Birimiz gülür, birimiz küsürük. Hər bir insanın müxtəlif hadisələrə reaksiyaları da fərqli olur. Bu başlıca olaraq xarakterə uyğun olaraq dəyişir.
Psixoloq.az xəbər verir ki, insana məxsus olan temperamentin 4 tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanın hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün temperamentin özünəməxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik və emosionallıq aiddir.
Bəs siz hansı temperament tipinə aidsiniz?
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verərlər. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Hissləri asanlıqla bir-birini əvəz edir. Düşdükləri yeni şəraitə asanlıqla alışırlar. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilirlər.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişirlər. Bu tip şəxslər olduqca işgüzar, dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq çətindir. Yeni adamlara çətin alışırlar.
Melanxolik. Bu tip şəxslərdə həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən tez təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam aşağı olur. Kiçik uğursuzluq bu tip şəxslərdə ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Təkliyə qapılırlar. Tez ruhdan düşər, bəzən bacardığı işi belə axıra qədər yerinə yetirməzlər.
Qeyd: Nəzərə almaq lazımdır ki, temperamentin bir tipinə tamamilə malik olan adam tapmaq çətindir. Hər bir insanda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər. Bununla yanaşı temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri mövcuddur.
Müəllif: Şəbnəm Cəlil