Psixoloq məsləhəti almaq...Əslində dərin və mənalı düşüncədir və çətinlik zamanı ilk ağla bu gəlməlidir. Ancaq təəssüf ki, cəmiyyətimizdə bu fikir bir az başqa istiqamətdə formalaşıb.
Bəs psixoloq yanına getməyə həqiqətən ehtiyac varmı?
“Psixoloqun psixoloqa ehtiyacı olmaz” fikri həqiqətdirmi?
Bu və bununla bağlı bir çox məqamlardan psixoloq İlkin Kazımlı, Psixoloq.az-a verdiyi geniş müsahibəsində bəhs etdi.
- İlkin bəy, probleminiz yaranan zaman özünüzə psixoloq kimi yanaşa bilirsiniz?
-Əslində bu çox çətin sualdır. Onu qeyd edim ki, psixoloq insanlara ana resurs kimi yox, köməkçi resurs kimi yanaşmalıdır. Bildirim ki, hər hansı bir problem olan əksər insanlar əslində öz probleminin fərqindədir , lakin onu özləri həll edə bilmirlər. Çünki öz problemlərinə kənardan baxmağı bacarmırlar və problemin haradan qaynaqlandığını analiz etməyi bacarmmırlar. Bizim bir fərqimiz ondadır ki, biz öz problemimizin haradan qaynaqlandığını bilirik və bunu analiz etməyi bacarırıq. Bir də düşünürəm ki bu problemin dərəcəsindən asılıdır.
- Psixoloq və psixiatr... Nə fərqləri var?
- Fərqi ondadır ki, psixooq olan şəxs müvafiq universitetin “Ümumi psixologiya” ixtisasını 4 il ərzində bitirib, sonra istəsə 2 illik magistratura (şərt deyil) üzrə oxuyur.(TSPX xaric). Psixiatr isə Azərbaycan Tibb universitetinin psixiatriya sahəsi üzrə təhsil alır və psixoloqun dərman yazma hüququ yoxdur, lakin psixiatrın var.
- Azərbaycanda psixoterapiya nə üçün az inkişaf edib?
- Azərbaycanda psixologiyanın daha yaxşı inkişaf etməməyinin əsas səbəbi xalqımızın düşüncəsidir. Avropada belədir ki, əgər sən kimdənsə məsləhət almaq istəsən, sənə “İşim var get dərdini psixoloqa danış” deyəcəklər. Lakin bizim xalqımız çox emosional xalq olduğuna görə, əksər insanın dostu-tanışı var və çox insan dərdini yaxınlarına danışır. Təbii ki, bu danışmaq sağalmaq üsulu deyil. Psixoloq isə terapiya ilə məşğuldur. Bizim bəzi insanlarımız psixologiya anlayışını hələ də “falçılıq” kimi anlayırlar. Mən düşünürəm ki, maarifləndirmə düzgün olsa həmvətənlərimiz psixologiya elminin hansı gücə malik olduğunu dərk edərlər.
- Psixoloq olaraq psixoloq yanına getmisiniz?
- Hər bir psixoloq işinə başlamamışdan qabaq öz psixoloji terapiyasını keçməlidir. Çünki psixoloqun hansısa psixoloji problemi varsa, o digər insanlara kömək edə bilməyəcəkdir. O səbəbdən bəli getmişəm.
- Deyirlər psixoloqun psixoloji problemləri olmaz. Sizcə bu belədir?
- Bu çox yanlış düşüncədir. Psixoloq da bir insandır. Onun da düşüncələri, hissləri var o da bir vərəndaşdır. Hər bir psixoloqun problemi olması mümkündür.
- İndiki psixoloqlardakı əsas problem nədir?
- İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s.
- Bu sahədə əsas boşluq nədir?
-Sağlam təhsilli kadrlara qiymətin kifayət qədər verilməməsidir.
- Universiteti bitirən gənc psixoloqlar ilk olaraq haradan necə başlamalıdırlar?
- İlk öncə müvafiq mərkəzlərdə volunteer kimi işləməyə başlamalıdır. Bu onlar üçün həm perspektiv, həm də praktika olar.
Müəllif:Şəhanə Quliyeva