Estoniyada tibb məktəbinin psixoloqları müəyyən ediblər ki, bir çox insan mobil əlavələrin fotofiltrlərindən istifadə etdikdən sonra orada gördükləri şəkillərin əsasında plastik əməliyyat olunmağa qərar verirlər. “The Tech Times” bildirir ki, bu fenomen artıq “Snapchat dysmorphia” adını alıb.
Fotofiltrlərin köməyi ilə hər bir insan foto çəkdirmək üçün xarici görkəmini dəyişə bilər. Dərini daha da hamar etmək, üzün rəngini, göz həlqəsinin şəklini dəyişmək mümkündür. Plastik cərrahlar bildirirlər ki, konsultasiya üçün gələn daha çox sayda insan öz fotoşəkillərinin retuşunu göstərir. Pasiyentlər böyük göz, daha dolğun dodaq və incə buruna üstünlük verirlər.
Məsələn, üz plastikası və bərpaolunma cərrahiyyəsi üzrə ABŞ Akademiyasının məlumatına görə, plastik cərrahiyyə klinikalarının müştərilərinin təxminən 55 faizi şelfi çəkdiyi zaman daha yaxşı görünmək üçün həkimlərə müraciət edir. Mütəxəssislər qeyd edirlər ki, gənc qızlar öz xarici görkəminə qeyri-adekvat qiymət verir və gerçək həyatda yetərincə gözəl olmadıqlarını düşünürlər. Onların özləri barədə bu qənaəti müstəsna olaraq sosial şəbəkələrdən meydana gəlir və bu düşüncə tərzi özündən məmnun olmaq göstəricisinə mənfi təsir edir. Axı fotofiltrlərin əksəriyyəti son nəticədə real olmayan gözəllik obrazları təqdim edir.(Azərtac)