!"

Depressiya zəif iradədirmi?

Həkim-nevroloq, tibb elmləri namizədi Kərimə Kərimovanın sözlərinə görə, nəinki doğuşdan sonrakı, hətta adi depressiya haqqında geniş yayılmış anlayış depressiyaya uğramış şəxs üçün təhlükəli ola bilər: "İnsanlar bəzən düşünür ki, depressiya zəif iradə deməkdir. Əslində isə bu, bütün endokrin sistemin tənzimləyicisi - beynin hormonal sisteminin pozuntusudur. Və bu pozuntunun həmçinin orqanizmə təsiri var, özünü o qədər tez aşkar etməsə də, mənfi təsiri azalmır.

Pixoloq izah edir: depressiya nədir?

Psixoloq Ellada Qorina şərh edir:

"Doğuşdan sonrakı depressiya adi depressiyanın bir növüdür. Depressiya kifayət qədər ciddi bir xəstəlikdir, psixoterapevt və psixiatrın nəzarəti altında müalicə prosesi keçilməlidir. Ən effektiv müalicə psixoterapiyanın və farmakologiyanın birgə nəzarətidir. Ancaq qeyd etmək lazımdır ki, qadının orqanizmində baş verən proseslər (yəni hamiləlik, doğuş, doğuşdan sonrakı dövr) mövcud depressiyaya meyilliyi artırır və üzə çıxarır.

Adətən, biz pis əhval-ruhiyyəyə, iztiraba depressiya adını veririk. Hamilə qadının qanında endorfin, yəni, sevinc, həzz hormonu üstünlük təşkil edir. Doğuşdan üç gün keçdikdən sonra isə bu sevinc hormonlarının 50 faizi orqanizmdən yuyulur və hamiləlikdən öncəki səviyyəyə enir. Buna görə də qadın daxilində boşluq hiss edir. Bu hallar keçicidir və o qədər təhlükəli deyil. Qadın kədərli, qəzəbli, hamıdan küsmüş, günah hissi keçirə bilər.

Qadınların təxminən 80-95 faizi müəyyən psixoloji problemlər yaşayır. Bu problemlər onun özünə də, ətrafdakılara da bəlli olmaya bilər, amma ana olandan sonra özünü depressiya formasında biruzə verir".

"Yeni ana olan qadına dəstək vacibdir"

Psixoloq Ellada Qorina davam edir: "Qadında yaranmış körpənin yaratdığı xoşbəxt həyatın təsviri real həyatla üst-üstə düşmür. Həm də ki, hamiləlik zamanı qadına xüsusi münasibət bəslənir, uşaq dünyaya gəldikdən sonra qadının hissləri, istəkləri, səhhəti maraqdan düşür.

Bu zaman qadın öz prioritetlərini düzgün qurmalıdır. Patriarxal ailədə onun istəklərinə çox da diqqətlə yanaşmırlar, amma, bütün ailə birgə yaşayırsa, ailənin digər qadınları - qaynana, baldız, elti - yeni doğmuş qadına əl tuta bilərlər.

Depressiyaya bir çox məqam səbəb ola bilər, amma problemin kökü - ailənin və qadının emosinal qeyri-sabitliyidir. Qadın bu zaman özünü həyatda istədiyi formada doğrultmuş hiss etmirsə, o, uşağın dünyaya gəlməsi ilə əlaqədar kifayət qədər çətin dövr yaşayacaq.

Qadın özünü tez itirə bilər və burada tək qohum-əqrəbanın yox, mütəxəssislərin köməyinə ehtiyac var: Psixoloq, əmizdirmə üzrə mütəxəssis və s. Təəssüf ki, bizdə bu mütəxəssislər o qədər də məşhur deyil.

Bu arada qadına məsləhət vermək olar ki, öz həyatını özünün və uşağının rahatlığı üçün qursun, ev və ailə səlahiyyətlərini ailənin digər üzvləri arasında düzgün qaydada bölüşdürməyi bacarsın.

Özünü doğrultmuş hiss etməyən qadınlara isə məsləhətim belədir: Dərindən nəfəs alın! Hətta sizə elə gələ bilər ki, bu vəziyyət daimi davam edəcək, bu elə deyil. Həm də ki, uşağın dünyaya gətirilməsi və ona qayğı göstərilməsi ilə əlaqədar qadın o qədər yeni bilik və bacarıqlara malik olur ki, bu, ona gələcəkdə özünü şəxsiyyət kimi doğrultmağa mütləq yardımçı olacaq".(milli.az)