Ailə məcburu ilə diləndirilən uşaqların sayı təəssüf ki hər keçən gün daha da artır.
Psixoloq.az xəbər verir ki, 12 yaşlı oğlan uşağının hər gün eyni yerdə gec saatlarda salfetka satması Uşaqlar Birliyinin nəzərindən qaçmayıb.
Psixoloq.az-a açıqlama verən “Azərbaycan Uşaqlar Birliyi”nin sədr müavini, “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi”nin koordinatoru Vasif Akifli, həmin azyaşlının sığınacağa yerləşdirildiyini bildirib:
“Uşağa yaxınlaşdıqda o bizə hədə-qorxu gəldi. Uşaq dedi ki, mənim arxamda dayananlar var, kimsə nəsə edə bilməz. Küçə uşağıdır, günün müəyyən saatlarında ordan keçən insanlar yəqin ki, onun xətrini çox istəyiblər və deyiblər ki, nəsə olsa, bizə de. Bu səbəbdən də uşaq mənim ona yaxınlaşmağımı özü üçün problem hesab edib və bu cür fikirlər səsləndirib”.
Akifli, bu səbəbdən edərkən polis bölməsinə müraciət etdiklərini qeyd edib.
“Daxili İşlər Nazirliyinin polis əməkdaşları müraciətimizi dərhal qiymətləndirərək uşağın anası və atalığını bölməyə dəvət etdilər. Polis bölməsində rəsmiləşən sənədlə uşaq bu gün sığınacağa gətirilib. Əlbəttə, bilirdik ki, gecə saatlarında bir uşaq hansısa ərazidə nəsə satır, yaxud da dilənirsə, deməli onun arxasında dayananlar var. Valideyn də bu hadisədən xəbərdar olub”,-deyə Vasif bəy vurğulayıb.
O, prosesin davam etdiyi müddətcə medianı bu barədə məlumatlandıracağını da söyləyib:
“Məqsədimiz uşağın həmin ərazidən götürülərək təhlükəsizliyinin təmin edilməsi və ailəyə verilməsi idi. Ailənin bu hadisədən xəbəri olduğu üçün ailəyə bərpa mümkün olmadı. Ailə gecə saatlarında uşağın dilənməsindən xəbərdar idi. Ailədə kimsə bu hadisədə günahkardır. Ola bilər ki, ana atalıqdan qorxduğu üçün səsini çıxartmayıb”.
Qeyd edək ki, Vasif Akifli uşağın səhhətinin normal olduğunu, ailəsinin isə uşaqdan istifadə etdiyini düşündüyünü bildirib.
Şəhanə Quliyeva
Psixoloq.az