"Bu ilin sonunadək, yəni dekabr ayında ilk DOST mərkəzinin açılması planlaşdırılır".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Aztv-nin "Günün nəbzi" verilişinə müsahibəsində deyib. O bildirib ki, hazırda araşdırmalar aparılır, araşdırmaların bir hissəsi də pilot regionun seçilməsidir: "İlk mərkəzin paytaxt Bakıda olmasını düşünürük. Sentyabr ayında pilot rayonumuz artıq dəqiqləşdiriləcək. İlk DOST mərkəzi açıldıqdan sonra növbəti ildə təbii ki, şəbəkə genişlənəcək. Əsas planımız bütün Azərbaycanı əhatə etməkdir".
Nazirin sözlərinə görə, DOST Agentliyi və DOST mərkəzləri ölkədə həyata keçirilən islahatların davamıdır: "Bu islahatların kökündə Azərbaycan vətəndaşlarının məmnunluğu dayanır. Mərkəzlərdə ənənəvi xidmətlərlə yanaşı, vətəndaşlara sosial-psixoloji dəstək də göstəriləcək".S.Babayev qeyd edib ki, DOST mərkəzlərində əhaliyə 126 xidmət növünün göstərilməsi müəyyən edilib: "Mərkəzlərdə səyyar xidmətlər də olacaq. "Gənc dost" proqramı əsasında könüllülər də mərkəzlərdə işə cəlb ediləcək".