Altsheymer xəstəliyinin ilkin simptomlarından orqanizmin normal sutkalıq ritminin pozulmasıdır.Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, “amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir.
Psixoloq.az xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar.
Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.(Publika.az)