Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adler haqqında əvvəllər ümumi məlumata malik olsam da, onunla yaxından tanışlığım “Aydınlanma səyahəti” (2016) kitabının birinci hissəsini (Oyanış və dəyişməyə doğru) yazarkən başladı.
Adler psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır. “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir. Biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”, - Adler bəyan edirdi (1956).
Alfred Adler 1870-ci il fevralın 7-də Vyana şəhəri ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Uşaqlığında tez-tez xəstələnərmiş. Bu xəstəliklərə, onların gətirdiyi ruh halına baxmayaraq hələ kiçik yaşlarında “ölümlə mübarizə” üçün həkim peşəsini seçib. Lisey təhsili alarkən uğursuz şagird olub, riyaziyyatda çox bacarıqsızlıq nümayiş etdirib. Müəllimi ailəsinə onu çəkməçi yanına şagird qoyulmasını tövsiyə etmişdi. Adlerin atası bu tövsiyəyə qulaq asmayıb, əksinə oğlunu daha çox məşğul olmağa təşviq etmişdi. Adler özü bu hadisəni danışdığında belə deyib: “Əgər atam müəllimimin tövsiyəsini dinləsəydi, bəlkə də yaxşı çəkməçi olardım”.
Həqiqətən, bir müddət sonra “bacarıqsız şagird” sinifin ən yaxşı riyaziyyatçısı oldu. Hələ uşaqlığında rasionalist düşüncəyə sahib idi. Şekspirin əsərlərinə qarşı sonsuz heyranlıq hiss edir, onun insanı tanımasında bənzərsiz olduğuna inanırdı.
Liseydən sonra, 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb.
XIX əsrin sonunda Adler psixoanaliz elminin banisi Ziqmund Freydlə tanış olur. Freydi düşmənlərinə qarşı açıq müdafiə etsə də, dahiliyinə inandığı Freydlə bəzi nöqtələrdə razılığa gələ bilmir, psixi xəstəliklərinin cinsi travmalardan meydana gəldiyi fikrini qəbul etmirdi. Bu səbəbdən Freydlə Adler arasında mübahisə düşür. 1904-cü ildə Adler Freyddən ayrılmaq istəyir. Lakin Freyd bunun qarşısını alır, bir müddət əməkdaşlıqlarını davam etdirirlər.
1908-ci ildə Salzburqda keçirilən konqresdə Adlerlə Freyd arasında prinsip anlaşılmazlıqları açıq formaya keçir. 1911-ci ildə Nürenberq konqresində Adler “Freydin ruh həyatının cinsi nəzəriyyəsinin tənqidi” adlı tezislə çıxış edir. Freyd bu çıxışa cavab vermir. Adler də Vyana psixoanaliz dərnəyindən tamamilə ayrılır.
Freydə görə, insan instinktlərinin, arzularının, istəklərinin, meyillərinin oyuncağıdır. İnsan ona təsir edən instiktiv güclərə yönəlir.
Adlerə görəsə insanı dəyərli edən məqsəddir. Bu məqsəd insanın düşüncələri, hisləri, davranışlarına təsir edir. Daha doğrusu, insanın düşüncələri, hisləri, davranışları bu məqsədə görə formalaşır.
1912-ci ildə Alfred Adler “İndividual Psixologiya Dərnəyi”ni qurur, həmin tarixdən etibarən Adler məktəbi inkişaf etməyə başlayır. 1932-ci ildə Nyu-Yorkdakı Lonq İsland Medikal Kolleci Adlerə psixologiya doktoru adını verir. 1937-ci ildəsə, o, mühazirə demək üçün gəldiyi Şotlandiyanın Aberdeen bölgəsində ürək tutmasından vəfat edir.
Adler həyatı boyu psixoterapevt və psixoloq kimi aktiv olub, yaşadığı dövr ərzində üç yüzə yaxın kitab, müxtəlif mövzularda məqalələr yazıb. Əsas elmi əsərləri:
- “Fərdi psixologiyanın təcrübəsi və nəzəriyyəsi”
- “Nevrotik xarakter”
- “İnsan bilikləri”
- “İnsan təbiətinin anlaşılması”
- “Uşaqların təlim-tərbiyəsi”
- “Yaşamaq sənəti”
- “Həyat tərzi” və s.
İndividual psixologiya nəzəriyyəsinin əsas tezisləri:
Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “İndividual psixologiya” adlandırıb.
Adlerə görə, həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyinlə bədənin qarşılıqlı əlaqəsində tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. İndividual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər fərddə, təfəkküründə, hislərində, hərəkətlərində, şüur və şüursuzluğunda təsdiq etməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən edib.
İnsan həyatı mükəmməlləşməyə fəal cəhd kimidir. Ancaq həyati əhəmiyyətli məqsədlərə istiqamətlənmiş hərəkət zamanı fərd tam kimi qavranıla bilər. İnsanın daimi mükəmməlləşməyə cəhd etməsini deyən Adler fikirləşirdi ki, insanlar hеç də daxili, xarici səbəblərdən itələnmirlər, əksinə həyati əhəmiyyətli məqsədlərə doğru, irəli hərəkət edirlər. Qarşılarına qoyduğu məqsədlər, eləcə də uğur əldə etmək üçün istifadə etdikləri fərdi üsulllar həyatlarına əhəmiyyət verdiklərini başa düşməyə kömək edir.
Şəxsiyyətin formalaşmasında irsiyyətin, ətraf mühitin rolunu qəbul edən Adler insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. İnsanın yaradıcı təbiəti, azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir.
“İndividual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsinə görə, insanın bütün davranışının sosial kontekstdən doğur, insan təbiətinin mahiyyətini yalnız sosial münasibətləri başa düşdükdən sonra anlamaq mümkündür.
Fərdi subyektivlik: fenomoloji ənənələrə sadiq qalan Adler hesab edirdi ki, insanın davranışı həmişə özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. İnsanlar yaratdıqları dünyada “qavrayış” sxemlərinə uyğun yaşayırlar.
İndividual psixologiya nəzəriyyəsinin strukturunu Adler belə göstərib.
Saxta finalizm
Üstünlük qazanmağa cəhd
Dəyərsizlik hiss və onun kompensasiyası
İctimai maraq
Həyat tərzi (stili)
Yaradıcı mən
Beləliklə, Adler insanın daha yaxşıya doğru irəliləmək, problemlərini həll etmək, yaradıcı meyillərini reallaşdırmaq, həyata uyğunlaşmaq şansına sahib olduğuna, başqa sözlə, natamamlıq hislərini uğurlu şəkildə aradan qaldırma yolunun insana açıq olduğuna inanır. Bu baxımdan insanın yaradıcı mənliyinə böyük əhəmiyyət verir. Əsas məsələ bu yaradıcı mənliyin inkişafına ən əlverişli şəraiti yaratmaq olmalıdır, bunu hər şeydən əvvəl təhsil təşkilatlarının öhdəsinə düşən vəzifə kimi görür.
"İndividual psixologiya" kitabının ana dilimizə tərcümə etməklə hadisələrə bir daha Adlerin gözündən baxmış oldum. İnanıram ki, Azərbaycan oxucusu da bu dəyərli kitabla tanış olduqdan sonra, problemlərini həll etmək, ətrafındakıları daha yaxşı tanımaq və onlarla daha yaxşı ünsiyyət qurmaq, ümumilikdə həyatına daha müsbət istiqamət vermək haqqında düşünmək üçün faydalanacaq.
Ön söz: Ceylan Mumoğlu
Mənbə: Parafr.az