Əmək terapiyası fiziki qüsuru olan insanları sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq, əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün yerinə yetirilən bir terapiya formasıdır. Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrilib. Psixiatr Samirə Həmidovanın sözlərinə görə, əmək terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur. İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına, konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının fərqli növləri tətbiq olunur". S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət xəstəni maraqlandırmalıdır:
"Məşğuliyyət xəstənin vəziyyətinə uyğun mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki, tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür. İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir. Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha səmərəli olar". Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə, fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir. Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir. Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək terapiyasında ən önəmlisi göz kontaktının inkişaf etdirilməsidir. Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri, autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar. Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və düşüncə mənbəyidir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu terapiyalardan müvafiqi seçilib tətbiq olunur: "Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil etdikləri əl işlərinə baxdıqda: "Bunu başqa materialdan, parçadan hazırlasam, daha gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm" düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf etdirir". Qeyd edək ki, əmək terapiyası insanın psixi vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır, xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir. (ekspress.az)