Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 22-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.
ETSN xəbərdarlıq edir ki, sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.