Əksər körpələr doğulduqlarından dərhal sonra əmziyə öyrədilir.
Nadir uşaqlar əmzikdən ümumiyyətlə imtina edərək istəmirlər. Mütəxəsisslərin əmziyin istifadəsi ilə bağlı ortaq fikirləri yoxdur. Bu haqda kitablarda da qayda qanun olmadığı üçün fikir müxtəliflikləri çoxdur.
Psixoloq.az xəbər verir ki, pediatr Altay Abdullaoğulunun sözlərinə görə, əmziyin mənfi tərəfləri müsbət tərəflərindən çoxdur. O, bu barədə rəsmi facebook səhifəsində məlumat verib:
“Əmzik, orta qulaq iltihabı riskini artırır,(Otit), dişlərin əyri çıxmasına səbəb ola bilir, ağızda göbələklərin yaranmasında rolu ola bilər. Həmçinin körpə çox enerji itirir, yuxu pozulması yarada bilər. Bununla yanaşı infeksiya mənbəyi ola bilər”. Abdullaoğlu, əmziyin ən azı körpənin 3-4 həftəsinə qədər əmziyin verilməsini düzgün addım hesab etmir:
“Çünki bu müddət ana məməsinə uygunlaşır,bu vaxtı ona başqa bir materialdan əşya verdikdə körpənin beyni qarışır.Buna məmə çaşqınlığı deyilir. Bundan başqa körpədə məməyə qarşı istəksizlik yaranır, bu da çəki itirilməsinə səbəb ola bilər. Ancaq ki körpənin çox narahat vaxtında (qazı çox olanda sakitləşdirmək üçün), hər hansı bir ağrılı prosesə məruz qaldıqda(qan alımı,peyvənd vurulanda) ,yuxuya gedən zaman istifadə etmək olar”.
Pediatr əmziyin bir yaşa qədər tərgidilməyini tövsiyə edir.
“Həm bu vaxtlarında ətraf mühiti kəşf etdiyi üçün diqqəti başqa şeylərdə daha çox olur. Bəzi analar körpələrinin əmzik istifadəsini vacib bilir, hətda məcbur edirlər. Ancaq bu qəti düzgün deyil”, deyə Altay bəy qeyd edib.
Valideynlər əmzik istifadəsinə qərar verdikləri halda isə, əmziyin formasına,materialına, ölçüsünə ,təmizliyinə diqqət etməlidirlər. Əmzik adətən silikon və kauçuk (rezin) dediyimiz materialdan olur. Pediatr, rezin əmziklərin bəzi hallarda uşaqlarda allergiya yaratdığını və formasının nisbətən tez pozulduğunu urğulayıb:
“Onları diş çıxarma dönəmində istifadə etmək olar. Silikon əmziklər isə bərk olur, diş çıxartdıqdan sonra onların istifadəsi məsləhət olunmur. Bu əmziklər daha dayanıqlı olurlar. Əmzik adətən körpənin ayına uyğun ölçüdə olmalıdır, əmziklərin hər 2-3 aydan bir dəyişdirilməsi məsləhətdir. Onları körpəyə verən zaman isə qaynar su ilə təmizlənməlidir”.
Şəhanə Quliyeva