“Oynaqlarda duzların çökməsi” adlı anlayış tibdə mövcud deyil. Bu anlayışa xalq təbabətində daha çox rast gəlinir. Əslində oynaqlarda çöküntü şəklində görünən sümük artımlarıdır ki, bu da osteoartroz prosesi nəticəsində yaranan osteofitlərdir. Sadəcə osteofit anlayışı sırf tibbi termin olduğuna görə bu daha çox işlək ifadə olan “oynaqda duzlaşma” ilə əvəz edilmişdir. Yeganə sümüklərə duzların (uratların – sidik turşusu duzlarının) çökdüyü xəstəlik podaqradır.
- 50 qr sofora meyvələrinin və ya çiçəklərinin üzərinə 0.5 l araq əlavə edilib 1 ay müddətinə saxlanılır. Alınmış cövhərdən hər gün 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.
- 20 qr at pıtrağı kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilir. Alınmış dəmləmədən gündə 3 dəfə 1 xörək qaşığı 3-4 həftə müddətinə daxilə qəbul edilir.
- 1 kq qıtığotu sürtgəcdən keçirilib üzərinə 4 l soyuq su əlavə edilir. Qarışıq 5 dəqiqə müddətinə qaynadıldıqdan sonra süzülür, üzərinə 0.5 kq bal əlavə edilib qarışdırılır. Alınmış qarışıqdan gündə 1 stəkan içilir. Müalicə kursu ildə 2 dəfə - yazda və payızda aparılır.
- 1 çay qaşığı kərəviz toxumlarının üzərinə 2 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl gündə 2-3 dəfə daxilə qəbul edilir.
- Günəbaxan kökü uzununa kəsilib qurudulduqdan sonra xırdalanır və xırdalanmış xammaldan 1 xörək qaşığı götürülüb üzərinə 1 litr qaynar su əlavə edilir, termosda 30 dəqiqə müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 stəkan səhər acqarına (yeməkdən 30 dəqiqə əvvəl), yerdə qalanı isə bütün gün ərzində içilir. Qəbul müddəti ildə bir dəfə aparılır.
- 5 stəkan çiyələyin üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırılır. Qarışıqdan alınmış şirə süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan içilir.
- Xırdalanmış 1 kq tozağacı qabığı, 1 kq ağcaqovaq və 100 qr palıd qabığı qarışığı qaynadılır. Alınmış məhlul süzülüb gündə 3 dəfə 1/2 stəkan içilir.
- 3-4 ədəd qırmızı milçəkqıran göbələyi xırdalanıb üzərinə 2-3 litr möhkəm qaynadılmış su əlavə edilir. Bir qədər soyuyan kimi ağrıyan oynaqlar buxara verilir. Alınmış dəmləmə ilə oynaqları kompres də eləmək olar.
- İri kötüklü 1 ədəd kərəviz götürülüb ət maşınından keçirilib şirəsi çıxarılır. Alınmış şirə gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir. Bu şirə ilə kompres də etmək olar.
- Şüşə və ya emallı qabın 3/4-ü qədər qırmızı gəndalaşın giləmeyvələri əlavə edilib üzərinə araq tökülür. 1 həftədən sonra alınmış cövhər ilə axşamlar oynaqlar masaj və ya kompres edilir.
- Ağ öksə otu un halına salınır, alınmış xammaldan 1 çay qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir, termosda dəmə qoyulur. Alınmış dəmləmə 2 xörək qaşığı yeməkdən 15-20 dəqiqə əvvəl kiçik qurtumlarla 3-4 ay ərzində içilir.
- 100 qr tər yasəmən yarpaqlarının üzərinə 1 litr araq əlavə edilib qaranlıq yerdə 14 gün müddətinə saxlanılır. Alınmış cövhərdən 50 damcı gündə 3 dəfə qəbul edilir.
- Qara turp yaxşıca yuyulub qabığı təmizlənmədən 15-30 dəqiqə müddətinə dezinfeksiyaedici kalium-permanqanat məhlulunda saxlanılır. Bundan sonra turp çıxarılıb axar su altında yuyulur. Daha sonra isə turp qabıqlı şəkildə sürtgəcdən keçirilib şirəsi çıxarılır. Alınmış şirə sərin yerdə saxlanılır. Gündə 3 dəfə hər dəfə 30 qr olmaqla (bu dozadan artıq olmaz!) daxilə qəbul edilir. Bu müddətdə 10 kq turpdan alınmış şirədən istifadə edilir. Şirəni qəbul edərkən rasiondan yağlı qidaları, əti, yumurtanı çıxarmaq lazımdır.
- 300 qr qaynar suyun üzərinə 200 qr dəfnə yarpağı əlavə edilib 30 dəqiqə müddətinə qaynadılır. Alınmış dəmləmə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul edilir. Fitoterapevt Elnur Rəhimov